Məhkəmə qərarları › İş №3(001)-1670/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1670/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1670/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsinin prokuroru X4 iştirakı ilə, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsi tərəfindən «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 447.0.4-cü maddəsi ilə qəbul edilmiş 08 aprel 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 13.01.2021-ci il tarixdən 03.02.2021-ci il tarixədək olan müddət ərzində qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqları pozulmuşdur. Nəticədə, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin səlahiyyətli nümayəndə məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsinin prokuroru X6 bildirmişdir ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktoru X2 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli, 302 saylı Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malları, yəni Vyetnam Respublikasından Azərbaycan Respublikasına idxal edilmiş 6000 kq darçın məhsulunun 5.999,7 kq hissəsini 13.01.2021ci il tarixdən 03.02.2021-ci il olan müddət ərzində satmış bununla da, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətası törədilmişdir. Ona görə də, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: **********4574 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti adına Azərbaycan Respublikası ərazisinə gətirilmiş mallar **********4574 sorğu nömrəli Gömrük bəyannaməsi ilə 08.01.2021-ci il tarixdə təsdiq edilmişdir. 29.12.2020-ci il tarixli, İD********** nömrəli ərizədən görünür ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsiylə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinə müraciət etmişdir. 28.01.2021-ci il tarixli, AZ-20012466/LAB05-21004-T nömrəli sınaq protokolundan görünür ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal edilmiş yeyinti məhsullarının müayinəsi zamanı məhsulda (darçında) sınaq nəticələrinin qiymətləndirilməsinə uyğun olmayan maddə aşkar edilmişdir. 03.02.2021-ci il tarixli X1 nümayəndəsi X5 izahatdan görünür ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal edilmiş darçın məhsulunun Qida Təhlükəsizliyinin sertifikatı olmadan satışı həyata keçirilmiş və məhsul geri yığılması mümkün olmamışdır. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından görünür ki, qanuni təmsilçisi X3 olan «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti 16.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks tədqiqatlar Laboratoriyasında müayinə edilmiş darçın məhsuluna dair rəydən görünür ki, 28.01.2021ci il tarixli, AZ-20012466/LAB05-21004-T nömrəli sınaq protokoluna əsasən darçın məhsulunda “Kadium (cd)”un miqdarının normadan artıq olduğu (0,369 mq/kq) aşkar edilməsi, məhsulun istehlaka yararlı olmadığını göstərir. 13.01.2021-ci il tarixli məhsul nümunələrinin götürülməsi aktından görünür ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyətinin idxal etdiyi darçın məhsulundan müayinə məqsədi ilə 300 qram nümunə götürülmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, ölkəyə idxal edilən yeyinti məhsulları “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə” Qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Qida təhlükəsizliyi sertifikatı yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəddir. Məhkəmədə isə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal edilmiş məhsulun müayinəsi zamanı həmin məhsul sınaq nəticələrinin qiymətləndirilməsinə uyğun olmamış, bu səbəblə də həmin məhsula sertifikat verilməmişdir. Lakin cəmiyyət tərəfindən məcburi sertifikatlaşdırılmalı olan həmin məhsul, sertifikatlaşdırılmadan satışa çıxarılmışdır. Bu isə «X11» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 447.0.4-cü maddəsinin tərkib əlamətinin olmasına dəlalət edir. İXM-in 447.0.4-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, «X11 » Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «X11» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 6000 (altı min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar