Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1874/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı “vəzifəli şəxs barədə müvafiq qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının şöbə müdiri Fərid Əmirov tərəfindən iddiaçının müraciəti ilə bağlı ona qarşı edilmiş qanunsuz hərəkətlərlə əlaqədar həmin şəxs barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliasiya Agentliyininə qarşı ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Çernobl AES-də hərbi xidmətlə əlaqədar ona vaxtilə müddətsiz əsaslarla təyin edilmiş 2-ci dərəcəli əlilliyin və buna müvafiq Prezident təqaüdünün yenidən müddətsiz əsaslarla bərpa olunması, 2022-ci ilin avqust ayından 2024-cü ilin may aymadək olan dövr üzrə ona ödənilməyən 2-ci dərəcəli əlillik müavinətin və Prezident təqaüdünün, digər müvafiq ödəmələrin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. İşə baxan hakim Gülşən Əliyeva barəsində müvafiq tədbir görülməsi üçün tərəfindən ## ###### 2025-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət etmiş, ərizəsi baxılması üçün Şuranın şöbə müdiri Fərid Əmirova tapşırılmışdır. Fərid Əmirov isə müraciəti üzrə heç bir araşdırma aparmamış, qeyd olunan ərizə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının # ###### 2025-ci il tarixli, *-*/*-Ə-***/**-**-*****/**** saylı məktubu ilə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Bununla da Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının şöbə müdiri Fərid Əmirov tərəfindən Azərbaycan Respublikası “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanununun tələbləri pozulmuşdur. Pozulmuş hüquqları ilə bağlı Azərbaycan Respublikası MəhkəməHüquq Şurasına 100-dən çox ərizə yazmış, dəfələrlə teleqramalar göndərmiş, rəhbərlik tərəfindən qəbul olunmağını xahiş etmişdir. Lakin müraciətlərinə mahiyyəti üzrə baxılmamış, qəbul olunmamışdır. Müraciətlərinə formal cavablar verilmişdir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının qaynar xətti ilə dəfələrlə əlaqə saxlasa da, müraciətinə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İş materiallarından görünür ki, iddiaçı müvafiq tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiası mümkün hesab edilməmişdir. O, həmin işə baxan hakim barəsində müvafiq tədbir görülməsi üçün ərizə ilə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət etmiş, sonuncunun müvafiq məktubu ilə onun ərizəsi Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı hazırda müraciəti ilə bağlı ona qarşı edilmiş qanunsuz hərəkətlərlə əlaqədar Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının şöbə müdiri Fərid Əmirov barəsində barədə qərar qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllədə göstərilmişdir ki, iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir (45.1.). İddia ərizəsində aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi (46.1.). Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; ərizəyə əlavə olunmuş sənədlərin siyahısı (46.2.). İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (46.3.). Göründüyü kimi iddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmiş, öz tələbini inzibati orqana qarşı deyil, fiziki şəxsə qarşı yönəltmiş, iddia ərizəsinin nəticə hissəsində tələbinin nədən ibarət olduğunu izah edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Yuxarıda qeyd olunan prosessual hüquq normalarından görünür ki, məhkəmənin yalnız şifahi məhkəmə baxışı və yazılı icraatla bağlı proses iştirakçılarına məlumat vermək öhdəliyi var. İddiaçının dəvət edildiyi ##.##.2026-cı il tarixli iclas isə mümkünlük iclası ilə bağlı olmuşdur ki, həmin iclasa cavabdeh tərəfin dəvət edilməsi məcburi deyil. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin yönəldiyi şəxsin fiziki şəxs olduğunu və tərəflər arasında yaranan mübahisənin inzibati orqanın ümumi hüquq münasibətlərindən irəli gələn səlahiyyətlərinin icrası ilə bağlı yaranmadığını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddianın uğurluğunun olmaması səbəbindən məhkəmə kollegiyası hüquqi yardımın göstərilməsinə lüzum bilmədi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1874/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1874/2026
30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver