Məhkəmə qərarları › İş №3(001)-7657/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7657/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7657/2025 27.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən onun İXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, “o, AR İXM-nin 233.1 -ci maddəsi ilə təqsirli bilinib AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli MN1896934 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati Xəta faktı xx.xx.2025-ci il tarixdə aşkarlanmış, inzibati xəta barədə protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, inzibati tənbeh vermə barədə qərar isə xx.xx.2025-ci il tarixində qəbul edilmişdir. Eyni zamanda onlara ünvanlanan məktubda, protokolun surəti məktuba əlavə edilməmiş, yalnızca qərar göndərilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında AR Qanunnun aşağıdakı tələbləri pozulmaqla İnzibati Tənbeh vermə barədə qərar qəbul edilmişdir. 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - Qanunun mənasına görə, rəhbəri olduğum müəsissədə aparılan monitorinq sahibkarlıq sahəsində aparılan yoxlamalara aid edilməlidir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Müvafiq yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, buna görə də səlahiyyətli orqan tərəfindən məsuliyyət tədbirləri aparda bilməz və apardan yoxlamaların hüquqi nəticəsi yoxdur. 16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. - qeyd edilən normalar da səlahiyyətli orqan tərəfindən pozulmuşdur. Hesab edir ki, barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilərkən qanuna zidd olaraq əldə edilən sübutlardan istifadə edildiyi üçün, məhkəmə tərəfindən icraat xitam verilməlidir. Odur ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş, xx.xx.2025-ci il tarixli MN1896934 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsi barədə yeni qərar qəbul edilməsi məkhəmədən xahiş olunmuşdur.” Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verilməmişdir. Belə olan halda məhkəmə səlahiyyətli orqanın nümayəndəsi olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata məhkəmə qərarı ilə xitam verilmiş, məhkəmənin sözügedən qərarından səlahiyyətli orqan tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin icraata xitam verilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd etməlidir ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İXM-in 101-ci maddəsində nəzərdə tutulmuş tələblər pozularaq xəta xx.xx.2025-ci il tarixdə aşkar edildiyi halda inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa sahibkarlıq sahəsində aparılan yoxlamalar müvafiq məlumat reyestrində qeydə alınmalı olduğu halda bu tələbə əməl edilməmiş, bununla bağlı heç bir çıxarış və ya reyestr mövcud deyildir. Eyni zamanda inzibati xətanın aşkar edilməsində istifadə edilmiş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da iş materiallarında mövcud deyildir. Əlavə olaraq ərazidə 3 zavod fəaliyyət göstərir, digər 2 zavodda yoxlama aparılmamış və ziddiyyətli halda ətrafa atılan zərərli maddələrin miqdarının normadan artıq olmasının yalnız "xxxx" MMC-nin fəaliyyətindən qaynaqlandığı qənaətinə gəlinmişdir. Odur ki, məhkəmədən şikayətin təmin olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi-müfəttiş X4 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus, Qoşqar küçəsində yaşayan Saleh Məmmədov adlı vətəndaş Nazirliyin 168 çağrı mərkəzinə və Elektron ünvan elektron poçt ünvanına şikayətlə müraciət edərək yaşadığı evin yaxınlığında yerləşən beton zavodun tozunun narahatlıq yaratmasını bildirmişdir. Həmin vətəndaşın şikayəti Nazirliyin X6 Monitorinq İdarəsinin mütəxəssislərilə birgə araşdırılmışdır. Şikayətin araşdırılması məqsədilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus beton zavodunda atmosfer havasına atılan toz hissəciklərinin miqdarını təyin etmək məqsədilə müvafiq ölçmə - monitorinq işləri həyata keçirilmişdir. Monitorinq nəticələrinə görə atmosferə atılan toz hissəciklərinin miqdarının ətraf mühit üçün yol verilən hədd normadan artıq olduğu müəyyən edilmişdir. İşlə bağlı akt şəxsən onun tərəfindən tərtib edilmişdir. Araşdırma zamanı Ağaəmi Balaəmi oğlu özü də səmimi şəkildə qeyd olunan ünvanda beton zavodu işlətdiyini, istehsal zamanı əmələ gələn tozun qarşısının alınması məqsədilə qurğunun quraşdırılacağını bildirmişdir. Hüquqi şəxs barəsində də protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən icraata xitam verilməsi barədə qərar qəbul edilmiş, lakin həmin qərardan apellyasiya şikayəti vermişlər. İnzibati xəta haqqında protokolda xüsusi texniki vasitənin adı göstərilmiş, lakin sertifikatın verilmə tarixi qeyd edilməmişdir. Monitorinq aparılan ərazidə yanaşı 3 beton zavod yerləşir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus beton zavod isə ən başda, yəni şikayət etmiş Saleh Məmmədovun evinə çox yaxın yerləşir. Eyni zamanda orada xüsusi qurğu və ya filtr olmadığı üçün ətraf mühitə toz çox buraxılır. Buna görə də, inzibati xəta haqqında protokol tərtib etmişlər. Kalibrilənmədən sonra həmin ərazidə yenidən yoxlama aparacaqlar, bunun üçün məhkəmənin yekunlaşmasını gözləyirlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyi 3 zavoddan yalnız "xxxx" MMC-də yoxlama aparıldığını və yoxlamanın zavodun daxilində deyil ətrafında aparılmasını, həmçinin ətraf mühitə buraxılan tozun miqdarının yol verilə bilən normativləri barədə qəbul edilmiş hüquqi aktın mövcudluğu barədə araşdırma aparmalarına baxmayaraq bununla bağlı hansı hüquqi aktın qəbul edildiyinin müəyyən edilə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması nəticəsində X2 İXM-nin 233.1-ci maddəsini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Monitorinq İdarəsi və 11 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Fətəli Eyyubov, Natiq Rəsulov və Vasif Əşrəfov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ətraf ərazisində saat 20:10-dan 20:40-dək ekoloji monitorinq keçirilmişdir. Aeroqual səyyar cihaz vasitəsilə toz çirklənməsi ölçüldü. Ölçmənin nəticələrinə görə həmin ərazidə toz PM 2.5-33.8 mkq/m3 (norma:25 mkq/m3), PM 10- 171.1 mkq/m3 (norma:50 mkq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Əraziyə vizual baxış zamanı toz çirklənməsi müşahidə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Vasif Əşrəfov və Nümayəndə2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 9-cu korpus, Qoşqar küçəsi sakini Saleh Məmmədovun yaşadığı evin yaxınlığında yerləşən beton zavodun tozunun narahatlıq yaratması barədə Nazirliyin 168 çağrı mərkəzinə və Elektron ünvan elektron poçt ünvanına daxil olmuş şikayəti Nazirliyin X6 Monitorinq İdarəsinin mütəxəssisləri ilə birgə tərəflərindən yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədar vətəndaşın yaşadığı evin yaxınlığında yəni Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, 9-cu korpusda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus beton zavodunda atmosfer havasına atılan toz hissəciklərinin miqdarını təyin etmək məqsədilə müvafiq ölçmə - monitorinq işləri həyata keçirilmişdir. Monitorinq nəticələrinə görə atmosferə atılan toz hissəciklərinin miqdarı PM 2.5-33.8 mkq/m3 (norma:25 mkq/m3), PM 10-171.1 mkq/m3 (norma:50 mkq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normadan artıq olduğu müəyyən edilmişdir. Araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X2 yazılı izahat verərək, qeyd olunan ünvanda beton zavodu işlətdiyini, istehsal zamanı əmələ gələn tozun qarşısının alınması məqsədilə qurğunun quraşdırılacağını bildirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 7179/2025 saylı qərarından görünür ki, hazırda törədilməsi istinad edilən xəta ilə bağlı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-3159/2025 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-7179/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin nümayəndəsini dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırda törədildiyi istinad edilən inzibati xətaya görə hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(001)-7179/2025 saylı qərarı ilə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Hazırki halda səlahiyyətli orqan X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə inzibati xəta törətməsi qərarına gəlmiş və onu inzibati tənbeh etmiş, həmçinin də hüquqi şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə isə inzibati xəta hadisəsinin mövcud olmadığı qənaətinə gəlmişdir.Nəzərə alınmalıdır ki, sözügedən hal bəraətverici əsasdır və qeyd edilən halda vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqi şəxsin barəsində aparılan icraata xitam verilməsi yaxud əksinə qərarların qəbul edilməsi mümkün deyildir. Çünki sözügedən halda hər hansı bir inzibati xətanın mövcudluğu istisna edilir və bu halda hansısa məsuliyyət tədbirindən söhbət gedə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin qərarından səlahiyyətli orqan tərəfindən verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)- 3159/2025 saylı qərarı ilə təmin edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-ci maddəsinə əsasən yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4.1-ci maddəsinə əsasən Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. 4.2. Yoxlamalar aşağıdakı prinsiplər əsasında aparılır: 4.2.1. qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq; 4.2.2. sahibkarın təqsirsizlik prezumpsiyası; 4.2.3. yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı; 4.2.4. sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi; 4.2.5. yoxlamanın yoxlayıcı orqanın səlahiyyətinə uyğunluğu; 4.2.6. eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması; 4.2.7. yoxlamanın təşkili və aparılması barədə normativ hüquq aktların və digər məlumatların sahibkar üçün açıqlığı; 4.2.8. yoxlamalar zamanı normativ hüquqi aktların tələblərinin pozulması nəticəsində sahibkara dəyən zərərə görə yoxlayıcı orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 4.2.9. qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü; 4.2.10. yoxlamanın yoxlayıcı orqan tərəfindən maliyyələşdirilməsi; 4.2.11. yoxlama səlahiyyətinə malik vəzifəli şəxslərin yüksək peşəkarlığı; 4.2.12. yoxlamalar sahəsində risklərin idarə olunması sisteminin və yoxlama suallarının siyahısının tətbiqi; 4.2.13. yoxlayıcı orqanların fəaliyyətinə nəzarətin (o cümlədən daxili nəzarətin) həyata keçirilməsi; 4.2.14. yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi; 4.2.15. yoxlanılan bütün sahibkarların hüquq və qanuni mənafelərinin bərabərliyi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sahibkarlıq subyektlərində aparılan istənilən yoxlama, o cümlədən monitorinq xarakterli tədbir, yoxlamaların Vahid Məlumat Reyestrində dövlət qeydiyyatına alınmalıdır. Qanunun 3.1-ci maddəsində açıq şəkildə göstərilir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparıla bilər, 3.2-ci maddəsinə görə isə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamalar hüquqi nəticə doğurmur və belə yoxlamaların nəticələri əsasında heç bir məsuliyyət tədbiri tətbiq edilə bilməz. Bu tələbin məqsədi sahibkarların qanuni maraqlarının qorunması, yoxlamaların şəffaf və hesabatlı qaydada aparılması, eyni zamanda dövlət nəzarət orqanlarının fəaliyyətinə nəzarətin təmin edilməsidir. Reyestrdə qeydiyyatın aparılmaması yoxlamanın qanuniliyini şübhə altına alır və həmin yoxlamadan əldə edilən nəticələri etibarsız sübut statusuna salır. Hazırkı iş üzrə də X1 vəzifəli şəxsi olduğu "xxxx" MMC barəsində aparılan monitorinq tədbiri barədə Vahid Məlumat Reyestrinə hər hansı müraciət və ya çıxarış təqdim edilməmiş, bununla da, yoxlamanın qanuni əsasları təsdiqlənməmişdir. Digər bir məqam ondan ibarətdir ki, göstərilən monitorinq ölçmələri "xxxx" MMC-nin istehsal ərazisində deyil, müəssisənin çölündə yaşayış massivinə yaxın kənar ərazidə ölçülmüşdür. Bu zaman atmosfer havasında toz hissəciklərinin normadan artıq olmasının mənbəyinin konkret olaraq "xxxx" MMCyə məxsus istehsal fəaliyyəti ilə bağlı olmasını qəti şəkildə demək mümkün deyil, bu hal özlüyündə şübhə təşkil edir və şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Ətraf mühitə atılan zərərli maddələrin faktiki qaynağını müəyyənləşdirmək üçün məkan dəqiqliyi, yəni ölçmələrin birbaşa müəssisənin emissiya mənbəyində və ya istehsal qurğusunun yaxınlığında aparılması zəruridir. Lakin təqdim edilən monitorinq materiallarında ölçmələrin aparıldığı dəqiq nöqtə, koordinat və məsafə göstərilməmiş, yaxınlıqdakı digər zavodların emissiya səviyyələri müqayisə olunmamış, habelə havadakı tozun tərkib analizi (məsələn, sement tozu və ya başqa mənşəli toz olub-olmaması) aparılmamışdır. Beləliklə, ətraf mühitə atılan maddələrin məhz "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqəli olduğu hüquqi baxımdan müəyyən edilməmişdir. Həmçinin inzibati məsuliyyətin tətbiqi üçün təkcə atmosferə atılan zərərli maddələrin miqdarının ölçülməsi kifayət deyil, inzibati orqan həm də sübut etməlidir ki, həmin miqdar mövcud qanunvericiliklə müəyyən edilmiş yol verilə bilən normativləri aşmışdır. Bunun üçün inzibati orqan tərəfindən konkret normativ əsas, yəni hansı qayda, standart və ya normativhüquqi aktla bu həddin müəyyən edildiyini göstərməli olsa da, buna əməl edilməmişdir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda X1 İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmir, buna görə də, o inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X1 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X3 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar