Məhkəmə qərarları › İş №2-1(3-8)-155/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-155/2026

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-155/2026 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əlavə vergi məbləğinin hesablanması barədə vergi orqanı qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “əlavə vergi məbləğinin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 08 avqust 2024-cü tarixli, 3-21-2-9/2-6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 121918.37 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2025-ci il tarixli, 9/2265 №li ekspert rəyində qeyd edilmişdir ki, tədqim edilmiş iş materialları və ona əlavə olunmuş sənədlərlə (o cümlədən, dövriyyəni əks etdirən sənədlər, bank sənədləri, daşıma xidmətinin göstərilməsinə dair müqavilələr, ödənişlər, aktlar, invoyslar, ƏDV depozit hesabından çıxarış, bəyannamə məlumaları) AZPLY MMC-nin bəyannaməsi üzrə 2023-cü il üzrə çıxılmalardan sonra ümumi gəlir 1830345,68, gəlirdən çıxılan xərclər 1804363,35 manat olduğu (o cümlədən 552311.08 manat daşıma xərci) müəyyən edilir. Cəmiyyətin bəyannaməsi üzrə 2023-cü il üzrə ümumi gəliri, gəlirindən çıxılan xərci (o cümlədən daşıma xərci) üzrə kənarlaşma müəyyən edilməmişdir. Yəni MMC tərəfindən 2023-cü il üzrə hesablamalı olduğu mənfəət vergisi 5.196,47 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 2023 Mənfəət dövrü üzrə 08 avqust 2024 tarixli 3-21-2-9/2- 6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü il Mənfəət vergisi üzrə 08 avqust 2024 tarixli 3-21-2-9/2- 6464/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır. Cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış **********692400 nömrəli məktublarına cavab olaraq bildirmişlər ki, 1 və 4-cü bəndə əsasən dövr ərzində 116870.95 manat məbləğində e-qaimə əldə edilmişdir. Bu qaimələrin 70306.06 manat hissəsi nəqliyyat xərci, 30 349.28 manat hissəsi isə digər xərclər bölməsində qeyd edilmişdir. Bəyannamənin 221.4-cü sətrində qeyd edilən 1040198.76 manat məbləğ satılan malların dəyəridir və malların dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən(Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir ki), yəni mallar anbara daxil olunanadək çəkilən real xərclər əsasında hesablanır. 2 və 5-ci bəndə əsasən qeyd edirlər ki, tərəflərindən təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur" sütunundakı göstəricilərin cəmi olan 1 787 807.83 manat məbləğ idxal edilmiş malların invoys dəyəridir. Belə ki, tərəflərindən malların maya dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən (Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir ki), yəni mallar anbara daxil olunanadək çəkilən real xərclər əsasında hesablanır. İdxal olunan malların dəyəri 1076054,29 manat hissəsi faktura dəyəri, 13480,00 manat hissəsi gömrük yığımı və idxal rüsumu, 2478,00 manat hissəsi digər yığımlar, 12833,68 manat hissəsi "xxxx" MMC tərəfindən təqdim edilən daşıma xidməti üçün gələn elektron qaimə, 61101,86 manat hissəsi isə "xxxx" MMC tərəfindən təqdim edilən daşıma xidməti üçün gələn elektron qaimə, 621860,00 manat hissəsi "X5 ve Lojistik Dis. Tie. Limited Sirketi" tərəfindən Rusiya Federasiyası daxilində göstərilən daşıma xidməti üçün gələn faktura və aktlar əsasında formalaşmışdır. 3 və 6-cı bəndə əsasən bildirirlər ki, dövr ərzində tərəflərindən "X5 ve Lojistik Dis. Tie. Limited Sirketi"-nə Rusiya Federasiyası daxilində daşıma xidməti 621860,00 manat dəyərində göstərilmişdir. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən (Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz vergi tutulur. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutma obyekti deyildir) xarici nəqliyyat şirkəti (X7 ve Lojistik Dıs Ticaret Limited Sirketi) daşıma xidmətini Rusiya Federasiyası daxilində həyata keçirtdiyi üçün ödəmə mənbəyində vergi hesablanmamışdır. Eyni zamanda avans olaraq ödənildiyi üçün kreditor borc sətrində qeyd edilməmiş və uyğun olaraq dövrün sonuna kreditor borc olaraq qalıq yaranmamışdır. Əlavə olaraq bu məbləğin 552 311.08 manat hissəsi İ Nömrəli Əlavənin 1.3.2-ci sətrinin (Mallar) "Təqdim edilmişdir" sütununda-satılan malların dəyərinə əlavə olunmuş və xərc olaraq qeyd edilmişdir. Qalan 69548.92 manat hissəsi isə dövrün sonuna olan mal-material dəyərinə əlavə olunmuşdur. Cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış **********450100 nömrəli məktuba cavab olaraq bildirmişlər ki, qoşma olaraq göstərilən nəqliyyat xidməti barədə hər il (2021,2022, 2023-cü il) üzrə faktura təqdim edilmiş və fakturaların təyinat hissəsində ingilis dilində "Amount for the following services: Storage, reloading and transportation of goods (lumber-wood) to the warehouse - internal transportation within the territory of the Russian Federation, delivery of the wagons form "Nandoma" st. (293609) till "Samur" st. (544906) (Aşağıdakı xidmətlər üçün məbləğ: Malların (taxta) anbara saxlanması, yenidən yüklənməsi və daşınması - Rusiya Federasiyasının ərazisi daxilində daxili daşınma, "Nandoma" stansiyasından (293609) "Samur" stansiyasına (544906) vaqonların daşınması) qeyd edilmişdir. Yəni malların nəqliyyat daşıma xidmətlərinin Rusiya Federasiyası daxilində "Nandoma" stansiyasından və "Samur" stansiyasına qədər sərhəd keçid məntəqələri arasında olan xərcləri əhatə etdiyi göstərilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı ilə aşağıda qeyd etdiləri xüsusatlara əsasən razılaşmır və hesab edirlər ki, qərar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN: **********) 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 121918.37 manat mənfəət vergisi hesablanmışdır. Belə ki, 2023-cü il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində aşağıda göstərilən məzmunda uyğunsuzluqlar yaranmışdır: 1.Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9- cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 1693165.18 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləği (52209.59 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (116870.95 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 1256701.32 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 1425781.86 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş malmaterial qalığının məbləğinin ( 177201.52 manat) çıxılması nəticəsində yaranan (1248580.34 manat) məbləğin müqayisəsi nəticəsində 444584.84 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2.Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 1787807.83 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş ( 1256701.32 manat), elektron-qaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar ( 0.00 manat) istisna olmaqla) 8.47 manat) və alış aktları ( 0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi ( 1256709.79 manat) məbləğdən - 531098.04 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. 3. Hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 221.5.2-ci (Qeyrirezident üzrə icarə haqqı) + 222.3-cü (Qeyri-rezident üzrə faizlər) sətrində əks etdirilmiş 0.00 manta + 223.2-ci (Qeyrirezident üzrə royalti) sətrində əks etdirilmiş 0.00 manta + 229.2-ci (Qeyri-rezident üzrə nəqliyyat xərcləri) sətrində əks etdirilmiş 552311.08 manat, cəmi 552311.08 manat xərc məbləğ ilə, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1604.2-ci ( Faiz gəlirləri üzrə qeyri-rezidentin AR-da müvafiq gəlirləri üzrə ) sətirlərinin cəmi olan 0.00 manta + 1606.2-ci (Royalti üzrə qeyri-rezidentin AR-da müvafiq gəlirləri üzrə) sətirlərinin cəmi olan 0.00 manta + 1607.2-ci (qeyri-rezidentin AR-dəki müvafiq gəlirləri üzrə) 0.00 manat məbləğ + 1608.3-cü (Beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr) sətirlərinin cəmi olan 0.00 manat, yekun cəmi 0.00 manat məbləğ arasında 552311.08 manat məbləğində fərq müəyyən edilmişdir. Lakin, təqdim etdiyiniz “Mənfəət vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin 2.2.1.5.1-ci (Sair kreditor üzrə xarici borclar) sətrinin “Hesabat dövrünün sonuna” sütunun göstəricilərinə əsasən hesabat ilində belə kreditor borclarınızın artımı 0 manat məbləğ təşkil etmişdir ki, nəticədə 552311.08 manat məbləğində xərcin çox göstərilməsi müəyyən edildiyindən uyğunsuzluq yaranmışdır. Göstərilən uyğunsuzluqlar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********922500 nömrəli məktubla göndərildikdən sonra vergi ödəyicisi xx.xx.2024-cü il tarixli **********748700 nömrəli məktubla müraciət edərək 552311.08 manat qeyri-rezident üzrə nəqliyyat xərclərinin olduğunu, həmin xərclərin tranzit daşımalarla bağlı olması səbəbi ilə ödəmə mənbəyində vergiyə cəlb edilmədiyini bildirmişdir. Məktuba əlavə etdiyi müqavilədə, təyinat məntəqələri göstərilməmiş, tranzit daşımanın aparılması tam sübuta yetirilməmiş, Beynəlxalq əmtəə - nəqliyyat qaiməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilməmişdir. Xərc maddələrində rezident üzrə daşıma xərci göstərilsə də ödəmə mənbəyində vergiyə cəlb edilməmişdir. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə 19 iyul 2024-cü il tarixli **********450100 nömrəli məktub göndərilərək zəruri sənədlər tələb edilmişdir. Lakin göstərilənləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilmədiyi üçün xx.xx.2024-cü il tarixli **********543100 nömrəli qərara əsasən 121918.37 manat mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspert rəyində nəqliyyat xərcləri nəzərə alınaraq mənfəət vergisi hesablansa da, yuxarıda qeyd edilən hallardan çıxış edilərək qeyd edilir ki, həmin sənədlər cavabdeh inzibati orqanın tələbi ilə kameral yoxlama zamanı təqdim edilməmiş, məhkəmə araşdırması zamanı əsli təsdiq edilməmiş ödəniş fayllarının surəti təqdim edilmişdir ki, qeyd edilən sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı qeyri-rezident üzrə nəqliyyat xərclərinin tranzit daşımalarla bağlı olması səbəbi ilə ödəmə mənbəyində vergiyə cəlb edilmədiyini bildirmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının təqdim etdiyi müqavilələrdə təyinat məntəqələri qeyd edilməmiş, beynəlxalq əmtəə nəqliyyat qaiməsi və ödənişləri təsdiq edən sənədlər, o cümlədən tranzit daşımanın aparılmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Qeyd edilən sənədlərin tələb edilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla tələb edilsə də iddiaçı tərəfindən vergi orqanına təqdim edilməmişdir. İş üzrə əldə edilmiş sübutlar və aparılmış məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması halı müəyyən edilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. İşin hallarının araşdırılması məqsədilə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2177/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ekspertiza qarşısında aşağıda göstərilən suallar qoyulmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 9/2265 saylı rəy bu suallar üzrə əsaslandırılmış aşağıdakı izahlarla təmin olunmuşdur: Birinci və ikinci suallar üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materialları və ona əlavə olunmuş sənədlərlə (o cümlədən, dövriyyəni, əks etdirən sənədlər, bank sənədləri, daşıma xidmətinin göstərilməsinə dair müqavilələr, ödənişlər, aktlar, invoyslar, ƏDV depozit hesabından çıxarış, bəyannamə məlumatları) İddiaçı bəyannaməsi üzrə 2023-cü il üzrə çıxılmalardan sonra ümumi gəlir 1 830 345,68 manat, gəlirdən çıxılan xərclər 1 804 363,35 manat olduğu (o cümlədən 552311.08 manat daşıma xərci) müəyyən edilir. Üçüncü və dördüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materialları və ona əlavə olunmuş sənədlərlə (o cümlədən, dövriyyəni əks etdirən sənədlər, bank sənədləri, daşıma xidmətinin göstərilməsinə dair müqavilələr, ödənişlər, aktlar, invoyslar, ƏDV depozit hesabından çıxarış, bəyannamə məlumatları) İddiaçı bəyannaməsi üzrə 2023-cü il üzrə ümumi gəliri, gəlirindən çıxılan xərci (cümlədən daşıma xərci) üzrə kənarlaşma müəyyən edilmədi. Yəni, MMC tərəfindən 2023-cü il üzrə hesablamalı olduğu mənfəət vergisi 5.196,47 manat məbləğində olduğu müəyyən edilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 9/2265 saylı rəydən göründüyü kimi, AZPLY MMC-nin bəyannaməsi üzrə 2023-cü il üzrə çıxılmalardan sonra ümumi gəlir 1830345,68, gəlirdən çıxılan xərclər 1804363,35 manat olduğu (o cümlədən 552311.08 manat daşıma xərci) müəyyən edilir. Cəmiyyətin bəyannaməsi üzrə 2023-cü il üzrə ümumi gəliri, gəlirindən çıxılan xərci (o cümlədən daşıma xərci) üzrə kənarlaşma müəyyən edilməmişdir. Yəni MMC tərəfindən 2023-cü il üzrə hesablamalı olduğu mənfəət vergisi 5.196,47 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının keçirilməsi üçün lazımi sənədlər təqdim edilmişdir. Hesab edirik ki, ekspert rəyindən göründüyü kimi, ekspert tərəfindən verilmiş cavablarda ekspertizaya təqdim edilmiş sənədlər tam və hərtərəfli şəkildə təhlil edilmişdir. Bu səbəbdən məhkəmənin ekspert rəyini mötəbər sübut kimi hesab etməməsi əsassızdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; .... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;.... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiya) 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, ocümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı Əlavə Protokol Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticəsində onun barəsində qəbul edilmiş 08 avqust 2024 tarixli, 3-21-2-9/2- 6464/2024 saylı qərarı mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan qərarların qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirildiyini, həmin yoxlamanın nəticəsində iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə məlumatları ilə sənədlərlə təsdiq edilməyən 444584,84 manat gəlirdən çıxılan xərc müəyyən edilmiş, bəyannamə məlumatları ilə elektron qaimə-faktira, alış aktları, idxal edilmiş mallar barədə məlumatlar arasında uyğunsuzluq olduğundan, 531098,04 manat kənarlaşma müəyyən edilmiş, 552311,08 manat xərcin çox göstərilməsi halının müəyyən edilməsi aşkar edilmiş, nəticədə 121918,37 manat mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın əsaslılığı baxımından araşdırılmalı olan hal məhz xərcləri təsdiq edən sənədlərin mövcud olub-olmaması, mövcud olan sənədlərin mötəbərliyinin müəyyən edilməsi ilə bağlı olan hallardır. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə xərcləri təsdiq edən mötəbər sübutların mövcud olub-olmamasına aid hissədə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. İndiki halda iddiaçı tələbin əsası kimi bəyan edilən xərclərlə bağlı sənədlərin idxal olunan malların dəyəri 1076054,29 manat hissədə faktura dyəri, 1348 manat gömrük rüsumu, digər yığımlar üzrə 2478 manat, 12833,68 manat "xxxx" MMC tərəfindən təqdim edilən daşıma xidməti üzrə elektro qaimə-faktura, 61101,86 manat "xxxx" MMC tərəfindən təqdim edilən daşıma xidməti üzrə elektron qaimə-faktura, 621860 manat “X6 və Lojistik Dis.Tic.Limited Sirketi” tərəfindən Rusiya Federasiyası daxilində göstərilən daşıma xidmətləri üzrə faktura və aktlar əsasında formalaşdırılması halına istinad etmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına sübutların qiymətləndirilməsi, sübutetmə yükünün bölgüsü baxımından düzgün dəyərləndirmə aparılmaqla, hüquqi qiymətvermənin əsasları ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xərclərlə bağlı qeyd edilən hallara istinad etsə də, tranzit daşımanın aparılması halına dair hər hansı mötəbər sübut (nəqliyyat qaiməsi, ödənişləri təsdiq edən sənədlər və s.) təqdim edilməmiş, habelə müqavilənin məzmununda təyinat məntəqələri qeyd edilməmiş, daşıma xərclərinin məhz özü tərəfindən icra edilməsinə, daşıma şirkətlərinin müqavilənin icrasından yayınması hallarına dair heç bir dəlil təqdim etməmişdir. Hansı ki, vergi qanunvericiliyinin tələbi baxımından iddiaçının bəyan edilən xərcləri təsdiq edən sənədlərin xərc sənədi kimi nəzərə alınması üçün həmin məlumatların və sənədlərin cavabdeh vergi orqanına təqdim etmək öhdəliyi mövcud olmuşdur. İndiki halda isə iddiaçı tərəfindən iddianın əsaslılığı baxımından xərcləri təsdiq edən, habelə iddiaçının istinad etdiyi hallarla bağlı (daşıma şirkətinin müqavilənin icra etməməsi səbəbindən özü tərəfindən həmin xərclərin çəkilməsinə aid hissədə) mötəbər sənədlər təqdim edilməmiş, təqdim edilmiş sənədlər isə qanunvericiliyin tələbi baxımından zəruri rekvizitləri ehtiva etmədiyindən (nəqliyyat qaiməsi, ödəniş qəbzi, təyinat məntəqəsi və s.) daşıma xidməti üzrə xərclərin müəyyən edilməsi üçün mötəbər sənəd qismində çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi sənədlər iddia tələbinin əsaslılığını müəyyən etməyə imkan verməmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilmiş, ekspert rəyi əsasında iddiaçı tərəfindən 2023-cü il üzrə ödəməli olduğu mənfəət vergisinin 5196,47 manat olduğu müəyyən edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki iş üzrə iddianının əsaslılığı baxımından sübut növü kimi ekspert rəyinə birinci instanisya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş, həmin rəyin əsaslandığı sənədlərin mötəbərliyi öz təsdiqini tapmadığından, həmin ekspert rəyi iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün mötəbər sübut qismində çıxış etməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə ekspert rəyi iddianın əsaslılığını müəyyən edən mötəbər sübut kimi qəbul edilməsi məqsədəmüvafiq deyildir. Nəticə etibarilə kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində əlavə vergi məbləğinin hesablanması barədə qərarın qəbul edilməsi bağlı hərəkətləri qanunauyğun olmuş, vergi qanunvericiliyinin norma və tələblərinin pozulması halı müəyyən edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı təkzib edildiyindən, iddiaçının iddia tələbi və şikayəti əsassız olmuş, cavabdeh vergi orqanının iddiaçı barəsində qəbul etdiyi qərarı qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2177/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar