Məhkəmə qərarları › İş №3(001)-2414/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2414/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2414/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 375.0.1 və 375.0.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən Şəxs barəsində İXM-in 375.0.1 və 375.0.2-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxsnə məxsus sifarişlərin idarə olunması sistemində müştərilərin fərdi məlumatlarının toplanıldığı və işlənildiyi informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmaması müəyyən edilmiş və həmin məlumatların internet informasiya sistemində onun müştərilərinin fərdi məlumatlarının mühafizəsinin təmin olunmaması faktı aşkar edilmişdir. Bununla da, Şəxs İXM-in 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində Şəxsnə məxsus sifarişlərin idarə olunması sistemində informasiya ehtiyatının tərkib hissəsi olan müştərilərin qeydiyyatı və ödənişlərinin idarə olunması sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən onun müştərilərinin fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Belə ki, zəruri texniki-təşkilati tədbirlər həyata keçirilmədiyindən Şəxsnə məxsus sifarişlərin idarə olunması sisteminin inzibatçısının giriş məlumatlarının kənar şəxslər tərəfindən ələ keçirilməsi və internetdə yayılması nəticəsində həmin sistemdə müştərilərə məxsus fərdi məlumatların - adı, soyadı, FİN kodları, mobil nömrələri, e-poçt ünvanı, redaktə olunması və silinməsi barədə məlumatların əldə edilməsi mümkündür. Şəxsnə məxsus informasiya sisteminin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1 -ci maddəsinin tələblərinə uyğun olaraq, dövlət qeydiyyatından keçirilmədiyi müəyyən edilmişdir. Şəxsnə müraciət edən fiziki şəxslərin və şirkət əməkdaşlarının fərdi məlumatlarının toplanıldığı, saxlanıldığı və işlənildiyi sifarişlərin idarə olunması infiormasiya sistemində fərdi məlumatların mühafizəsinin təmin olunmaması və müştərilərin fərdi məlumatlarının toplanıldığı və işlənildiyi isnformasiya sisteminin dövlət qeydiyyatından keçirilmədən fərdi məlumatları topladığını və işlədiyini göstərən kifayət qədər sübutlar aşkar edilmişdir. Ona görə də, məhkəmədən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 375.0.1 və 375.0.2-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və iş materialı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə qeyd olunan maddə üzrə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, “www.vipex.az” internet informasiya ehtiyatında müştərilərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsi mümkündür. Həmçinin məhkəmədə toplanmış sübutlardan Şəxsnə məxsus informasiya sisteminin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə uyğun olaraq, dövlət qeydiyyatından keçirilmədiyi müəyyən edilmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır (5.5-ci maddə); mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir (5.8-ci maddə); fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir (10.1 -ci maddə). İXM-in 375.0-cı maddəsinə əsasən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə; 375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxsnə məxsus sifarişlərin idarə olunması sistemində müştərilərin fərdi məlumatlarının toplanıldığı və işlənildiyi informasiya sisteminin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmaması müəyyən edilmiş və həmin məlumatların internet informasiya sistemində onun müştərilərinin fərdi məlumatlarının mühafizəsinin təmin olunmaması faktı məhkəmədə öz təsdiqini tapır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-in 375.0.1 və 375.0.2-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar