Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-457/2026 25.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi Iddiaçı İddiaçı iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “X4 Istismar Idarəsinin hüquq və azadlığını pozmaqla əkinini suvarmaq üçün torpaq sahəsində yerləşən subarteziandan götürdüyü suyu ona dövlətin müəyyən etdiyi tarifdən (1000 m3 üçün 0,50 manat) artıq qiymətə satmasına qadağa qoyulması” tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Istismar Idarəsinin hüquq və azadlığını pozmaqla əkinini suvarmaq üçün torpaq sahəsində yerləşən subarteziandan götürdüyü suyu ona dövlətin müəyyən etdiyi tarifdən (1000 m3 üçün 0,50 manat) artıq qiymətə satmasına qadağa qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı Sarıtəpə kəndində suvarma işləri 38 ədəd artezian quyusu ilə təmin edilir. 26 ildir ki, ona məxsus 3 ha yonca sahəsini və meyvə bağını 5 nəfər qonşu torpaq sahibi ilə birlikdə bir subartezian quyusundan su götürməklə suvarmışdır və hazırda da suvarır. Həmin quyu ona məxsus torpaq sahəsinin içərisindədir. O da daxil olmaqla 6 nəfər torpaq sahiblərindən ibarət olan komanda cəmi 17 ha olan əkin sahələrini birlikdə suvarırlar. 1 subartezian quyusu 1 ay ərzində 17 ha sahəni suvarma gücünə malikdir. X2 Quyularının Istismar Idarəsinin müvafiq arayışı təsdiq edir. Azərbaycan Respublikası Tarif Şurasının ##.##.2006-cı il tarixli, * №-li qərarı ilə 1000 m3 suvarma suyu üçün müəyyən edilən qiymət 0,50 manat olduğu halda Şəmkir rayon Suvarma Sistemləri Idarəsinin rəisi Etibar Nəbiyev "əlavə xərclər" uydurması ilə suyun qiymətini 4,4 dəfə (?!) artırıb, 2,20 manat etmişdir. Hazırda həmin idarə Cavabdeh adlanır. Onun rəisi Alim Abbasov daha dərinə gedib, ##.##.2023-cü il tarixdən 1000 m3 suvarma suyunun qiymətini 3,57 manata qaldırmış, yəni qanunla müəyyən edilən qiyməti 7 dəfə ötmüşdür. Belə hərəkət su istifadəçilərini müflis edib, sıradan çıxarmağa yönələn özbaşınalıqdır. Bəlkə də təxribatdır, bunu hüquqşünaslar yaxşı bilərlər. Şübhəsi yoxdur ki, belə hərəkətlərin arxasında əsassız varlanmaq durur. Cinayət işi açılıb, istintaq aparılsa, əsl niyyətlər, həqiqətlər müəyyən edilər. Şəmkir rayonunda "Zəyəmçay" sudan istifadə birliyi mövcuddur. Cavabdeh idarə bu birliyi guya sərəncamında olan meliorasiya və irriqasiya sistemlərinin idarə edilməsi, suyun torpaq istifadəçilərinə çatdırılması, səmərəli, ədalətli və mütəşəkkil bölünməsi məqsədi ilə yaratmışdır. Guya bu birlik yerli su istifadəçilərin qeyri-kommersiya qurumu olmaqla vəzifəsi çay, göl, kanal, yağış və s. suları təşkil edib, qənaətlə paylamaq, suvarma sistemlərinin sazlığını qorumaq, texniki istismarını həll etmək üçün yaradılmışdır. Reallıq isə başqadır. Cavabdeh idarənin birliyin köməyi ilə başına açdığı oyunlar sübut edir ki, əslində balansı, pulu, texnikası və hər hansı başqa əmlakı olmayan bu birlik su istifadəçilərinə əsassız pul yükləmək onları soymaq üçün yaradılmışdır. Yuxarıda qeyd etdiyi kimi, o da, komanda yoldaşları (su istiıadəsiləri) da yalnız sahəsində olan, gücü hamıya məxsus 17 ha torpaq sahəsini əkin su ilə tam təmin edən bir quyudan istifadə edirlər. Onlar da, o da hələ çay suyu, kanal suyu işlətməmişlər və indi də işlətmirlər. Belə sulara ehtiyacları yoxdur. Əgər gerçəklikdə həmin birlik kimə isə çay suyu, gölməçə suyu, kanal suyu vermişsə, belə sular üçün pul tələb edə bilər. Ondan isə tələb edə bilməz, çünki belə suları işlətməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, ** №-li qərarına görə, əmlakın sudan istifadə birliklərinə verilməsi qaydası həmin Kabinetin ##.##.2005-ci il tarixli *** №-li qərarı ilə tənzimlənir. Gəl ki, kəndin artezianları bu birliyin balansına verilməmişdir. Digər tərəfdən, yuxarıda qeyd etdiyi kimi, həmin birliyin balansı (pulu, əmlakı) yoxdur. Balansı (pulu, əmlakı) olmayan qurum kanalı, arxı hansı texnika ilə, hansı işçilər ilə və necə çəkə bilər? Bir də ki, onun həmin birliyə aidiyyəti olmadığı halda, başqa sözlə, birlik ona hər hansı xidmət göstərmədiyi halda, daha dəqiq deyilsə, əkin suyunu o ancaq və ancaq torpaq sahəsinin içində olan arteziandan götürdüyü halda, aldığı suyun qiyməti 7 dəfə (700%) necə artırıla bilər? Suyun bahalaşması barədə onun iştirakı ilə akt tərtib edilməsi barədə dövlət ombudsmanına yazılan sözlər isə yalandır, iftiradır. Hətta hesab edilsə ki, kənddəki artezian quyuları birliyin balansındadır, yenə də birlik ondan əlavə pul tələb edə bilməz, çünki, təkrar edir, daimi istifadə etdiyi quyu torpağının içindədir, başqa yerdən gətirilmir, arxlardan, kanallardan, xüsusi qurğulardan istifadə edilmir. Yalnız nasoslar xarab olanda onları dəyişməyə, quyu dolanda isə içini təmizləməyə ehtiyac olur. Bu işlər isə dövlətin müəyyən etdiyi tarifin içindədir. Əgər güman edilsə ki, birlik başqa su istifadəçiləri üçün hər hansı bir yolla (qanuni, ya qanunsuz) əkin suyu təşkil edirsə, bunun ona qətiyyən aidiyyəti yoxdur. Qanun qanundur, hamı, o cümlədən cavabdeh idarənin rəisi ona əməl etməlidir. Bu yerdə onu da bildirmək istəyir ki, işlətdiyi quyuya və onun nasosuna normal texniki xidmət göstərilməyən vaxtlar baxımsızlıq üzündən nasos suyu texniki göstəricisindən aşağı vurur, nəticədə artıq enerji işlənilir. Bunun günahkarı nasosların təmirinə və quyuların təmizlənməsinə birbaşa cavabdeh olan X4 Istismar Idarəsidir. O, su istifadəçisi olaraq dövlətin əkin suyu üçün müəyyən etdiyi tarifin fırıldaqla, özü də 7 dəfə (!) artırılmasına dözməyib, şikayətlər yazır, lakin onlara düzgün baxılmır. Ombudsmana verilmiş cavablar göstərir ki, məhkəmə qərarı olmadan cavabdeh idarənin qanuna əməl etməsi baş tutan deyil. Beləliklə, X4 Istismar Idarəsinin torpağında olan subartezian quyusunun suyunu yalanların köməyi ilə ona dövlətin müəyyən etdiyi qiymətdən 7 dəfə artıq qiymətə satması dözülməz qanunsuzluqdur. Hesab edir ki, cavabdeh idarənin bu qanunsuz hərəkətinə qadağa qoyulmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddianın mümkün sayılmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olubolmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən istifadə etməklə, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Iddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın. Göründüyü kimi, iddiaçı cavabdeh qismində Cavabdeh qeyd etməklə, subarteziandan götürdüyü suya görə müəyyən edilmiş xidmət haqqından narazı olmaqla, sudan istifadəyə görə cavabdeh tərəfindən müəyyən edilmiş məbləği mübahisələndirir. Əvvəla qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Hazırki ərizə ilə müəyyən olunur ki, iddiaçı ərizəsində cavabdeh qismində “Cavabdeh”-ni qeyd etmişdir, hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Inzibati orqanların Təsnifatında qeyd edilən adda inzibati orqan mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, əkin sahələrinin suvarma suyu ilə təchiz edilməsi və suyun həcminə görə ödənişlər (xidmət haqqı) müvafiq X3 ilə sugötürən şəxs arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları”na görə: Bənd 5.1. SIB tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ödənişli əsaslarla həyata keçirilir. Bənd 5.2. Xidmət göstərdiyi ərazilərdə əkin sahələrinin suvarma suyu ilə təchizatı SIB ilə onun üzvləri və ya digər kənd təsərrüfatı istehsalçıları arasında bağlanılan, aylar üzrə sudan istifadə qrafikini özündə əks etdirən müqavilə əsasında həyata keçirilir. Bənd 5.3. SIB əkin sahələrinə verilən suvarma suyuna görə təsdiq edilən sudan istifadə haqqından (tarifindən) çox olmayaraq sərbəst qiymətlər müəyyən edir. Bənd 5.4. Xidmət göstərdiyi ərazilərdə suvarma suyunun təchizatı üzrə uçotun aparılması, su istehlakçılarının siyahısının müəyyənləşdirilməsi, sudan istifadə qrafiklərinə əməl olunmasına və ödənişlərin aparılmasına nəzarət SIB tərəfindən həyata keçirilir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə müqavilə münasibətlərindən irəli gəldiyindən, yəni hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-457/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-457/2026
25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver