Məhkəmə qərarları › İş №3(001)-2588/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2588/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2588/2020 16.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti xx.xx.2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2020 nömrəli qərarı ilə X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2020 nömrəli qərarından X2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmənin sözügedən qərarı iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1208/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2020 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılıb qərar qəbul edilməsi üçün məhkəməyə geri qaytarılmışdır. X2 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, Novxanı kəndində dəniz sahilində 55 metr uzaqlıqda 6 sot torpaq sahəsi götürərək mövsümü iaşə xidməti göstərmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi guya onun haqqında Binəqədi rayonu, Goradil kəndi ərazisində keçirilən monitorinq zamanı, torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 101-ci maddələrinə əsasən xx.xx.2018-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında prottokol tərtib olunmuşdur. Beləliklə onun əsasında xx xxxxxxxx 2018-ci il tarixdə ******* saylı protokol verilərək 4.000 min manat cərimə edilmişdir. Qərara görə o, guya 20-50 metr zolaqda əsaslı tikinti aparmışdır. Qərar tam qərəzli şəkildə yazılmışdır. Belə ki, obyekt dənizdən 55 metr uzaqda yerləşir, ikinci obyektin isə əsaslı tikintisi olmamış, orada olanla yüngül konstruktsiyalı taxtadan olan oturacaq otaqdan ibarətdir. Barəsində protokol tərtib olunsa da ona rəsmi qayda verilməmiş və icra şöbəsindən sürətini əldə etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, şikayəti və toplanmış iş materiallarını bir-biri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi ərazisində Xəzər dənizinin (gölünün) 20-50 metrlik zolağında əsaslı tikinti işləri apararaq məhdudiyyət yaratmışdır. Nəticədə X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və buna görə də sonuncu həmin Məcəllənin 248.1-ci maddəsi ilə bilinib, 4000 (dörd min) manat məbləğində inzibati qaydada tənbeh olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni: 248.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılmasına; 248.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına; 248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsi tərəfindən X1 Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi ərazisində yerləşən obyektinin Xəzər dənizinin (gölünün) 20-50 metrlik zolağında əsaslı tikinti işləri apararaq məhdudiyyət yaratması səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsi ilə inzibati qaydada icraat başlanmış və 4000 manat cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilsə də, iş üzrə aparılan araşdırma zamanı onun məhz hansı inzibati xətanı törətməsi, yəni X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 248.1-ci maddəsinin hansı hissəsində nəzərdə tutulan inzibati xətanı törəməsi göstərilməmişdir. Bu isə öz növbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması deməkdir ki, məhkəmədə sözügedən material üzrə işə baxılarkan toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdırmaq mümükün deyildir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin xx.xx.2018-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Daşınmaz Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar