Məhkəmə qərarları › İş №2-1(3-6)-610/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-610/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-610/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdeh “xxxx” publik hüquqi şəxsin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı ali təhsilə dair kvalifikasiyanın akademik tanınması tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Mülki Müdafiə Universitetinin diplomu üzrə ali təhsilə dair kvalifikasiyanın tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2019-cu ildə Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Fövqəladə Halların qarşısının alınması və aradan qaldırılması fakültəsinə qəbul olunmuş və 2024cü ildə bitirmiş, bu barədə Dövlət Imtahan Komissiyasının ## #### 2024-cü il tarixli, *** saylı protokolu ilə ## #### 2024-cü il tarixli, ******* nömrəli, **** qeydiyyat nömrəli mühəndislik ixtisası dərəcəsi diplomu verilmişdir. Iddiaçı xeyli müddətdir ki, ##.##.2016cı ildən bu günə kimi Bakı şəhəri Nizami rayon DYMX ** nömrəli Yanğından mühafizə bölməsinin R rütbəsində işləyir. Həmçinin, Belarusiyada oxuduğu universitetə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin göndərişi əsasında daxil olmuşdur. Iddiaçı aldığı təhsil üzrə kvalifikasiyanın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Iddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya yazılı etirazını məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il - İ semestr getməyib, II semestr pandemiya dövrü, II il - getməyib pandemiya dövrü, III il - getməyib pandemiya dövrü, IV il - 14 gün, V il - 1 ay. Iddiaçının qeyd olunan mövcud qiyabi təhsil normativi tələblərinə uyğun şəkildə bakalavriat səviyyəsi üzrə əldə etdiyi kvalifikasiyaya münasibətdə tədris prosesində iştirak etməməsi, iddiaçının ixtisas üzrə göstərilən tədris yükünü qeyd olunan təhsil müddəti ərzində əldə etməsini istisna edir. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən iddiaçı İddiaçı verilmiş diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması öhdəliyinin cavabdeh xxxxnə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun ali təhsil aldığı müəssisədə qiyabi təhsilalma forması üzrə tədris prosesində iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 19-20 - İ yarımil: getməyib + II yarımil: getməyib (pandemiya dövrü); 20-21 - getməyib (pandemiya dövrü); 21-22 - getməyib (pandemiya dövrü); 22-23 – 14 gün; 23-24 - 1 ay. Iddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi ##.##.2024-cü il tarixli, ДИ № ******* nömrəli diplomun əlavəsində onun təhsil müddətinin 5 il olması (240 ECTS kredit) və iddiaçının təhsil formasının qiyabi təhsilalma formasında olması müəyyən edilir. Iddiaçı ilə eyni ildə Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrindən birində eyni fakültəyə daxil olmuş tələbə məzun olmaq üçün qiyabi təhsilalma formasında pandemiya olmayan illər üzrə ən az 6 həftə ərzində sessiyalarda iştirak etməli idi və əgər bir tədris ili üçün belə bu şərt ödənilmədikdə həmin şəxs imtahanlara buraxılmaqdan məhrum ediləcəkdi. Məhkəmə qərarının 8-ci səhifəsinin əsaslandırma hissəsində iddiaçının təhsil müddətinin 5 il olmaqla distant formada 2019-2024-cü illəri əhatə etdiyini, təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olduğunu və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etdiyini bildirmişdir. Iddiaçının diplom əlavəsinə əsasən onun təhsilini formasının qiyabi olması müəyyən edilir. Birinci instansiya məhkəməsinin qərarında qeyd etdikləri hallara dair qeyd edilir ki, inzibati orqan (Agentlik) iddiaçı ilə bağlı inzibat icraat aparan zaman iddiaçının sərhədkeçmə məlumatları yoxlanılmış və pandemiya ilə bağlı olaraq həmin illər üzrə güzəşt olunmuşdur, lakin birinci instansiya məhkəməsi inzibati orqanın qeyd edilən halı nəzərə alması mövqeyini dəyərləndirmədən və iddiaçının təhsil aldığı 4-cü il üzrə tədris aldığı ölkədə olması müddətinin tədris prosesində real iştirakın əhəmiyyətli dərəcədə az və formal xarakterli olması halını nəzərə almadan yekun qərara gəlmişdir. Məhkəmə qərarının 9-cu səhifəsinin əsaslandırma hissəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsaslanaraq iddiaçının Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alması faktının təsdiq edildiyini və bu müddət ərzində ona “təhsil məzuniyyətləri verildiyi qənaətinə gəlmişdir. Bu baxımdan, iş materiallarında olan ##.##.2021-ci il tarixli ****/e nömrəli, ##.##.2021-ci il tarixli ****/e nömrəli, ##.##.2022-ci il tarixli ****/e nömrəli, ##.##.2022-ci il tarixli ****/e nömrəli, ##.##.2023-cü il tarixli ****/e nömrəli, ##.##.2023-cü il tarixli ****/e nömrəli və ##.##.2024-cü il tarixli ****/e nömrəli əmrlərlə iddiaçıya müxtəlif müddətlərdə təhsil məzuniyyətlərinin verilməsi məhkəmə tərəfindən iddiaçının təhsil prosesində iştirak etdiyini göstərən hal kimi qiymətləndirilmişdir. Xüsusilə, 2022–2023-cü tədris ili üzrə iddiaçıya 28 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi halda, onun təhsil aldığı ölkədə faktiki iştirakı cəmi 14 təqvim günü təşkil etmişdir. Iddiaçı geri qalan müddət ərzində tədris prosesində iştirak etməməsinin səbəbləri barədə heç bir əsaslandırıcı sənəd təqdim etməmişdir. Bu isə onun tədris yükünü normativ tələblərə uyğun yerinə yetirmədiyini sübut edir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, şikayətin əsası kimi təhsil müddətinin müəyyən illərində Belarusiya dövlətinə getməməyi əsas götürülmüşdür. Həmin illərdə pandemiya dövrünə düşdüyü üçün dərslər onlayn şəkildə aparılıb. Lakin cavabdeh orqan bu halları görməzdən gələrək iddiaçının diplomunu tanımaq istəmir. Iddiaçı ilə eyni dövrdə təhsil alan tələbə yoldaşları eyni qayda da məhkəməyə müraciət etmiş onların iddia tələbi təmin edilmiş və cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)- ***/**** saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı və Şirvan Apelyasiya Məhkəməsinin *-*(*-*)-**/**** saylı qərarlarına əsasən şikayətləri təmin edilməmişdir. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh “xxxx” publik hüquqi şəxsin nümayəndəsi nümayəndə2 şifahi şəkildə vəsatətələ müraciət edrək, iddia tələbinin dəyişdirilməsini xahiş etdi. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini ekvalentliyin tanınması kimi təmin etmişdir. Bu isə sonradan iddiaçı tərəfindən peşə tanınması kimi tələb olunur. Ona görə iddia tələbi kvalifikasiyanın akademik tanınması kimi irəli sürülməlidir. Cavabdehin nümayəndəsinin bildirdiklərini əsas götürərək iddiaçı tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə kollegiyasından vaxt istəmiş və ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında tələbini ali təhsilə dair kvalifikasiyanın akademik tanınması istiqamətində dəqiqləşdirilmiş və ərizə həmin məzmunda icraata qəbul edilmişdir. Həmin iclasda cavabdehə dəqiqləşdirilmiş tələbə münasibət bildirilməsi üçün vaxt verilmiş və məhkəmə iclası təxirə salınmışdır. Hazırkı məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” publik hüquqi şəxsin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və izahatları, apellyasiya şikayətinin dəlillərini, habelə iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi dəqiqləşdirilmiş iddia ərizəsini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı verilmiş ali təhsilə dair kvalifikasiyanın akademik tanınması barədə dəqiqləşdirilmiş iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ilk növbədə, dəqiqləşdirilmiş iddia ərizəsinin prosessual baxımdan mümkünlüyünə münasibət bildirilməlidir. Iddiaçının təqdim etdiyi ərizə ilkin iddianın faktiki və hüquqi əsaslarını dəyişən, başqa inzibati aktı və ya yeni hüquq münasibətini mübahisələndirən yeni tələb kimi qiymətləndirilə bilməz. Həm ilkin, həm də dəqiqləşdirilmiş tələb eyni tərəflər arasında, eyni diplom, eyni inzibati icraat və cavabdehin ## ######## 2025-ci il tarixli imtina qərarı ilə bağlı yaranmış mübahisədən irəli gəlir. Dəqiqləşdirmə yalnız tələb olunan tanınmanın hüquqi növünü konkretləşdirərək onu akademik tanınma ilə məhdudlaşdırmışdır. Başqa sözlə, iddiaçı mübahisənin predmetini genişləndirməmiş, əksinə, müdafiə olunmasını istədiyi hüquqi marağı daha dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində məhkəmənin formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına və işin mahiyyəti üzrə ərizələrin verilməsinə yardım göstərmək vəzifəsi təsbit edilmişdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə iddiaçı iddianın əsasını və ya predmetini dəyişə bilər. Məcəllənin 54.2-ci maddəsi isə cavabdehin dəyişdirilmiş iddiaya mahiyyəti üzrə etiraz etmədən münasibət bildirməsini razılıq kimi qəbul edir. Hazırkı işdə cavabdeh nəinki dəqiqləşdirilmiş tələbin icraata qəbuluna etiraz etməmiş, həmin dəqiqləşdirmənin aparılmasını özü təklif etmiş və son məhkəmə iclasında tələbin təmin olunmasına qarşı çıxmadığını bildirmişdir. Belə şəraitdə dəqiqləşdirilmiş iddia ərizəsinin icraata qəbul edilməsi tərəflərin prosessual hüquqlarını məhdudlaşdırmamış, əksinə, mübahisənin həqiqi predmetinin müəyyənləşdirilməsinə xidmət etmişdir. Birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində ümumi şəkildə “ali təhsilə aid kvalifikasiyanın tanınması” öhdəliyinin cavabdehin üzərinə qoyulması hazırda qüvvədə olan hüquqi tənzimləməyə tam uyğun sayıla bilməz. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” akademik və peşə tanınmasını ayrı-ayrı hüquqi institutlar kimi müəyyən etmişdir. Qaydaların 1.5.5-ci yarımbəndinə əsasən, akademik tanınma xarici dövlətdə verilmiş ali təhsil kvalifikasiyasının sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində və ya səviyyəsində təhsilini davam etdirmək hüququnun verilməsidir. Qaydaların 3.8-ci bəndində akademik və peşə tanınması, yalnız akademik tanınma, yalnız peşə tanınması, habelə tanınmadan imtina edilməsi ayrı-ayrı qərar növləri kimi nəzərdə tutulmuşdur. Peşə tanınması isə əmək fəaliyyətinə buraxılma və peşə kompetensiyalarının qiymətləndirilməsi ilə bağlı ayrıca prosedura tabedir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının ümumi formada kvalifikasiyanın tanınması öhdəliyini müəyyən edən nəticə hissəsi akademik tanınmanın hüquqi nəticələrini peşə tanınmasının nəticələrindən ayırmağa imkan vermir. Qərarın bu formada qüvvədə saxlanılması onun icrası zamanı iddiaçının peşə tanınmasını da tələb edib-etməməsi və məhkəmə qərarının peşə kompetensiyalarının ayrıca qiymətləndirilməsi prosedurunu əvəz edib-etməməsi barədə qeyri-müəyyənlik yarada bilərdi. Buna görə də birinci instansiya məhkəməsinin qərarı tələbin akademik tanınma ilə məhdudlaşdırılmadığı hissədə qismən ləğv edilməli və dəqiqləşdirilmiş tələbə uyğun yeni qərar qəbul olunmalıdır. Bu nəticə birinci instansiya məhkəməsinin mübahisənin mahiyyəti üzrə gəldiyi nəticənin yanlış olması ilə deyil, qərarın nəticə hissəsinin dəqiqləşdirilmiş hüquqi marağa tam uyğunlaşdırılması zərurəti ilə bağlıdır. Işin mahiyyəti üzrə müəyyən olunur ki, İddiaçı 2019–2024-cü illərdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində qiyabi təhsilalma formasında “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə təhsil almışdır. Təhsil müddəti beş il olmaqla 240 ECTS kreditini əhatə etmiş, Dövlət Imtahan Komissiyasının qərarı əsasında iddiaçıya ## #### 2024-cü il tarixli, ДИ № ******* nömrəli, **** qeydiyyat nömrəli diplom verilmiş və “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis” kvalifikasiyası təqdim olunmuşdur. Diplomun və ona əlavənin həqiqiliyi, təhsil müəssisəsinin səlahiyyətli olması, iddiaçının təhsil proqramını və dövlət yekun attestasiyasını başa vurması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin ## ######## 2025-ci il tarixli, NA******** nömrəli qərarı ilə kvalifikasiyanın tanınmasından yalnız o əsasla imtina edilmişdir ki, iddiaçı hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Inzibati aktda diplomun autentik olmaması, təhsil müəssisəsinin akkreditasiyasının və ya dövlət lisenziyasının mövcud olmaması, kreditlərin kifayət etməməsi, kvalifikasiyanın səviyyəsinin müəyyən edilə bilməməsi, təlim nəticələrinin uyğun olmaması və ya Azərbaycan Respublikasında mövcud olan kvalifikasiya ilə əhəmiyyətli fərqin aşkar edilməsi barədə hər hansı əsas göstərilməmişdir. Yuxarıda istinad edilən Qaydaların 4.1.4-cü yarımbəndində bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması ümumi tələb kimi müəyyən edilmişdir. Lakin həmin müddəanın tətbiqi sərhədkeçmə tarixlərinin tədris proqramından, təhsilalma formasından və konkret dərs cədvəlindən təcrid olunmuş şəkildə, sırf təqvim günlərinin mexaniki hesablanması ilə məhdudlaşa bilməz. “Normativ müddət” anlayışının məzmunu konkret kvalifikasiya üzrə təsdiq edilmiş tədris planı, auditoriya və auditoriyadankənar yük, imtahan-laboratoriya sessiyalarının təşkili, birbaşa iştirak tələb edən məşğələlərin müddəti və təhsil müəssisəsinin tətbiq etdiyi qanuni təhsil texnologiyaları nəzərə alınmaqla müəyyən edilməlidir. Cavabdeh iddiaçının Belarus Respublikasında olmalı olduğu minimum müddəti müəyyən edərkən Azərbaycan Respublikasında qiyabi təhsil üzrə nəzərdə tutulmuş illik 180-240 auditoriya saatını həftəlik maksimum 30 saatlıq yükə bölərək altı həftəlik müddət əldə etmiş, daha sonra həmin müddətin yarısını üç həftə və ya 21 təqvim günü kimi hesablamışdır. Lakin həftəlik auditoriya yükünün maksimum həddini müəyyən edən norma xarici ali təhsil müəssisəsinin konkret proqramı üzrə hər tədris ilində tələbənin mütləq şəkildə 42 təqvim günü təhsil aldığı ölkədə olmasını nəzərdə tutan norma deyildir. Maksimum həftəlik yükdən istifadə edilməklə aparılan riyazi hesablamanın nəticəsi konkret xarici proqramın təsdiq edilmiş normativ tədris müddəti və fiziki iştirak tələb edən sessiyalarının müddəti kimi qəbul edilə bilməz. Belə yanaşma təhsil proqramının faktiki quruluşunu qiymətləndirmədən ümumi göstəricidən konkret və məcburi nəticə çıxarılmasına gətirib çıxarır. Iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün təhsil prosesi əvvəlcədən razılaşdırılmış xüsusi təlimata uyğun təşkil olunmuşdur. Qiyabi təhsil çərçivəsində tədris materiallarının bir hissəsi müstəqil, digər hissəsi müəllimlə birbaşa əlaqədə mənimsənilmiş, bilik və bacarıqlar cari və yekun qiymətləndirmələrdə yoxlanılmışdır. Tək semestrlərdə imtahanlaboratoriya sessiyaları tələbələrin şəxsiyyətinin identifikasiyası və autentifikasiyasını təmin edən informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə videokonfrans vasitəsilə, cüt semestrlərdə isə birbaşa universitetdə təşkil edilmişdir. Deməli, iddiaçının bütün tədris sessiyalarında fiziki olaraq Belarus Respublikasında olmaması onun tədris prosesində iştirak etməməsi ilə deyil, həmin proqramın əvvəlcədən müəyyənləşdirilmiş təşkilati forması ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əmrləri də iddiaçının təhsil prosesində ardıcıl iştirakını təsdiq edir. Iddiaçıya 2021-ci ildə ikinci kursun imtahan sessiyası, 2021 və 2022-ci illərdə distant formatda təşkil edilmiş sessiyalar, 2023-cü ildə dördüncü kursun əyani imtahan sessiyası, 2023-cü ilin noyabr-dekabr aylarında beşinci kursun sessiyası, 2024-cü ilin may-iyun aylarında isə beşinci kursun yekun sessiyası və dövlət imtahanında iştirak etmək üçün ödənişli təhsil məzuniyyətləri verilmişdir. Dövlət Sərhəd Xidmətinin məlumatları iddiaçının 28 mart-## ##### 2023-cü il və 26 may-## #### 2024-cü il tarixlərində Belarus Respublikasında olduğunu göstərir. Bununla da iddiaçının proqram üzrə birbaşa universitetdə keçirilməsi nəzərdə tutulmuş dördüncü kurs sessiyasında, eləcə də sonuncu kursun yekun sessiyası və dövlət attestasiyasında iştirak etdiyi təsdiq olunur. Təhsil məzuniyyətlərinin müddəti ilə xarici dövlətdə olma müddətlərinin bütün hallarda eynilik təşkil etməməsi özlüyündə tədris prosesində iştirakın baş vermədiyini göstərmir. Işəgötürənin təhsil məzuniyyəti verməsi əməkdaşın xidməti vəzifələrindən azad edilərək təhsil tədbirlərində iştirakına şərait yaradılması məqsədi daşıyır. Təhsil tədbirinin distant qaydada keçirildiyi halda həmin məzuniyyətin verilməsi sərhədkeçməni zəruri etmir. Buna görə də distant sessiya üçün verilmiş təhsil məzuniyyətinin sərhədkeçmə məlumatı ilə müşayiət olunmaması ziddiyyət kimi deyil, tədrisin təsdiq edilmiş təşkilati formasının nəticəsi kimi qiymətləndirilməlidir. Cavabdehin nümayəndəsi apellyasiya baxışında iddiaçının təhsilinin ilk illərinin pandemiya dövrünə təsadüf etdiyini və həmin dövrlər üzrə güzəşt tətbiq olunduğunu bildirmiş, dördüncü tədris ilinə münasibətdə isə əsasən 14 günlük fiziki iştirakın kifayət etmədiyini irəli sürmüşdür. Lakin 2022-2023-cü tədris ilinin birinci sessiyasının distant qaydada, ikinci sessiyasının isə universitetdə keçirilməsi iş materialları ilə təsdiqlənir. Iddiaçı birbaşa universitetdə keçirilməsi nəzərdə tutulan 28 mart-## ##### 2023-cü il tarixli sessiyanın bütün müddətində Belarus Respublikasında olmuşdur. Cavabdeh iddiaçının həmin tədris ilində iştirak etməli olduğu, lakin iştirak etmədiyi hər hansı əlavə əyani dərsi, laboratoriya məşğələsini və ya qiymətləndirməni konkret göstərməmişdir. Qaydaların 4.1.5-ci yarımbəndində tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələb edilir. Məsafədən kommunikasiya vasitələrindən istifadə olunması isə öz-özlüyündə təhsilin formal və ya ənənəvi metodlara əsaslanan xarakterini aradan qaldırmır. Hazırkı halda tədris tanınmış dövlət ali təhsil müəssisəsinin proqramı əsasında, müəllimlərin iştirakı, təsdiq edilmiş dərs və imtahan cədvəlləri, tələbələrin identifikasiyası və autentifikasiyası, cari və yekun qiymətləndirmə, kreditlərin toplanması və Dövlət Imtahan Komissiyası qarşısında yekun attestasiya ilə həyata keçirilmişdir. Cavabdeh inzibati aktında Qaydaların 4.1.5-ci yarımbəndinin pozulduğunu müəyyən etməmiş və təhsilin qeyri-formal və ya proqramdan kənar aparıldığını təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təhsili fərdi təşəbbüs əsasında seçilmiş təsadüfi xarici proqram çərçivəsində deyil, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2007-ci il tarixli **** nömrəli Sərəncamı ilə təsdiq olunmuş Saziş tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlanmasını əməkdaşlıq istiqamətlərindən biri kimi müəyyən etmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 16.1-ci maddəsində də əməkdaşların nəzəri və peşə hazırlığının artırılması məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemlərindən istifadə olunması nəzərdə tutulmuşdur. Həmin Sazişin mövcudluğu iddiaçını Qaydaların tələblərindən avtomatik azad edən və ya diplomun qeyd-şərtsiz tanınmasını şərtləndirən hüquqi əsas kimi qəbul edilmir. Bununla belə, Saziş və onun icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi əmrlər təhsilin dövlət qurumlarının institusional əməkdaşlığı çərçivəsində təşkil edildiyini, iddiaçının təhsil prosesinə cəlb olunmasının, sessiyalarda iştirakının və təhsil məzuniyyətlərinin səlahiyyətli dövlət orqanı tərəfindən izlənildiyini təsdiq edən mühüm sübutlardır. Cavabdeh bu halları tanınma üçün müstəqil hüquqi əsas kimi deyil, kvalifikasiyanın əldə olunmasının real şəraitini və tədris yükünün mənimsənilməsini qiymətləndirən sübutlar kimi nəzərə almalı idi. “Inzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 61-ci maddəsi yazılı inzibati aktın faktiki və hüquqi əsaslandırılmasını, qərarın qəbuluna səbəb olmuş sübutların və hüquq normalarının göstərilməsini tələb edir. Hazırkı halda cavabdeh sərhədkeçmə məlumatlarını təhsil müəssisəsinin təsdiq etdiyi proqram və sessiya cədvəlləri ilə əlaqələndirməmiş, hansı dərslərin mütləq əyani iştirak tələb etdiyini, iddiaçının konkret hansı dərs və ya qiymətləndirmədə iştirak etmədiyini müəyyənləşdirməmiş, universitetin identifikasiya və autentifikasiya vasitələrindən istifadə etməklə apardığı distant qiymətləndirmələrin nəticələrinə hüquqi qiymət verməmişdir. Bundan başqa, iddiaçının 240 kredit toplaması, bütün fənlər üzrə qiymətləndirilməsi, dövlət yekun attestasiyasından keçməsi və diplom əldə etməsi ilə onun tədris yükünü mənimsəmədiyi barədə nəticə arasındakı ziddiyyət inzibati aktda izah edilməmişdir. Imtina qərarı mahiyyət etibarilə yalnız sərhədkeçmə tarixlərinə və konkret proqramı əks etdirməyən ümumi riyazi hesablamaya əsaslanmışdır. Belə araşdırma tam, obyektiv və fərdiləşdirilmiş inzibati araşdırma hesab edilə bilməz. Azərbaycan Respublikasının ## ######## 1997-ci il tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın III.1-ci maddəsi kvalifikasiyaların qiymətləndirilməsinin əldə edilmiş bilik və bacarıqlar əsasında aparılmasını, III.2-ci maddəsi tətbiq olunan prosedur və meyarların şəffaf, ardıcıl və etibarlı olmasını tələb edir. Konvensiyanın III.3-cü maddəsinə görə ərizənin tanınma tələblərinə cavab vermədiyini sübut etmək vəzifəsi qiymətləndirməni aparan orqanın üzərinə düşür. Konvensiyanın VI.1-ci maddəsində isə xarici ali təhsil kvalifikasiyasının yerli kvalifikasiya ilə əhəmiyyətli fərqi sübut olunmadıqda tanınması əsas prinsip kimi müəyyən edilmişdir. Cavabdeh iddiaçının kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında təlim nəticələri, kvalifikasiya səviyyəsi, proqramın həcmi, istiqaməti, əldə edilmiş kreditlər və ya yekun attestasiyanın nəticələri baxımından əhəmiyyətli fərq olduğunu müəyyən etməmişdir. Iş materiallarında belə fərqi təsdiq edən ekspert rəyi, müqayisəli akademik arayış və ya digər sübut yoxdur. Əksinə, diplom və onun əlavəsi iddiaçının beşillik proqramı başa vurduğunu, 240 kredit topladığını, müvafiq fənləri mənimsədiyini və dövlət yekun attestasiyasından keçdiyini təsdiq edir. Buna görə də ölkədə olma müddətinin kvalifikasiyanın mahiyyətini təşkil edən bilik, bacarıq və təlim nəticələri ilə əlaqəsi müəyyən edilmədən müstəqil və həlledici imtina meyarına çevrilməsi Konvensiyanın tələblərinə uyğun sayıla bilməz. Iş materiallarından görünür ki, eyni ali təhsil müəssisəsində, eyni proqram və eyni dövrdə təhsil almış digər şəxslərin analoji tələbləri inzibati məhkəmələr tərəfindən təmin edilmiş və həmin kvalifikasiyaların akademik tanınması barədə qərarlar qəbul olunmuşdur. Ayrı-ayrı məhkəmə qərarları hazırkı iş üçün məcburi presedent yaratmasa da, eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərə münasibətdə hüquq normalarının ardıcıl tətbiqi hüquqi müəyyənlik və məhkəmə təcrübəsinin sabitliyi baxımından əhəmiyyətlidir. Cavabdeh hazırkı iddiaçının vəziyyətini müqayisə olunan digər şəxslərin vəziyyətindən fərqləndirən və başqa hüquqi nəticəni zəruri edən hər hansı mühüm hal göstərməmişdir. Inzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina edilməsinin qanuna zidd olduğu və bunun iddiaçının hüquqlarını pozduğu hallarda məhkəmə inzibati orqanın üzərinə tələb olunan inzibati aktı qəbul etmək öhdəliyi qoyur. Hazırkı işdə kvalifikasiyanın autentikliyi, təhsil müəssisəsinin statusu, proqramın başa çatdırılması, kreditlərin həcmi, yekun attestasiya və kvalifikasiyanın səviyyəsi barədə zəruri faktlar müəyyən edilmiş, cavabdeh tərəfindən kvalifikasiyalar arasında əhəmiyyətli fərq aşkar edilməmiş, tanınmadan imtinanın yeganə əsası isə işin fərdi hallarını nəzərə almayan natamam qiymətləndirməyə əsaslanmışdır. Beləliklə, cavabdehin ## ######## 2025-ci il tarixli imtina qərarı tam və obyektiv araşdırmaya əsaslanmadığından, təhsil proqramının real təşkilati xüsusiyyətlərini, iddiaçının distant və əyani sessiyalarda iştirakını, topladığı kreditləri və əldə etdiyi təlim nəticələrini nəzərə almadığından qanuni hesab edilə bilməz. Iddiaçı ali təhsilə dair kvalifikasiyanın akademik tanınması üçün tələb olunan şərtləri yerinə yetirmiş, cavabdeh isə həmin kvalifikasiyanın akademik tanınmasına mane olan əhəmiyyətli fərqin və ya digər hüquqi əsasın mövcudluğunu sübut etməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı qismən ləğv edilməli, iddia ərizəsi təmin edilməli, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən iddiaçı İddiaçı adına verilmiş ДИ № ******* nömrəli, ##.##.2024-ci il tarixli diplom üzrə (qeydiyyat nömrəsi – ****) “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyi cavabdeh “xxxx” publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı qismən ləğv edilsin. Iddia ərizəsi təmin edilsin. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən iddiaçı İddiaçı adına verilmiş ДИ № ******* nömrəli, ##.##.2024-ci il tarixli diplom üzrə (qeydiyyat nömrəsi – ****) “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyi cavabdeh “xxxx” publik hüquqi şəxsin üzərinə qoyulsun. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar