Məhkəmə qərarları › İş №3(001)-5036/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5036/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5036/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(003)-2706/2023 nömrəli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, hüquqi səxs Şəxs MMC xx.xx.2019-ci il tarixli, **********4964 sorğu nömrəli bəyannamə üzrə 2950 ABŞ dolları (5015 manat) məbləğində qalıq vəsaiti müvəkkil bankdakı hesabına köçürməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2019-ci il tarixli, **********4964 sorğu nömrəli bəyannamə üzrə 2950 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Qeyd olunan faktla bağlı 29 sentyabr 2023-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində hüquqi səxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsi ilə 00800-00652/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə ki, Şəxs MMC-nin ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mala dair təqdim olunan xx.xx.2019-ci il tarixli, **********4964 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən ABŞ- da “Las İstanbul” LLC adlı idxalatçının ünvanına konsiqnasiya yolu ilə “İşıq lövhələri üzərində ad və ya ünvan yazılmış işıq tabloları və analoji məmulatlar” adlı yüklər ixrac edilmişdir. Lakin, ixrac edilən malın müqabilində 2950 ABŞ dolları məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, həmin xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Nəticədə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi 34/012/018417 nömrəli 19 iyun 2023cü il tarixli raport, X3 Gömrük İdarəsində rəsmiləşdirilən **********4964 sorğu nömrəli gömrük bəyannaməsi, müqavilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs vəkili Vəkil yazılı etiraz təqdim edərək göstərmişdir ki, Şəxs MMC Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxsdir. Şirkət öz vergi və gömrük intizamına görə seçilən hüquqi şəxslərdəndir. xx.xx.2019-cu il tarixli, **********4964 sorğu nömrəli bəyannaməsinə əsasən ABŞ-da “Las İstanbul” LLC adlı idxalçının ünvanına konsiqnasiya yolu ilə “işıq lövhələri üzərində ad və ya ünvana yazılmış işıq tabloları və anoloji məlumatlar” adlı yüklər ixrac edilmişdir. Həmin məhsulların dəyəri xx.xx.2019-cu il tarixdə alıcı tərəfindən "xxxx" ASC-də olan hesaba ödənilmişdir. Bundan 4 il sonra gömrük orqanının bu məsələ ilə bağlı inzibati xəta haqqında icraata başlaması əsassız və qanunsuzdur. Gömrük idarəsi işi araşdırmamış, ödənişin edilməsini bankdan dəqiqləşdirməmiş, aidiyyəti olmadığı halda özünü əsaslandırmaq üçün uzanan inzibati xəta anlayışına toxunmuşdur. İşin faktiki halları ilə sübut olunur ki, Şəxs MMC-nin ixrac etdiyi malların dəyəri 180 gün ərzində, yəni xx.xx.2019-cu il tarixdə alıcı tərəfindən ödənilmişdir. Hər bir halda xx.xx.2019-cu il tarixdə ixrac edilən malların dəyəri 180 gün müddətində, yəni xx.xx.2020-ci il tarixə qədər ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bunu nəzərə alsaq, əgər inzibati xəta törədilmiş olsa idi, inzibati tənbeh vermə haqqında protokol xx.xx.2021-ci il tarixə kimi tərtib edilməli idi. Lakin gömrük idarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, EP0121679 nömrəli inzibati xəta haqqında protokol qəbul edilərkən şirkət tərəfindən törədilmiş inzibati pozuntunu uzanan inzibati xəta hesab etmiş və həmçinin pozuntu aşkara çıxardığı müddətdən hesablanmışdır. Hazırkı halda Şəxs MMC tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. İnzibati xətanın tərkibi mövcud deyildir. Ona görə ki, ixrac edilmiş malın dəyəri qanunvericilikdə nəzərdə tutulmuş vaxtda ödənilmişdir. Gömrük orqanı heç bir araşdırma etməmişdir. Məsələyə uzanan inzibati xəta anlayışını aid etməklə malın bəyan etdiyi tarixin məlum olduğu idarə elektron qaydada məlumatlandığı halda bunu 4 il sonra aşkar etmişdir ki, guya belə bir pozuntu var. Qanun 180 gün, 1 il adlı müddət anlayışını ictimai münasibətlərin iştirakçılarını intizamlandırmaq üçün müəyyən etmişdir. İnzibati orqana aid olan müddətə orqan özü də riayət etməlidir. 1 illik müddəti ötürən idarə uzanan inzibati xəta anlayışından istifadə etməyə çalışmışdır. Uzanan inzibati xəta anlayışı isə Məcəlləyə əsasən malların dəyəri 180 gün ərzində ödənildikdən, həmçinin bu 180 günlük müddət bitdikdən sonrakı 1 il müddəti inzibati məsuliyyətə cəlb edilmə müddəti keçdikdən xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. Yəni uzanan inzibati xəta anlayışının Şəxs MMC ilə bağlı araşıdırılmadan qərar verilən hala heç aidiyyəti yoxdur. Bankın verdiyi arayışdan görünür ki, **********4964 YGB üzrə xx.xx.2019-cu il tarixində daxil olan 2827.32 USD (iki min səkkiz yüz iyirmi yeddi ABŞ dolları, otuz iki sent) vəsait üzrə bəyan olunmuşdur. 2827.32 USD (iki min səkkiz yüz iyirmi yeddi ABŞ dolları, otuz iki sent) üzrə vasitəçi banklar tərəfindən 22.68 USD (iyirmi iki ABŞ dolları, altmış səkkiz sent) xidmət haqqı tutulmuşdur və YGB üzrə silinmişdir. Yekunda YGB üzrə qalıq məbləğ 100 USD (bir yüz ABŞ dolları) təşkil edir. Məlumata əsasən hazırda həmin şirkət fəaliyyət göstərmir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs vəkili Vəkil etiraza uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC ilə “Las İstanbul” LLC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Şəxs xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən 2950 ABŞ dolları məbləğində “İşıq lövhələri üzərində ad və ya ünvan yazılmış işıq tabloları və analoji məmulatlar” adlı malları “Las İstanbul” LLC-yə ixrac etmiş, xx.xx.2019-cu il tarixində 2950 ABŞ dolları məbləğdən 2827.32 ABŞ dolları məbləğində pul vəsaiti şirkətin "xxxx" ASC-də olan bank hesablarına köçürülmüş, eləcə də həmin məbləğdən 22.68 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuş və yekunda isə 100 ABŞ dolları məbləğində pul malı ixrac etdikləri şirkət tərəfindən onların hesabına ödənilməmişdir. Həmin vaxtdan 4 il müddət keçdiyini, şirkətin hazırda mövcud olmadığını, keçən müddət ərzində həmin şirkətlə heç bir yazışmalar aparılmadığını bildirdi. Vəkil izahatında əlavə olaraq bildirdi ki, inzibati tənbeh vermə haqqında protokol xx.xx.2021-ci il tarixə kimi tərtib edilməli olduğu halda gömrük idarəsi tərəfindən Şəxs MMC barəsində protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, inzibati araşdırma aparılan zaman şirkətə bu barədə heç bir rəsmi məlumat verilməmiş, araşdırma onların iştirakı olmadan aparılmışdır. Qeyd edilənlərə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, **********4964 nömrəli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 14V-19 nömrəli müqaviləyə əsasən 2950 ABŞ dolları məbləğində “İşıq lövhələri üzərində ad və ya ünvan yazılmış işıq tabloları və analoji məmulatlar” adlı yüklər Şəxs tərəfindən “Las İstanbul” LLC-nin ünvanına bəyan edilməklə göndərilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilmədiyindən Şəxs MMC tərəfindən bəyan olunan **********4964 sorğu nömrəli gömrük bəyannaməsi ümumilikdə 2950 (iki min doqquz yüz əlli dollar) ABŞ dolları dəyərindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qoşma vərəqdə qeyd edilən gömrük bəyannamələri əsasında malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin 180 (yüz səksən) gün ərzində köçmədiyini nəzərə Şəxs MMC barəsində müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********4964 nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına xarici valyuta vəsaitlərinin köçürülübköçürülməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirilmiş və Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat’ bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş **********4964 nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2019-cu il tarixdə konsiqnasiya yolu ilə ixrac etdikləri malın müqabilində 2950 ABŞ dolları məbləğində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, 2950 ABŞ dolları xarici valyuta vəsaitinin xaricdən qaytarılması təmin olunmamışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixi əhatə edən Şəxs MMC barəsində “Konsiqnasiya əməliyyatları üzrə hesabat-test” dan görünür ki, 05.07.219-cu il tarixdə buraxılmış **********4964 sorğu nömrəli bəyannamə üzrə malların invoys və statistik dəyəri 2950 ABŞ dolları dəyərindədir. Qalıq məbləğ 2950 ABŞ dolları təşkil etməkdədir. Eyni zamanda həmin hesabatın sağ küncündə “Hesabat xx.xx.2022 17:18 tarixindən test mərhələsindədir. İstifadəsi məqsədəuyğun deyildir!” qeydi əks olunmuşdur. xx.xx.2023-cü il tarixli 00800-00652/23 nömrəli Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx.xx.2019-ci il tarixli, **********4964 sorğu nömrəli bəyannamə üzrə 2950 ABŞ dolları (5015 manat) məbləğində qalıq vəsaiti müvəkkil bankdakı hesabına köçürmədiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsi ilə bağlı kifayət qədər sübutlar toplandığından inzibati xəta haqqında işin baxılmağa verilməsi mümkün hesab edilmişdir. xx.xx.2023-cü il tarixli işin baxılmasının yeri və vaxtı barədə qərardaddan görünür ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə saat 09:40-da baxılacağı barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(003)2706/2023 saylı qərarından görünür ki, Vitam” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutuılmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üşün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, № PB/VB-OUT-04486-2023 nömrəli "xxxx" ASC tərəfindən Şəxs MMC-yə təqdim olunmuş arayışdan görünür ki, **********4964 nömrəli YGB xx.xx.2019-cu il tarixində daxil olan 2827.32 USD (iki min səkkiz yüz iyirmi yeddi ABŞ dolları, 32 sent) vəsait üzrə bəyan olunmuşdur. Əlavə olaraq qeyd olunmuşdur ki, 2827.32 USD (iki min səkkiz yüz iyirmi yeddi ABŞ dolları, 32 sent) üzrə vasitəçi banklar tərəfindən 22.68 USD (iyirmi iki ABŞ dolları,altmış səkkiz sent) xidmət haqqqı tutulmuşdur və YGB üzrə silinmişdir. Yekunda YGB üzrə qalıq məbləğ 100 USD (bir yüz ABŞ dolları) təşkil edir. Beləliklə, məhkəmə hazırki iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə səbəb olur və həmin xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə görə isə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Azərbaycan Respublikası Gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Hazırki iş materiallarından görünür ki, Şəxs MMC ilə “Las İstanbul” LLC arasında xx.xx.2019-cu il tarixli, 14V-19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə görə Şəxs xx.xx.2019-cu il tarixli, **********4964 nömrəli gömrük bəyannaməsinə əsasən 2950 ABŞ dolları məbləğində “İşıq lövhələri üzərində ad və ya ünvan yazılmış işıq tabloları və analoji məmulatlar” adlı malları “Las İstanbul” LLC-yə ixrac etmişdir. Lakin, Şəxs ixrac etdiyi malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, 2950 ABŞ dolları məbləğdən 2827.32 ABŞ dolları məbləğində pul vəsaitinin xx.xx.2019-cu il tarixində hesablarına köçürülməsini təmin etmiş, eləcə də həmin məbləğdən 22.68 ABŞ dolları məbləğində xidmət haqqı tutulmuş və yekunda isə 100 ABŞ dolları məbləğində pulun müvəkkil bankda olan hesablarına köçürülməsini hazırkı tarixədək təmin etməmişdir. Məhkəmə işin hallarını, eləcə də yuxarıda qeyd olunan sübutları nəzərdən keçirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan cəmiyyətin vəkili tərəfindən məhkəmədə irəli sürülmüş əməldə inzibati xəta tərkibinin olmaması barədə dəlillər özünü müdafiə xarakterli olmaqla təqdim edilmiş sənədlərlə və işin digər materialları ilə təkzib olunur. Belə ki, Şəxs ixrac etdiyi malların müqabilində 2827.32 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2019-cu il tarixində hesablarına köçürülməsini təmin etsə də, 100 ABŞ dolları məbləğində pulun müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs ixrac etdiyi məhsulun dəyəri olan 2950 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda, həmin məbləğdən 2850 ABŞ dolları vəsaitin köçürülməsini təmin etsə də, 100 ABŞ dolları məbləği bank hesabına köçürülməsini təmin etmədiyindən və həmin vəsaitin köçürülməsi üçün heç bir tədbir görmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə xaricə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi çıxış edir. Belə olan halda, qanunvericiliyin tələbinə görə malların ixracı bəyan edildiyi gündən qanunla müəyyən edilmiş 180 gün müddət ərzində müvafiq olaraq pul vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmədikdə, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa, “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquq pozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquq pozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquq pozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, “Azərbaycan Respublikası İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X2 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırki işin hallarından müəyyən edilir ki, Şəxs MMC ilə “Las İstanbul” LLC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 14V-19 nömrəli müqavilənin şərtlərinə əsasən Şəxs xx.xx.2019-cu il tarixli, **********4964 nömrəli gömrük bəyannaməsinə əsasən 2950 ABŞ dolları məbləğində “İşıq lövhələri üzərində ad və ya ünvan yazılmış işıq tabloları və analoji məmulatlar” adlı malları “Las İstanbul” LLC-yə ixrac etmiş, həmin ixrac etdiyi malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, 2950 ABŞ dolları məbləğdən 2850 ABŞ dolları məbləğində pulun müvəkkil bankda olan hesabına köçürülməsini təmin etsə də, həmin vəsaitdən 100 ABŞ dolları məbləğində pulun müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmişdir. Göründüyü kimi Şəxs tərəfindən mallar xx.xx.2019-cu il tarixli, **********4964 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək xaricə ixrac edilmişdir. Həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddətin 02 yanvar 2020-ci il tarixdə başa çatması nəzərə alındıqda, növbəti gün yəni xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində icraat aparılan Cəmiyyət həmin tarixdən İXM-nin 38.1-ci maddəsinə əsasən 1 (bir) il müddətində, yəni xx.xx.2021-ci il tarixədək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin, hazırda qeyd edilən qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Həmçinin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta hadisəsi səlahiyyətli orqan tərəfindən Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2023-cü il tarixli raportuna əsasən aşkar edildiyi qeyd edilmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, inzibati orqana malların ixrac edildiyi tarix məlum idi və həmin tarixdən etibarən 180 gün müddətində ixrac edilmiş malların dəyərinin müvəkkil bankın hesabına köçürülüb köçürülməməsini inzibati orqan araşdırmaq iqtidarında olmuşdur. Lakin inzibati orqan nə malların ixrac olunduğu xx.xx.2019-cu il tarixdən 180 gün müddətində, nə də həmin müddətin bitdiyi tarixdən bir il müddətində qeyd edilənləri araşdırmamış, hərəkətsizlik göstərmişdir. Sonradan inzibati orqan öz hərkətsizliyinə haqq qazandırmaq və inzibati məsuliyyətə cəlbetmə müddətinin keçmədiyi görüntüsü yaratmaq üçün həmin inzibati xətanın əsassız olaraq uzanan inzibati xətaya aid olmasını qeyd edərək inzibati mənsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra cəmiyyət barəsində formal olaraq inzibati araşdırma apararaq İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərədilməsi barədə protokol tərtinb etmişdir. Belə ki, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2023-cü il tarixli raportuna əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Vüsal Yusibov tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması qərara almış, konsiqnasiya əməliyyatları üzrə hesabatda – “hesabat xx.xx.2022, 17:18 tarixindən test mərhələsindədir, istifadəsi məqsədəuyğun deyildir” qeyd olunsa da, təhqiqat orqanının əməkdaşı həmin qeydi nəzərə almadan, heç bir əlavə araşdırma aparmadan (müvəkkil banka sorğu vermədən, sənədləri əldə etmədən, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dəvət etmədən, onun izahatını almadan və sübutlarını təqdim etməsinə şərait yaratmadan) xx.xx.2023-cü il tarixdə icraatı başa çatdıraraq elə həmin tarixdə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol tərtib olunduqdan sonra Şəxs MMC barəsində olan inzibati xəta haqqında işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə saat 09:40-da baxılacağı barədə xəbərdar edilmişdir. Göründüyü kimi inzibati orqan cəmiyyətin barəsində İXM-nin 483-cü maddəsi ilə protokol tərtib etdikdən sonra həmin cəmiyyətin nümayəndəsinin formal olaraq dəvət edilməsi barədə məktub göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasənişin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Vüsal Yusibov xx.xx.2023-cü il tarixdə icraatın başlanılması və inzibati araşdırmanın aparılması barədə qərardad qəbul etsə də, inzibati araşdırma aparmadan, hüquqi şəxsin nümayəndəsini dəvət etmədən, ona sübutlarını təqdim etmək imkanı yaratmadan elə həmin tarixdə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar