Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-220/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 548.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC barəsində İXMnin 548.2-ci maddəsi ilə tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli, EP ******* saylı “inzibati xəta haqqında” protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Mərkəzi Bankın 03 sentyabr 2024-cü il tarixli, 6-1-26/2-6950/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 17 sentyabr 2024-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi X3 izahatında göstərdi ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Həmin Qanunun 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. Hazırda "xxxx" ASC-nin illik hesabatı Mərkəzi Banka təqdim edilmiş və həmin hesabatlar Bankın aidiyyəti struktur bölmələri tərəfindən qanunvericiliyə uyğun hesab edilərək qəbul edilmişdir. Sonda T.Aydınov protokol üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarına bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 izahatında göstərdi ki, o, "xxxx" ASC-nin rəhbəridir. ASC 2024-cü ildə fəaliyyət göstərmədiyindən, mühasibin səhlənkarlığı nəticəsində hesabat Mərkəzi Banka vaxtında göndərilməmişdir. Lakin, yeni mühasib işə başlayan kimi müvafiq hesabat təqdim edilmişdir. Bundan sonra Mərkəzi Bank tərəfindən onlara hər hansı xəbərdarlıq verilməmişdir. Onlar yalnız hazırki məhkəmə iclası barədə bildirişi aldıqda məsələdən xəbərdar olmuşlar. İş materiallarında Mərkəzi Bankın xəbərdarlığını almış Vüsal adlı şəxsi tanımır və ASC-də həmin adda hər hansı şəxs çalışmır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 2024-cü il 3 sentyabr tarixli 6-1-26/2-6950/2024 saylı məktubundan görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə əsasən emitentin illik hesabatının 5 (beş) iş günü ərzində təqdim edilməsi barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmiş və həmin xəbərdarlıq məktubunu xx.xx.2024-cü il tarixdə Vüsal adlı şəxs imza etməklə qəbul etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş “vergi ödəyicisinin fəaliyyəti barədə arayış”dan görünür ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən "xxxx" ASC-nin fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, vaxtı çatdığı üçün xx.xx.2021-ci il tarixdən bərpa olunması, xx.xx.2023-cü il tarixdən xx.xx.2028ci il tarixdək dayandırılması, fəaliyyət bərpa ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən bərpa olunması barədə məlumat müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Həmin Qanunun 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İXM-nin 548.2-ci maddəsində Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin maddə ilə inzibati məsuliyyətin yaranması üçün ilk növbədə Mərkəzi Bankın tələbi emitent (bu halda "xxxx" ASC) tərəfindən qəbul edilməlidir. Hazırki işdə olan “AzeriExpress” şirkətinə məxsus qəbzdən ki, emitentin illik hesabatının təqdim edilməsi barədə Mərkəzi Bankın tələbini (məktubunu) Vüsal adlı şəxs almışdır. Lakin, Vüsal adlı şəxsin kim olması və ya onun "xxxx" ASC-də hansı vəzifə tutması barədə qəbzdə hər hansı məlumat yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi isə məhkəmə də bildirmişdir ki, ASC-də Vüsal adında kimsə çalışmır, ümumiyyətlə həmin şəxsin kim olması barədə onlarda hər hansı məlumat yoxdur. İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hazırki halda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsində nəzərdə tutulan illik hesabatın təqdim edilməsi barədə Mərkəzi Bankın tələbinin "xxxx" ASC tərəfindən alınması sübut olunmadığından, həmin ASC-nin İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirliliyi də sübut olunmuş hesab edilə bilməz. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" ASC-nin təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli, EP ******* saylı “inzibati xəta haqqında” protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-220/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-220/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver