Məhkəmə qərarları › İş №2-1(3-8)-383/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-383/2026

31.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-383/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı Allahyarova Qənirə Allahyar qızının, cavabdehin nümayəndəsi Tağızadə Nigar Yədulla qızının iştirakları ilə, İddiaçı Allahyarova Qənirə Allahyar qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2025-ci ilin fevral ayından əvvəlki dövrün pensiya məbləğinin onun əlilliyə görə pensiya arasında fərqin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək pensiyasının üzərinə əlavə edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30.01.2026-cı il tarixli, 2-1(118)-6587/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı Allahyarova Qənirə Allahyar qızı 03.05.1960-cı il tarixdə anadan olmuşdur.

2. İddiaçı Allahyarova Qənirə Allahyar qızı və Allahyarov Valeh Hacırəhim oğlu arasında 20.03.1983-cü il tarixdə nikah bağlanmışdır.

3. İddiaçı Allahyarova Qənirə Allahyar qızı 01.06.1998-ci il tarixindən müddətsiz ikinci qrup (orqanizmin funksiyasının 61–80 faiz pozulmasına görə) əlildir.

4. Allahyarov Valeh Hacırəhim oğlu 12.10.2019-cu il tarixdə ölmüşdür.

5. İddiaçı Allahyarova Qənirə Allahyar qızına 28.02.2025-ci il tarixindən ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir.

6. İddiaçı Allahyarova Qənirə Allahyar qızı 24.06.2025-ci il tarixdə cavabdehə müraciət edərək, ona 2025-ci ilin fevral ayından əvvəlki dövrün pensiya məbləğinin onun əlilliyə görə pensiya arasında fərqin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək pensiyasının üzərinə əlavə edilməsini xahiş etmiş, lakin müraciəti müsbət həll edilməmişdir.

7. İmtina ilə razılaşmayan iddiaçı Allahyarova Qənirə Allahyar qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2025-ci ilin fevral ayından əvvəlki dövrün pensiya məbləğinin onun əlilliyə görə pensiya arasında fərqin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək pensiyasının üzərinə əlavə edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qanunun 14.1.2-ci maddəsinə əsasən, ata, ana, ər və ya arvad Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatdıqda və ya orqanizmin funksiyalarının 61–80 faiz və ya 81–100 faiz pozulmasına görə əlillik müəyyən edildikdə, həmin şəxslər bu maddə ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək imkanına malik olurlar. Onun yoldaşı 12.10.2019-cu ildə vəfat etmiş, həmin tarixdən ona ailə başçısını itirdiyinə görə pensiya hüququ yaranmasına baxmayaraq, dəfələrlə şifahi müraciət etməsinə baxmayaraq, ona 28.02.2025-ci il tarixindən pensiya təyin edilmişdir. 2025-ci ilin fevral ayından əvvəlki dövr üzrə pensiya məbləği ilə onun əlilliyə görə aldığı pensiya arasındakı fərqin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək pensiyasının üzərinə əlavə edilməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək əvvəlki dövr üzrə pensiya məbləği ilə əlilliyə görə pensiya arasındakı fərqin son 3 ilə aid hissəsinin əmək pensiyasına əlavə edilərək ödənilməsini xahiş etmişdir. Aşağıda göstərilən hallara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Q. Allahyarov sözügedən tələb üzrə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətə baxılarkən nəzərə alınmışdır ki, Qanunun 34-cü maddəsinə edilmiş dəyişiklik 01.07.2024-cü il tarixindən qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçıya qeyd olunan tarixdən əvvəlki dövr üzrə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İddiaçının mərhum əri Allahyarov Valeh Hacırəhim oğlunun 01.01.2006-cı il tarixinədək 27 il 2 ay 14 gün sığorta stajı, həmçinin 01.01.2006-cı il tarixindən 01.11.2019-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış (2024-cü il üzrə indeksləşdirilmiş) 64.933,75 manat pensiya kapitalı əsasında iddiaçıya 01.07.2024-cü il tarixindən etibarən 880,54 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

10. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq həmin pensiyanın məbləği indeksləşdirilərək 01.01.2025-ci il tarixindən 928,89 manata çatdırılmışdır.

11. Bildirildiyinə görə, əlilliyə görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərqin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən Mərkəzi Filialın iddiaçı qarşısında hər hansı borc öhdəliyi mövcud deyildir.

12. Qeyd olunur ki, iddiaçıya ilk dəfə 01.06.1998-ci il tarixində orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyə görə əmək pensiyası təyin edilmiş və bu pensiya 06.03.2025-ci il tarixinədək ödənilmişdir.

13. İddiaçı Q.Allahyarov yalnız 28.02.2025-ci il tarixində ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bu müraciət əsasında ona qeyd olunan pensiya növü təyin edilmiş və ödəniş 09 aprel 2025-ci il tarixindən həyata keçirilməyə başlanılmışdır.

14. Göstərilənlərdən aydın olur ki, iddiaçıya əlilliyə görə əmək pensiyası qanunvericiliyə uyğun olaraq ödənilmiş, sonradan isə onun müraciəti əsasında digər pensiya növü təyin edilmişdir.

15. Həmçinin qeyd edilir ki, əmək pensiyası hüququ olan şəxslər bu hüquq yarandığı gündən etibarən istənilən vaxt, müddət məhdudiyyəti olmadan pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. İşin hallarına görə iddiaçının həm yaşa görə, həm də əlilliyə görə əmək pensiyası hüququ olmuşdur. Lakin iddiaçı yaşa görə pensiya hüququndan istifadə etməmiş, əlilliyə görə əmək pensiyası almaqda davam etmişdir. Daha sonra isə cavabdehə müraciət edərək digər pensiya növünün təyin edilməsini xahiş etmişdir.

16. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Sumqayıt İnzibati Məhkəməsinin 30.01.2026-cı il tarixli, 2-1(118)-6587/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, 2025-ci ilin fevral ayından əvvəlki dövrün pensiya məbləğinin iddiaçının əlilliyə görə pensiya arasında fərqin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək Allahyarova Qənirə Allahyar qızının pensiyasının üzərinə əlavə edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

18. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2026-cı il tarixli 2-1(102)-2718/2025 nömrəli qərarında məhkəmə kollegiyası vurğulayır ki, artıq əvvəlki qaydadan fərqli olaraq əmək pensiyasının bir növündən (yaşa görə əmək pensiyası növündən) ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmə zamanı yeni növ pensiyanın ödənilməsi müraciət edilən tarixdən həyata keçirilməlidir. Ona görə də, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan iddiaçı Allahyarova Qənirə Allahyar qızının oğlunun iddia tələbi təmin olunmamalıdır.

b) Apellyasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Tağızadə Nigar Yədulla qızı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Allahyarova Qənirə Allahyar qızı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ:

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Hazırda qüvvədə olan redaksiya: Maddə 5. Pensiya seçmək hüququ 1.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. 2.2. Sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. 3.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 1.1.1.1. 18 yaşına çatmamış; 2.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 3.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 2.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 3.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri ... 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.1-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.11-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.

01.07.2017-ci ilədək qüvvədə olmuş redaksiya:

24. Maddə 5. Pensiya seçmək hüququ 1.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. 2.2. Sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 1.1.1.1. 18 yaşına çatmamış; 2.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 3.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 2.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 3.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri ... 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu

25. 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

26. Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

30. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

31. İşin hallarından görünür ki, iddiaçıya 01.06.1998-ci il tarixində orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə pensiyası təyin edilmiş, iddiaçının əri Allahyarov Valeh Hacırəhim oğlu 12.10.2019-cu il tarixdə ölmüşdür. İddiaçı göstərir ki, həmin tarixdən ona ailə başçısını itirdiyinə görə pensiya hüququ yaranmasına, dəfələrlə çoxsaylı şifahi müraciətinə baxmayaraq nəhayət ona 28 fevral 2025-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.

32. İddiaçı hazırda ona 2025-ci ilin fevral ayından əvvəlki dövrün pensiya məbləğinin onun əlilliyə görə pensiya arasında fərqin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək pensiyasının üzərinə əlavə edilməklə ödənilməsini xahiş edir.

33. İddianın təmin edilməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ikinci qrup əlillik təyin edildikdən sonra pensiya aldığı vaxtlarda onun ailə başçısını itirməyə görə pensiya (daha artıq məbləğdə) almaq hüququ yaranmış, lakin həmin vaxt bu hüquqdan istifadə etməmişdir. İddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ cavabdehə rəsmi müraciət etdiyi tarixdən (28.02.2025) əvvəl yaransa da, pensiya növünü öz seçiminə görə məhz həmin tarixdən dəyişmək qərarına gəlmişdir. Bu halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələbləri iddiaçıya şamil edilməlidir.

34. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normanı rəhbər tutmaqla hesab etmişdir ki, pensiya yaşına çatmış şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən təyin edilir. Yəni, birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı halda iddiaçı ikinci qrup əlilliyə görə pensiya aldığından onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ da daha əvvəldən yaranmış, lakin o, pensiyasının bir növündən başqa növünə keçirilmə ilə bağlı sonradan müraciət etmişdir.

35. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi və unitar respublika bəyan etməklə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olmasını təsbit etmişdir. Bu müddəaların həyata keçirilməsi o deməkdir ki, dövlət hər şeydən əvvəl insanlar üçün mövcud olur və onların tələbatlarının real olaraq əks olunması, qorunması və müdafiə edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

36. Digər sosial hüquqlarla yanaşı Konstitusiyanın 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

37. Lakin sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.

38. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur.

39. Qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarında da öz əksini tapmışdır.

40. Həmin mövqedən çıxış edən məhkəmə kollegiyası qeyd edir ki, sosial təminat hüquqlarının tətbiqi sahəsində hüquqi müəyyənlik prinsipinin əsas tələbləri qazanılmış hüquqların qorunması, maddi hüquq normalarının aydın və proqnozlaşdırıla bilən olmasıdır. Sosial təminat sahəsində əmək pensiyalarının təyin edilməsi, hesablanması, verilməsi qaydaları, bir növdən başqa növə keçirilməsinin əsasları və digər hallar elə müəyyən edilməlidir ki, hüquq münasibətlərinin iştirakçıları üçün proqnozlaşdırıla bilən vəziyyət yaratmış olsun.

41. Yuxarıda da qeyd edildiyi kimi qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) və bu zaman Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların qorunmasını təmin etməklə yanaşı həm də dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanlarını da proqnozlaşdırmalı və nəzərə almalıdır. Məhz bu xüsusiyyət sosial təminat hüququnu Konstitusiyada təsbit edilmiş digər hüquqlardan fərqləndirir.

42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı hüququnun yarandığı və ona təyin edilmiş yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına dəyişdirilməsi ilə bağlı müraciət etdiyi vaxtlarda qanunverici ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi vaxtını fərqli tənzimləmişdir.

43. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının əri 12.10.2019-cu ildə vəfat etmiş, iddiaçı ona ailə başçısını itirməyə görə 28.02.2025-ci il tarixindən pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və müraciəti cavabdeh tərəfindən təmin və icra edilmişdir. İşin mübahisə predmeti iddiaçıya 2025-ci ilin fevral ayından təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası ilə iddiaçının ikinci qrup əlilliyinə görə aldığı məbləğlər arasındakı fərqin son üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır.

44. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

45. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13.01.2025-ci il tarixli 2-1(102)-2718/2026 saylı qərarında qeyd olunmuşdur ki, əmək pensiyasının təyin edilməsi qazanılmış hüquq anlayışına daxil olsa da, hazırda qüvvədə olan qanunvericiliyə əsasən artıq təyin edilmiş əmək pensiyasının növünün dəyişdirilməsi şəxsin öz seçimi və müraciəti əsasında həyata keçirilən hüquqdur. Qanunvericilikdə edilmiş dəyişikliyin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, yeni tənzimləmə əmək pensiyası hüququnun yarandığı gündən (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla) təyin ediləcəyi ilə bağlı mövcud qaydaya toxunmamışdır. Buna görə, əmək pensiyaları yenə də hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. Dəyişiklik onunla bağlı olmuşdur ki, artıq əvvəlki qaydadan fərqli olaraq əmək pensiyasının bir növündən (yaşa görə əmək pensiyası növündən) ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmə zamanı yeni növ pensiyanın ödənilməsi müraciət edilən tarixdən həyata keçirilməlidir. Habelə, müxtəlif tarixlərdə mövcud olan redaksiyalara baxmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 32ci maddəsi “Əmək pensiyasının təyin edilməsi müddətləri”, 34-cü maddəsi isə “Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə” kimi adlandırılmışdır. Yəni, qanunvericilik aşkar şəkildə əmək pensiyasının təyin edilməsi ilə, bir növdən başqa növə keçirilməsini fərqləndirmiş və hər biri üçün ayrıca tənzimləmə qaydası müəyyən etmişdir. 47. Ona görə də, həm yaşa görə, həm də ailə başçısını itirməyə görə pensiya hüququnun 01.07.2017-ci ilədək, yaxud 01.07.2017-ci ildən sonra yaranmasından aılı olmayaraq məhkəmə kollegiyası iddiaçının ona təyin edilmiş yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyası növünə dəyişdirilməsi ilə bağlı cavabdehə 2023-cü ilin oktyabr ayında müraciət etməsini nəzərə alaraq bu qənaətə gəlir ki, 29.06.2022-ci ildən, yəni iddiaçının həmin müraciəti zamanı qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının növünün dəyişdirilməsi və yeni növ üzrə əmək pensiyasının ödənişi məhz müraciət etdiyi tarixlə müəyyən edilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13.01.2025-ci il tarixli 2-1(102)-2718/2026 saylı qərarında yeni yanaşma müəyyən ediliyindən pensiya növünün dəyişdirilməsi zamanı əvvəlki dövrlər nəzər alına bilməz.

48. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 30.01.2026-cı il tarixli, 2-1(118)-6587/2025 nömrəli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

49. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edisin. Sumqayıt İnzibati Məhkəməsinin 30.01.2026-cı il tarixli, 2-1(118)-6587/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Allahyarova Qənirə Allahyar qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2025-ci ilin fevral ayından əvvəlki dövrün pensiya məbləğinin onun əlilliyə görə pensiya arasında fərqin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək pensiyasının üzərinə əlavə edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar