Məhkəmə qərarları › İş №3(001)-3876/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3876/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3876/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayətçi X4 iştirakı ilə, 24.07.1998-cı il tarixdə Kürdəmir rayonunun, Böyük Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, 6FKNHZM FİN-ə malik olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən tərtib edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi X8 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən tərtib edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X8 şikayətini onunla əsaslandırmışdır ki, “Legend” çay evini yeni icarəyə götürsə də həmin çay evi ilə bağlı hər hansı sənədləşmə işləri aparılmamışdır. 23 oktyabr 2021-ci il tarixdə “Legend” çay evində o, qardaşı və 2 yaxın dostları ilə bərabər qəlyan çəkirmişlər. Çay evində hər hansı bir müştəri olmamışdır. Hərbi xidmətdə, kontuzya aldıqdan sonra səhhəti hər gün pisləşir. O, qardaşını və dostunu çay evində qoyub səhhətilə bağlı evə gedib və təcili tibbi yardıma zəng etmişdir. O, gedəndən sonra polis əməkdaşları çay evinə gələrək onun barəsində cərimə yazmışlar. Qardaşı onu izahat verməsi tələb olunduğu üçün polis bölməsinə çağırmışdır. O isə səhhətinin pis olduğunu bildirmiş və bu səbəbdən qardaşından izahat alınmışdır. Polis əməkdaşları ona həmin izahata imza etməyi bildirmişlər. O, özünü yaxşı hiss edəndəndən sonra polis əməkdaşlarına hüquqi şəxs, yəni sahibkar olmadığını, çay evini 6-7 gündür icarəyə götürdüyünü bildirərək cərimənin çox yazılmasına etirazını bildirmişdir. Onun cəriməni ödəməyə maddi imkanı yoxdur. Özünün qazi və 3-cü dərəcəli əlil olmasının nəzərə alınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X8 şikayətini müdafiə edərək şikayətdə qeyd etdiyi xüsusatları təkrarlayaraq bildirmişdir ki, barəsində tərtib edilmiş 13.10.2021-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inslektoru, X7 tərəfindən qəbul edilmiş 13.10.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25.06.2021-ci il tarixli tibbi-sosial ekspert komissisayısinda sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 İİİ dərəcəli əlildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 09.01.2021-ci il tarixli travma haqqında arayışından görünür ki, X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı X3 kürək nahiyyəsindən dəlib, döş qəfəsinin ön divarının sol yarısından xaric olan və plevra boşluğuna nüfuz edən odlu silah yaralanması, Sol plevra boşluğunda toronoserfezi və Bilan üsulu ilə drenajator sonra vəziyyət, sol 4 və 5-ci qabırğa qövslərinin sağalma mərhələsində olan qəlpəli sınığı, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu ilə hospitalazasiya olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin 03.11.2021-ci il tarixli məktubundan görünür ki, X8 vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar olunmamışdır. İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda X4 hansı statusda inzibati məsuliyyətə cəlb edildiyi göstərilməsə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat miqdarında cərimə edilməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) onu inzibati məsuliyyətə cəlb edərkən qanunun vəzifəli şəxslərin inzibati məsuliyyəti ilə bağlı müddəalarına əsaslanmışdır, çünki ona təyin edilmiş cərimənin miqdarı həmin normanın tələblərinin fiziki şəxslər tərəfindən pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həddinə uyğun deyil. Məhkəmə vəzifəli şəxslərin inzibati məsuliyyətini tənzimləyən qanunvericiliyin müddəalarına diqqət yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin madənin qeyd hissəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarındakı izahına görə Kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, qanunun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərilərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. İş materiallarında X4 “Legend” çay evinin fəaliyyətini idarə etməsi, orada işləyən insanlar üzərində bu cür funksiya həyata keçirməsi (onlara rəhbərlik etməsi), vergi orqanında vergi ödəyicisi kimi uçota alınması və s. kimi funksiyaları icra etməsinə dair sübutlar və ona həmin funksiyaların verilməsinin hüquqi əsası qismində hüquqi aktlar (nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt) yoxdur. Y.H.Niyazovun “Legend” çay evinin fəaliyyətini idarə etməsi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən mötəbər dəlillərlə və birmənalı şəkildə sübuta yetirilməmişdır. Bundan başqa, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra tələblərinin pozulması da müəyyən edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə inzibati xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. İşdə olan 13.10.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokolu tərtib etmiş şəxs tərəfindən qanunun bu tələbi pozulmuş, inzibati xətanın mahiyyəti “211.1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir” kimi ifadə edilməklə konkretləşdirilməmiş, şikayətçidən izahat alınmadan işin halları ətraflı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda mütləq qaydada əks olunmalı hallar sadalanmışdır. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən tərtib edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi X5 tərəfindən qəbul edilmiş 23.10.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qəraı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar