Məhkəmə qərarları › İş №3(001)-1163/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1163/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1163/2024 12.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC, AZ1146, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev ev 229, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 02 fevral 2024-cü il tarixli EP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 205075,01 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 11 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 205075,01 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-in etibarnamə əsasında nümayəndəsi X3 inzibati xəta haqqında protokolla razı olmayaraq izahatında bildirmişdir ki, Rusiya Federasiyasının “SPSK X1” şirkəti ilə Şəxs MMC arasında uzun müddətdir ki, müqavilə münasibətləri mövcuddur. Həmin müqavilələrə əsasən Şəxs MMC şirkətdən hissə-hissə taxıl məhsulları almışdır. xx.xx.2022-ci il tarixdə şirkətin hesabına köçürülmüş 205075,01 ABŞ dolları məbləğində pulun 141220,88 ABŞ dolları hissəsi əvvəllər idxal edilmiş 4 partiya invoyslar üzrə gömrük xərcləri olmuş, yerdə qalan 63854,13 ABŞ dolları müqabilində mallar isə ölkəyə idxal edilmiş və gömrük ödəniş portalında qeydiyyata alınmışdır. “SPSK X1” şirkətindən verilmiş məktuba əsasən xx.xx.2021-ci il tarixli 7q nömrəli, xx.xx.2021-ci il tarixli 8a nömrəli, xx.xx.2021-ci il tarixli 8b nömrəli və xx.xx.2021-ci il tarixli 8v nömrəli invoyslarda məhsulun qiyməti gömrük xərcləri nəzərə alınmadan göstərilmişdir. Ona görə də növbəti satış partiyasına dair xx.xx.2021-ci il tarixli 11b nömrəli invoysda gömrük rüsumlarına görə yaranmış ümumilikdə 141220,88 USD borc nəzərə alınmışdır. xx.xx.2021-ci il tarixli 7 nömrəli, xx.xx.2021-ci il tarixli 8a nömrəli, xx.xx.2021-ci il tarixli 8b nömrəli və xx.xx.2021-ci il tarixli 8v nömrəli invoyslara baxdıqda görünür ki, həmin invoyslarda məhsulun qiyməti gömrük xərcləri nəzərə alınmadan qeyd edilmişdir. Halbuki, xx.xx.2021-ci il tarixli 7q nömrəli invoysda məhsulun ümumi dəyəri 122400 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 8a nömrəli invoysda məhsulun ümumi dəyəri 124800 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 8b nömrəli invoysda məhsulun ümumi dəyəri 126000 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 8v nömrəli invoysda isə məhsulun ümumi dəyəri 126000 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi ümumilikdə 500000 ABŞ dolları məhsullara görə həmin dövrdə gömrük rüsumları ödənilməmişdir. Bu səbəbdən həmin xərclər ümumiləşdirilərək xx.xx.2021-ci il tarixli 11b nömrəli İnvoysda ödənilməli məbləğ olaraq qeyd edilmiş və cəmiyyət tərəfindən öhdəliyi olduğu üçün ödənilmişdir. Cəmiyyət xarici valyuta əməliyyatlarının aparılması zamanı öz işini qüvvədə olan qaydalara uyğun şəkildə qurur, əvvəllər cəmiyyət barəsində bu xarakterli protokollar tərtib edilməmişdir. Heç bir inzibati xəta törətmədiklərindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 205075,01 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" ASC-in Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2024cü il tarixli KB-83/2-32/2024 nömrəli məktubundan görünür ki, Şəxs MMC tərəfindən 205075,01 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 205075,01 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC tərəfindən xarici şirkətin hesabına köçürülmüş 205075,01 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların bir hissəsinin ölkəyə idxal edildiyi, məbləğin qalan hissəsinin isə malların rəsmiləşdirilməsinə görə gömrük rüsumları ilə bağlı olduğu müəyyən edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-in xx.xx.2024-cü il tarixli 0608 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə SPSK X1 şirkətinə köçürülən 205075,01 ABŞ dolları ödəniş üzrə təqdim olunan **********0791 saylı YGB üzrə 9806,95 USD, **********2789 nömrəli YGB üzrə 54047,18 USD olmaqla ümumilikdə 63854,13 USD gömrük ödəniş portalında qeydiyyata alınmışdır. Qeyd olunan köçürmənin 141220,88 USD hissəsi üzrə bəyannamə təqdim edilmədiyindən sənədlər Mərkəzi Banka təqdim edilmişdir. Rusiya Federasiyasında fəaliyyət göstərən “SPSK X1” şirkəti ilə Şəxs MMC arasında 11 avqust 2021-ci il tarixdə bağlanmış 1 nömrəli müqavilədən vı ona əlavə razılaşmalardan görünür ki, “SPSK X1” şirkəti taxıl məhsullarını Şəxs MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinin şərtinə əsasən alıcı (Şəxs MMC) aldığı məhsulların Rusiya Federasiyası ərazisində gömrük rüsumlarını və digər rəsmiləşdirilmə xərclərini ödəməlidir. “SPSK X1” şirkətinin məktubundan görünür ki, həmin şirkətlə Şəxs MMC arasında 11 avqust 2021-ci il tarixli 1 nömrəli müqavilə və ona əlavələr bağlanmışdır. xx.xx.2021-ci il tarixli 7q nömrəli, xx.xx.2021-ci il tarixli 8a nömrəli, xx.xx.2021-ci il tarixli 8b nömrəli və xx.xx.2021-ci il tarixli 8v nömrəli invoyslarda məhsulun qiyməti gömrük rüsumları nəzərə alınmadan göstərilmiş və məhsul Azərbaycan Respublikasına RF-da gömrük rüsumları ödənilmədən ixrac edilmişdir. Həmin 4 partiya invoyslar üzrə gömrük rüsumları ümumilikdə 141220,88 USD təşkil etmişdir. Növbəti satış partiyasına dair xx.xx.2021-ci il tarixli 11b nömrəli invoysda gömrük rüsumlarına görə yaranmış ümumilikdə 141220,88 USD borc nəzərə alınmışdır. xx.xx.2021-ci il tarixli 11b nömrəli İnvoysdan görünür ki, məhsulun ümumi dəyəri 68567,58 ABŞ dolları, gömrük rüsumu 26282,55 ABŞ dolları, əvvəlki 4 partiya invoyslar üzrə gömrük rüsumlarına görə yaranmış borc isə 141220,88 USD təşkil edir. xx.xx.2021-ci il tarixli 7 nömrəli, xx.xx.2021-ci il tarixli 8a nömrəli, xx.xx.2021-ci il tarixli 8b nömrəli və xx.xx.2021-ci il tarixli 8v nömrəli invoyslardan görünür ki, 7q nömrəli invoysda məhsulun ümumi dəyəri 122400 ABŞ dolları, 8a nömrəli invoysda məhsulun ümumi dəyəri 124800 ABŞ dolları, 8b nömrəli invoysda məhsulun ümumi dəyəri 126000 ABŞ dolları, 8v nömrəli invoysda isə məhsulun ümumi dəyəri 126000 ABŞ dolları təşkil etmiş, həmin invoyslarda məhsulun qiyməti gömrük rüsumları nəzərə alınmadan göstərilmişdir. Belə olan halda aydın olur ki, hüquqi şəxs Şəxs MMC ilə “SPSK X1” şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, onlar müqavilələri onlara uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə real olaraq bağlamış, Şəxs MMC-in taxıl məsulları almaq niyyəti olmuş və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən “SPSK X1” şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə 205075,01 ABŞ dolları məbləğində vəsait köçürmüş, ödənilən həmin pulun 141220,88 ABŞ dolları hissəsi 4 partiya invoyslar üzrə gömrük rüsumlarına görə yaranmış borca silinmiş, qalan 63854,13 ABŞ dolları müqabilində alınan mallar isə qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmiş və gömrük ödəniş portalında qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 02 fevral 2024-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar