Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3778/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsinin nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gədəbəy rayonu, B.Qaramurad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Beybi Hauz” uşaq bağçasının direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsi tərəfindən Şəxs barəsində İXM-in 544.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixində X4 Bakı Regional bölməsi tərəfindən Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54, mənzil 4-də yerləşən “Beybi Hauz” uşaq baxçasında planlı yoxlamanın həyata keçirilməsi üçün orqanın səlahiyyətli şəxslərini yoxlamaya buraxmamışdır. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, bu müəssisələrlə bağlı aparılan yoxlamalar planlı yoxlamalardır. “Beybi Hauz” uşaq bağçası ilə bağlı aparılan yoxlama zamanı yoxlamaya şərait yaradılmadığı üçün protokol tərtib edilmişdir. Bununla bağlı qarşı tərəfə bildiriş də göndərilmişdir. Bundan əvvəl isə ehtimal ki, plandankənar yoxlama olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, səyyar yoxlamalar bir ildən bir keçirilir. 18 aprel 2025-ci il tarixdə olan yoxlama planlı yoxlama olduğu üçün öncədən hansı tələblər yoxlanılacağı ilə bağlı suallar müəyyən edilmişdir. Qarşı tərəfə müvafiq sənədlər göndərilmiş, buna dair sübutlar vardır. Onlar qərarları, bildirişləri müəsissələrə sifarişli poçtla göndirirlər. 2023-cü ildəki protokol da planlı yoxlama ilə əlaqədar tərtib olunmuşdur. Həmin müəssisə öz VÖENİ-ni dəyişdirmişdir. Bağça əvvəllər “Beybi Haus” adlanmış, sonradan “Beybi Hauz” olaraq dəyişdirilmişdir. Sonuncu VÖEN-i **********10 olmuşdur. Riski müəyyən edərkən 3 kateqoriyaya baxılır. Onlardan biri kateqoriyanın müəyyən edilməsi, yəni yoxlanılan müəssisənin kiçik sahibkar, orta sahibkar və ya iri sahibkar olmasıdır. Onlar xanımı ən aşağı risk səviyyəsi ilə cəlb etmişlər. İkinci kateqoriya olaraq, yoxlamanın keçirilibkeçilməməsi ilə kateqoriyasını müəyyən edirlər, yəni həmin müəssisədə yoxlamalar keçirilibmi? Bundan əvvəl həmin müəssisədə yoxlama keçirilmiş, sadəcə olaraq VÖEN dəyişdiyinə görə xanımı yeni sahibkar kimi qeydə almışlar. Ona görə də, xanımı yüksək risk qrupuna daxil edə bilməzdilər. Əgər yüksək risk qrupuna daxil etsə idilər, baxça onlar üçün vacib olan siyahıda olardı. 2024-cü ildə planlı yoxlama olmamışdır. Burada Mətanət xanımın adı çəkilir və o, Mətanət xanımın özü ilə də, digər müfəttişlə də danışmışdır. Bu planlı yoxlamadır və planlı yoxlamanı isə aparat özü müəyyən edir. Əsaslı risk mikro sahibkar olması ilə əsaslandırılır. Nazirlər Kabinetinin 111 nömrəli qərarında göstərilir ki, hansı əsaslar olduqda mikro sahibkara bal verilir. Orada 10 bal üstünə gəlir. Qida subyekti olandan sonra fəaliyyət sahəsi uşaq bağçası göstərilir. Orada isə 20 baldır. Ümumilikdə 30 bal etməlidir ki, həmin bal əsasında sahibkarlıq əsasında aparılan yoxlamalarda hansı ballar hansı risk qrupuna düşməsi də görsənir. Müəssisədə yoxlama aparıb nöqsanlar aşkar etsə idilər, orada gördükləri nöqsanlar əsasında risk qrupunu daha da qaldırardılar. Eyni zamanda bu dövriyyəyə də təsir edərdi. Belə olduğu halda iki il ərzində bir dəfə cəmi yoxlama apara bilərlər. Plandan kənar yoxlama dövriyyə planına salına bilməz. Əgər bağça planlı yoxlamaya salınıbsa o zaman mütləq şəkildə həmin müəssisədə yoxlama keçirilməlidir. Planlı yoxlamaya müəssisənin salınma qaydası Nazirlər Kabinetinin 111 nömrəli qərarında əks olunmuşdur. İqtisadiyyat Nazirliyinin qaydalarına əsasən bütün müəssisələr bu yoxlamaya alınmalıdır. Hansı müəssisələr alınırsa, əvvəllər həmin müəssisələrdə yoxlamanın aparılıb-aparılmaması nəzərdən keçirilir. Lakin adı qeyd edilən baxçada hələki bizim yoxlama aparmaq imkanımız olmamışdır, belə ki, sahibkar tərəfindən əvvəl də analoji halla rastlaşmışıq və Şəxs bir dəfə də eyni maddə ilə inzibati qaydada cərimələnmişdir. Sonda nümayəndə məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin yoxlayıcısı X3 öz səlahiyyətindən istifadə edərək, öz qohumunun baxçası üçün müştəri yığmaqdan ötrü fəaliyyətlərinə və imiclərinə zərər vurmağa çalışır. Daha əvvəl də bir neçə dəfə onları eyni formada məhkəməyə vermişlər. Lakin həmin şikayətlər təmin olunmamışdır. Yoxlanışla bağlı onlara icazə verməmiş, bundan sonra da icazə verməyəcəkdir. Tez-tez Azərbaycan Respublikasının X2 avtomobili müəssisənin qarşısına gəlib, Ədliyyə Nazirliyindən yoxlama ilə bağlı icazə aldıqlarını bildirmişlər. Onlar valideynlərin yolunu kəsib həqiqətə uyğun olmayan məlumatlar vermişlər. Bu aşkar şəkildə onların fəaliyyətinə kölgə salmaqdadır. Yoxlama səyyar yoxlama olsa da, onlar şəxsi prinsiplə gəlmişlər. Bundan başqa, 2023-cü ildə və 2025-ci ilin may ayında da yoxlamaya gəlmişlər. Müəssisə bütün standartlara cavab verir. Mətanət xanımın qohumunun müəssisəsi isə Ədliyyə Nazirliyi tərəfindən heç qeydiyyata belə alınmamışdır. Yoxlama gəlib uşaqları qorxudub, işçiləri narahat etmişdir. Mətanət xanım özü də bu gün məhkəmə prosesində iştirak etməli idi. Müəssisə 2008-ci ildən etibarən fəaliyyət göstərir. 2023-cü ildə Müəssisədə camış başı bişirilməsi ilə bağlı şaiyə də yaymışlar. Yoxlamalar pərakəndə şəkildə aparılmaqdadır. İlk dəfə uşaq bağçasını təsis etdiyi VÖEN hələ də fəaliyyətdədir. Asan imza ilə hər iki VÖEN-i birləşdirmişdir. “Beybi Hauz” bağçasının VÖEN-i **********-dir. Bağça 2008-ci ildən fəaliyyət göstərir. Həmin ərazidə qonşuluqda çox sayda uşaq bağçası vardır. Həmin bağçalarda da planlı yoxlama həyata keçirilib-keçirilməməsini bilmək istərdi. Burada şəxsi prinsip görünməkdədir. Qərəzli olaraq onun bağçası planlı yoxlama siyahısına salınmışdır. Qonşuluqda “Təkamül” adlanan uşaq bağçası vardır. Həmin bağçanın bağça kimi statusu da yoxdur. X2 əməkdaşı Mətanət xanım öz qohumunun bağçasına (Təkamül) görə bizi ləkələmək istəyir. Mətanət xanım AQTA-nın avtomobili ilə 2 dəfə bağçasının qarşısında 2 sutka oturmuşdur. Bu birbaşa qərəzli prinsipdir. Halbuki ona vaxt verilməli, 15 iş günü ərzində şərait yaratmalı idilər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlama gəlməzdən əvvəl onlara heç bir məlumat verilməmişdir. Qohumuna uşaq yığmaq niyyətini də özü ağzından qaçırmışdır. Müəssisənin təsisçisi özüdür və burada heç bir zəhərlənmə və ya başqa xoşagəlməz hal yaşanmamışdır. Əgər bu yoxlamalar hər il keçirilməlidirsə, nə üçün 2023-cü ilə qədər yoxlama olmamışdır. Məhz 2023-cü ildə Mətanət xanımın qohumu onların müəssisənin yaxınlığında “Təkamül” uşaq bağçasını açdıqdan sonra həmin yoxlamalar başlanılmışdır. O, 2-ci qrup əlildir və əməliyyat olunmuşdur. Yoxlama gələn zaman orada olmamışdır. Əməkdaşlar bağçanın zəngini çalmış və uşaqlara qorxu yaşatmışlar. Əksinə onlar bağçanın iş prinsipinə maneəçilik yaratmışlar. 2023-cü ildə məhkəmə qərarı ilə də cərimələnmişdir. 2008-ci ildən uşaq bağçası fəaliyyət göstərir. Bu vaxta qədər orada zəhərlənmə və ya digər pis hal baş verməmişdir. Mətanət xanımın niyyətinin öz bacısının bağçasına uşaq toplamaq üçün onları ləkələməkdir. O, bu istəyi bildiyindən AQTA-nın əməkdaşlarına yoxlama üçün şərait yaratmamışdır. Tərəflərində yoxlama aparılmasına heç bir maneəçilik yaradılmamışdır. Sadəcə olaraq qapı açılmamışdır. O, keçən iclasda da tələb etmişdir ki, ərazidə hansı bağçalarda planlı yoxlama keçirilibsə onu məhkəməyə təqdim etsinlər. Məhkəmədən hüquqlarının qorunması ilə əlaqədar ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. Yoxlamanın aparılması haqqında xx.xx.2025-ci il tarixli, YP-0276 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54, mənzil 4də yerləşən “Beybi Hauz” uşaq bağçasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı yoxlamanın keçirilməsi qərara alınmışdır.
5. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54, mənzil 4-də yerləşən “Beybi Hauz” uşaq bağçasında planlı yoxlamanın aparılması ilə bağlı ünvana gedilmiş, lakin bağçanın yerləşdiyi ünvanın qapısı bağlı olduğundan və yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır.
6. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54, mənzil 4-də yerləşən “Beybi Hauz” uşaq bağçasında planlı yoxlamanın aparılması ilə bağlı ünvana gedilmiş, lakin bağçanın yerləşdiyi ünvanın qapısı yenə də bağlı olduğundan yoxlama keçirilə bilməmiş, həmçinin bağça müdirəsi ilə əlaqə saxlanılan zaman yoxlamanın içəri buraxılmayacağı bildirilmişdir.
7. Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54, mənzil 4-də yerləşən “Beybi Hauz” uşaq bağçasına yoxlanış orqanının səlahiyyətli şəxsləri yoxlama yerinə buraxılmamışdır. Nəticədə Şəxs tərəfindən vəzifəli şəxs kimi İXM-in 544.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.
8. Yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli, YPK/0258-23 nömrəli qərardan görünür ki, ünvan 2-də yerləşən fiziki şəxs Şəxs fəaliyyət göstərdiyi obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar yoxlamanın keçirilməsi qərara alınmışdır.
9. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 2-də yerləşən “Baby House” uşaq bağçasına keçirilən baxış zamanı fiziki şəxs Şəxs yoxlama aparılmasına şərait yaratmamışdır.
10. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Baby House” uşaq bağçasının yerləşdiyi ünvan 2 ünvanında olan zaman fiziki şəxs Şəxs ilə əlaqə saxlanılmış və şəxs buna icazə vermədiyindən yoxlama baş tutumamışdır.
11. Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2-də yerləşən “Baby House” uşaq bağçasına yoxlayıcı orqanın səlahiyyətli şəxsləri yoxlama yerinə buraxılmadığından fiziki şəxs Şəxs İXM-in 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 1671/2023 nömrəli qərarından görünür ki, fiziki şəxs Şəxsn İXM-in 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 manat məbləğində cərimə edilmişdir.
13. Yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli, YPK/0430-23 nömrəli qərardan görünür ki, ünvan 2-də yerləşən fiziki şəxs Şəxs fəaliyyət göstərdiyi obyektdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar yoxlamanın keçirilməsi qərara alınmışdır.
14. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, ünvan 2-də yerləşən “Baby House” uşaq bağçasına keçirilən baxış zamanı fiziki şəxs Şəxs yoxlama aparılmasına şərait yaratmamışdır.
15. Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54, mənzil 4-də yerləşən “Beybi Hauz” uşaq bağçasında planlı yoxlamanın aparılması ilə bağlı ünvana gedilmiş, lakin bağçanın yerləşdiyi ünvanın qapısı bağlı olmuş, qapının zəngi vurulmasına baxmayaraq qapı açılmamış və yoxlamanın keçirilməsi mümkün olmamışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
16. Məhkəmə iş materiallarını proses iştirakçılarının verdikləri ifadələrini video materialla birgə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olduğundan təmin edilməlidir.
17. Belə ki, video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, “Beybi Hauz” uşaq baxçasında planlı yoxlamanın həyata keçirilməsi üçün X4 Bakı Regional bölməsinin səlahiyyətli nümayəndələri ard-arda iki gün baxçanın yerləşdiyi ünvana gəlsələr də səlahiyyətli quruma yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılmamışdır. Qeyd edilən hal baxçanın müdiri Şəxs tərəfindən də təsdiqlənmişdir. Şəxs yoxlamanın keçirilməsinə maneçilik törətməsini səlahiyyətli qurumun yoxlayıcısı X1 iştirakı ilə bağlasa da ona məhkəmə iclas zalında “Siz deyirsiniz ki, baxçanızda bütün qaydalara riayət edilir, onda nə üçün yoxlamaya icazə vermirsiniz? Axı Sizin dediyiniz qərəzi də ancaq yoxlamanın nəticəsi özünü doğrultduğu halda mənfi rəy verilərdisə bilmək olardı. Siz isə hər dəfə yoxlamaya maneçilik törətmiş bundan əvvəl də inzibati qaydada cərimələnmisiniz. Bunu nə ilə əlaqələndirərdiniz?” sualına Şəxs ancaq belə cavab vermişdir ki, X1 qərəzinə görə icazə verməmiş, yenə də icazə verməyəcəkdir və hesab edir ki, yoxlama qərəzli olmaqla ancaq onun baxçasında aparılır.
18. Məhkəmədə tədqiq edilmiş iş materiallarından isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 54, mənzil 4-də yerləşən “Beybi Hauz” uşaq bağçasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı yoxlamanın keçirilməsi ilə bağlı “Yoxlamanın aparılması haqqında” xx.xx.2025-ci il tarixli, YP-0276 nömrəli qərar qəbul edilmişdir. Məhkəmənin tələbi ilə əldə edilmiş poçt göndərişindən müəyyən edilmişdir ki, baxçada planlı yoxlama ilə bağlı qərar qarşı tərəfə göndərilmişdir. Səlahiyyətli orqanın qeyd olunan ünvana baxış üçün getmələrinə baxmayaraq, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində “Beybi Hauz” uşaq bağçasının qapısı bağlı olmuş, qapının zəngi dəfələrlə vurulmasına baxmayaraq yoxlamanın keçirilməsində iştirak edəcək səlahiyyətli şəxslər bağçaya daxil ola bilməmiş, daha sonra bağça müdirəsi ilə əlaqə saxlanılan zaman müdirə tərəfindən yoxlamanın içəri buraxılmayacağı bildirilmişdir. Həmin hal barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında verdiyi izahat və təqdim edilmiş görüntülərlə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs isə yoxlamanın “Beybi Hauz” uşaq bağçasına buraxılmamasını, səlahiyyətli orqana edilmiş təsir nəticəsində özünə və müəssisəyə qərəzli yanaşılma, bağçanın fəaliyyətini kölgə altına salma kimi göstərsə də, məhkəmədə səsləndirilən həmin fikirlər öz təsdiqini tapmamışdır. Bunun əksinə isə Azərbaycan Respublikasının X4 tərəfindən məhkəməyə ünvanlanmış, xx.xx.2025-ci il tarixli, 3-44/2-16-1533/2025 nömrəli məktubla müəyyən edilmişdir ki, yoxlamalar illik yoxlama planı əsasında həyata keçirilir və bu yoxlama 2025-ci il üçün təsdiq edilmiş illik plan üzrə 146 baxçanı əhatə edəcəkdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar Şəxs İXM-in 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübuta yetirməsinə kifayət etmişdir.
19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1.1.5-ci maddəsinə görə plan üzrə (növbəti) yoxlama dedikdə risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlama başa düşülür. Eyni Qanunun 9-cu maddəsinə görə plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək, orta və aşağı risk qruplarına bölünür. Sahibkarların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uyğun aparılır və yoxladığı bütün sahibkarlara şamil edilir. Yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz. Qanunun 15-ci maddəsində isə müəyyən edilir ki, plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. Qanunun 17-ci maddəsində göstərilir ki, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Qeyd edilən normaların təhlilindən müəyyən edilir ki, Azərbaycan Respublikasının X4 yoxlamanı tam qanunauyğun formada təşkil etmiş, belə ki, 2025-ci il üzrə 146 baxçada planlı yoxlama nəzərdə tutaraq bu barədə YP-0276 nömrəli, xx.xx.2025-ci il taixli qərar qəbul etmiş, risk qruplarını əvvəlcədən müəyyən edərək “Beybi Hauz” uşaq bağçasını aşağı risk qrupuna aid etmiş və yoxlama aparmazdan 12 gün əvvəl, xx.xx.2025-ci il tarixində yoxlamanın aparılmasına dair qərar barədə “Beybi Hauz” uşaq bağçasının ünvanına rəsmi məktub göndərmiş, həmin məktub xx.xx.2025-ci il tarixində ünvana çatsa da onun qəbulundan imtina olunmuş, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində səlahiyyətli orqanın nümayəndəsi tərəfindən yoxlama aparılmağa cəhd edilsə də baxça müdirəsi tərəfindən buna imkan yaradılmamışdır.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 544.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 544.1-ci maddəsi ilə tövsif edilmişdir.
21. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.
22. İXM-in 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə vəzifəli şəxs qismində inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.
24. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmir.
25. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.
26. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
27. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
28. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
29. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
30. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
31. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
32. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
33. Göstərilənlərə əsasən və İXM-in 17, 40, 43, 48-50, 110, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova