Məhkəmə qərarları › İş №3(001)-7566/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7566/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7566/2025 29.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi Nümayəndə iştirakı ilə Vəzifəli şəxs qismində X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 428.10-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra “Agentlik”) tərəfindən X6 barəsində İXM-nin 428.10-cu maddəsi ilə tərtib olunmuş 10 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə sosial şəbəkədə “kretin botox” xidmətinin 100 manatdan 39 manata endirildiyi barədə endirildiyi barədə reklamların yayımlandığı, lakin endirimin tətbiq edilmədiyi və həqiqəti əks etdirmədiyi müəyyən olunmuşdur. X1 istifadə etdiyi “with.mrs.gunay” adlı səhifədən edilməsi əsası ilə X6 barəsində İXM-nin 428.10-cu maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, vətəndaş X4 ərizə ilə Agentliyə müraciət edərək, sözügedən reklamda bütün saç modelləri üçün keratin botoks xidmətinin 100 manatdan 39 manata endirildiyi qeyd olunsa da, ondan 90 manat tələb olunduğunu bildirmiş, müraciətə baxılması ilə bağlı vergi ödəyicisi kimi qeydiyyata alınmış vəzifəli şəxs olan X5 məlumat verilmiş, onun iştirakı ilə məsələ araşdırılmış və keratin-botoks xidmətinin Güyan Adişova tərəfindən 39 manata göstərilmədiyi müəyyən edilmiş, beləliklə hazırki protokol tərtib olunmuşdur. Hazırda protokolu müdafiə edir və G.S.Adişova barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə barəsində icraat aparılan X5 “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Buna görə də, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki: - X4 ərizə ilə Agentliyə müraciət edərək bildirmişdir ki, 29 iyul 2025-ci il tarixdə “with.mrs.gunay” adlı rəsmi instagram hesabında reklam yerləşdirilmişdir. Həmin reklamda bütün saç modellərinə endirim olduğu, keratin botoks xidmətinin 100 manatdan 39 manata endirildiyi qeyd edilmişdir. Bununla bağlı o, bu xidmətin göstərilməsi üçün həmin gün salona getmiş, salonda bu xidmətin 90 manata göstəriləcəyi bildirilmiş, o isə etiraz edərək xidmətdən imtina etmişdir. - “İnstagram” sosial şəbəkəsində “with.mrs.gunay” adlı səhifənin paylaşımında keratin botoks xidməti ilə bağlı qiymətin 100 manatdan 39 manata endirildiyi göstərilmişdir. - Agentlik tərəfindən X5 ünvanlanmış 30 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Günay Adişova “Rəşad color” adlı gözəllik salonunda vizajist olaraq fəaliyyət göstərir, “İnstagram” sosial şəbəkəsində “with.mrs.gunay” adlı səhifə ona məxsusdur. Həmçinin, həmin məktubda göstərilmişdir ki, tərəfinizdən yayımlanmış “bütün saç modellərinə “keratin botox” xidmətinin 100 manatdan 39 manata endirildiyi” məzmunlu reklamlarda qeyd edilən endirimin tətbiq edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar onun barəsində İXM-nin 428.10-cu maddəsi ilə protokolun tərtib edilməsinə iştirakı üçün xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Agentliyin inzibati binasına gəlməsi xahiş olunmuşdur. - Vergi ödəyicisi kimi qeydə alınmış və fəaliyyət göstərən fiziki şəxs X6 (xidmət göstərən) ilə eyni qaydada qeydə alınmış və fəaliyyət göstərən X3 (sifarişçi) arasında bağlanmış 01 may 2025-ci il tarixli, 05/25 nömrəli “stilist vizajist xidmətinin göstərilməsi haqqında” müqavilədən görünür ki, sifarişçi stilist vizajist xidmətinin göstərilməsini sifariş verib xidmət göstərənə razılaşdırılmış xidmət haqqı ödəməyi, xidmət göstərən isə sifarişçinin müəyyən etdiyi qaydada xidmət göstərməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 01 saylı əlavə hesab edilən “qiymət razılaşdırılması protokolu”nda stilist vizajit xidmətinin 1 nəfər üçün məbləği 45 manat olaraq müəyyənləşdirilmişdir. Məhkəmə protoklu tərtib etmiş qurumun nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, nümayəndənin izahatı və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İXM-nin: - 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” - 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır. Həmin Qanunun 7.1.4-cü maddəsinə əsasən reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə bu cür reklam qeyri-dəqiq reklam hesab olunur. Qeyri-dəqiq reklama yol verilmir. İXM-nin 428.10-cu maddəsinə əsasən bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 26 sentyabr 2025-ci il tarixdə X5 məxsus “with.mrs.gunay” instaqram səhifəsində yayımlanan reklamda keratin botoks xidmətinin endirimli qiymətinin 39 manat təşkil etdiyi qeyd edilsə də, həmin tarixdə bu xidmətin göstərilməsi üçün 90 manat tələb olunmuşdur. Bununla da, X6 tərəfindən reklam haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. İXM-nin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından göründüyü kimi X6 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxsdir. Bu səbəbdən o, qanunvericiliyə əsasən vəzifəli şəxs hesab edilməli və vəzifəli şəxs kimi İXM-nin 428.10-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X2 törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İXM-nin 428.10-cu maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar