Məhkəmə qərarları › İş №2-1(3-6)-1470/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1470/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1470/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil, Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı İlhamoviçin cavabdeh Cavabdeh qarşı Azərbaycan Respublikasına mənsubiyyətin tanınmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, ******** saylı qərarının ləğv edilməsi, oğlu İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. ## ####### 2009-cu ildə Babanlı İlham Fərhad oğlu ilə rəsmi nigaha daxil olmuşdur. Həmin nikahdan bir oğlu var və oğlu İddiaçı İlhamoviç ##.##.2008- ci il tarixdə Rusiya Federasiyasında dünyaya gəlib. ## ###### 2025-ci il tarixində oğlu İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, ******** saylı qərarına əsasən oğlu İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Cavabdehin imtina üçün rəhbər tutduğu Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində qeyd olunanlar oğlu İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınmaması üçün əsas ola bilməz. Belə ki, nikahdan sonra Rusiyada yaşamaları və oğlunun orada dünyaya gəlməsi onun digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən ikinci maddədə qeyd olunanlar (Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi) halı da onların ailəsinə şamil olunmur. Daha sonra isə qanunun üçüncü bəndində qeyd olunanlar (Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı) da baş verməmişdir. Ana, ata, bacı və qardaşı Azərbaycan Respublikasının vətəndaşlarıdır və burada yaşayırlar. O, Azərbaycan Respublikasında doğulmuş və halhazırda bu ölkənin vətəndaşıdır. Həyat yoldaşı Babanlı İlham Fərhad oğlu ##.##.1971-ci ildə Azərbaycan Respublikasında Sumqayıt şəhərində doğulub və belə olduğu təqdirdə oğlu İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin Dövlət Miqrasiya Xidməti tərəfindən tanınmaması qanuna uyğun deyil. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla 2009-cu ildən ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, İddiaçı İlhamoviç Xidmətin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası ilk növbədə iş materiallarını prosessual tərəflərin düzgün müəyyən edilməsi baxımından qiymətləndirərək qeyd edir ki, hazırkı mübahisədə iddiaçı qismində Qanuni nümayəndə çıxış etməsi mübahisəli maddi-hüquq münasibətinin xarakterinə uyğun deyildir. Belə ki, Cavabdeh ## ###### 2025-ci il tarixli, ******** nömrəli qərarından görünür ki, inzibati icraat ## ######## 2008-ci il təvəllüdlü İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar aparılmış və həmin qərarla məhz İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Beləliklə, mübahisələndirilən inzibati aktın doğurduğu hüquqi nəticə Qanuni nümayəndə deyil, birbaşa İddiaçı İlhamoviçin hüquqi statusuna aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mənasına görə, mübahisələndirmə və məcburetmə haqqında iddianın mümkün sayılması üçün inzibati akt və ya onun qəbul edilməsindən imtina nəticəsində məhz iddiaçının öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılması tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarında da məhkəmələrin ilk növbədə iddiaçının konkret iddia tələbi üzrə subyektiv hüquqa malik olub-olmadığını xidməti vəzifəsinə görə yoxlamalı olduqları təsbit edilmişdir. Hazırkı halda iddia tələbinin təmin olunması nəticəsində qəbul edilməsi arzu edilən inzibati akt İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına yönəldiyindən, həmin tələbin əsasında dayanan subyektiv publik hüququn daşıyıcısı da məhz İddiaçı İlhamoviçdir. Qanuni nümayəndə İddiaçı İlhamoviçin anası olması ona oğluna məxsus bu fərdi publik hüququ öz adından həyata keçirmək üçün müstəqil maddi-hüquqi tələb hüququ vermir. Eyni zamanda, iş materiallarından görünür ki, İddiaçı İlhamoviç ## ######## 2008ci ildə anadan olmuş və mübahisəli inzibati icraatın aparıldığı, eləcə də birinci instansiya məhkəməsində işə baxıldığı dövrdə 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Mülki Prosessual Məcəllənin 49.3-cü maddəsinə əsasən həmin yaş kateqoriyasına aid şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Bu normanın məzmunundan aydın olur ki, qanuni nümayəndəlik təmsil olunan şəxsin maddi hüququnun nümayəndəyə keçməsinə səbəb olmur, qanuni nümayəndə hüququn daşıyıcısı olan şəxsin adından və onun mənafeyi üçün prosessual hərəkətlər həyata keçirir. İş materiallarında cavabdehin özü də Qanuni nümayəndə Dövlət Miqrasiya Xidmətinə İddiaçı İlhamoviçin qanuni nümayəndəsi kimi müraciət etdiyini göstərmişdir. Buna görə də Qanuni nümayəndə inzibati icraatda və sonrakı məhkəmə prosesində iştirakı onun müstəqil subyektiv hüququndan deyil, İddiaçı qanuni nümayəndəsi statusundan irəli gəlmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsi ilə Mülki Prosessual Məcəllənin müddəalarının subsidiar tətbiqinə yol verildiyi nəzərə alınmaqla, bu halda Mülki Prosessual Məcəllənin əsl olmayan tərəfin əvəz edilməsinə dair 54-cü maddəsinin tətbiqi üçün əsaslar olmuşdur. Həmin normanın mahiyyətinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə məhkəmə qanunda nəzərdə tutulmuş qaydada əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsini həll etməlidir. Birinci instansiya məhkəməsi isə mübahisəli inzibati aktın məhz İddiaçı İlhamoviçin hüquqi statusuna aid olduğunu və iddia tələbinin də məhz onun vətəndaşlığa mənsubiyyətinin tanınmasına yönəldiyini işin ilkin mərhələsindən bildiyi halda tərəf tərkibinin düzgün müəyyən edilməsini təmin etməmiş, Qanuni nümayəndə iddiaçı qismində saxlamaqla iddiaya mahiyyəti üzrə baxmışdır. Halbuki məhkəmənin yardım etmək vəzifəsi və iddianın mümkünlük şərtlərini xidməti vəzifəsinə görə yoxlamaq öhdəliyi nəzərə alınmaqla, hazırlıq mərhələsində bu məsələ tərəflərin müzakirəsinə çıxarılmalı, qanunda tələb olunan razılıq olduğu halda əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl iddiaçı İddiaçı İlhamoviçlə əvəz edilməli, Qanuni nümayəndə prosesdə statusu isə İddiaçı İlhamoviçin qanuni nümayəndəsi kimi müəyyən edilməli idi. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən qeyd olunan məsələlər məhkəmə tərəfindən icra edilmiş və ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının razılığı ilə iddiaçı Qanuni nümayəndə əsl iddiaçı İddiaçı İlhamoviçlə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı İlhamoviçin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında məhkəməyə bildirdi ki, iki xarici dövlət arasında baş verənlər onun övladının taleyinə təsir etməməlidir. O əri ilə evlənəndən sonra müalicələrlə əlaqədar olaraq Rusiya Federasiyasına köçməyə məcbur oldular. Uşaq da həmin ölkədə dünyaya gəlmişdir. Yoldaşı da Sovet dövründə Rusiyada yaşayıb və həmin dövrün paspotuna istinadən uşağa oranın vətəndaşlığını almışdır. Hazırda isə o, öz hüququndan isitfadə edərək, uşağın Azərbaycan Respublikasının vətəndaşlığının tanınmasını xahiş edir. Dünyada baş verənləri nəzərə alaraq siyasi cəhətdən cavabdeh inzibati orqanın bu cür yanaşması düzgün deyil, hətta Azərbaycan Respublikasının Konsititusiyasına ziddir. O, hər il 4-5 ay uşağı ilə Azərbaycan Respublikasında yaşayıb. Sadəcə hazırda hələki Azərbaycan Respublikasının maddi imkanları Rusiya Federasiyası qədər sosial yönümlü ölkə olmasına imkan vermədiyindən, uşağın həmin ölkənin vətəndaşı kimi qalmağını məqsədəmüvafiq bildilər. Lakin baldızının atası gürcü vətəndaşı olan və Azərbaycan dilini bilməyən qızının isə sadəcə konsulluğa müraciət edilməklə vətəndaşlığı tanınmışdır. Bu cavabdeh inzibati orqanın sərgilədiyi qeyri-bərabər yanaşma onun və övladının hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, ilk olaraq qarşı tərəfin könüllülük prinsipinə yanaşma tərzinə münasibətdə qeyd edilməlidir ki, hazırda da iddia və apellyasiya şikayəti İddiaçı İlhamoviç tərəfindən deyil, onun qanuni nümayəndəsi - anası Qanuni nümayəndə tərəfindən verilmişdir. Hazırda Qanuni nümayəndə qanuni nümayəndə olmasına əsaslanaraq iddiaçının mənafeyini və mövqeyini sərgiləməkdə haqlı olduğu kimi uşaq doğularkən onun əvəzinə də könüllü seçimləri qanuni nümayəndələri etmişdir. Bəs uşağın artıq 18 yaşı tamam olacaq, bu illər ərzində onun daha əvvəl Azərbaycan Respublikasının vətəndaşlığının tanınmasına dair müraciəti də aşkar edilməmişdir. Halhazırda bu istiqamətdə artıq formalaşmış bir mövqe mövcuddur. Miqrasiya məsələləri təkcə ölkə səviyyəsində deyil, həmçinin beynəlxalq münasibətlərə də təsir edən, beynəlxalq-siyasətlə əlaqəli olan məsələlərdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, ## ######## 2008-ci il təvəllüdlü İddiaçı İlhamoviç Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmuş və artıq 2009-cu ildən həmin dövlətin pasportu əsasında Azərbaycan Respublikasına giriş-çıxış etmişdir. Qanuni nümayəndə qanuni nümayəndə qismində müraciəti əsasında aparılmış inzibati icraatın nəticəsində Dövlət Miqrasiya Xidmətinin ## ###### 2025-ci il tarixli, ******** nömrəli qərarı ilə digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərin mövcudluğu müəyyən edilərək İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda da onun Rusiya Federasiyasına məxsus pasportla 2009-cu ildən ölkə ərazisinə giriş-çıxış etməsi və inzibati araşdırmaya qədər Rusiya Federasiyasının vətəndaşı olması göstərilmişdir. Mübahisənin həllində ilk növbədə nəzərə alınmalıdır ki, vətəndaşlığın əldə edilməsi, vətəndaşlığın itirilməsi və şəxsin mövcud hüquqi statusunun inzibati qaydada vətəndaşlığa mənsubiyyət kimi tanınması eyni hüquqi institutlar deyildir. Hazırkı işdə məhkəmədən İddiaçı İlhamoviçin Azərbaycan Respublikasının vətəndaşlığının itirilibitirilmədiyinin müəyyən edilməsi deyil, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması tələb olunur. Buna görə də mübahisənin bilavasitə normativ əsasını “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunla yanaşı, Nazirlər Kabinetinin ## #### 2015-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təşkil edir. Qaydanın 4.1.5-ci yarımbəndi Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından doğulmuş şəxsin vətəndaşlığa mənsubiyyətinin tanınmasını nəzərdə tutur, 4.4-cü bənd isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1ci, 2-ci və 3-cü bəndlərində göstərilmiş əsaslar mövcud olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını müəyyən edir. Qeyd olunan normaların sistemli təhlili göstərir ki, Qaydanın 4.1-ci bəndində vətəndaşlığa mənsubiyyətin tanınmasını şərtləndirən müsbət əsasların müəyyən edilməsi 4.4-cü bənddə nəzərdə tutulmuş istisnaedici halların hüquqi əhəmiyyətini aradan qaldırmır. Başqa sözlə, şəxsin Qaydanın 4.1-ci bəndində göstərilən kateqoriyalardan birinə formal olaraq aid olması özü-özlüyündə onun vətəndaşlığa mənsubiyyətinin bütün hallarda tanınmalı olduğu nəticəsini doğurmur. Qaydanın 4-cü bölməsinin bütöv məzmunundan irəli gələn hüquqi konstruksiya müsbət və istisnaedici şərtlərin birlikdə qiymətləndirilməsini tələb edir. Bu məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqe xüsusilə əhəmiyyətlidir. Həmin işdə iddiaçı ## ###### 2001-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşları olan valideynlərdən doğulmuş, 2012-ci ildən isə Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi onun iddiasını təmin edərkən, o cümlədən ## ### 2014-cü il tarixli, ***-IVQD nömrəli Qanunun keçid müddəasına əsaslanaraq Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin 2014-cü ilədək digər dövlətin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmədiyini qəbul etmişdir. Ali Məhkəmə həmin yanaşmanı hüquqa uyğun hesab etməmiş, göstərmişdir ki, ***-IVQD nömrəli Qanunun keçid müddəası vətəndaşlığın itirilməsi hallarına aiddir, mübahisə isə vətəndaşlığın itirilməsi deyil, vətəndaşlığa mənsubiyyətin tanınması ilə bağlıdır və Qaydanın 4.4-cü bəndinin tətbiqinə dair belə temporal məhdudiyyət nəzərdə tutulmamışdır. Nəticədə apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia rədd olunmuşdur. Həmin hüquqi mövqenin hazırkı iş üçün əhəmiyyəti yalnız xarici vətəndaşlığın 2014-cü ildən əvvəl əldə edilməsinə münasibətlə məhdudlaşmır. Kostenitskiy işində iddiaçı 2001-ci ildə doğulmuş və 2012-ci ildən, yəni təxminən 11 yaşından Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Buna baxmayaraq, Ali Məhkəmə onun yetkinlik yaşına çatmamasını Qaydanın 4.4-cü bəndinin tətbiqini avtomatik istisna edən hal kimi qəbul etməmişdir. Buna görə də hazırkı apellyasiya şikayətində irəli sürülmüş “bir yaşlı uşaq özü ərizə verə bilməzdi, deməli xarici vətəndaşlığın könüllü əldə edilməsi hüquqi baxımdan ümumiyyətlə mümkün deyildi” şəklində kateqorik yanaşma qəbul edilə bilməz. Yetkinlik yaşına çatmayan şəxsin hüquqi vəziyyətinə təsir edən hüquqi hərəkətlərin yalnız onun şəxsən ərizə verməsi formasında həyata keçirilə biləcəyi barədə qanunvericilikdə belə ümumi prinsip mövcud deyildir, əksinə, yetkinlik yaşına çatmayan şəxslərin hüquqları bir sıra münasibətlərdə onların qanuni nümayəndələri vasitəsilə həyata keçirilir. Hazırkı işin özündə də apellyasiya baxışında verilmiş izahatlar şikayətdə irəli sürülən həmin qəti tezisi təsdiqləmir. Qanuni nümayəndə izahatında uşağın Rusiya Federasiyasında doğulduğunu, atasının sənədləri əsasında ona həmin dövlətin vətəndaşlığının rəsmiləşdirildiyini, sonrakı dövrdə isə uşağın Rusiya Federasiyasının vətəndaşı kimi qalmasını ailənin məqsədəuyğun hesab etdiyini bildirmişdir. İş materiallarında uşağın artıq 2009-cu ildən Rusiya Federasiyasının pasportundan istifadə etməsi də təsdiqlənir. Bu hallar xarici dövlət vətəndaşlığının mövcudluğunun yalnız uşağın iradəsindən asılı olmayan, ailənin iradəsindən tamamilə kənar və təsadüfi hüquqi vəziyyət kimi qiymətləndirilməsinə imkan vermir. Bununla yanaşı, məhkəmə kollegiyası “könüllülük” anlayışının yalnız İddiaçı İlhamoviçin bir yaşında şəxsən ərizə verib-verməməsi faktına endirilməsini də düzgün hesab etmir. Apellyasiya şikayətinin arqumentasiyası məhz belə dar yanaşma üzərində qurulmuşdur: uşağın şəxsən müraciət etmək hüquqi imkanının olmamasından birbaşa olaraq Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tətbiqinin qeyri-mümkün olduğu nəticəsi çıxarılır. Halbuki hüquqi qiymətləndirmə xarici vətəndaşlığın hansı qaydada rəsmiləşdirildiyi, həmin hüquqi nəticənin qanuni nümayəndələrin iradə və hərəkətlərinin nəticəsi olub-olmadığı, əldə edilmiş statusdan sonrakı dövrdə necə istifadə edildiyi və konkret münasibətə tətbiq edilən milli hüquq normaları birlikdə nəzərə alınmaqla aparılmalıdır. Odur ki, yalnız şəxsin həmin vaxt azyaşlı olmasına istinad Qaydanın 4.4-cü bəndinin tətbiqini hüquqi baxımdan mümkünsüz edən öz-özünə yetərli əsas sayıla bilməz. Digər tərəfdən, hətta apellyasiya şikayətinin xeyrinə ən geniş yanaşma qəbul edilərək İddiaçı İlhamoviçin Rusiya Federasiyasının vətəndaşlığının onun fərdi iradə aktından asılı olmayaraq yarandığı fərz edilsə belə, bu hal apellyasiya şikayətində tələb olunan hüquqi nəticənin - birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək cavabdehin üzərinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasına dair konkret inzibati akt qəbul etmək öhdəliyinin qoyulmasının avtomatik əsasını yaratmır. Çünki, hazırkı iddia hüquqi təbiətinə görə məcburetmə haqqında iddiadır və belə iddia üzrə həlledici məsələ təkcə inzibati orqanın imtina qərarında göstərilmiş hər hansı bir motivin mübahisələndirilməsindən ibarət deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli, ** nömrəli Qərarında bu məsələ ilə bağlı vahid hüquqi meyar müəyyən edilmişdir. Plenum göstərmişdir ki, məhkəmənin inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi konkret əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyini qoyması üçün iddiaçının həmin aktın qəbuluna maddi-hüquqi tələb hüququnun olması, imtinanın onun hüquqlarını pozması, tətbiq edilən maddi hüquq normasının konkret hüquqi nəticəni tələb etməsi və mübahisənin həlli üçün əhəmiyyətli bütün faktiki halların tam müəyyən edilməsi şərtləri birlikdə mövcud olmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsi də məcburetmə haqqında iddia üzrə arzulanan inzibati aktın qəbulunu zəruri edən müsbət faktiki şərtlərin sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyur; inzibati orqan isə aktın qəbulunu konkret halda istisna edən hallara istinad etdikdə həmin istisnaedici halları sübut etməlidir. Bu baxımdan, apellyasiya şikayətinin əsas hüquqi qüsuru ondadır ki, şikayətçi cavabdehin istinad etdiyi əsaslardan birinin mövcudluğunu mübahisələndirməklə həmin əsasın aradan qalxmasının dərhal və məcburi şəkildə vətəndaşlığa mənsubiyyətin tanınmasına gətirib çıxarmalı olduğunu ehtimal edir. Halbuki istisnaedici əsasın mövcud olmaması ilə konkret əlverişli inzibati aktı tələb etmək üçün bütün maddi-hüquqi şərtlərin mövcudluğu fərqli kateqoriyalardır. Məcburetmə haqqında iddia üzrə məhkəmə yalnız “inzibati orqan bu motivdə səhv etmişdirmi?” sualına deyil, həm də “iddiaçı məhz tələb etdiyi məzmunda inzibati aktın qəbulunu qanuna əsasən tələb etmək hüququna malikdirmi?” sualına cavab verməlidir. Eyni zamanda, hazırkı işdə birinci instansiya məhkəməsinin “diskresion səlahiyyət” barədə mülahizəsinin iddianın rədd edilməsinin müstəqil əsası kimi qəbul olunmasına ehtiyac yoxdur. Qaydanın 4.4-cü bəndində qanunverici “mənsubiyyəti tanınmır” kimi imperativ ifadədən istifadə etmişdir. Bu norma inzibati orqana həmin şərtlər mövcud olduğu halda tanıyıb-tanımamaq arasında məqsədəuyğunluq seçimi vermir. Ali Məhkəmə Plenumunun ** nömrəli Qərarında da qapalı səlahiyyətlə diskresion səlahiyyətin fərqləndirilməsinin zəruriliyi vurğulanmışdır. Buna görə birinci instansiya məhkəməsinin diskresion səlahiyyətə dair əlavə istinadlarının mübahisənin nəticəsi üçün həlledici olmadığı qeyd edilməlidir. Apellyasiya şikayətinin prosessual pozuntulara dair dəlilləri də iş materialları ilə təsdiq olunmur. Şikayətdə ## ###### 2026-cı il tarixli hazırlıq iclasının təxirə salınması barədə vəsatətin məhkəmə tərəfindən nəzərə alınmadığı və işin həmin iclasdan dərhal şifahi məhkəmə baxışına təyin edildiyi iddia edilmişdir. Halbuki birinci instansiya məhkəməsinin qərarından aydın görünür ki, nümayəndənin ## ###### 2026-cı il tarixli vəsatəti nəzərə alınmış, məhkəmə iclası məhz bu səbəbdən ## ##### 2026-cı il tarixə təxirə salınmışdır. Sonrakı iclasın məhkəmə baxışı iclası kimi təyin edilməsi isə cavabdehin yazılı etirazı və inzibati icraat materiallarının artıq təqdim olunması, habelə iddia tələbində aradan qaldırılmalı formal nöqsanın müəyyən edilməməsi ilə əsaslandırılmışdır. ## ##### 2026-cı il tarixli məhkəmə iclasında iştirakın təmin edilməməsi barədə dəlil də qərarın ləğvi üçün əsas yaratmır. İş materiallarından iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərildiyi, vəkilin müraciəti əsasında işin elektron kabinetdə onun üçün əlçatan edildiyi və məhkəmə bildirişində gəlmədikləri halda işə onların iştirakı olmadan baxılmasının mümkünlüyü barədə xəbərdarlığın əks olunduğu müəyyən edilir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsi də məhkəmə bildirişində bu barədə xəbərdarlıq olduqda şəxsin iclasa gəlməməsinin onun iştirakı olmadan işə baxılmasını istisna etmədiyini nəzərdə tutur, subsidiar tətbiq edilən Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə isə işdə iştirak edən şəxslər məhkəməyə gəlməmələrinin və ya gəlməyin mümkünsüzlüyünün səbəbini bildirməyə borcludurlar. Apellyasiya şikayətinin özündə nümayəndə etiraf edir ki, o, təyin edilmiş vaxtdan əvvəl məhkəmə binasına gəlmiş, lakin zalda adamların çox olduğunu gördüyündən məhkəmə zalında qalmamış, dəhlizdə gözləmiş, sonradan Qanuni nümayəndə da onun yanına gəlmiş və onlar yalnız saat 17:20 radələrində zala daxil olduqda işə artıq baxıldığını öyrənmişlər. Bu faktlar məhkəmənin onların iştirakına mane olduğunu deyil, məhkəmə iclasının vaxtı və yerini bildikləri halda faktiki olaraq iclas zalından kənarda gözləməyi seçdiklərini göstərir. İş materiallarında məhkəmə əməkdaşının onları zala buraxmadığını, iclasda iştirak etmək istəklərini məhkəməyə bildirdikləri halda bundan imtina edildiyini və ya məhkəmənin onların binada olmasından xəbərdar olduğu halda işi qəsdən onların iştirakı olmadan apardığını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkəmə binasında olmaq özü-özlüyündə məhkəmə iclasında iştirak etməyə bərabər tutulmur. Bundan başqa, prosessual təminatların pozulduğu barədə irəli sürülən iddia apellyasiya icraatının xüsusiyyəti baxımından da qiymətləndirilməlidir. Apellyasiya mərhələsində işə şifahi məhkəmə baxışı qaydasında, iddiaçının qanuni nümayəndəsinin, vəkilinin və cavabdehin nümayəndəsinin iştirakı ilə baxılmış, tərəflərə apellyasiya şikayətinin bütün dəlilləri barədə izahat vermək, qarşı tərəfin mövqeyinə münasibət bildirmək, sənədlər təqdim etmək və vəsatətlər qaldırmaq imkanı yaradılmışdır. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən, apellyasiya icraatı sadəcə birinci instansiya məhkəməsində baş vermiş prosesin formal yoxlanılması deyil, işə hüquqi məsələlər, sübutlar və faktlar üzrə mahiyyəti etibarilə tam həcmdə yenidən baxılmasını ehtiva edir. Buna görə birinci instansiyada dinlənilmə imkanının məhdudlaşdırıldığı barədə dəlil, həmin məhdudiyyətin işin nəticəsinə real təsir göstərdiyi müəyyən edilmədikcə və apellyasiya mərhələsində tərəfə mövqeyini tam təqdim etmək imkanı verildiyi halda, özlüyündə qərarın ləğvini tələb edən nəticəyə gətirib çıxarmır. Həmçinin qeyd edilməldir ki, iddiaçı tərəfin digər şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığa mənsubiyyətin tanınmasına dair müsbət qərarların qəbul edilməsini qeyri-bərabər münasibətin sübutu kimi göstərməsi də fərqli nəticəyə gəlməyə əsas vermir. Bərabərlik prinsipi hüquqi baxımdan müqayisə edilə bilən vəziyyətlərə eyni münasibət göstərilməsini tələb edir. Bunun üçün isə müqayisə edilən şəxslərin doğulduqları tarixdə valideynlərinin vətəndaşlıq vəziyyəti, başqa dövlətin vətəndaşlığını əldə etmələrinin vaxtı və hüquqi əsası, həmin vətəndaşlığın əldə olunmasının xarakteri, inzibati icraatda təqdim edilmiş sənədlər və mənsubiyyətin hansı konkret normaya əsasən tanındığı müəyyən edilməlidir. Hazırkı işdə müqayisə üçün göstərilən şəxslər barədə həmin məlumatların eyniliyi sübuta yetirilməmişdir. Təkcə başqa bir şəxsin də xaricdə doğulması və onun barəsində müsbət inzibati akt qəbul edilməsi həmin şəxslə İddiaçı İlhamoviçin eyni hüquqi vəziyyətdə olması nəticəsinə gəlmək üçün kifayət deyildir. Eyni səbəbdən, inzibati orqanın başqa bir şəxsin işində fərqli qərar vermiş olması hazırkı işdə tələb edilən inzibati aktın qəbuluna dair maddi-hüquqi tələb hüququnu əvəz edə bilməz. Məcburetmə haqqında iddianın təmin olunması başqa şəxsin işində inzibati orqanın hansı nəticəyə gəlməsindən deyil, məhz hazırkı iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş bütün dispozisiya şərtlərinin mövcudluğundan asılıdır. Ali Məhkəmə Plenumunun ## #### 2026-cı il tarixli, ** nömrəli Qərarında müəyyən edilmiş yanaşma da konkret əlverişli inzibati aktın yalnız həmin aktı tələb etmək hüququ yaradan bütün maddi-hüquqi və faktiki şərtlər mövcud olduqda məhkəmə qərarı ilə inzibati orqanın üzərinə qoyula biləcəyini tələb edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, tərəflərin izahatlarında səsləndirilmiş siyasi, sosial və ya məqsədəuyğunluq xarakterli mülahizələr mübahisənin hüquqi həlli üçün əsas sayıla bilməz. Vətəndaşlığa mənsubiyyət kimi şəxsin fundamental hüquqi statusuna aid məsələdə inzibati orqanın da, məhkəmənin də qiymətləndirməsi yalnız qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş meyarlara əsaslanmalıdır. Xarici dövlətlər arasında münasibətlər, sosial təminat sistemlərinin müqayisəsi və ya şəxsin konkret dövlətin vətəndaşı kimi qalmasının ailə üçün daha əlverişli olub-olmaması qanunda nəzərdə tutulmadığı halda inzibati aktın qəbulunun və ya qəbul edilməməsinin hüquqi əsası ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar