Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-107/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X12 qızının katibliyi , İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11rşı “fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların mərhum şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4456/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Abşeron rayon ZDS İcraiyyə Komtiəsinin qərarından 284/8 nömrəli, 15 oktyabr 1976cı il tarixli çıxarışdan görünür ki, X7 öz evinə bitişik əlavə olaraq 22 kv m bir otaq tikdirməsi barədə Qobu qəsəbə ZDS İcraiyyə Komitəsinin 27 iyul 1976-cı il tarixli 43/3 nömrəli qərarı təsdiq edilmişdir. 1976-cı ildə tətib edilmi şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportdan görünür ki, X6 adına verilmiş S.Vurğun küçəsi 2 b saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçüləri 1360 kv m göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin 0,27 ha (2700 kv.m) göstərilmişdir. AZ-İ seriyalı 148140 nömrəli ölüm haqqında şəhadətnaməninin surətindən görünür ki, X13 19 sentyabr 2005-ci il tarixdə vəfat etmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüusi notariusu tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 3834 saylı məktubdan görünür ki, İddiaçı X5 vərəsəsidir. Cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-21-32/2-0867/2025 saylı imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evininə dair təqdim olunmuş texniki pasport sənədinin arxiv əsaslarının aşkarlanmadığı müəyyən edilmişdir. Bundan başqa sözügedən fərdi yaşayış evinə dair təqdim olunmuş texniki pasportda göstərilən fərdi yaşayış evinin daxili ölçüləri və otaqlarının sahəsinə münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Müraciət üzrə əlavə edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, həmçinin texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 1360 kv m göstərilsə də, baş planda 1700 kv m olduğu müəyyən edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçüsünün 2700 kv m olduğu və fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin 4.9 kv m hissəsinin sözügedən sənəddə göstərilən torpaq sahəsindən kənarda aşkar edilmişdir. Cavabdeh inzibati orqanın mütəxəsislərinin iştirakı ilə aparılmış müayinə aktından görünür ki, fərdi yaşayış evinin texniki pasportunun arxivi aşkar edilməmişdir. Texniki pasportdakı A fərdi ev köhnə tikili olub konfiqurasiya və ümumi sahəsi uyğun gəlsə də, ölçülərində və otaqların sahəsində uyğunsuzluq vardır. A fərdi evin st.a=4.9 kv m hissəsi yerquruluşu planı üzrə torpaq sahəsindən kənara çıxır. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müayinə olunan torpaq sahəsi TEKUİS (X3 X10) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq sözügedən fərdi yaşayış evinə dair təqdim olunmuş texniki pasport sənədinin arxiv əsaslarının aşkarlanmadığı müəyyən edilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X14ma məxsus olmuş 0,27 ha torpaq sahəsindən 0.14 ha hissəsinin sovet dövründən qalma sənədləri mövcuddur. Lakin 0,13 ha torpaq sahəsi uzun müddətdir sənədləşmə işləri aparılmadan istifadə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2b saylı fərdi yaşayış evi və yerləşdiyi 2700 kv m torpaq sahəsi üzərində hüquqların X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh idarəyə müraciət edilərək "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair" 1982-ci ilin sentyabr ayında verilmiş texniki pasportun əsli təqdim edilmiş və fərdi yaşayış evi və onun yerləşdiyi 2700 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X7 məxsus olması barədə arayışın verilməsi xahiş edilmişdir. Lakin cavabdeh həmin sənədi nəzərə almamış və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu ilə nəzərdə tutulmuş mötəbərlik prezumpsiyasının pozuntusuna yol vermiş və imtina bildirişi vermişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzrərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı" təsdiq edilmişdir, yəni həmin Fərmanla daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin siyahısı müəyyən edilmişdir. Sözügedən Fərmanın 1-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısı müəyyən edilmişdir ki, onlardan birinə də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar aid edilir. Cavabdeh inzibati orqana tərəfindən müraciət edilən zaman yuxarıda qeyd olunan sənədin, yəni "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair" 1982-ci ilin sentyabr ayında verilmiş pasportun əsli təqdim edilmişdir. Lakin, cavabdeh həmin sənədi nəzərə almamış və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu ilə nəzərdə tutulmuş mötəbərlik prezumpsiyasının pozuntusuna yol vermişdir. Belə ki, istinad olunan Qanunun 19.1-ci maddəsinə əsasən "İnzibati icraat zamanı işiıı faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır." Yuxarıda da qeyd olunduğu kimi, tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlərin əsli cavabdeh inzibati orqana təqdim edilmiş, inzibati orqan həmin orijinal sənədin həqiqətə uyğun olmadığını heç bir şəkildə sübuta yetirməmişdir. Bu səbəbdən də istinad olunan maddi hüquq normasına əsasən həmin orijinal sənədlər mötəbər hesab edilməli və cavabdeh inzibati orqan iddiaçıdan əlavə sənəd tələb etməməli idi. Əlavə olaraq, imtinanın digər əsası kimi faktiki göstəricilərlə sənəddə olan göstəricilər arasında fərqin olduğu bildirilmişdir. Cavabdeh inzibati orqanının həmin hissədə də imtinası qanunsuz olmuşdur. Belə ki, bu hissəyə qanunun analoqiyası tətbiq edilərək yuxarıda istinad olunan Fərmanın 5-ci bəndi əsas götürülməli idi. Belə ki, həmin bəndə əsasən ''Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə milqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin". 2700 kv m torpaq sahəsinin digər şəxsə məxsus olmasına dair cavabdeh inzibati orqanda heç bir sübut və əsas olmamış, qeyd olunan halın hansı mənfi nəticələrə səbəb olduğu və əhəmiyyəti barədə hər hansı izah verməmişdir. Odur ki, sözügedən Fərman əsas götürülərək faktiki sahəyə iddiaçının hüquqları qeydiyyata alınmalı idi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinə dair təqdim edilmiş texniki pasportun arxiv əsaslarının aşkar edilmədiyi, texniki pasportda gösterilən fərdi yaşayış evinin daxili ölçüləri və otaqlarının sahəsinə münasibətdə uyğunsuzluq olduğu; texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, həmçinin texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 1360 kv m göstərilsə də, baş planda 1700 kv m olduğu; müraciət üzrə əlavə edilmiş yerquruluşu planından çıxarışda torpağ sahəsinin ölçüsünün 2700 kv m olduğu və fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin 4.9 kv m hissəsinin sözügedən sənəddə göstərilən torpaq sahəsindən kənarda aşkar edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4456/2025 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 2b saylı fərdi yaşayış evi və yerləşdiyi 1360 kv m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adına 2001-ci il tarixədək tərtib edilmiş 1982-ci il tarixli texniki pasport olduğuna görə həmin sənəd iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir . Lakin iddiaçının tələbi 2700 kv m torpaq sahəsi ilə bağlı olsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1982-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda torpaq sahəsinin ölçüsü 1360 kv m olaraq göstərilmişdir. Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən verilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin 0,27 ha göstərilməsinin aydınlaşdırılması ilə bağlı bələdiyyəyə sorğu göndərilmiş, sorğuya cavab olaraq Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda mərhumə X14ma məxsus olmuş 0,27 ha torpaq sahəsindən 0.14 ha hissəsinin sovet dövründən qalma sənədləri mövcud olduğu, lakin 0,13 ha torpaq sahəsinin uzun müddət sənədləşmə işləri aparılmadan istifadə olunduğu qeyd edilmişdir. Beləliklə, iş üzrə əldə edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan, texniki pasportda göstərilən sahədən artıq torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi mövcud deyildir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi göstərilən prosessual normaların tələblərinə əməl etməmişdir. Belə ki, iş materiallarında cavabdeh inzibati orqanın öz imtina məktubunda mübahisəli torpaq sahəsinin baş plana əsasən 1700 kv m təşkil etdiyini qəbul etməsinə baxmayaraq, məhkəmə bu faktı nəzərə almamış, həmin qəbul edilmiş hal üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. Bununla yanaşı, iş materiallarında Qobu bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsinin yuxarıda istinad olunan Qanunun 16.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının adına rəsmiləşdirilməsinə etiraz edilmədiyi açıq şəkildə ifadə olunduğu halda, məhkəmə bu mühüm halı da diqqətdən kənarda qoymuşdur. Halbuki, cavabdehin iddia tələbinin əsasını təşkil edən faktları qəbul etməsi İPM-in 69.4-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən təsdiq olunmalı vəqərarın əsaslandırma hissəsində öz əksini tapmalı idi. Nəticə etibarilə, məhkəmə sübutları tam və hərtərəfli araşdırmamış, cavabdeh tərəfindən qəbul edilmiş hallar və təqdim olunmuş yazılı sübutlar arasında qarşılıqlı təhlil aparmamış, həmçinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına ciddi şübhə yaradır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instnasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 9 . Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər : (...) 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi ünvan 1 ünvanında yerləşən 2b saylı fərdi yaşayış evi və yerləşdiyi 2700 kv m torpaq sahəsi üzərində hüquqların X7 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. İş materiallarından müəyyən edilir ki, Abşeron rayon ZDS İcraiyyə Komtiəsinin qərarından 284/8 nömrəli, 15 oktyabr 1976-cı il tarixli çıxarışına əsasən X7 öz evinə bitişik əlavə olaraq 22 kv m bir otaq tikdirməsi barədə Qobu rayon ZDS İcraiyyə komitəsinin 27 iyul 1976-cı il tarixli 43/3 nömrəli qərarı ilə təsdiq edilmişdir. Daha sonra X6 adına 1982-ci il tarixdə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport tərtib edilmişdir. Qeyd edilən texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 1360 kv m göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının adına 1982-ci il tarixli texniki pasportun mövcudluğu torpaq sahəsi üzərində hüququn yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilməlidir. Qanunvericiliyin tələblərinə görə, həmin dövrdə verilmiş və qüvvədə olan texniki pasport torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas hesab olunur. Lakin iddiaçı tərəfindən irəli sürülmüş tələb 2700 kv m torpaq sahəsinin bütövlükdə onun mülkiyyəti kimi tanınmasına yönəlsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1982-ci il tarixli texniki pasportda torpaq sahəsinin ölçüsü 1360 kv m olaraq göstərilmişdir. Həmin sənəddən başqa mübahisəli torpaq sahəsi üzrə hüquq müəyyən edən hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinə dair Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçülərinin 0,27 ha (2700 kv m) göstərilməsinin əsas kimi göstərsə də, bu hüquqmüəyyənedici sənəd deyildir, yalnız torpaq sahəsinin naturada ölçülərini əks etdirən sənəddir və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda da bildirilmişdir ki, mərhumə X7 məxsus olmuş 0,27 ha torpaq sahəsinin yalnız 0,14 ha hissəsinə dair sovet dövründən qalma hüquqmüəyyənedici sənədlər mövcuddur, qalan 0,13 ha torpaq sahəsi isə uzun müddət ərzində hər hansı sənədləşmə aparılmadan faktiki istifadə edilmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, qanunvericilkikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd olmadan iddiaçının faktiki isifadəsində torpaq sahəsinin olması həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas kimi çıxış edə bilməz. Beləliklə, iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsasən müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin texniki pasportda göstərilən 1360 kv m hissəsindən artıq sahəyə münasibətdə hüquqmüəyyənedici sənəd mövcud deyildir. Bu səbəbdən, birinci insyansiya məhkəməsi tərəfindən iddia tələbi düzgün olaraq yalnız 1360 kv m torpaq sahəsi və fərdi yaşayış evi hissəsində əsaslı hesab edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025- ci il tarixli 2-1(118)-4456/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.