Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-115/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləğinin yenidən hesablanması və artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin geri qaytarılması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləğinin yenidən hesablanması və artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin ona geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən idiaçıya ünvanlanmış 5 iyun 2024-cü il tarixli, 3-17-1/2-Ş-131562/2024 nömrəli məktubundan görünür ki, araşdırma zamanı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşı tamamlandığı 6 dekabr 2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşı tamamlandığı 6 dekabr 2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 29 il 1 ay 18 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,39 manat (29,13 il x 170 manat : 144 ay) hesablanaraq 6 dekabr 2010-cu il tarixə indeksləşdirilib 53,30 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006cı il – 6 dekabr 2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2.905,92 manat sığorta kapitalına uyğun 20,18 (2.905,92:144) manat və 85 manat baza hissəsi əlavə edilərək 6 dekabr 2010-cu il tarixə 158,48 manat (53,30+20.18+85) (indeksləşdirilərək 1 yanvar 2017-ci il tarixə 212,83 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 6 dekabr 2008-ci il tarixdən 242,74 manat (indeksləşdirilərək 1 noyabr 2017-ci il tarixə 300,20 manat) əmək pensiyası təyin edilərək ödənilmişdir. Bununla əlaqədar, əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işləməyinə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.271,68 manat sığorta kapitalına uyğun əmək pensiyasının 1 noyabr 2017-ci il tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 15.271,68 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 128 aya (63 il 6 ay - 58 il 10 ay = 56 ay+(144 ay-72 ay)) bölünməklə 119,31 manat (15.271,68:128) qanuni əmək pensiyasının (212,83 manat) üzərinə əlavə edilərək 332,14 manat (212,83+119,31) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək 1 noyabr 2023-cü il tarixə 576,16 manat) ödənilməli olduğu halda, düzgün olmayan pensiya məbləği 560,30 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək 1 noyabr 2023-cü il tarixə 958,82 manat)) artırılmaqla ödənilmişdir. Bundan başqa, əmək pensiyası yenidən hesablandıqdan sonra 6 il işləməyilə əlaqədar qanuni əmək pensiyası 1 noyabr 2023-cü il tarixdən yenidən hesablanaraq 576,16 manatdan 996,46 manata, 27 dekabr 2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar isə 996,46 manatdan 1.010,60 manata artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə 11.614,75 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin 11.614,75 manat artıq ödənilmiş pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29 1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən etibarən 1.123,79 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 12 fevral 2024-cü il tarixli, 3-17-1/3-3- 2099/2024 nömrəli qərarından görünür ki, İddiaçı 6 dekabr 2010-cu il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 958,82 manat, yenidən hesablanmış pensiya məbləği 1.099,53 manat, yenidən hesablamanın səbəbi “0-dan hesablama, 6 illik, 50 yaşdan 52 yaşa keçid, xx.xx.2020-xx.xx.2023 aralığı artıqvermə” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 9 aprel 2024-cü il tarixli, 3-17-1/3-3- 5236/2024 nömrəli qərarından görünür ki, İddiaçı 6 dekabr 2010-cu il tarixdə təyin edilmiş hazırkı pensiya məbləği 1.099,53 manat, yenidən hesablanmış pensiya məbləği 1.123,79 manat, yenidən hesablamanın səbəbi “37.3.1 işdən çıxma əskikvermə” olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, güzəştli şərtlərlə pensiyasının 50 yaşından əmək haqqının 85%- lə hesablanması, 2017-ci ildəki hesablamanın bərpa olunması, 2023-cü ildə işdən azad olunduqdan sonra sosial sığortanın baza hissəsinin hesablanaraq əlavə edilməsi və bütün bunların əvvəlki qaydada hesablanması, bilavasitə pensiyasından əsassız tutulmaların dərhal dayandırılması və 2024-cü ilin yanvar ayından hal-hazıradək pensiyasından tutulmuş 1.760 manat pul vəsaitinin qaytarılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 12 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-2099/2024 nömrəli qərarın ləğv edilməsi, əvvəlki əmək pensiyasının bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6 dekabr 1958-ci il tarixdə anadan olmuşdur, hazırda 67 yaşı vardır. Orta təhsilini başa vurduqdan sonra 31 avqust 1976-cı il tarixdən 28 avqust 1978-ci illərdə Masallı rayonunda Kolxozda çayçılıq briqadasında fəhlə işləmişdir. 1 sentyabr 1978-ci il tarixdə Sumqayıt Kimya Texnologiya texnikumuna daxil olmuş və 18 iyun 1980-ci il tarixdə sınaq müddəti ilə M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinin 2 saylı Maye xlor sexində aparatçı peşəsinə qəbul edilmişdir. 1 sentyabr 1980-ci il tarixdə sınaq müddəti başa çatdığı üçün işdən azad olunmuşdur. 5 may 1981-ci il tarixdə texnikumu bitirmişdir. Texnikumu bitirdikdən sonra təyinatla 14 iyul 1981-ci il tarixdən 20 fevral 2012-ci il tarixlərdə M.Əzizbəyov adına Sumqayıt “Kimyasənaye” X2 üsulu ilə xlor və kaustik soda istehsalatına 4-cü dərəcəli aparatçı peşəsinə qəbul olunmuşdur. Diafraqma üsulu ilə xlor və kaustik soda istehsalatının maye xlor sexində aparatçı, civə üsulu ilə xlor və kaustik soda istehsalatında usta, növbə ustası, rəis müavini, şöbə rəisi vəzifələrində, civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz şöbəsində (116, 115d, 115q, 115a, 254) bölməsi rəisi, həmin istehsalatın elektroliz və quru qələvi sexində mühəndis vəzifəsində işləmişdir. 20 fevral 2012-ci il tarixdən başqa işə götürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad olunmuşdur. 21 fevral 2012-ci il tarixdən 27 dekabr 2023-cü il tarixə kimi SOCAR “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun Piroliz sexində mühəndis, böyük mühəndis, rəis müavini, sahə rəisinin müavini vəzifələrində işləmişdir. 27 dekabr 2023-cü il tarixdən təqaüd yaşına çatdığına görə öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddətdə həmçinin 1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olmuş və 24 iyun 1987-ci il institutu bitirmişdir. Əlavə olaraq, 50 yaşı tamam olduqdan sonra güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Onun 29 il 1 ay 18 gün əmək stajının xüsusilə zərərli iş sahəsi olması nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq 6 dekabr 2008-ci il tarixdə iddiaçıya 242,74 manat (indeksləşdirilərək 1 noyabr 2017-ci il tarixə 300,20) pensiya təyin edilmişdir. 65 yaşı tamam olduğu üçün 27 dekabr 2023-cü il tarixdə işdən azad olduqdan sonra pensiyasının yenidən hesablanması üçün cavabdeh təşkilata müraciət edilmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiyaya 50 yaşında deyil (2008-ci il), 52 yaşında (2010-cu il) çıxmalı idi. Həmçinin pensiyası düzgün hesablanmamışdır və yenidən hesablama aparmaqla 1 yanvar 2024-cü il tarixdən 1.123,79 manat təyin edilmişdir. Halbuki, 6 ildən artıq yüksək maaşlı vəzifədə işlədiyinə görə sosial sığortasının baza hissəsinə toplanmış vəsaitdə indeksasiya olunaraq pensiyasının üzərinə 800 manata qədər əlavə ediləcəkdir. Çünki buna tam qanuni hüququ vardır. Çox təəssüf ki, konstitusion hüququ pozularaq bu əlavələr pensiyasına əlavə edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazın əsasını mahiyyətcə onun imtina məktubunun dəlilləri təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-2099/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və əvvəlki əmək pensiyasının bərpa edilərək, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən iddiaçıya təyin edilmiş güzəştli yaşa görə əmək pensiyasının yenidən hesablanmasına dair inzibati icraata başlanılmış, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı 6 dekabr 2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, 50 yaşının tamamlandığı 6 dekabr 2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmiş, qeyd edilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 29 il 1 ay 18 gün təşkil edir, 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, həmin tarixə pensiyanın sığorta hissəsi 34,39 manat hesablanaraq 6 dekabr 2010-cu il tarixə indeksləşdirilib 53,30 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il – 6 dekabr 2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2.905,92 manat sığorta kapitalına uyğun 20,18 manat və 85 manat baza hissəsi əlavə edilərək 6 dekabr 2010-cu il tarixə 158,48 manat məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, 6 dekabr 2008-ci il tarixdən 242,74 manat əmək pensiyası təyin edilərək ona ödənilmiş, bu səbəbdən də artıq ödənilmiş pensiya məbləğinin büdcəyə bərpa edilməsi qərara alınmışdır. Bununla da aydın olur ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözləməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, iddiaçının pensiyası təyin olunduğu 6 dekabr 2008-ci il tarixdən cavabdeh təxminən 16 il sonra iddiaçının pensiya məbləğinin səhv təyin edilməsinin bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır. Bundan əlavə, cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçıya əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işləməyinə görə işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15.271,68 manat sığorta kapitalına uyğun əmək pensiyasının 1 noyabr 2017-ci il tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmiş, 15.271,68 manat iddiaçının sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 128 aya bölünməklə 119,31 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək 332,14 manat ona ödənilməli olduğu halda, pensiya məbləği 560,30 manata artırılmaqla ona ödənilmişdir. Nəticədə, son üç il üzrə iddiaçıya 11.614,75 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin 11.614,75 manat artıq ödənilmiş pul vəsaiti hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Göründüyü kimi, cavabdehin etirazında göstərilən hallar, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, pensiya yenidən hesablanaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən). Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun imtina məktubunun dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 fevral 2024cü il tarixli, 3-17-1/3-3-2099/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməsi, əvvəlki əmək pensiyasının bərpa edilməsi, işləyən əmək pensiyaçısı olduğu dövrdə toplanmış pensiya kapitalının “Əmək pensiyaları haqqında qanunun 37.3.1-ci maddəsi əsasında 72 aya bölünməklə pensiya məbləğinin yenidən hesablanması və artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin ona geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Maddə 4.2.2 sığorta hissəsindən Maddə 4.2.3. yığım hissəsindən. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləğinin yenidən hesablanması və artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin ona geri qaytarılmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya hüququnun 52 yaşının tamam olduğu vaxtda təyin edilməli olduğu halda, 50 yaşının tamam olduğu vaxtda səhv təyin edilməsi halına istinad edərək, 11614,75 manat artıq ödəmə halını müəyyən etmiş, habelə işləyən əmək pensiyaçısı olduğu vaxtda toplanmış pensiya kapitalı əsasın əmək pensiya məbləğinin düzgün hesablanmaması halına istinad edərək, əmək pensiya məbləğinin Qanunun 37.3.1 və 45-ci maddəsini tətbiq edərək yenidən hesbalanmasını həyata keçirərək, bu barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qedy edir ki, iddiaçı xx.xx.1958-cı il təvəllüdlü olmaqla, ona xx.xx.2008-cı il tarixdə güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, fərdi hesabında toplanmış pensiya kapitalının nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması üzrə inzibati icraat aparaq, iddiaçı barəsində pensiya hüququnun yaranması vaxtı ilə bağlı səhv edildiyindən, artıqödəmə halının müəyyən edilməsi, habelə toplanmış pensiya kapitalı əsas götürərələk, əmək pensiyasının yenidən hesbalanmasının həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Kollegiya cavabdehin iddiaçı barəsində artıqödəmə halının müəyyən edilməsi ilə bağlı hərəkətləri ilə bağlı hissədə qeyd edir ki, cavabdeh inzibati orqan 1 avqust 1997-ci il tarixə iddiaçının 20 il ümumi iş stajına və 10 il güzəştli iş stajına malik olduğunu qəbul etməklə, həmin halı mübahisələndirməmiş, mübahisələndirdiyi hal yalnız pensiya yaş həddi ilə bağlı şərtə aid olan hal olmuşdur. Kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir. Bununla bağlı kollegiya qeyd edir ki, indiki halda iddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının qanuni əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin a bəndi çıxış etmişdir. Qeyd olunan Qanunun 9.8-ci maddəsinin dispozitiv şərtlərindən görünür ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Göründüyü kimi, həmin şəxslərə münasibətdə həm yaşa, həm də staja aid tələblər məhz əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə tətbiq edilir. Həmçinin, digər qeyd edilən Qanunun 13-cü maddəsinin a bəndinə əsasən 50 yaşına çatmış kişilər 20 il ümumi və 10 il güzəştli iş satjına malik olduqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İşin mübahisəsiz hallarından görünür ki, 1 avqust 1997-ci il tarixə kimi iddiaçı 20 il ümumi iş stajına, 10 il güzəştli iş stajına malik olmuşdur. Həmçinin, qeyd edilən qanunvericilik normalarının təhlilindən görünür ki, həmin vaxtda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pensiya hüququnun yaranması üçün yaşa dair tələb olunan şərt 50 yaşın tamam olması ilə bağlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə 50 yaşının tamam olduğu vaxtda qanunla tələb olunan yaş şərti ilə yanaşı, digər şərtlər (ümumi və güzəştli iş stajına dair) də ödənildiyindən, həmin yaşda güzəştli şərtlərlə pensiya hüququ yarandığından, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 50 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlər pensiya hüququnun təyin edilməsi qanuni və əsaslı olmuşdur. Nəticə etibarilə indiki halda cavabdeh inzibati orqan iddiaçının yaşa görə pensiya hüququnun 50 yaşda deyil, 52 yaşının tamam olduğu vaxtda yaranması halına istinad edərək, əmək pensiyasını yenidən hesablamaqla, əmək pensiyasının məbləğinin azaltması, artıq ödəmə məbləğini müəyyən etməsi və bu əsasla tutulma aparılması qanunvericiliyin tələbinə zidd olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, hətta cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Kollegiya bu hissədə iddianın əsaslılığının formalaşdırılmış vahid məhkəmə təcrbüəsinə uyğun olaraq dəyərləndirilməsinin və həmin əsasların qeyd edilməsini zəruri hesab edir. Belə ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ....Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda cavabdehin istinad etdiyi hal (pensiya yaş həddinə dair) iddiaçı barəsində əmək pensiyasının təyin edildiyi vaxtda ona məlum olması aşkardır. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən həmin halın ona müvafiq qərarın qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə də əməl etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə də uyğun olaraq qəbul edilməmişdir. Kollegiya cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərarın əmək pensiya məbləğinin yenidən hesbalanması qaydası ilə bağlı hissədə onu qeyd edir ki, iddiaçı işləyən əmək pensiyaçısı olmaqla, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən, fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında əmək pnesiyasının yenidən hesablanmasına nail olmaq istəmişdir. Cavabdeh inizbati orqan iddiaçı barəsində əmək pensiya məbləğini müvafiq Qanunun 37.3.1 və 45-ci maddəsini tətbiq etməklə, toplanmış pensiya kapitalını 128 aya bölməklə, yenidən hesbalanma həyata keçirmiş, iddiaçı məhz cavabdehin onun barəsində əmək pensiya məbləğinin yenidən hesbalanma qaydası ilə razılaşmayaraq, həmin hissədə də hərəkətlərini mübahisələndirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitv şərtləri işləyən əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən pensiya məbləğinin yenidən hesablanması əsasları müəyyən etməklə, bunun üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonra fərdi hesbaın sığorta hissəsində pensiya kapitalının toplanması, habelə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləməsi halının mövcudluğu zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, işlədiyi 6 il müddətində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını istəmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə iddia tələbinin qanuni əsası qismində məhz Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtləri çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının tələbi məhz Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Bundan əlavə qeyd edilməlidir ki, oxşar işlər üzrə formlaşadırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq hazırki iddia tələbinin qanuni əsası qismində məhz sözügedən Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan norma çıxış etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə Qanunun 37.3.1-ci maddəsini və 45-ci maddəsini tətbiq etməklə toplanmış pensiya kapitalını 72 aya bölməklə hesbalamalı olduğu halda, 128 aya bölməklə əmək pensiya məbləğini hesablamaqda haqlı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya hüquqi marağına uyğun hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla (fərdi hesbaında toplanmış pensiya kapitalının Qanunun 37.3.1-ci maddəsinə uyğun yenidən hesbalanmasının aparılması ilə bağlı hissədə), birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” 12 fevral 2024-cü il tarixli, 3-17-1/3- 3- 2099/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmədən, Qanunun 37.3.1-ci maddəsi əsasında 72 aya bölünməklə əmək pensiya məbləğinin yenidən hesablanması, əvvəlki əmək pensiya məbləğinin bərpa edilməsi və artıq ödəmə kimi tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması (ödənilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-115/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-115/2026
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver