Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-289/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X4 Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X4 Fililalına qarşı “cavabdeh orqanın qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1461/2025 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və pensiya məbləğinin yenidən hesablanması" tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 5738/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1461/2025-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçının əmək pensiyası Əmək Pensiyaları haqqında qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmaqla 460 manat 98 qəpik müəyyən edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 29 iyun 2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə, 14 sentyabr 2023-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16507,26 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 189 aya (65 il - 56 il 7 ay =101 ay+(144 ay-56 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 87,34 (16507,26:189) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 327,21 manatdan 414,55 (327,21+87,34) manata artırılıb. Bununla əlaqədar, keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 1571,16 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin cari ilin fevral ayından etibarən hissə-hissə (hər ay 98,20 manat) əmək pensiyası üzərinə əlavə edilərək iddiaçıya ödənilir. Əlavə olaraq bildirilir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2025-ci il tarixindən etibarən 498,32 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.507, 26 manat pensiya kapitalının işləməyən əmək pensiyaçısı kateqoriyasına 14 sentyabr 2023-cü il tarixində keçməsi ilə əlaqədar olaraq pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayınının 144 aydan 56 ay azaldaraq = 88 aya (əmək pensiyası kimi işlədiyi ayların sayı-56 ay) (16.507, 26 manat: 88 = 187,58 manat) bölməklə iddiaçıya təyin edilmiş pensiya məbləğinin yenidən hesablayaraq 327,21 manatdan, 14 sentyabr 2023-cü il tarixinə 514,79 manata çatdırılmalması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh orqanın qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/3- 3- 1461/2025 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, iddiaçıya işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.507,26 manat pensiya kapitalının işləməyən əmək pensiyaçısı kateqoriyasına 14 sentyabr 2023-cü il tarixində keçməsi ilə əlaqədar olaraq pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının 144 aydan 56 ay azaldaraq = 88 aya (əmək pensiyası kimi işlədiyi ayların sayı-56 ay) (16.507,26 manat : 88 = 187,58 manat) bölməklə iddiaçıya təyin edilmiş pensiya məbləğinin yenidən hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək vəl Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarına əsasən 17 yanvar 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə X4 Filial tərəfindən 14 sentyabr 2023-cü il tarixində işdən azad olmağı və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.507,26 manat pensiya kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddəsinin ikinci cümləsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 189 aya (65 il-56 il 7 ay =101 ay + (144 ay 56 ay (əmək pensiyası kimi işlədiyim ayların sayına)) bölünməklə 16.507,26 manat: 189 = 87,34 manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 327,21 manatdan 414, 55 manata çatdırılmışdır. 2025-ci ilin mart ayının əvvəlində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialına ərizə ilə müraciət edərək, işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.507,26 manat pensiya kapitalının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə əsasən düzgün hesablayaraq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən iddiaçının ərizəsinə cavab olaraq 19 mart 2025ci il tarixli məktubla imtina edilmişdir. İmtina məktubu iddiaçıya rəsmi qaydada 07 aprel 2025-ci il tarixində verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 Filialının imtina məktubunda göstərdikləri ilə razılaşa bilmər. Belə ki, cavabdeh orqan tərəfindən 14 sentyabr 2023-cü il tarixində işdən azad olmağı və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyimlə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabımın sığorta hissəsində qeydə alınmış 16.507, 26 manat pensiya kapitalı düzgün hesablanmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır və bu zaman sığorta və yığını hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır, cavabdeh orqanın göstərdiyi kimi artırılmır. Cavabdeh orqanın cavab məktubundan göründüyü kimi, 14 sentyabr 2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyimlə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabımın sığorta hissəsində qeydə alınmış 16.507, 26 manat pensiya kapitalı Qanununun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinə istinad etməklə, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını 144 aydan 56 ay azaldaraq =88 ay (əmək pensiyası kimi işlədiyim ayların sayı- 56 ay) (16.507, 26 manat : 88 = 187,58 manat) bölmək əvəzinə, gözlənilən pensiya ödənişi müddəti aylarının sayını 144 aydan 189 aya artırılaraq (16.507, 26 manat: 189 = 87.34) manat əmək pensiyası üzərinə əlavə etmişdir. Bu isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə tamamilə ziddir. Cavabdeh orqanın cavab məktubunda istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinin ikinci cümləsi Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən, Qanundan çıxarılıb və mənə münasibətdə Qanunun 45-ci maddəsinin ikinci cümləsi tətbiq edilə bilməz. Belə ki, o, işləməyən əmək pensiyaçısı kateqoriyasına 14 sentyabr 2023-cü il tarixində keçmiş və pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayını 144 aydan 56 ay azaldaraq = 88 aya (əmək pensiyası kimi işlədiyi ayların sayı-56 ay) (16.507, 26 manat : 88 = 187,58 manat) bölməklə ona təyin edilmiş pensiya məbləği 327,21 manatdan 514, 79 manata çatdırılmalı idi. O işləməyən əmək pensiyaçısı kateqoriyasına 14 sentyabr 2023-cü il tarixində keçdiyi üçün pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayını 144 aydan 56 ay azaldaraq = 88 aya (əmək pensiyası kimi işlədiyim ayların sayı-56 ay) (16.507, 26 manat: 88 = 187,58 manat) bölməklə ona təyin edilmiş pensiya məbləği 327,21 manatdan 514, 79 manata çatdırılmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsinin əsası kimi ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən əsassız olaraq qüvvədən düşmüş qanunvericiliyə istinad edildiyini, yəni əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixindən sonra qüvvədə olmuş redaksiyasına istinad edilməli olduğunu qeyd etmişdir. Hesab edirlər ki, cavabdehin qərarı qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı 52 yaşının tamam olduğu 17.01 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1 (118)-1469/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Fondun Xüsusi Şərtlərlə X4 Filialının üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-840/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1469/2023 nömrəli qərarı dəyişdirilmiş və İddiaçı 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixindən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Fondun Xüsusi Şərtlərlə X4 Filialına həvalə edimişdir. Cavabdeh tərəfindən müvafiq qərardan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-1052/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)-840/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar Fondun Xüsusi Şərtlərlə X4 Filialı tərəfindən icra edilmiş və iddaçı İddiaçı xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2023-cü il tarixində kişilərə münasibətdə pensiya yaş həddi 65 il) arasındakı ayların sayı qədər artırılır. İddiaçı xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə, xx.xx.2023-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16507,26 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 189 aya (65 il - 56 il 7 ay = 101 ay+(144 ay-56 ay(əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 87,34 manat (16507,26:189) əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixindən 327,21 manatdan 414,55 manata (327,21+87,34) artırılmışdır. Qeyd edilənlərə əsasən İddiaçı keçmiş dövr üzrə 1571,16 manat fərq məbləği hesablanmışdır. Həmin 1571,16 manat fərq məbləği 2025-ci ilin fevral ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək (hər ay 98,20 manat) pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirirlər ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası 01 yanvar 2025-ci il tarixindən etibarən 498,32 manat təşkil edir. Qeyd etməyi zəruri hesab edirlər ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası həmin tarixinədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İddia tələbindən görünür ki, İddiaçı ona təyin edilmiş əmək pensiyasının xx.xx.2022-ci il tarixindən sonra qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla yenidən hesablanmasını istəyir. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixində (Qanun qüvvəyə mindiyi günədək) təyin edildiyi üçün ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5738/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Ələddin Cahan oğlu barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-1461/2025 nömrəli qərarın ləğv edilməsi, İddiaçı işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.507,26 manat pensiya kapitalının işləməyən əmək pensiyaçısı kateqoriyasına 14 sentyabr 2023-cü il tarixində keçməsi ilə əlaqədar olaraq pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının 144 aydan 56 ay azaldaraq = 88 aya (əmək pensiyası kimi işlədiyi ayların sayı-56 ay) (16.507, 26 manat : 88 = 187,58 manat) bölməklə iddiaçıya təyin edilmiş pensiya məbləğinin yenidən hesablayaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X4 fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Hazırkı mübahisənin yaranmasına səbəb iddiaçının fərdi hesabını sığorta hissəsində yığılmış pensiya kapitalının hesablanması zamanı qanunvericiliyin tətbiqində yaranan fərqli mövqe ilə əlaqədardır. İddiaçının Qanunun 45-ci maddəsinin ikinci cümləsinin pensiyanın yenidən hesablanması hallarını deyil, təyin edilməsini tənzimləməsi ilə bağlı dəlili ilə razılşamır ona görə ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsinin məzmunundan göründüyü kimi, Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göründüyü kimi, normanın məzmununda “Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında” sözlərindən istifadə edilmişdir. Sığorta və yığım hissələrinə görə hesablanma isə, yenidən hesablanmanı da əhatə edir. Digər tərəfdən həmin normanın qüvvədən düşməsinə dair 530-VİQD nömrəli Qanunun Keçid müddəalarından göründüyü kimi, normanın ləğv edilməsinin, Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi açıq-aydın qeyd edilmişdir. Cavabdeh Keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki iş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti əsasında Qanunun 37.1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsindəki pensiya kapitalı 189 aya bölünərək, indeksləşdirmələr də nəzərə alınaraq ona 460 manat 98 qəpik məbləğində pensiya hesablanmışdır. Keçid müddəasında qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Məhkəmə qeyd edir ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. Cavabdeh iddiaçının pensiyasını yenidən hesablayarkən (xx.xx.2025-ci il tarixli ərizəsi əsasında), həmçinin özünün tətbiq etdiyi yenidən hesablamanı səhv hesab edərək yeni hesablama apararkən (İnzibati icraatın nəticəsində xx.xx.2025-ci il tarixli qərarla) Qanunun istinad edilən 45-ci normasının ikinci cümləsi qüvvədə deyildi, ləğv edilmişdi. Cavabdehin keçid müddəlarına istinad edərək, Keçid müddəalarında qeyd edilmiş normaların əks yanaşmasını, yəni həmin normanın ləğv edilənədək qüvvədə olan redaksiyasını həmin normanın qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməli olduğunu bildirir. Məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edərək qeyd edir ki, Keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənədək (xx.xx.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır. Keçid müddəaları əmək pensiyaçıların həmin norma qüvvəyə minənədək pensiyası yenidən hesablanmış şəxslərin həmin normaya istinadən yenidən hesablama tələb etməsi ilə bağlı məhdudiyyəti nəzərdə tutur. Yəni fərz edək ki, cavabdeh iddiaçının pensiyasının yenidən hesablayarkən Qanunun 45-ci maddəsinin 2-ci cümləsini tətbiq edərək yığılmış pensiya kapitalını 72 aya deyil, həmin normaya görə gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artıraraq (136) aya bölərək pensiya təyin etdiyi halda, iddiaçı həmin normanın ləğvindən sonra cavabdehə müraciət edərək normanın ləğv edildiyinə istinad edib, yığılmış pensiya kapitalını 72 aya bölməklə yenidən hesablama tələb edə bilməzdi. Keçid müddəlarındakı məhdudiyyət əmək pensiyaçılarına münasibətdə nəzərdə tutulmuşdur və cavabdehə həmin normalara istinad edib, ləğv olunmuş normanı tətbiq edərək əmək pensiyaçısının ziyanına olan pensiyanın yenidən hesablanmasını aparmaq hüququ vermir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5738/2025 nömrəli qərarının əsaslandırma hissəsində qeyd edilmişdir ki, keçid müddəalarında həmin normanın təsbit edilməsi onunla əlaqədardır ki, qeyd olunan dəyişiklik əmək pensiyaçılarının xeyrinə baş vermiş dəyişiklikdir. Lakin Qanuna edilmiş dəyişiklik, xx.xx.2022-ci il tarixdən qüvvəyə mindiyinə görə, həmin tarixdən sonra olacaq pensiya təyinatına və pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilər. Keçid müddəasına əsasən həmin dəyişiklik qüvvəyə minənədək (xx.xx.2022) Qanunun əvvəlki redakasiyasına əsasən (yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılması tətbiq edilmiş şəxslər) əmək pensiyası təyin edilmiş və ya əmək pensiyası yenidən hesablanmış əmək pensiyaçıları həmin dəyişikliyə istinad edərək, pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət edə bilməz. Keçid müddəalarındakı məhdudiyyətin tətbiqi zamanı qanunverici orqanın məqsədi və keçid müddəalarının mahiyyəti bundan ibarət olmuşdur. Lakin cavabdeh həmin keçid müddəalarındakı normaların əks yanaşmasını tətbiq edərək normanın artıq qüvvədən düşmüş ikinci cümləsinə istinad etmiş və iddiaçının pensiyasını yenidən hesablamışdır Başqa sözlə desək,məhkəmə dolayısı ilə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının xx.xx.2022-ci il tarixədək yenidən hesablanması zamanı tətbiq edilməlidir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundadəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: 1. bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; 2. həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; 3. həmin günədək, yəni xx.xx.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, keçid müddəada “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına” ifadəsi qeyd olunmuşdur və bu norma birmənalı şərh edilməlidir. Məhkəmə isə öz səlahiyyətinə zidd şəkildə normanın tətbiq dairəsini məhdudlaşdırmışdır. Qanunvericiliyə edilmiş dəyişiklikdən də göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakıayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bu məsələ ilə bağlı nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Göründüyü kimi, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarından bilavasitə aslı olduğundan bu sahədə dövlətə (o cümlədən qanunverici orqanına) geniş mülahizə sərbəstliyi verilmişdir. Məhz bu səbəbdəndir ki, sosial təminat sahəsində dəyişikliklə bağlı qanunvericilikdə aktlarında həmin aktların hüquqi qüvvəsini tənzimləyən Keçid müddəaları əlavə olunur. Həmin Keçid müddəalarının nəzərə alınmaması isə onun deklarativ xarakter daşımasına gətirib çıxarar. Eyni zamanda, hər hansı normativ hüquqi aktın bu və ya digər norması tətbiq olunarkən həmin aktın məqsədi, hüquqi funksiyası, habelə həmin sahə üzrə ardıcıl həyata keçirilən dəyişikliklər də mütləq nəzərə alınmalıdır. Bu baxımdan, qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Əlavə olaraq bildiririk ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Əmək pensiyaları haqqında” Qanuna bu vaxtadək edilmiş dəyişiklikləri nəzərdən keçirdikdə görünür ki, qanunverici hər hansı dəyişikliyin həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək və həmin tarixdən sonrakı hallara necə tətbiq ediləcəyini keçid müddəalarda açıq-aydın ifadə edir. Nümunə olaraq qeyd edirik ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 05 noyabr 2022-ci il tarixli Qanunun Keçid müddəaları adlanan 2.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. Göründüyü kimi qanunverici yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etmiş və bunu elə həmin dəyişiklik edilməsi barədə qanunun keçid müddəalarında təsbit etmişdir. Analoji qaydada əgər qanunverici hazırkı iş üzrə mübahisələndirilən yeni tənzimetməni həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək pensiya təyin edilmiş şəxslərə də aid etsə idi, bu elə həmin qanunda öz əksini tapmış olardı. Lakin bunun əksinə olaraq, 13 may 2022-ci il tarixli Qanunda yeni dəyişikliyin həmin qanunun qüvvəyə mindiyi günədək pensiya təyin edilmiş şəxslərə şamil edilməyəcəyi birbaşa göstərilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddət aylarının sayı artırılmalıdır. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: Maddə 4.2.2 sığorta hissəsindən Maddə 4.2.3. yığım hissəsindən. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və fərdi hesabında toplanmış pensiya kapitalının 88 aya bölünərək əmək pensiyasının yenidən hesablanmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi dövrdə topladığı pensiya kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 189 aya (65 il - 56 il 7 ay =101 ay+(144 ay-56 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 87,34 (16507,26:189) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 327,21 manatdan 414,55 (327,21+87,34) manata artırılması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü olmaqla, ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı işləyən əmək pensiyaçısı olduğundan, işlədiyi dövrdə fərdi hesabında toplanmış pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesbalanması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasən əmək pensiyasının yenidən hesablanması üzrə inzibati icraat apararaq, iddiaçının fərdi hesbaında toplanmış 16507,26 manat məbləğində pensiya kapitalının Qanunun 37.3.1. və 45-ci maddəsinə əsasən 189 aya bölməklə, əmək pensiya məbləğinin yenidən hesablanmasını həyata keçirmiş, bu barədə xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. İndiki halda iddiaçının hüquqi marağı məhz Əmək pensiyalar haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçısı kimi işlədiyi faktiki aylar üzrə topladığı pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarət olmuşdur. Kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması halının araşdırılması zəruridir. Kollegiya işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitv şərtləri işləyən əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən pensiya məbləğinin yenidən hesablanması əsasları müəyyən etməklə, bunun üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonra fərdi hesbaın sığorta hissəsində pensiya kapitalının toplanması, habelə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləməsi halının mövcudluğu zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, işlədiyi faktiki dövr müddətində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını istəmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Başqa sözlə desək, iddiaçıya münasibətdə iddia tələbinin qanuni əsası qismində məhz Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtləri çıxış etmiş və tələbi məhz həmin normanın dispozitiv şərtləri ilə uzlaşır. Bundan əlavə qeyd edilməlidir ki, oxşar işlər üzrə formlaşadırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq hazırki iddia tələbinin qanuni əsası qismində məhz sözügedən Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan norma çıxış etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 2-1(102)-53/2025 saylı qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.” Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə Qanunun 37.3.1-ci və 45-ci maddəsini tətbiq etməklə, iddiaçının işləyən əmək pensiyaçısı olmaqla, işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalını nəzərə almaqla, əmək pensiya məbləğini yenidən hesablama aparmaqla, haqlı olmamış, nəticə etibarilə bu barədə qəbul etdiyi qərarı qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5738/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-289/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-289/2026
03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver