Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2051/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253-1.2.1, 253-1.2.2, 253.3.1 və 266.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 253-1.2.1 , 253-1.2.2, 253.3.1 və 266.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində ona ayrılmış torpaq sahəsində 2 ağacın götürülməsi, 3 ədəd ağacın köçürülməsi və tullantıların emal yerinin müəyyənləşdirilməməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə sübut qismində Şəxs MMC-yə ayrılmış torpaq sahəsindən fotoşəkilləri təqdim etmiş, tərəflərindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X3 çıxış edərək bildirmişdir ki, cəmiyyətin əməlində İXM-in 253-1.2.1, 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi var. Lakin, İXM-in 253.3.1 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta onlar tərəfindən törədilməmişdir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolla xx.xx.2021-ci il tarixli, ER-22/220 nömrəli ekoloji ekspertiza rəyi arasında ziddiyyət var. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs MMC-nin barəsində 253.3.1 və 266.2-ci maddələri ilə başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlandığı məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində yerləşən ümumi sahəsi 0,5080 ha olan torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2018-ci il 1 fevral tarixli 52 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə ayrılıb. Tikinti layihəsi müvafiq dövlət qurumlarının eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Agentliyinin 2021-ci il tarixli 22 iyun 22/1669 nömrəli ekoloji ekspertiza rəyinə uyğun razılaşdırılmışdır. Nazirliyə "xxxx" MMC-nin istifadəsinə ayrılmış torpaq sahəsində ağacların kəsilməsi və qazıntı işlərinin aparılması barədə daxil olmuş şikayətə cavab olaraq bildiririk ki, ərazidə heç bir ağac kəsilməyib, lakin tikinti altına düşən 3 ədəd ayland ağacı ərazi daxilində köçürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 78424 nömrəli aktdan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində ona ayrılmış torpaq sahəsində 2 ağacın götürülməsi, 3 ədəd ağacın köçürülməsi və tullantıların emal yerinin müəyyənləşdirilməməsi faktı aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli, ER-22/220 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Ayrıc aktına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində ümumi sahəsi 0.5080 ha olan torpaq sahəsində icarə qaydasında yaşayış binaları tikintisinin layihələndirilməsi məqsədilə Şəxs MMC-yə icazə verilmişdir. Nazirliyin 11 saylı RETSİ-nin yuxarıda qeyd edilən baxış aktında Baş plan üzrə əraziyə keçirilən baxış zamanı köküstə yaş halda cəmi 3 (üç) ədəd (dm=14,16,26 sm) ayland ağacının tikinti altına düşdüyü bildirilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 253.3.1 və 266.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, Şəxs barəsində başlanan inzibati xəta haqqında işə həmin maddələr ilə xitam verilməlidir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 266.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən İXM-in 266.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir, eyni zamanda İnzibati xəta haqqında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəməyə bununla bağlı hər hnsı bir sübutu təqdim etməmişdir. Həmçinin, Şəxs MMC tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, ER-22/220 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamına və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Ayrıc aktına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində ümumi sahəsi 0.5080 ha olan torpaq sahəsində icarə qaydasında yaşayış binaları tikintisinin layihələndirilməsi məqsədilə Şəxs MMC-yə icazə verilmişdir. Nazirliyin 11 saylı RETSİ-nin yuxarıda qeyd edilən baxış aktında Baş plan üzrə əraziyə keçirilən baxış zamanı köküstə yaş halda cəmi 3 (üç) ədəd (dm=14,16,26 sm) ayland ağacının tikinti altına düşdüyü bildirilmişdir. Həmin rəyin “Ekoloji tələblər” adlandırılan 4-cü hissəsində “Tikintiyə icazə” sənədi alındıqdan sonra, tikinti altına düşməsi zəruri olan 3(üç) ədəd ayland ağacının mövsümü müddətdə (ağacların nisbi sükunat dövründə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaydaların” tələblərinə əsasən rayon İcra Hakimiyyəti tərəfindən ETSN-nə müraciət əsasında rəy alınmaqla qəbul olunacaq qərar əsasında götürülməsinin təmin edilməsi göstərilmişdir. Göründüyü kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC-yə ayrılmış həmin torpaq sahəsinə baş plan üzrə baxış zamanı cəmi 3 ədəd ayland ağacının tikinti altına düşdüyünü bildirilmiş, elə 22 iyun 2022-ci il tarixli ekoloji ekspertiza rəyində də, cəmi 3 ədəd ayland ağacının tikinti altına düşdüyü göstərilmiş, buna baxmayaraq daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" tərəfindən həmin ərazidə 3 ədəd ayland ağacından başqa həmin ərazidə digər yaşıllıqların “qanunsuz olaraq kəsilməsi barədə İXM-in 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə göstərilən xüsusatla bağlı qeyd etməyi zəruri hesab edir ki, əgər "xxxx" MMC-yə ayrılmış həmin torpaq sahəsində 3 ədəd ayland ağacından başqa digər ağaclar və yaşıllıqlar mövcud idisə, həmin ağacların sayı, növü və yaşıllıqların adı baxış aktında, eyni zamanda ekoloji ekspertiza rəyində göstərilməli idi. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən sübut qismində təqdim edilmiş foto şəkillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin şəkillərdə şəkilin çəkilmə tarixi və vaxtı barədə məlumat olmadığından həmin foto şəkillər sübut kimi nəzərə alına bilməz. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X2sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X2sının obyekti olan və X2sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3-cü maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-in 75.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə-fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən İXM-in 253.3.1 və 266.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən, Şəxs barəsində başlanan inzibati xəta haqqında işə həmin maddələr ilə xitam verilməlidir. Şəxs MMC tərəfindən İXM-in 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tördilməsi isə cəmiyyətin nümayəndəsinin etirafedici ifadəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış məktub ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, yaşıllıqların götürülməsi, köçürülməsi kimi hərəkətlər “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icazə əsasında həyata keçirilir. Məhkəmədə isə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, Mir Cəlal küçəsində tikinti işləri zamanı 3 ədəd ayland ağacı müvafiq rəy olmadan götürülmüşdür. İXM-in 253-1.1-ci maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: İXM-in 253-1.2.1. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; İXM-in 253-1.2.2. yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Göstərilənlərə əsasən, Şəxs İXM-in 253-1.2.1 , 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, məhkəmə cəmiyyətin həmin maddələr ilə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 253.3.1 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən, həmin maddələr ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, 253-1.2.1 , 253-1.2.2-ci maddələri ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən, həmin maddələr ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs 253-1.2.1 , 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 15000 (on beş min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2051/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2051/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver