Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(3-8)-328/2026 10.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2-1(118)-9756/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraiət etmişdir.
2. İddiaçı ərizəsində qeyd edir ki, 6 oktyabr 2025-ci il tarixli tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanmış elektron müraciətdə deyilir: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə” “ƏRİZƏ” “(Xalq iclasçısı institutunun bərpası barədə)” “Möhtərəm Nazirlik rəhbərliyi,”
3. “Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi Konstitusiyanın 125-ci maddəsinə əsasən yalnız məhkəmələr tərəfindən aparılır. Bununla belə, ədalət mühakiməsinin şəffaflığını və ictimai etimadını artırmaq məqsədilə vətəndaşların məhkəmə proseslərində birbaşa iştirakı zəruri hesab olunur.”
4. “Tarixən ölkəmizdə “xalq iclasçısı” (xalq mühakiməçisi) institutu mövcud olmuşdur. Bu institutun əsas məqsədi məhkəmələrdə xalqın nümayəndələrinin iştirakını təmin etmək, qərarların qəbulunda ictimai baxışın və ədalət hissinin ifadə olunmasına şərait yaratmaq idi. Belə mexanizm ədalət mühakiməsinə ictimai nəzarətin güclənməsinə, qərarların obyektivliyinə və məhkəmələrə etimadın artmasına xidmət edirdi. ”
5. “Dünyanın bir çox demokratik ölkələrində bu model müxtəlif formalarda fəaliyyət göstərir. ” “Məsələn:”
6. •Almaniya, Norveç, Avstriya kimi ölkələrdə “lay judges” - yəni hüquq təhsili olmayan, lakin ictimai etimad qazanmış vətəndaşlar-hakimlərlə birgə qərar qəbul edirlər;
7. •Böyük Britaniya və ABŞ kimi ölkələrdə isə “jury” (münsiflər heyəti) sistemi mövcuddur və bu sistem ədalət mühakiməsində xalqın birbaşa iştirakını təmin edir.
8. “Həmin təcrübə göstərir ki, vətəndaşların ədalət mühakiməsində iştirakı:” məhkəmə sistemində şəffaflığı artırır, qərarların ictimai qəbulunu asanlaşdırır, dövlətcəmiyyət əlaqələrində etimadı möhkəmləndirir.
9. “Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm:” 1.Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununa və əlaqədar normativ aktlara dəyişiklik edilərək xalq iclasçısı (lay judges) institutunun bərpası nəzərdə tutulsun; 2.Bu institutun mərhələli tətbiqi mexanizmi işlənilsin - ilkin olaraq yerli və inzibati məhkəmələrdə pilot layihə kimi tətbiq olunsun; 3.Xalq iclasçılarının seçilməsi, səlahiyyətləri, məsuliyyəti və təminatları ayrıca normativ sənədlə müəyyən edilsin; 4.Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı qanunverici təşəbbüs göstərərək mövzunun Azərbaycan Respublikasının Milli Məclisi qarşısında qaldırılmasını təmin etsin.”
10. “Bu təşəbbüsün reallaşdırılması ədalət mühakiməsinin şəffaflığını və vətəndaşların məhkəmələrə etimadını artıracaq, dövlət və cəmiyyət arasında ədalət mühakiməsində əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcəkdir. ”
11. Elektron müraciətə cavab olaraq Ədliyyə Nazirliyinin 27 noyabr 2025-ci il tarixli ünvanlanmış elektron məktubunda bildirilir:
12. ““Xalq iclasçısı” institutunun bərpa edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Milli Məclisin qarşısında qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsi ilə bağlı müraciətinizə cavab olaraq bildiririk ki, qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş subyektlərə, yəni Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Ali Məhkəməsinə, seçki hüququ olan 40 min vətəndaşa, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə aid edilmişdir. ”
13. “Azərbaycan Respublikası Konstitusiyasının sözügedən maddəsi nəzərə alınmaqla qeyd edirik ki, Ədliyyə Nazirliyi qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququna malik olan subyektlər sırasına daxil deyildir. ”
14. Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli, 391 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” Əsasnamənin 1, 4, 8.4, 9.4, 9.56, 10.1, 10.2, 10.4, 10.26, 10.28-ci bəndlərində müvafiq olaraq bildirilir:
15. 1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
16. 4. Nazirlik fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.
17. 8.4. qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir
18. 9.4. qanun layihələrinin, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəylər vermək;
19. 9.56. vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;
20. 10.1. ədliyyə sahəsinə aid olan qanunvericilik aktlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
21. 10.2. ədliyyə sahəsində dövlət siyasətinin və idarəetmənin həyata keçirilməsi ilə bağlı ədliyyə orqanları üçün icrası məcburi olan qərarlar, əmrlər, sərəncamlar vermək, qaydalar, təlimatlar və əsasnamələr qəbul etmək, öz qərarlarını aidiyyəti üzrə dövlət orqanları (qurumları) ilə razılaşdırmaq;
22. 10.4. normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olmadıqda onların ləğv edilməsi və ya onlarda dəyişikliklərin edilməsi haqqında müvafiq orqanlar (qurumlar) qarşısında məsələlər qaldırmaq;
23. 10.26. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
24. 10.28. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək.
25. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
26. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2-1(118)-9756/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova).
27. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyət sferasına daxil olmadığından iddia mümkün sayılmamalıdır.
28. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri
29. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır, iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Konstitusiyası:
31. Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir. VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.
İnzibati Prosessual Məcəllə:
32. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmamış, lakin iddiaçının xahişi birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə yönəlmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
34. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir.
37. Məhkəmə kollegiya işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:
38. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
39. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
40. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
41. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
42. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
43. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.
44. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)
45. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.
46. İddiaçının hazırkı tələbi “Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununda və əlaqədar normativ hüquqi aktlarda dəyişikliklər edilərək xalq iclasçısı institutunun bərpasını nəzərdə tutan zəruri tədbirlərin (hərəkətlərin) görülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması”ndan ibarətdir.
47. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsusdur.
48. Həmin maddənin məzmunundan göründüyü kimi qanun layihələrinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilməsi səlahiyyəti yalnız göstərilən subyektlərə aiddir və bu səlahiyyət digər dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə aid edilməmişdir.
49. İddia ərizəsində irəli sürülmüş tələblər isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə daxil olmayan məsələləri əhatə edir. Belə ki, Ədliyyə Nazirliyi qanunvericilik təşəbbüsü hüququna malik subyektlər sırasına daxil deyil və qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması ilə bağlı qərar qəbul edən orqan hesab edilmir.
50. Bundan əlavə isə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində irəli sürülmüş tələblər isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə daxil olmayan məsələlər olmasından əlavə qeyd edilən iddia ərizəsi üzrə tələbin özü məhkəmə qaydasında baxılmalı məsələ deyildir. Bu tələblər yuxarıda qeyd edilən hüquqi normalara əsasən müvafiq qanunvericilik orqanı tərəfindən baxılmalı olan predmetdir.
51. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır.
52. Hazırkı halda isə iddiaçı tərəfindən irəli sürülmüş tələblər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qəbul etdiyi hər hansı inzibati akt, hərəkət və ya hərəkətsizliklə bağlı deyildir. Eyni zamanda iddiaçı tərəfindən onun hüquq və qanunla qorunan maraqlarının məhz cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulması əsaslandırılmamışdır.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla, düzgün nəticəyə gəlmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2-1(118)-9756/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3