Məhkəmə qərarları › İş №2-1(3-6)-781/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-781/2026

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-781/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vəsaitin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vəsaitin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kameral yoxlanılmalı məbləğ” xanasında qeyd olunmuş 82.904,00 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı2 şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ” xanasında qanunsuz olaraq 82.904,00 manat əks olunmuşdur. Vergi qanunvericiliyində “Kameral yoxlanılmalı məbləğ” ifadəsi yoxdur və vergi orqanınına təqdim olunan bəyannamələri qəbul etməmək kimi bir hüquq yalnız Vergi Məcəlləsinin 72.6-cı maddəsində sadalanan aşağıdakı hallarda mümkündür: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə: 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. Həmin normanın ilk cümləsi isə digər hallarda vergi orqanı əməkdaşlarına hətta məsuliyyət müəyyən edir: Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Vergi Məcəlləsinin 72.5-ci maddəsinin 2-ci cümləsinə görə, dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Göründüyü kimi, qanunverici imperativ şəkildə vergi ödəyciisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razıl olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız Kameral yoxlanılmalı məbləğ xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən ##.##.2023-cü il tarixdə 139820,00 manat dövriyyə məbləği göstərilməklə 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75% güzəşt tətbiq edilərək 6991,00 manat hesablama aparılmışdır. Lakin vergi ödəyicisi ##.##.2023-cü il tarixli **************** nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısında olduğu üçün 75% güzəşt silənərək 17973,00 manat əlavə hesablama aparılmışdır. Vergi orqanı tərəfindən hesablamalar aparıldıqdan sonra sonuncu dəfə vergi ödəyicisi tərəfindən ##.##.2023-cü il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, dövriyyədə 13960,00 manat qeyd edilərək cəmi 2792,00 manat hesablama aparmışdır. Buna baxmayaraq vergi ödəyicisi tərəfindən dövriyyənin azaldılması ilə bağlı təsdiqedici sənədlər və izahatlar tam şəkildə təqdim edilməmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar olaraq ##.##.2023-cü il tarixdə **************** nömrəli məktub göndərilərək hesablanmış vergi məbləği bərpa edilmişdir. ##.##.2023-cü il tarixli **************** nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısında olduğu üçün isə şəxsi hesab vərəqəsində mövcud olan 82904,00 manat kameral yoxlanılmalı məbləğin silinməsi təmin edilməmişdir. Şəxsi hesab vərəqəsində kameral yoxlamalı məbləğlərin formalaşması vergi ödəyicisinin müvafiq qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilməsidir. Yəni şəxsi hesab vərəqəsinin kameral yoxlamalı məbləğ bölməsində müəyyən rəqəmin fomalaşması vergi ödəyicisi barədə qəbul edilmiş risk qərarının nəticəsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı iddiaçı2 məxsus şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” qrafasında qeyd olunmuş 82.904,00 manat məbləğin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına salınmasına heç bir münasibət bildirməmişdir. Belə ki, şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ” kimi 82.904 manat məbləğin görünməsinin əsası kimi vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına salınması çıxış edir. Bu statusun verilməsi vergi ödəyicisinin vergi öhdəliklərini yerinə yetirərkən pozuntuya yol vermə ehtimalının yüksək olduğunu göstərir və vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin daha sıx aparılmasını şərtləndirir. Riskli kateqoriyaya aid edilən vergi ödəyiciləri üzrə təqdim olunan hesabatların və bəyan edilmiş göstəricilərin doğruluğu ilkin mərhələdə etibarlı hesab olunmadığından, kameral yoxlanılmalı məbləğin avtomatik və ya qeyd-şərtsiz şəkildə ləğv edilməsi məqsədəuyğun sayılmır. Əksinə, riskli vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrin dərhal yoxlanılması gələcəkdə vergi borcundan yanılmayla nəticələnə bilər. iddiaçı2 ##.##.2023cü il tarixli **************** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq təsərrüfat subyekti (obyekt), işçisi, nəqliyyat vasitəsi mövcud olmamışdır. Eyni zamanda bildirik ki, vergi ödəyicisi riskli vergi ödəyicilərinin siyahısından çıxarıldıqdan sonra təsdiqlənməmiş azalma məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinəcəkdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin **************** nömrəli, ##.##.2023-cü il tarixli qərarından görünür ki, vergi ödəyicisi iddiaçı2 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının ##.##.2025-ci il tarixdə faiz borcu 1854 manat, “Kameral yoxlanılmalı məbləğ” 82904 manat, cəmi ödənilməli borc 84798 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsi dedikdə, vergi ödəyicisinin vergi orqanı qarşısında maliyyə öhdəliklərinin uçotunu aparmaq məqsədilə tərtib olunan maliyyə sənədi başa düşülür. Bu vərəqədə vergi ödəyicisinin dövriyyəsi, ödədiyi vergilər, hesablamalar və qalıqlar kimi maliyyə əməliyyatları da qeyd olunur. Nəzərə alınmalıdır ki, şəxsi hesab vərəqəsinin uçotu anlayışı Mühasibat uçotu standartlarında birbaşa qeyd olunmasa da, həmin standartlar vergi öhdəlikləri və digər maliyyə öhdəliklərinin uçotu mexanizmini də ehtiva edir. Şəxsi hesab vərəqəsi vergi ödəyicisinin dövriyyəsini, ödədiyi vergilər, hesablamalar və qalıqları kimi maliyyə əməliyyatlarını əks etdirən sənəddir. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, onun ##.##.2025-ci il tarixdə faiz borcu 1854 manat, “Kameral yoxlanılmalı məbləğ” 82904 manat, cəmi ödənilməli borc 84798 manat müəyyən edilmişdir. Göründüyü kimi, Kameral yoxlanılmalı məbləğ iddiaçının ödəməli olduğu vergi borcu statusuna malikdir, bu isə onun üçün həmin məbləğdə vergi öhdəliyi yaradır “Vergi ödəyicilərinin 2017-ci ilin # ###### tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il ## ###### tarixli, ***VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərardadında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “... “Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi, ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyi nəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların “hərəkət zolağını” hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Kollegiya bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. .... Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur. ...” Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin aradan qaldırılmasını, yəni şəxsi vərəqədə göstərilən 82904 manat məbləğində kameral yoxlanılmalı məbləğin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, vergi qanunvericiliyində şəxsi hesab vərəqəsində aparılacaq əməliyyatlara münasibətdə “kameral yoxlanılmalı məbləğ” kimi hüquq institutları nəzərdə tutulmamışdır. Belə olan halda, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə əksini tapan göstəricilərə şəxsi hesab vərəqəsində bu şəkildə müdaxilə edilməsinin məqsədi və mahiyyəti təhlil olunmaqla, iddiaçıya münasibətdə doğurduğu nəticələrdən çıxış edilməlidir. Bu mənada, sözügedən hərəkətlər iddiaçının vergi öhdəliyinə təsir edən xarakterlidir, həmin hərəkətlər ona münasibətdə bəyannamə məlumatlarının nəzərə alınmamasını, həmçinin əlavə vergi öhdəliyinin yaranmasına gətirib çıxarır. Bu qaydada davrana bilmək üçün isə cavabdeh konkret hüquqi əsaslara malik olmalıdır. Yuxarıda göstərildiyi kimi cavabdeh belə bir hüquqi əsas sahib olmamışdır. Ona görə də, cavabdehin sözügedən faktiki xarakterli hərəkətləri qanunsuz sayılmalıdır. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli üç ulduzlu qərarı). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar