Məhkəmə qərarları › İş №2-1(3-8)-1009/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1009/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1009/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçının ##.##.2025-ci il tarixli ərizəni təzyiq altında yazdığı nəzərə alınaraq etibarsız hesab edilməsi, Dövlət Gömrük Komitəsinin ##.##.2025-ci il tarixli, *-**/***Ş saylı işdən çıxma əmrinin ləğv edilməsi, işə bərpa olunmasının təmin olunması, buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi və iddia ərizəsinin verilməsi üçün ötürülmüş müddətin bərpasını məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2017-ci il tarixdan ##.##.2025-ci il tarixədək Xaçmaz Gömrük Idarəsi Əməliyyat və Təhqiqat Şöbəsində təhqiqatçı vəzifəsində işləmişdir. Xidməti fəaliyyəti icra etdiyi dövürdə əlavə olaraq valideyninin adına olan "X1" MMCnin fəaliyyətinə nəzarət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2025-ci il tarixli *-**/***S nömrəli sərəncamı ilə Xaçmaz Gömrük Idarəsində və həmin idarənin "Samur" gömrük postunda xidməti fəaliyyətin yoxlanılması və gömrük auditi həyata keçirilmişdir. ##.##.2025-ci il tarixdə saat 18:00 radələrində xidmətdə olduğu Xaçmaz Gömrük Idarəsinin inzibati binasından işdən çıxıb "Fiat Doblo" markalı, **-PR-*** dövlət nömrə nişanlı xidməti avtomobil ilə Quba rayonuna doğru hərəkət etmişdir. Yolda olarkən, Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisində Əməliyyat-Istintaq Baş Idarəsinin Əməkdaşı Elməddin adlı əməliyyat müvəkkili (055-218-11-21) əlaqə nömrəsindən mobil telefonuna zəng edərək nəqliyyat vasitəsini müşayət etdiyini bildirdi.O, idarə etdiyi nəqliyyat vasitəsini Quba rayonu, Timiryazev kəndi ərazisində saxlayaraq onun nə məqsədlə onu izlədiyini soruşmuşdur. Elməddin özünün idarə etdiyi Dövlət Gömrük Komitəsinə məxsus "NAZLIFAN" markalı nəqliyyat vasitəsinin nasaz olduğunu bildirdi.Onun nəqliyyat vasitəsini yaxınlıqdakı servisə aparmışlar və ustalar nəqliyyat vasitəsinə baxış keçirmişlər. Lakin nəqliyyat vasitəsinin nasaz olmadığını bildirmişlər. Bundan sonra, o özünün nəqliyyat vasitəsini israrla onun yaşadığı evin qarşısında saxlamağını xahiş etmiş və onun evinin koordinatlarını, yəni, konumunu mobil telefonuna qeyd etmişdir. Bunun ardınca o idarə etdiyi nəqliyyat vasitəsi ilə Qusar rayonuna aparmış və sonra geri evinə qayıtmışdır. ##.##.2025-ci il tarixdə Xaçmaz Gömrük Idarəsində işdə olarkən, Elməddin və Dövlət Gömrük Komitəsinin digər əməkdaşları onların xidməti otağına gəlmişlər. Elməddin onun mobil telefonunu götərək, onun yazılı ərizəsi olmadan mobil telefonunu açaraq “whatsapp” yazışmalarına baxmışdır. Həmin yazışmaların foto şəkilin çəkib komitənin yüksək vəzifəli şəxsinə göndərmişdir. Ondan bu hərəkəti hansı əsaslarla etdiyini soruşmuşdur. O da, əməliyyat tədbiri olduğunu bildirdi. Ondan "Əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərarı" və "mobil telefona baxış üçün məhkəmənin qərarını" tələb etmişdir. Lakin, o hər hansı bir qərar təqdim edə bilməmişdir Eyni zamanda, ondan ##.##.2025-ci il tarixdə Xaçmaz-Quba yolunda hərəkətdə olarkən onu izləməsinə dair məhkəmə qərarını tələb etmiş, o həmin qərarı təqdim edə bilməmişdir. Mobil telefonuna ərizə olmadan baxış keçirməyinin qanunsuz olduğunu bildirmişdir. Bunun ardınca, o xidməti otağın qapısını 3 dəfə bağlamış, qapını açmış, ona qarşı təzyiq göstərərək onun hərəkətlərini məhdudlaşdırmaq istəmişdir. Aralarında mübahisə yaranmışdır. Onların qanunsuz hərəkətlərinin qarşısını almaqda çətinlik çəkmiş və həmin vaxt mobil telefonunu götürüb, Xaçmaz Gömrük Idarəsindən çıxmışdır. Dövlət Gömrük Komitəsinə gedərək işdən çıxma haqqında ərizə vermiş və komitədə ərizəni ##.##.2025-ci il tarixi ilə götürmüşlər.Idarədən çıxdıqdan sonra, onlar mobil telefonuna baxış haqqında protokol tertib ediblər, protokol ilə onu tanış etməyiblər və protokolun surəti də ona təqdim olunmayıb. Həmin gün, ##.##.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları xidməti istifadəsində olan kompüteri onun iştirakı olmadan götürmüşlər, kompüterəonun iştirakı olmadan baxış keçirmişlər və sistemə giriş parolun da bağlamışlar. Eyni ilə xidməti komputerə baxış haqqında protokolun surəti də ona təqdim olunmayıb, protokol ile tanış edilməmişdir. Xidməti komputer dövlət mülkiyyəti hesab olunsa da, komputerin yaddaşından əldə olunmuş məlumatlar şəxsi məlumatlar hesab olunur. ##.##.2025-ci il tarixdə işdən çıxma haqqında ərizəni geri götürmüş. Kompüter olmadığı və sistemə girişin bağlı olduğu üçün ##.##.2025-ci il tarixədək, 5 gün ərzində icratinda olan işlərlə bağlı hər hansı icraat apara bilməmişdir. Bu müddət ərzində heç bir əsas olmadan əmək hüquqları tam şəkildə məhdudlaşdırıldı. Xidməti vəzifələrinin icrası ilə bağlı əlavə kompüter ilə təmin olunmamış və sistemə giriş hüququ da bərpa olunmamışdır. ##.##.2025-ci il tarixdə o təkrar ərizə verərək işdən ayrılmalı olmuşdur. ##.##.2025-ci il tarixdə işdən çıxma haqqında əmri ilə tanış olmuşdur. Barəsində aparılan araşdırma ilə bağlı ona heç nə deyilməmiş, material ilə tanış edilməmiş, izahat tələb olunmamışdır. Şifahi şəkildə əldə etdiyi məlumatlara əsasən, ##.##.2025-ci il tarixdə aparılmış araşdırmanın nəticəsi barədə Dövlət Gömrük Komitəsinin sədri tərəfindən müvafiq əmir çıxarılmışdır və həmin əmrin surəti ona rəsmi qaydada təqdim olunmamışdır. Bundan sonra, o Dövlət Gömrük Komitəsinə rəsmi sorğu verərək barəsində aparılmış araşdırmanın nəticəsinə dair qəbul olunmuş qərarın surətini, Əməliyyat tədbirinə dair "əməliyyat axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında qərar"ın surətini, ##.##.2025-ci il tarixdə izlənilməsi ilə bağlı "insanların güdülməsinə" dair məhkəmə qərarının surətini, mobil telefonuna baxış keçirilmə ilə bağlı protokolun surətini, xidməti komputerin götürülməsinə dair protokolun surətini, araşdırma materialındakı müvafiq sənədlərin surətini istəmiş, lakin onlar həmin sənədləri ona təqdim etməmişlər. Yuxarıda qeyd olunanlarla bağlı əməliyyat-axtarış fəaliyyetinin keçirilıməsi üçün, əməliyyat qeydiyyat işi açılmalı, əməliyyat axtarış fəaliyyətinin keçirilməsi haqqında qərar qəbul olunmalı, məhkəmə qərarı əldə olunması üçün prokurora vəsatət verilməli, prokurorun təqdimatı əsasında məhkəmə qərarı əldə olunmalı idi. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, əlavədə qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinə müraciət etdiyini ##.##.2025-ci il tarixli işdən çıxma haqqında ərizəsinin təzyiq altında yazıldığını nəzərə alınaraq, etibarsız hesab edilməsini xahiş edir. Eyni zamanda həmin ərizəsinin ləğv edilməsi haqqında Dövlət Gömrük Komitəsi tərəfindən 4 gün sonra yəni, ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçının özünün təqdim etdiyi məlumatlardan görünür ki, o, ##.##.2025-ci il tarixli əmrlə xidmətdən azad edilmiş, ən geci ##.##.2025-ci il tarixdə isə işdən çıxma əmri ilə tanış olmuşdur. Deməli, iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu tarix ən gec ##.##.2025-ci il hesab edilməlidir. Bu halın müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir, çünki əmək münasibətlərindən irəli gələn fərdi mübahisələr üzrə məhkəməyə müraciət müddəti ümumi inzibati müddətlərdən deyil, xüsusi normadan irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə isə hüququn pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, sərəncamın, qərarın, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi gün, yaxud əmək hüququnun pozulmasının sənədlərlə təsdiq edilən anı hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294 və 296-cı maddələrinin şərhinə dair qərarında vurğulamışdır ki, bu müddətlərin hesablanması hüququn pozulduğunun bilindiyi və ya bilinməli olduğu andan başlanır. Beləliklə, iddiaçının öz izahatına əsasən hüququnun pozulmasını ən geci ##.##.2025-ci il tarixdə bildiyi qəbul edildikdə, onun məhkəməyə müraciət etməli olduğu son tarix ##.##.2025-ci il olmuşdur. Halbuki iş materiallarından və iddiaçının öz vəsatətindən görünür ki, məhkəməyə müraciət daha sonrakı tarixdə edilmiş, yəni qanunla müəyyən olunmuş xüsusi müraciət müddəti ötürülmüşdür. Bu baxımdan iddiaçının tələbi mahiyyət üzrə deyil, ilk növbədə mümkünlük baxımından qiymətləndirilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmalıdır. Bu nəticə həm xüsusi əmək qanunvericiliyinin, həm də inzibati prosessual qaydaların məzmununa tam uyğundur. Iddiaçı müraciət müddətinin bərpasını da xahiş etmişdir. Lakin prosessual müddətin bərpası üçün sadəcə vəsatətin mövcudluğu yetərli deyildir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpası barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməli və buraxılma səbəbləri əsaslandırılmalıdır. Eyni Məcəllənin 24.3-cü maddəsinə əsasən, müddətin bərpası barədə vəsatətlə eyni zamanda buraxılmış prosessual hərəkət də edilməlidir. IPM-in 22.2-ci maddəsi müddətlərlə bağlı məsələlərdə Mülki Prosessual Məcəllənin müvafiq qaydalarının subsidiar tətbiqinə imkan verir. MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət keçdikdən sonra prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3- cü maddəyə əsasən isə müddətin bərpası üçün əsaslar olmadığı halda müddət keçdikdən sonra verilmiş sənədlərə baxılmır. Hazırkı işdə iddiaçı buraxılmış müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiqləyən mötəbər və obyektiv sübutlar təqdim etməmişdir. Onun iddia ərizəsində və əlavə müraciətlərində göstərdiyi hallar əsasən işdən çıxarılma ilə bağlı narazılığın mahiyyətinə aiddir. Lakin həmin hallar məhkəməyə müraciətin niyə məhz qanunla müəyyən edilmiş bir aylıq müddət ərzində edilmədiyini əsaslandırmır. Müddətin bərpası institutu prosessual intizamın istisna xarakterli yumşaldılması vasitəsidir və yalnız real, aradan qaldırıla bilməyən, şəxsin iradəsindən kənar maneələr sübuta yetirildiyi halda tətbiq oluna bilər. Iddiaçı isə belə maneələri nə konkretləşdirmiş, nə də onları sənədlərlə təsdiqləmişdir. Buna görə də müddətin bərpası barədə vəsatət təmin oluna bilməz. Bununla yanaşı, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayət institutuna dair müddəaları da göstərir ki, qanunverici hüquqların müdafiəsi üçün müəyyən edilmiş müddətlərə riayət olunmasını hüquqi müəyyənliyin vacib elementi hesab edir. Həmin Qanunun 71-ci maddəsi inzibati aktdan şikayət vermək hüququnu tanıyır, 73.1-ci maddəsi isə, qanunda başqa qayda nəzərdə tutulmadıqda, inzibati şikayətin inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində verilməli olduğunu nəzərdə tutur. Həmin qanunda, həmçinin, buraxılmış müddət bərpa edilmədikdə inzibati şikayət üzrə icraatın mümkün olmaması ilə bağlı tənzimləmə də mövcuddur. Bu normalar bir daha təsdiq edir ki, publik hüquq münasibətlərində müddətlər hüquqi sabitlik, intizam və münasibətlərin sonsuz qeyrimüəyyənlikdə qalmasının qarşısını almaq üçün müəyyən edilir. Müddət institutunun mahiyyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Viktor Ozerovun şikayəti üzrə ##.##.2011-ci il tarixli qərarında da geniş izah edilmişdir. Həmin qərarda göstərilmişdir ki, iddia müddətinin başlanğıcı bir tərəfdən hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin həmin pozuntunu bildiyi və ya bilməli olduğu subyektiv anla bağlıdır. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, iddia müddətləri hüquqi müəyyənliyin təmin olunmasına, potensial cavabdehlərin vaxtı ötmüş tələblərdən qorunmasına və məhkəmələrin uzun müddət keçdikdən sonra natamam sübutlar əsasında qərar çıxarmaq məcburiyyətində qalmamasına xidmət edir. Hazırkı işin halları da məhz bu yanaşmanın tətbiqini zəruri edir. Çünki iddiaçı əmrlə tanış olduğunu özü etiraf etdiyi halda qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı əmrlə tanış olduğunu yalnız iddia ərizəsində bəyan etməklə kifayətlənməmiş, eyni zamanda həmin əmrlə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Bu hal onun hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu tarixin dəqiq müəyyən edilməsinə imkan verir və hüquqi qiymətləndirmə baxımından mühüm əhəmiyyət kəsb edir. Iddiaçının əmrlə tanış olması faktı müvafiq sənədlərlə – əmrin surəti, iddiaçının təqdim etdiyi ərizə və ona edilmiş bildiriş vasitəsilə təsdiqlənir. Bununla əlaqədar olaraq qeyd edilən sənədlərin – əmrin, ərizənin və bildirişin surətləri məhkəmənin elektron informasiya sistemi vasitəsilə porta yerləşdiriləcək və məhkəməyə təqdim ediləcəkdir Iddiaçının hüququnun pozulmasını bilmədiyi və ya bilməli olmadığı barədə hər hansı iddiası əsassızdır. Əksinə, onun əmrlə tanış olmasını şəxsən imzası ilə təsdiq etməsi hüququnun pozulduğunu aşkar etdiyi tarixi müəyyən edir və bu tarixdən etibarən qanunla müəyyən edilmiş müraciət müddətinin hesablanmasını şərtləndirir. Bu səbəbdən, iddiaçının müəyyən edilmiş prosessual müddəti ötürməsi faktı şübhə doğurmur və iddia tələbinin mümkün sayılmaması üçün kifayət qədər hüquqi əsas yaradır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, hal-hazırda mübahisələndirilən – iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**/***Ş saylı əmri barəsində 2025-ci ilin iyun ayından məlumatlı olsa da, məhkəmədə həmin qərarı ##.##.2026-cı il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş iddia müddətinin bərpa edilməsinə dair ərizəyə münasibətdə bildirmişdir ki, inzibati icraatda məhkəməyə əsaslandırılmış iddia ərizəsinin verilməsi nəzərdə tutulmamışdır, yalnız iddia ərizəsinin IPM-in 46.1-ci maddəsinə əsasən tərtib edilməsi (ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və ünvanları; iddiaçının (ərizəçinin) tələbi) tələb edilmişdir. Odur ki, iddiaçının qeyd olunan məzmunda ərizə ilə müraciət imkanı olmuş, özü tərəfindən edilmiş hərəkətsizliklə bağlı bir sıra halları sadalasa da həmin hallar nəzərə alındığı təqdirdə belə iddia müddəti ötürülmüşdür. Sadalanan hallar isə onun məhkəməyə çatımlılığını istisna etməmişdir. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işdən çıxma ilə bağlı Dövlət Gömrük Komitəsinin ##.##.2025-ci il tarixli, 3- **/***Ş saylı əmri ilə ##.##.2025-ci il tarixdə tanış olmuş, əmrin üzərinə də tanış olduğuna dair müvafiq qeydi etmişdir. Lakin həmin tarixdə əmirin surəti, əsli və ya nüsxəsi ona verilməmiş və ya elektron poçt ünvanına göndərilməmiş, poçt vasitəsi ilə də yaşayış yerinə göndərilməmişdir. O, əmrin surətini Dövlət Gömrük Komitəsinə ##.##.2025-ci il tarixdə sorğu verdikdən sonra ##.##.2025-ci il tarixdə almışdır. Eyni zamanda barəsində aparılmış araşdırmanın nəticəsinə dair 4 ay sonra, ##.##.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq əmr çıxarılmış, hansı ki, həmin əmrin surəti rəsmi qaydada ona təqdim olunmamışdır. Məhz bundan sonra, o, əmək və konstition hüquqlarının pozulduğunu müəyyən etmiş və ##.##.2025-ci il tarixdə əmrin surətini əldə etdikdən sonra, ##.##.2025-ci il tarixdə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş, eyni zamanda buraxılmış iddia müddətinin bərpası barədə vəsatət vermişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları Iddiaçının yazılı izahatı iddia tələbi və apellyasiya şikayətinin dəlillərinə istinad etməklə əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Iddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, yazılı izahat təqdim etmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 38. Iddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Dövlət Gömrük Komitəsinin ##.##.2025-ci il tarixli, *-**/***Ş saylı işdən çıxma barədə əmrinin ləğv edilməsi, işə bərpa və buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibatı hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibatı icraat haqqında" Qanun anlamında inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəməyə müraciət etmək hüququ konstitusion hüquqdur və hər kəsin məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquqdan qanunla müəyyən edilmiş qaydada və müddətdə istifadə edilə bilər. Şəxsin bu hüquqdan qanunla müəyyən edilmiş müddətdə istifadə etməməsi onun şəxsi mülahizəsi ilə əlaqədar məsələdir. Iş materiallarından müəyyən edilir ki, iddiaçının əsas tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2025-ci il tarixli, *-**/***Ş nömrəli işdən çıxarma barədə əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmasıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim edildiyi vaxtdan, şikayət instansiyasına müraciət edildiyi hallarda isə həmin şikayət üzrə qəbul edilmiş inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi ##.##.2025-ci il tarixli əmrdən elə həmin tarixdə xəbərdar olmuş, ##.##.2025-ci il tarixdə tanış olmuş, buna baxmayaraq, hazırkı iddia ərizəsini yalnız ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə, iddia qanunvericiliklə müəyyən edilmiş prosessual müddət keçdikdən 9 ay sonra qaldırılmışdır. Apellyasiya şikayətində göstərilən dəlillər də prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq etmir. Iddiaçının istinad etdiyi hallar onun məhkəməyə müraciət etmək imkanını obyektiv olaraq aradan qaldıran və ya əhəmiyyətli dərəcədə məhdudlaşdıran hallar kimi qiymətləndirilə bilməz. Həmin hallar nəzərə alınsa belə, iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində ən azı IPM-in 46.1-ci maddəsinin tələblərinə uyğun iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə maneə yaratdığı iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia müddətinin bərpası barədə vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi və onun bərpası üçün qanuni əsasların mövcud olmaması şəraitində iddianın mümkün sayılmaması barədə gəlinən nəticə Inzibati Prosessual Məcəllənin tələblərinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyini göstərmir və qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar