Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-532/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “bələdiyyə ərazisindən qanunamüvafiq qaydada və ölçüdə pay torpağının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:
1. Iddiaçı İddiaçı ərizə ilə cavabdeh Cavabdeh müraciət edərək, ona bələdiyyə ərazisindən pay torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.
2. Cavabdeh ## #### 2025-ci il tarixli, ** nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək bildirmişdir ki, pay torpaq sahəsinin ayrılması Nağaraxana bələdiyyəsinin səlahiyyətində deyil, torpaq paylanması torpaq islahatı zamanı baş vermişdir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
3. Həmçinin, iddiaçı eyni məsələ ilə bağlı Şamaxı Rayon Icra Hakimiyyətinə də müraciət etmiş, inzibati orqan ## ###### 2025-ci il tarixli, *-**-*/*-B-**-***/**** nömrəli məktubu ilə müraciətə imtina cavabı verərək qeyd etmişdir ki, Şamaxı rayonu ərzisində aqrar islahat 2006cı ildə başa çatmış və rayon aqrar islahat komissiyası ləğv olunmuşdur. Hazırda torpaq sahələri dövlət, bələdiyyəvə xüsusi mülkiyyət predmetidir. Buna görə də torpaq payı almaq hüququna malik olmuş və hər hansı səbəbdən bu hüququndan istifadə etməmiş şəxslərə torpaq payının verilməsi mümkün deyildir.
4. Iddiaçı ona pay torpağının ayrılması ilə bağlı müraciətinə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şamaxı Ərazi Idarəsi tərəfindən də 3-21- ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-B-****-*/**** nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsindən təhvil götürülmüş arxiv sənədləri araşdırılmış və torpaq islahatı zamanı iddiaçıya pay torpaq sahəsinin verilməsi barədə hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Bundan əlavə, Şamaxı Ərazi Idarəsinin hər hansı bir şəxsə torpaq sahəsini vermək səlahiyyəti yoxdur və odur ki, ərizədə qeyd edilən məsələylə bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur.
5. Verilən imtina cavabları ilə razılaşmayan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona Cavabdeh fonduna daxil olan ərazidən qanunamüvafiq qaydada və ölçüdə pay torpağının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, Şamaxı Rayon Nağaraxana kəndində qeydiyyatda olmaqla yaşayır. Həmin ərazidə ona məxsus dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi vardır. Lakin, 1995-2000-ci illərdə Şamaxı rayonunda Aqrar islahat Komissiyası tərəfindən həmin rayonda qeydiyyatda olmaqla yaşayan vətəndaşlar arasında pay torpaqlarını müəyyənləşdirib ayırarkən iddiaçı bu bölgüdən kənarda qalmışdır. O vaxtdan bəri dəfələrlə aidiyyəti orqanlara müraciətlər etsə də, nəticəsiz qalmışdır. Halbuki, Şamaxı rayonu Nağaraxana kəndində bələdiyyə fondunda həm kənd təsərrüfatı təyinatlı, həm də örüşə aid hektarlarla torpaq sahələri vardır. Odur ki, pay torpaqları ilə təmin olunmağı üçün Şamaxı Rayon icra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin ** saylı Şamaxı Ərazi Idarəsinə və Şamaxı Rayon Nağaraxana Bələdiyyəsinə müraciətlər etmişdir. Lakin, müraciətlərinə imtina cavabı verilərək torpaq paylarının aqrar islahat komissiyası tərəfindən verildiyi qeyd edilmişdir. Bildirir ki, Azərbaycan Respublikasında torpaq islahatını Aqrar islahat Komissiyası yerinə yetirir və Azərbaycan Prezidentinin ## ##### 2005-ci il tarixli, *** nömrəli Fərmanı ilə həmin komissiya ləğv edilmiş və onun hüquqi varisi də müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova).
8. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. Iddiaçı uzun illər sonra aqrar islahat başa çatdıqdan və aqrar islahat komissiyaları ləğv edildikdən sonra məhkəmədə iddia qaldıraraq cavabdeh qismində bələdiyyədən pay torpağı tələb edir. Hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, aqrar islahat başa çatmış və aqrar islahat komissiyaları ləğv edilmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdeh inzibati orqanın pay torpağı ayrılması kimi səlahiyyəti və ya vəzifəsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
9. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadda “Torpaq islahatı haqqında” Qanunun 12-ci maddəsinə istinad etməsi özü birbaşa təsdiq edir ki, iddiaçının bu iddia tələbi əsaslıdır. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Bununla bağlı bildirir ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmış və məhz hüququ pozulduğundan məhkəməyə müraciət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir.
TƏBIQ EDILƏN HÜQUQ:
13. ”Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarı: 1-ci bənd. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1 və 2.2-ci bəndlər. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
15. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Iddiaçının hazırkı tələbi cavabdeh Cavabdeh qarşı yönəldilməklə, torpaq islahatı zamanı ona ayrılmamış pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
17. Birinci instansiya məhkəməsi torpaq islahatının vaxtilə, aqrar islahat komissiyaları tərəfindən həyata keçirildiyini, həmin komissiyalar ləğv edildiyindən hazırda cavabdeh orqanın belə bir səlahiyyəti olmadığını, eyni zamanda, iddiaçının da hazırkı tələb üzrə subyektiv hüquqa malik olmadığını bildirərək, iddianı mümkün saymamışdır.
18. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
19. Müasir inzibati hüquq doktrinasında qəbul edilmiş "qoruyucu norma nəzəriyyəsi" nə görə, şəxsin hər hansı iddia qaldırmaq səlahiyyətinin tanınması üçün onun istinad etdiyi maddi hüquq norması təkcə ümumi ictimai marağı deyil, birbaşa və fərdi şəkildə iddiaçının şəxsi marağını qorumalı, habelə ona konkret inzibati orqana qarşı maddi tələb hüququ verməlidir. "Ehtimal nəzəriyyəsi" nə görə isə iddianın mümkün sayılması üçün iddiaçının irəli sürdüyü subyektiv ictimai hüququn məhz işə cəlb olunmuş cavabdeh tərəfindən pozulması hüquqi və faktiki baxımdan ən azından ehtimal olunan (mümkün) olmalıdır. Əgər tələb olunan hərəkətin icrası konkret cavabdehin səlahiyyət dairəsinə (kompetensiyasına) daxil deyilsə, hüquq pozuntusunun ehtimal edilməsi də başlanğıcdan mümkünsüzdür.
20. Göstərilən nəzəriyyələri hazırkı mübahisənin faktiki halları ilə əlaqələndirdikdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pay torpağı verilməsi ilə bağlı maddi hüququnun pozulduğunu iddia edərək bələdiyyəyə qarşı tələb irəli sürmüşdür. Lakin "qoruyucu norma" nəzəriyyəsi baxımından mövcud qanunvericilik ("Torpaq islahatı haqqında" Qanun və s.) bələdiyyənin üzərinə vətəndaşlara pay torpağı vermək öhdəliyi qoymur, deməli, iddiaçının bələdiyyəyə qarşı hər hansı maddi tələb hüququnun əsası mövcud deyil. Digər tərəfdən, "ehtimal" nəzəriyyəsi prizmasından yanaşdıqda, bələdiyyənin pay torpağı ayırmaq kimi bir maddi səlahiyyəti ümumiyyətlə olmadığı üçün, onun iddiaçının pay torpağı hüququnu pozması qeyri-mümkündür. Bu səbəbdən, bələdiyyənin sözügedən məsələdəki hərəkətsizliyi və ya imtinası iddiaçının hüquqlarını poza bilməz.
21. Mövcud mübahisənin predmeti olan pay torpağının verilməsi prosesi özündə publik hüquqi səlahiyyətin həyata keçirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar Islahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır.
22. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. - 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar Islahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
23. Qeyd olunan normaların tələbindən göründüyü kimi torpaq islahatı zamanı torpaq ayırmağa səlahiyyətli orqanlar aqrar islahat komissiyaları idi. Qanunvericilikdə həmin komissiyaların qərarlarına qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar da təsbit edilmişdir.
24. Iddiaçı torpaq islahatı zamanı ona pay torpaq sahəsi ayrılmasına dair qərarın qəbul edilməməsi ilə bağlı aqrar islahat komissiyasının hərəkətlərindən şikayət etmək hüququ olmuş, lakin o bu hüququndan istifadə etməmişdir.
25. Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il ## ##### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin Əsasnamə Azərbaycan Respublikası Prezidentinin ## ##### 2005-ci il tarixli *** nömrəli Fərmanı ilə qüvvədən düşmüşdür (Fərman ## ##### 2005-ci il tarixdə qüvvəyə minmişdir).
26. Göründüyü kimi aqrar islahat komissiyaları ## ##### 2005-ci il tarixdən ləğv edilmişdir, hazırda fəaliyyət göstərmir, yerli özünüidarəetmə orqanlarının isə aqrar islahat zamanı ayrılmayan torpaq sahəsini ayırmaq səlahiyyəti qanunla nəzərdə tutulmamışdır.
27. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bələdiyyənin pay torpağı vermək səlahiyyəti olmadığından iddiaçının məhz ondan torpaq tələb etmək hüququ mövcud ola bilməz. Başqa sözlə, iddia əsassız olaraq səlahiyyəti olmayan orqana (səhv cavabdehə) qarşı yönəldilmişdir. Bələdiyyəyə qarşı heç bir qanuni tələb hüququnun olmaması isə Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu iddianın mümkün sayılmasını istisna edir.
28. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün hüquqi nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.