Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3138/2025 13.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27568578 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27568578 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə 50 manat məbləğində cərimə edilmişdir. O, bu inzibati qərarla razı deyildir. Çünki, “yol hərəkəti haqqında qanunun” 40-cı maddəsinin 2-ci hissəsində deyilir ki, piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Yaşayış məntəqəsində 60km sürətdə hərəkət edən avtomobili piyada 100-135 m uzaqlıqda görəndən sonra o təhlükəsiz yolu keçə bilər. O, piyada keçidinə yaxınlaşanda piyada hərəkətsiz vəziyyətdə idi. Şəkildəndə görmək olar ki, o, yolu keçdikdən sonra piyada hərəkətə başlamışdır. Sürücü isə inzibati xətaya yalnız onda cəlb oluna bilər ki, o, keçidə yaxınlaşanda hərəkət istiqamətini və ya sürətini dəyişdirsin. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qanunun tələbinə əsasən, sürücü yalnız hərəkət istiqamətini yaxud trayektoriyasını dəyişdirdikdə cərimələnə bilər. Şəkillərdən də onun hərəkət istiqamətini ya trayektoriyasını dəyişdirmədiyi öz təsdiqini tapır. O, piyadanı görmüşdür, lakin piyadanın həmin zaman yolu keçib-keçməmək istədiyini o bilə bilməz. Həmçinin o yolu keçərkən piyada dayanmışdır. Odur ki, cəriməni qanunsuz hesab edir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 27568578 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə X3 İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat inzibati cərimə edilmişdir. Baş Dövlət Yol Polis İdarəsindən şifahi sorğu əsasında əldə edilmiş inzibati xəta hadisəsinin başvermə anını əks etdirən görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, video 9 saniyədən ibarətdir. Videonun 5-ci saniyəsində ağ rəngli avtomobil piyada keçidinin üzərindən keçdikdən sonra piyada piyada keçidinə daxil olur. X1 idarə etdiyi “Opel Zafira minik” markalı, 50EU729 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayandırmadan hərəkətinə davam edir. Opel Zafira minik” markalı avtomobil piyada keçidininin üzərinə çatdıqda yolu keçən piyadanın hərəkətə başladığı istiqamətdən 3-cü zolağın üzərində olması görünür. İXM-nin 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmçinin həmin maddənin Qeyd-nə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” qanunun 54-cü maddəsinin İ bəndində göstərilmişdir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, piyada nizamlanmayan piyada keçidinə daxil olduqdan sonra X3 idarə etdiyi “Opel Zafira minik” markalı, 50EU729 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətini davam etdirməklə həmin piyadaya yol verməmiş, bununla da İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 Аzərbаycаn Rеspublikаsı İХM-nin 330.0.1-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27568578 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27568578 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27568578 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3138/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3138/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver