Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-887/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı İddiaçı və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2004-cü il tarixli, *** nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və bununla əlaqədar ambulator şəraitdə müalicə olunduğu yaralanma diaqnoz: “qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, ənsə alnın sağ yarısının və sağ təpə nahiyəsinin qəlpə yaralanması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir.
2. ** nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 seriyalı, 332327, 466643, 635284, 890102, 077037, 239381, 111386, ****** nömrəli müayinə aktlarına əsasən iddiaçı ilk dəfə ##.##.2001-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona “şəxsiyyətin patoloji inkişafı, iki tərəfli koxlear nevrit, neyrosirkulyator distoniya kardial tip” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik müddəti hər dəfə 1 il müddətinə olmaqla ##.##.2004-cü il tarixədək uzadılmış, ##.##.2004-cü il tarixdən iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar hər dəfə 1 il müddətinə olmaqla, ##.##.2006-cı il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş, ##.##.2006-cı il tarixdə isə iddiaçıya “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Bundan sonra isə ##.##.2011-ci il tarixdə iddiaçının əlilliyinin dərəcəsi dəyişdirilərək ona həmin tarixdən ##.##.2013-cü il tarixədək, ##.##.2013cü il tarixdən ##.##.2015-ci il tarixədək “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar birinci dərəcəli əlillik, ##.##.2015-ci il tarixdən isə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi” ilə əlaqədar birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
3. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 publik hüquqi şəxsi tərəfindən ##.##.2025-ci il tarixdə əyani müayinə edilmiş, müayinə nəticəsində iddiaçının ##.##.2025-ci il tarixdən tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
4. Qərarla razılaşmayan iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən iddiaçıya təyin edilmiş əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsinə əsas olmuş diaqnozların aşkar edilməsinə dair Bakı “xxxx” publik hüquqi şəxsindən ##.##.2025-ci il tarixli arayışı, eləcə də, digər tibbi sənədləri olmasına baxmayaraq, cavabdeh iddiaçıya əlillik təyin olunmasından imtina etmişdir. 2011-ci ildən iddiaçıya birinci qrup ömürlük əlillik təyin edilmişdir, 1-ci Qarabağ müharibəsi əlilidir. Hesab edir ki, ona əlilliyin təyin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır.
6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı iddiaçı baş ağrılarından, eşitmə zəifliyindən, bel, sol bud və baldır nahiyələrində kəskin ağrılardan, aşağı ətraflarda ödemdən şikayətlənmişdir. Daban nahiyəsindən güllə yaralanması aldığını və 3 (üç) ildən sonra özünün gülləni xaric etdiyini bildirmişdir. Baxış zamanı hər iki qulağında eşitmə aparatı müşahidə edilmişdir. Nevroloji müayinə: (Orucova Pərvanə)- Solda diz refleksi bir qədər zəifləmişdir. Atrofiya izlənilməmiş, yerişi çəliklə qoruyucu tip olmuşdur. Dartılma simptomu müsbət “+” olmuşdur. MRT müayinəsinin nəticəsində lumbosakral yırtıq qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji ağırlaşma izlənilməmişdir. Psixiatrik müayinə: (Tağızadə Nərmin)-Mühakiməsi maraqları çərçivəsində izlənilmişdir. Emosional demonstrativ, təfəkkürü ardıcıl, məntiqi, əhvalruhiyyə fonu normal diapazonda dəyişkən olmuşdur. Eşitmə aparatı istifadə etmiş, demonstrativ qışqıraraq danışmışdır. Somatik şikayətlərdən, oğlunun psixi pozuntularından bəhs etmişdir. Yaşa bağlı yanaşı demonstrativ davranışlar sərgiləmişdir. Travmatoloji müayinə: (Məhərrəmli Ruslan) - Əyani müayinə zamanı atrofiya izlənilməmiş, oturma-durma, bükmə-açma hərəkətləri sərbəst olmuşdur. Audiometriya müayinəsi: (Ələkbərli Aysel)-Müayinə zamanı "Sağ qulaq: 40 db, sol qulaq 55 db" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da aparılmış laborator və Instrumental müayinələrin adı: Audiometriya müayinəsi. Qərarın əsaslandırılması: Aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, psixoproduktiv psixosimptomatika və patofunksional pozuntular izlənilməmişdir. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq ##.##.2025-ci il tarixindən tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, *******0003 saylı nömrəli qərar ləğv edilmiş, iddiaçıya təyin edilmiş əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva).
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-nin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə iddiaçının təkrar əyani müayinəyə dəvət edilməsinə əsas olan halların araşdırılması məqsədilə cavabdeh orqana sorğu ünvanlasa da, cavabdeh tərəfindən qeyd edilən hala dair hər hansı sübut təqdim edilməmişdir. Yalnız şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən iddiaçının yaşadığı Şamaxı rayonunda bir qadının şikayəti səbəbindən rayon prokurorluğundan məlumat daxil olduğu və bu əsasla iddiaçının əlillik dərəcəsinin dayandırıldığı barədə məlumat verilmişdir. Lakin məhkəmə qeyd edir ki, inzibati orqanın qəbul etdiyi qərarın hüquqiliyini təsdiq edən hallar mütləq şəkildə mötəbər sübutlarla təsdiq edilməlidir. Mənbəyi, məzmunu və hüquqi əhəmiyyəti müəyyən edilməyən məlumatlar inzibati aktın qanuniliyinin əsaslandırılması üçün kifayət hesab edilə bilməz. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata keçirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, "tam reabilitasiya olunması" barədə qərar iddiaçının mövcud tibbi sənədləri əsasında Agentliyin tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Iddiaçının "tam reabilitasiya olunması" halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının əlilliyinin qanuniliyini şübhə altına alan əsaslı sübut qismində onun qonşusu Məmmədova Sima Mail qızının müraciəti nəzərə alınmışdır. Həmin müraciətdə iddiaçının sağlam olduğu və nəqliyyat vasitəsini idarə etdiyi göstərilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müraciət əlilliyin qanuniliyinə əsaslı şübhə yaradan hal kimi qiymətləndirilmiş, bu əsasla iddiaçı risk qrupuna aid edilmiş və təkrar əyani tibbi-sosial ekspertiza müayinəsinə cəlb olunmuşdur. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti şəkərli diabet xəstəliyində olduğu kimi remissiya dövrləri ilə xarakterizə olunur. Bu səbəbdən, remissiya dövründə iddiaçının avtomobil idarə etməsi və yol-nəqliyyat hadisəsi törətməsi faktı onun əlilliyinin aradan qalxmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehin istinad etdiyi Məmmədova Sima Mail qızı iddiaçının qonşusu deyildir. Belə ki, həmin şəxs Şamaxı şəhərinin giriş hissəsində, iddiaçı isə şəhərin çıxış hissəsində yaşayır. Sima Məmmədovanın müraciəti əsasında aparılmış araşdırma ilə bağlı Şamaxı Rayon Məhkəməsində cinayət işinə baxılmış, təxminən bir il davam edən məhkəmə araşdırmasının nəticəsində Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə başlanılmış cinayət işinə xitam verilmişdir. Bu baxımdan, nümayəndənin fikrincə, Məmmədova Sima Mail qızının iddiaçının əlilliyinin mövcud olmaması ilə bağlı irəli sürdüyü iddialar öz təsdiqini tapmamışdır. Iddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. Inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
16. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
18. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
20. Işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçıya ilk dəfə ##.##.2001-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, sonradan əlillik səbəbi "Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi" ilə əlaqədar dəyişdirilmiş, ##.##.2015-ci il tarixdən isə birinci dərəcəli müddətsiz əlillik müəyyən edilmişdir. Lakin, cavabdehin müraciəti əsasında iddiaçı ##.##.2025-ci il tarixdə yenidən əyani müayinə edilmiş, müayinə nəticəsində iddiaçının həmin tarixdən tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.
21. Hazırda iddiaçının tələbi tam reabilitasiya olunması barədə cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və onun həmin tarixdən əlilliyinin bərpa edilməsi barədədir.
22. Kollegiya qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
23. Bu məqamda kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu (***) *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqedən çıxış edərək qeyd edir ki, “qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur”.
24. Nəzərə almaq lazımdır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndində qeyd olunan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” ifadəsi qeyrimüəyyən hüquqi anlayışdır.
25. Qeyri-müəyyən hüquqi anlayışın mahiyyəti, qanunvericilikdə istinad olunmuş belə anlayışların məzmunun inzibati orqan tərəfindən necə qiymətləndirilməsi olması, eləcə də, bu məsələyə məhkəmə nəzarəti ilə bağlı müvafiq müddəalar “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2026-cı il tarixli, ** nömrəli qərarında aydın və ətraflı təsbit edilmişdir. Plenum qərarının: - 4-cü bəndinə əsasən publik fəaliyyət zamanı inzibati orqanların sərbəstlik sahəsi tətbiq edilən hüquq normasının strukturuna uyğun olaraq iki müxtəlif mərhələdə fərqləndirilməlidir: qiymətləndirmə fəaliyyəti və diskresion səlahiyyətin həyata keçirilməsi. Qiymətləndirmə fəaliyyəti maddi hüquq normasının tətbiqi şərtləri hissəsində yer alan qeyri-müəyyən hüquqi anlayışların konkretləşdirilməsi prosesidir. Bu mərhələdə inzibati orqan işin hallarını müəyyən edərək faktların normanın tətbiqi şərtlərinə uyğunluğunu yoxlayır. Qeyri-müəyyən anlayışların təfsiri zamanı inzibati orqanın seçim imkanı yoxdur, hüquqi baxımdan yalnız bir yeganə düzgün nəticə mümkün hesab olunur və səmərəli məhkəmə müdafiəsi hüququ çərçivəsində bu proses məhkəmə tərəfindən tam həcmdə yoxlanılır. - 5.1-ci bəndinə əsasən inzibati orqanın qiymətləndirmə fəaliyyəti - maddi hüquq normasının tətbiqi şərtlərinin konkret iş üzrə mövcud olub-olmadığını müəyyən etmək məqsədilə işin faktiki hallarının araşdırılması, sübutların qiymətləndirilməsi və həmin halların qanunda istifadə olunmuş qeyri-müəyyən hüquqi anlayışların məzmununa uyğun olubolmamadığını müəyyən etmək üçün inzibati orqan tərəfindən aparılan hüquqi qiymətləndirmə prosesidir. Mülahizə sərbəstliyindən fərqli olaraq, bu halda inzibati orqan hüquqi nəticələrdən birini seçmir, konkret faktiki vəziyyətin normanın tətbiqi şərtlərində nəzərdə tutulmuş anlayışa uyğun gəlib-gəlmədiyini müəyyən edir. Buna görə də, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqana sərbəst seçim imkanı vermir, orqan qanunvericinin obyektiv iradəsini müəyyən edərək normanı konkret işin hallarına tətbiq etməyə borcludur. IPM-in 73.3.2-ci maddəsindən göründüyü kimi bu fəaliyyətin iki istiqaməti fərqləndirilir: 1) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunması; 2) hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığının verilməsi. - 5.2-ci bəndinə əsasən birinci hal inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi prosesi ilə bağlıdır. Qeyri-müəyyən hüquqi anlayışlar – qanunda dəqiq təsbit edilməyən, məzmunu konkret iş üzrə şərh və qiymətləndirmə yolu ilə konkretləşdirilən anlayışlardır. Qanunverici bir sıra hallarda məqsədli şəkildə belə tənzimləmə qaydası müəyyən etməklə inzibati orqana işin faktiki və hüquqi vəziyyətini nəzərə alaraq, qeyrimüəyyən hüquqi anlayışların məzmununu hər işdə ayrıca müəyyən etməyə imkan verir, bununla da, qaçılmaz olaraq ortaya çıxan müxtəlif həyat situasiyalarına fərqli və çevik münasibətə şərait yaradır. Qanunvericilikdə istifadə olunan “zəruri hallarda”, “dövlət mənafeləri üçün”, “lazımi məlumat”, “kifayət qədər əsaslar”, “əsaslı səbəb”, “əhəmiyyətli zərər”, “ictimai maraq” və s. kimi ifadələr qeyri-müəyyən hüquqi anlayışların mövcudluğuna işarə edir. Inzibati orqan həmin anlayışların məzmununu subyektiv mülahizələr əsasında deyil, qanunun məqsədinə, obyektiv meyarlara, məntiqi ardıcıllığa və inzibati icraatın əsas prinsiplərinə uyğun şəkildə şərh etməklə müəyyənləşdirməlidir. - 5.3-cü bəndinə əsasən qeyri-müəyyən hüquqi anlayışların inzibati orqan tərəfindən şərhi və konkret faktlara tətbiqi, bir qayda olaraq, tam məhkəmə nəzarətinə tabedir. Səmərəli məhkəmə müdafiəsi hüququnun tələbi kimi məhkəmə həm həmin anlayışın obyektiv hüquqi məzmununu, həm də konkret faktların həmin anlayışa uyğun olub-olmadığını müstəqil şəkildə yoxlamalıdır. Plenumun qeyd olunan hüquqi mövqeləri hazırkı işə tətbiq edildikdə görünür ki, Qaydanın 3.7-ci bəndindəki “əsaslı sübutlar” normanın tətbiqi şərtinə aiddir. Cavabdeh burada bir neçə hüquqa uyğun nəticədən birini seçmir; təqdim edilmiş məlumatın həmin hüquqi şərtə cavab verib-vermədiyini müəyyən edir. Buna görə cavabdehin apellyasiya şikayətində məhkəmənin onun diskresion səlahiyyətinə müdaxilə etməsi barədə dəlili “əsaslı sübutların” mövcudluğunun yoxlanılması hissəsində qəbul edilə bilməz. Şəxsin faktiki sağlamlıq vəziyyətinin, funksional pozuntularının və tam reabilitasiya olunub-olunmamasının qiymətləndirilməsi xüsusi tibbi bilik tələb edə bilər. Lakin əyani müayinəyə cəlbetmənin qanuni ilkin əsasının olub-olmaması hüquqi məsələdir və məhkəmə nəzarətinə tabedir.
26. Cavabdeh hazırkı iş üzrə iddiaçının fərdi reabilitasiya olunmasına dair ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarında iddiaçının əyani müayinəyə cəlb olunmasını Agentliyin aparatının daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlilinin aparılması, təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurətiylə əsaslandırmışdır.
27. “Risk qrupu” Agentliyin daxili nəzarət və təhlil fəaliyyətində istifadə etdiyi təsnifat ola bilər. Lakin belə daxili təsnifat Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan “əsaslı sübutlar”ı özözlüyündə əvəz etmir. Buna görə cavabdeh iddiaçının hansı hüquqi və faktiki meyarlar əsasında risk qrupuna aid edildiyini, həmin faktların ##.##.2015-ci il tarixli TSEK qərarının faktiki əsasları ilə əlaqəsini və nə üçün bu qərarın düzgünlüyünə ciddi şübhə yaratdığını inzibati aktda konkret və obyektiv şəkildə göstərməli idi. Lakin mübahisələndirilən aktda belə əsaslandırma verilməmişdir.
28. Halbuki, inzibati orqan qeyri-müəyyən hüquqi anlayışa istinad etdikdə, onun konkret iş üzrə hansı faktlara əsasən tətbiq olunduğunu göstərməlidir. Buna görə “əsaslı sübutlar” şərtinin mövcudluğu iddiaçının risk qrupuna aid edilməsi faktı ilə deyil, həmin təsnifatın arxasında duran konkret məlumat və sübutlarla qiymətləndirilməlidir. ##.##.2025-ci il tarixli qərarda isə belə faktiki əsaslar açıqlanmadığından, “risk qrupu” anlayışının tətbiqi obyektiv hüquqi qiymətləndirməyə deyil, əsaslandırılmamış mülahizəyə söykənmişdir ki, bu da inzibati aktın qanunilik və əsaslandırılma tələblərinə uyğun qəbul edilmədiyini göstərir.
29. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təkrar əyani müayinəyə dəvət edilməsinə əsas olmuş halların nədən ibarət olmasına aydınlıq gətirilməsi məqsədilə cavabdeh orqana sorğu ünvanlasa da, cavabdeh tərəfindən qeyd edilən hala dair hər hansı sübut təqdim edilməmişdir. Bu hal da "risk qrupu" barədə nəticənin faktiki əsaslardan məhrum olduğunu göstərir.
30. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında iddiaçının yaşadığı Şamaxı rayonunda bir qadının şikayəti səbəbindən rayon prokurorluğundan məlumat daxil olduğundan bu əsasla iddiaçının əlilliyinin dayandırıldığını bildirmişdir.
31. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatdan fərqli məzmunda çıxış edərək bildirmişdir ki, iddiaçının əlilliyinin qanuniliyini şübhə altına alan əsas qismində onun qonşusu Məmmədova Sima Mail qızı tərəfindən təqdim edilmiş, iddiaçının sağlam olduğu və nəqliyyat vasitəsini idarə etdiyi barədə məlumatları əks etdirən müraciət nəzərə alınmışdır.
32. Iş materiallarında olan həmin məktubun məzmunundan görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbə sakini Məmmədova Sima Mail qızı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Şamaxı rayon Prokurorluğuna ünvanladığı müraciətdə bildirmişdir ki, Şamaxı rayon sakini X3 uzun illərdir qanunsuz yollarla 1-ci qrup Qarabağ əlilliyi dərəcəsi alaraq dövlət büdcəsindən ödənilən müavinət və pul vəsaitlərini mənimsəyir. Belə əlillik dərəcəsi olan şəxslərin kənar qulluğa ehtiyacı olduğu və hərəkət məhdudiyyətinin mövcudluğu halında, N.Zərbəliyev tam əksinə olaraq sərbəst hərəkət edir, velosiped, motosiklet və avtomobil idarə edir. Bununla yanaşı, adıçəkilən şəxs davamlı olaraq müxtəlif cinayət əməlləri törətmiş, bu əməllərdən biri də ona münasibətdə baş vermiş, Namiq Zərbəliyev onu küçədə döyərək boynundakı sepini oğurlamışdır. Sima Məmmədova qeyd etdiyi xüsusatların dəqiqləşdirilməsi məqsədilə Daxili Işlər Nazirliyindən rəsmi sorğu alınmasını, N.Zərbəliyevin 1-ci qrup əlillik dərəcəsi almasının hüquqi əsasları və qanuniliyinin araşdırılmasını xahiş etmişdir.
33. Iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- */**** nömrəli qərarından görünür ki, Məmmədova Sima Mail qızı iddiaçı barəsində başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşdur. Deməli, onun müraciəti iddiaçı ilə aralarında mövcud olmuş münaqişə fonunda verilmişdir. Bu hal müraciətdəki məlumatları öz-özlüyündə etibarsız etmir, lakin həmin məlumatların obyektivliyi və etibarlılığı ayrıca yoxlanılmalıdır. Xüsusən də uzun müddət qüvvədə olan müddətsiz əlillik qərarının yenidən təftişinə başlanması kimi ciddi hüquqi nəticə doğuran halda müraciətdə göstərilən faktların mümkün olduğu dərəcədə müstəqil mənbələrlə təsdiqlənməsi tələb olunur.
34. Eyni zamanda, kollegiya qeyd edir ki, müraciətdə iddiaçının sərbəst hərəkət etməsi, velosiped, motosiklet və avtomobil idarə etməsi barədə məlumatlar tamamilə hüquqi əhəmiyyətsiz sayıla bilməz; onlar əlavə yoxlama aparılması üçün ilkin məlumat kimi nəzərə alına bilər. Lakin bu müşahidələrdən təkbaşına əvvəlki TSEK qərarının səhv olduğu nəticəsi çıxmır. Iddiaçının müddətsiz birinci dərəcə əlilliyinin psixi-nevroloji diaqnoz və funksional məhdudiyyətlərlə əlaqədar müəyyən edildiyi nəzərə alınmaqla, müşahidə olunan davranışla həmin qərarın tibbi-funksional əsasları arasında əlaqə obyektiv məlumatlarla göstərilməli idi. Müraciət müəllifinin özünün də yazdıqlarının rəsmi qaydada yoxlanılmasını xahiş etməsi həmin məlumatların müraciət edilən anda hələ təsdiqlənmiş faktlar olmadığını göstərir.
35. Bundan əlavə, iş materiallarından görünür ki, həmin müraciətdə irəli sürülmüş iddiaların doğruluğu cavabdeh tərəfindən obyektiv və mötəbər sübutlarla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- */**** nömrəli qərarından isə görünür ki, Şamaxı Rayon Prokurorluğundan İddiaçı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanmış, cinayət məhkəmə icraatı zamanı isə dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyindən iddiaçı cinayət məsuliyyətindən azad edilmiş, cinayət təqibinə xitam verilmiş, iddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilmişdir. Müraciətdə göstərilən cinayət əməlləri və həmin cinayət işi üzrə sonradan qəbul edilmiş prosessual qərar iddiaçının əlilliyinin tibbi-funksional əsaslarının mövcudluğu barədə bilavasitə məlumat vermir. Cinayət təqibinə xitam verilməsi sağlamlıqla bağlı müşahidələri nə təsdiq edir, nə də təkzib edir. Buna görə həmin cinayət icraatının nəticəsi “əsaslı sübutlar” məsələsinin həllində həlledici dəlil sayıla bilməz.
36. Bu hal da həmin müraciətdəki məlumatların iddiaçının əlilliyinin qanuniliyini şübhə altına alan mötəbər və təsdiqlənmiş faktlar kimi qəbul edilməsinə əsas vermir. Belə olan halda, yalnız həmin şəxsin müraciətinə əsasən iddiaçının müddətsiz əlilliyinin yenidən qiymətləndirilməsi üçün icraat başlanılması “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində nəzərdə tutulmuş “əsaslı sübutlar” tələbinə cavab verməmişdir.
37. Bununla yanaşı, Məmmədova Sima Mail qızının müraciətində təsvir edilən hallar iddiaçının 2015-ci ildəki sağlamlıq vəziyyətinə və həmin vaxt qəbul edilmiş qərarın faktiki əsaslarına deyil, müraciətin verildiyi dövrdə müşahidə edildiyi bildirilən davranışına aiddir. Bu məlumatlar doğru olsa belə, onlar 2015-ci il qərarının qəbul edildiyi anda qanunsuz olduğunu deyil, ən çoxu iddiaçının vəziyyətində sonradan dəyişiklik baş vermiş ola biləcəyini göstərə bilər.
38. Kollegiya qeyd edir ki, əvvəlki əlverişli inzibati aktın sonradan yenidən yoxlanılmasının istənilən məlumat və ya ehtimalla deyil, məhz əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu ilə şərtləndirilməsi həmin aktın hüquqi sabitliyinin və şəxsin legitim gözləntilərinin qorunmasına xidmət edir.
39. Bu fərq tətbiq edilməli hüquq normasının müəyyən edilməsi baxımından da əhəmiyyətlidir. Sonradan əldə edilmiş məlumat əvvəlki qərarın qəbul edildiyi vaxt mövcud olmuş faktların yanlış müəyyən edildiyini və ya qiymətləndirildiyini göstərirsə, əvvəlki aktın ilkin qanuniliyi məsələsi yaranır və Qaydanın 3.7-ci bəndi ilə “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, o cümlədən həmin Qanunun 67.12-ci maddəsində nəzərdə tutulan müddətin tələbləri nəzərə alınmalıdır. Əgər əvvəlki qərarın vaxtilə qanuni olduğu qəbul edilir, lakin şəxsin sağlamlıq vəziyyətinin sonradan yaxşılaşdığı və tam reabilitasiya olunduğu əsas götürülürsə, söhbət qanuni əlverişli inzibati aktın sonradan ləğvindən gedir və Qanunun 68-ci maddəsinin şərtləri tətbiq edilməlidir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında da bu fərqləndirmə aparılmışdır. Həmin qərarda müddətsiz əlillik barədə əvvəlki qərarın qanuniliyi qəbul edildiyi, lakin şəxsin sonradan tam reabilitasiya olunduğu iddia edildiyi halda mübahisənin Qaydanın 3.7-ci bəndi ilə deyil, “Inzibati icraat haqqında” Qanunun qanuni əlverişli inzibati aktın ləğvinə dair 68-ci maddəsinin tələbləri əsasında həll edilməli olduğu göstərilmişdir.
41. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya ##.##.2015-ci il tarixdən müddətsiz əlillik təyin edilməsinə dair qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının sonradan tam reabilitasiya olunduğunu əsas götürürdüsə, Qanunun 68-ci maddəsində nəzərdə tutulan şərtləri araşdırmalı idi.
42. Qanunun 68.2.3-cü maddəsinə görə, inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə qanuni əlverişli inzibati akt yalnız onun qüvvədə qalmasının dövlət və ya ictimai maraqlara ziyan vura bildiyi halda ləğv edilə bilər. Qanunun 68.4-cü maddəsi isə ləğv üçün əsas olan halların məlum olduğu gündən bir illik müddət müəyyən edir. Buna görə cavabdeh təkcə iddiaçının cari sağlamlıq vəziyyətini qiymətləndirməklə kifayətlənməməli, həmin şərtlərin mövcudluğunu və ləğv üçün müəyyən edilmiş müddətə əməl olunmasını da araşdırmalı və qərarında əsaslandırmalı idi. Mübahisələndirilən qərarda belə hüquqi qiymətləndirmə aparılmamışdır.
43. Bununla yanaşı, qüvvədə olan əlverişli inzibati aktın ləğvi zamanı inzibati orqan “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş icraat qaydalarına riayət etməlidir. Əvvəlki aktın qanunsuz olması barədə əsaslı məlumat əldə edildiyi halda inzibati orqan həmin məlumatları araşdırmalı, şəxsin dinlənilmə hüququnu təmin etməli, işin hallarını obyektiv və tam müəyyən etməli və nəticədə əvvəlki aktın ləğv edilməsi və ya dəyişdirilməsi barədə ayrıca əsaslandırılmış qərar qəbul etməlidir. Bu tələb Qanunun 64.2-ci maddəsində təsbit olunmuş, inzibati aktın qanunla müəyyən edilmiş qaydada ləğv edilənədək hüquqi qüvvəsini saxlaması prinsipindən irəli gəlir.
44. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi halda əyani müayinə bu icraatın mühüm mərhələsidir. Lakin, əyani müayinənin nəticəsi yalnız qanuni əsaslarla başlanmış icraat çərçivəsində hüquqi əhəmiyyət daşıya bilər. Icraatın başlanması üçün Qaydanın 3.7-ci bəndində tələb olunan “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” mövcud deyildirsə, sonradan aparılmış müayinənin nəticəsi həmin çatışmazlığı aradan qaldırmır və əvvəlki əlverişli inzibati aktın ləğvi üçün müstəqil hüquqi əsas yaratmır.
45. Bu baxımdan, cavabdehin apellyasiya şikayətində məhkəmənin xüsusi tibbi bilik tələb edən sahəyə və inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etdiyi barədə dəlili də əsaslı sayıla bilməz. Kollegiya iddiaçının tibbi baxımdan tam reabilitasiya olunubolunmadığını müəyyən etmir. Hazırkı mübahisədə yoxlanılan məsələ qüvvədə olan müddətsiz əlillik barədə qərara müdaxilə üçün qanunun tələb etdiyi ilkin şərtlərin və ləğv qaydasının təmin olunub-olunmamasıdır.
46. Iddiaçının əyani müayinəyə cəlb edilməsinə əsas verən, əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu müəyyən edilmədiyindən, həmin müayinənin nəticələrinə əsasən onun “tam reabilitasiya olunması” barədə qərarın qəbul edilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
47. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.