Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2929/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X10 Novruz oğlunun katibliyi, Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ1147, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 23a, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində qəbul edilmiş 18 aprel 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərara əsasən, hüquqi şəxs "xxxx" MMC, onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktoru X13 tərəfindən MMC-in xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid 15 aprel 2025-ci il tarixdən 592 nömrəli marşrut xətti üzrə kalon rəisi vəzifəsinə işə götürməklə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. 01 may 2025-ci il tarixdə "xxxx" MMC məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Binəqədi rayon prokurorluğunun bu qərarı əsassızdır. Bu səbəbdən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarın təsviri və əsaslandırıcı hissəsində "xxxx" MMC qeyd edilsə də “qərar verdim” hissəsində ünvan və VÖEN göstərilərək Şəxs MMC-in (VÖEN **********) AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qeyd olunub. İlk növbədə nəzərə almaq lazımdır ki, "xxxx" MMC (VÖEN **********) və Şəxs MMC (VÖEN **********) ayrı-ayrı hüquqi şəxslərdi. Nəzərə almaq lazımdır ki, 592 saylı marşrut xətti "xxxx" MMC-nin (VÖEN **********) istismarındadır. Qeyd olunan hadisələrin Şəxs MMC-yə (VÖEN **********) heç bir aidiyyəti yoxdur. Bundan başqa, Şəxs MMC-də (VÖEN **********) heç vaxt Şahid adlı şəxs işləməyib. Göstərilənlərə əsasən şirkətin əməlində hər hansı bir inzibati xətanın tərkibi yoxdur. İnzibati pozuntu qəsdən və ya bilməyərəkdən digər subyektin hüquqlarının məhdudlaşdırılması və ya pozulmasıdır. Şirkət tərəfindən heç bir qayda pozuntusu olmamışdır. Məhkəmə iclasında Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarda sərgilənən mövqeyə uyğun izahat verərək, "xxxx" MMC-nin tənbeh edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X14 yazılı etirazda qeyd olunanlara uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, 592 saylı marşrut xəttinin Görədil kəndində olan son dayanacağında dispetçer vəzifəsini 15 noyabr 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən X8 həyata keçirir və bu Əmək müqaviləsi məhkəməyə təqdim edilmişdir. Əraziyə təhkim edilmiş dispetcer olduğu halda Şahid həmin məntəqəyə ikinci dispetçer kimi işə götürməyə ehtiyac ola bilməzdi. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində ifadə vermiş Şahid məhkəməyə bildirmişdir ki, o, bir müddət "xxxx" MMC-də sürücü işləmiş, sonra işdən çıxmışdır. Təxminən 2025-ci ilin fevral ayında sözügedən şirkətdə olan tanışları vasitəsilə maraqlanmışdır ki, onun üçün uyğun vakansiya varsa yenidən həmin şirkətdə işləsin. Tanışları da bildirmişdir ki, 592 saylı marşrut xəttində dispetçer vəzifəsi boş olmalıdır, getsin maraqlansın. O, gedib maraqlananda bilmişdir ki, həmin işi icra edən Telman adlı şəxs var. O da 592 saylı marşrut xəttinin son dayanacağında boş obyektin olduğunu görmüş və düşünmüşdür ki, avtobusların gedişli-gəlişli yeridir, sürücülər də son dayanacaqda fasilə verdikləri üçün tez-tez orada yemək içmək üçün nəsə yer axtarırlar, hazırki dayanacaqda mərkəzdən uzaq yerdə olduğundan həmin yerlərdə kafelər az olur, bu səbəblə orada mini kafe açıb işlətsə yaxşı qazanc əldə edə bilər. Ona görə də həmin yerdə mini kafe açmış, sadə və tez hazırlana bilən yeməklərin, çay və soyuq içkilərin satışını həyata keçirmişdir. Həmin kafenin müştəriləri daha çox avtobus surücüləri olmuşdur. Ona görə də demək olar ki, sürücülərin hamsını tanımış və onlarla münasibəti yaxşı olmuşdur. Lakin, bunların heç biri ona əsas vermir ki, o, orada dispetcer işini icra etmişdir. O nə rəsmi nə də qeyri-rəsmi olaraq dispetcer kimi işləmişdir. Həmin ərəfədə həmin işi Telman adlı şəxs icra edirdi, o, heç vaxt marşurut xəttininin hər hansı işinə qarışmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarın dəlillərini araşdırıb, prokurorluğun müstəntiqinin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X4 tərəfindən qəbul edilmiş 02 aprel 2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 ölməsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən yəni cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində qeyd olunmuşdur ki, “Material üzrə izahatı alınmış Şahid göstərmişdir ki, o, "xxxx" MMC-də kalon rəisi vəzifəsində işləyir. Həmin MMC sərnişin daşıma xidmətini həyata keçirir. MMC-nin rəhbəri Anar müəllim tərəfindən Görədil yaşayış massivində sürücülərin nahar etməsi və işçilərin qeydiyyat aparması üçün əvvəllər kafe kimi fəaliyyət göstərmiş bir obyekt icarəyə götürülmüşdür. Həmin obyektin idarə edilməsi isə ona həvalə edilmişdir...” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Binəqədi rayon prokurorluğuna ünvanladığı 05 mart 2025-ci il tarixli məktubdan görünür ki, Şahid 25 sentyabr 2024-cü il tarixədək cəmiyyətdə avtobus sürücüsü işləmiş, həmin tarixdən etibarən isə öz xahişi əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. X5 və Anar adlı şəxs ümumiyyətlə MMC-də işləməyiblər. Eyni zamanda cəmiyyətin istismarında olan 592 nömrəli müntəzəm marşrut xəttinin sonuncu dayanacağı olan “Görədil” kəndində fəaliyyət göstərən çay evi kimi bir təsərrüfat subyekti icarəyə götürülməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə 25 sentyabr 2024-cü il tarixdə xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şahid arasında bağlanmış 15 noyabr 2024cü il tarixli əmək müqaviləsindən görünür ki, X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dispetçer işinə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə iş materiallarından aydın olur ki, 592 nömrəli marşrut xəttinin sonuncu dayanacaq məntəqəsində yerləşən kafedə bir qadının qəfil vəfat etməsi faktı ilə bağı müvafiq araşdırmalar aparılmış, nəticədə qadının ölməsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən yəni cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. Həmçinin, Prokurorluq qeyd olunan faktı araşdıran zaman müəyyən etmişdir ki, "xxxx" MMC əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid 15 aprel 2025-ci il tarixdən 592 nömrəli marşrut xətti üzrə kalon rəisi vəzifəsində işə götürməklə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal isə Şahid izahatı, hadisə yerinə baxış protokolu, X1 Sistemindən çıxarış ilə təsdiq edilməsi əsaslandırılmışdır. Prokurorluğun qərarında istinad edilən izahatda Şahid bildirmişdir ki, o, əvvəllər "xxxx" MMC-də sürücü işləmiş, sonra oradan işdən çıxmış, 2025-ci ilin fevral ayının 15-nə kimi işsiz olmuş, "xxxx" MMC-nin işçiləri ilə əlaqəsini davam etdirmişdir. 592 nömrəli xətti üzrə kalon rəisi vəzifəsində işləmək ona təklif edilmiş, 592 nömrəli xəttin son dayanma nöqtəsi Görədil yaşayış massivində olduğu üçün o orada işçilərə nəzarət etməli imiş. Bu məqsədlə işlə tanış olmaq üçün Görədil yaşayış massivində son dayanmaq nöqtəsinə getmişdir. Orada MMC tərəfindən sürücülərin nahar etməsi və işçilərin qeydiyyat aparması üçün əvvəllər kafe kimi fəaliyyət göstərmiş bir obyekt icarəyə götürülmüşdür. Yəni ora dispetçer kimi fəaliyyət göstərirmiş. O təxminən 15 fevral 2025-ci il tarixdən etibarən həmin obyektdə işləməyə başlamışdır. Eyni zamanda Prokurorluğun qərarında istinad edilən hadisə yerinə baxış keçirilməsi protokolunda Abşeron rayonu, Görədil yaşayış massivində yerləşən adsız kafenin "xxxx" MMC-yə məxsus 592 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən sürücülərin istifadəsində olduğu müəyyən edilmişdir. Məhkəmə prokurorluğun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarı ilə razılaşmır və bununla bağlı ilk növbədə qeyd edir ki, şahid qismində ifadə vermiş Şahid obyektin faktiki olaraq şəxsi təşəbbüsü ilə kafe kimi istifadə edildiyini və öz kommersiya maraqları çərçivəsində işlədildiyini bildirmişdir. Həmin şəxs həmçinin bəyan etmişdir ki, 2025-ci ildə nə hüquqi, nə də qeyri-rəsmi qaydada həmin şirkətdə işləməmişdir. Əksinə həmin vaxt sözügedən işi Telman adlı şəxs icra etmişdir. Bundan əlavə, dispetçer vəzifəsini yerinə yetirən şəxsin əmək müqaviləsinin təqdim edilməsi sübut edir ki, həmin vəzifə rəsmi olaraq başqa şəxsə Telman Omarova həvalə olunmuşdur. Bu halda kafedə fəaliyyət göstərən Şahid dispetçer funksiyasını yerinə yetirməsi ehtimalı tam şəkildə aradan qalxır. Xüsusilə qeyd olunmalıdır ki, Şahid izahatında baş verən dəyişiklik, ifadələrin mahiyyətindəki ziddiyyətdən deyil, şəxsin hüquqi vəziyyətini daha dəqiq ifadə etmək niyyəti ilə bağlı olmuşdur. Çünki, adıçəkilən şəxsin məhkəmədə verdiyi ifadəsi ümumi sübutlarla ziddiyyət təşkil etmədiyindən əlaqələndirilmiş, ardıcıl və inandırıcı hesab edilməlidir. İkincisi, Əmək münasibətinin mövcudluğunu sübut edən əsas elementlərdən biri əmək funksiyasının icra edildiyi mühitin və şəraitin kim tərəfindən təmin olunduğu məsələsidir. Əgər şəxs dispetçer kimi fəaliyyət göstərirdisə məntiqi və hüquqi baxımdan gözlənilən odur ki, bu obyekt ya birbaşa işəgötürən (şirkət) tərəfindən icarəyə götürülmüş olmalıdır, ya da işəgötürən həmin obyekti işçinin (şirkətdə rəsmi işləyən hər hansı bir işçi) istifadəsinə rəsmi olaraq təqdim etmiş, ona bu sahədə fəaliyyət göstərməyi tapşırmış olmalıdır. Başqa sözlə, əgər obyektin şirkətin işçisi kimi Şahid tərəfindən işlədildiyi iddia edilirsə, bu, obyektin şirkət tərəfindən icarəyə götürülməsi və ya rəsmi istifadəyə verilməsi faktı ilə təsdiqlənməlidir. Əks halda, bu fakt obyektin şirkətə aid olması və oradakı fəaliyyətin şirkətin nəzarətində həyata keçirildiyini sübuta yetirmir. Bu isə əmək münasibətlərinin və ya inzibati xəta tərkibinin mövcudluğunu təsdiqləyən hüquqi əsas yaratmır. Beləliklə, prokurorluğun istinad etdiyi həm ilkin izahat, həm də hadisə yerinə baxış protokolundakı qeyd əmək münasibətinin mövcudluğunu sübuta yetirəcək dərəcədə inandırıcı və hüquqi cəhətdən əsaslandırılmış sübut xarakteri daşımır. Əksinə, iş materiallarında yer alan sonrakı izahatlar, obyektin hüquqi statusu və dispetçer funksiyasının başqa şəxs tərəfindən icra olunması faktı göstərir ki, inzibati xəta tərkibi mövcud deyil. Bu əsaslarla inzibati icraata xitam verilməsi tam qanunidir və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2929/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2929/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver