Məhkəmə qərarları › İş №3(001)-7843/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7843/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7843/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X12 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, X5 xx.xx.2025-ci il tarixdə çalışdığı "xxxx" MTK-da gözətçi işindən azad olunduqdan sonra əlavə saatlarda işləməsi və buna görə ona əlavə pul verilmədiyindən şikayət edərək Əmək Müfəttişliyinə müraciət etmişdir. Müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı müraciətində yuxarıda qeyd edilən məzmunda şikayətinə baxılmış və müvafiq arayış təqdim edilmişdir. Bu məqsədlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X11 xx.xx.2025-ci il tarixli MN ******* inzibati tənbeh tətbiq etmə haqqında qərar tərtib etmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi işəgötürən tərəfindən təqdim edilmiş sənədləri bu barədə şikayət olunmadığına baxmayaraq, araşdıraraq guya bayram və qeyri iş günlərində görülən işə görə əmək haqının qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmadığı və bayram günü qabağı iş vaxtının müddətinin bir saat qısaldılmadığı əsası ilə yenidən xx.xx.2025-ci il tarixdə ******* nömrəli qərar qərarla kooperativin sədri barəsində cərimə tətbiq etmişdir. Lakin şikayətçinin özünün rəsmi olaraq yazdığı izahatında əmək kitabçasını və sonuncu haqq-hesabını aldığını bildirərək kooperativə qarşı hər hansı bir tələbinin olmadığını bildirmişdir. Buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi müxtəlif bəhanələrlə kooperativin sədri barəsində xx.xx.2025-ci il tarixli MN ******* inzibati tənbeh tətbiq etmə haqqında Qərarla inzibati qaydada cərimə etmişdir. Aşağıda qeyd edəcəyi səbəblərdən barəsində tərtib edilmiş qərarın qanunsuz və əsassız olması səbəbindən ləğv edilməli olduğu qənaətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Lakin qeyd etdiyi kimi həmin qərar və protokol ona rəsmi qaydada səlahiyyətli qurum tərəfindən göndərilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60-cı maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmalıdırlar. İş materiallarından göründüyü kimi onun ünvanına heç bir bildiriş göndərilməmişdir. İXM-in 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bu isə yuxarıda qeyd edildiyi kimi inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməli olması barədə qanunun impeativ normasının pozulmasının əyani sübutudur. Həmçinin məhkəmənin diqqətinə bir məqamıda çatdırmaq istəyir ki, İXM-nin 103.1- ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi qanunvericiliyin bu tələbidə inzibati orqan tərəfindən pozularaq xx.xx.2025-ci il tarixdə tərtib edilmiş protokol üzrə xx.xx.2024-cü il tarixdə inzibati qərar qəbul edilmişdir. Həm protokol və həmdə qərar da şikayətçi Talib Məhərrəmovun bayram günlərində işə cəlb edildiyi lakin ona əlavə əmək haqqı ödənilmədiyi qeyd edilmişdir. Lakin müfəttişliyin araşdırmadığı əsas məsələ ondan ibarətdir ki, Kooperativ tərəfindən xx.xx.2024-cü il tarixdə istirahət, bayram və iş günü hesab edilməyən digər günlərdə işə cəlb edilmiş işçilərə Əmək Məcəlləsinin 164-cü maddəsinin 1 və 2-ci bəndləri əsasında əmək haqqı əvəzinə başqa istirahət günü verilməsi ilə bağlı əmr verilmişdir. Həmin adıçəkilən əmrlə işçilərə istirahət, bayram və iş günü hesab edilməyən digər günlərdə işə cəlb edilmiş işçilərə Əmək Məcəlləsinin 164-cü maddəsinin 1 və 2-ci bəndləri əsasında əmək haqqı əvəzinə başqa istirahət günü verilmişdir. Həmçinin səlahiyyətli orqan inzibati qərar qəbul edərkən kooperativin bu sahəyə məsul olan aidiyyəti şöbəsi və onun kadrlar üzrə mütəxəssisini vəzifəli şəxs kimi cəlb etmək əvəzinə heç bir araşdırma aparmadan kooperativin sədrini məsuliyyətə cəlb etmişdir. Göründüyü kimi işə qəbul barədə əmək müqaviləsi bildirişində kooperativin sədr müavini qeyd edilməsinə baxmayaraq, müfəttişlik heç bir araşdırma aparmadan onun barəsində qanunsuz qərar qəbul etmişdir. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Belə ki, ümumiyyətlə işə qəbul və işdən azad edilmə barədə mövcud qanunvericiliyə əsasən əmək müqavilələri bildirişində qeyd edildiyi kimi kooperativdə işə qəbul və işdən azad edilmə sahəsinə elektron imza ilə ƏMAS sisteminə aidiyyəti şəxslər tərəfindən daxil edildiyi halda nədənsə nəzarət etdiyi halda Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi əsassız olaraq Kooperativin sədri barəsində protokol tərtib etmişlər. Belə ki, kooperativin sədri ümumilkdə kooperativə fəaliyyətinə nəzarət edir. Hazırda kooperativin minlərlə əməkdaşı əmək fəaliyyəti göstərərək rəsmi qaydada əmək haqqı alır. Səlahiyyətli orqan inzibati qərar qəbul edərkən kooperativin bu sahəyə məsul olan aidiyyəti şəxslərini müəyyən etməmiş və məhkəmədə bu fakta münasibət bildirmədən yekunda qanunsuz qərar qəbul edərək əsassız olaraq kooperativin sədrini məsuliyyətə cəlb etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirdi ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, X6 həqiqətən də bayram günlərində - 08 noyabr 2024, 09 noyabrın əvəzi olaraq 11 noyabr 2024-cü il tarixdə işə cəlb edilmiş lakin əvəzi ödənilməmişdir. Bu səbəbdən də vəzifəli şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X2 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığını nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 əmək haqqının hesablanıb ödənilməsində Əmək Məcəlləsinin 184-cü maddəsinin tələbinin pozulduğu, bayram günlərində işlərə cəlb edilməsinə görə əmək haqqlarına əlavələr hesablanıb ödənilmədiyinə görə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə təqsirli bilinmiş və 1500 manat məbləğində inzibati cərimə edilmişdir. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, "xxxx" MTK-da gözətçi işləyərkən istirahət və bayram günlərində işə cəlb edildiyini, lakin həmin günlərə görə əmək haqqına əlavələr ödənilmədiyini bildirərək, əmək haqqının yenidən hesablanmasını xahiş etmişdir. "xxxx" MTK tərəfindən tərtib olunmuş davamiyyət cədvəlindən görünür ki, X6 2024cü ilin noyabr ayının 8-i və 11-i işlərə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən Zəfər Günü (noyabrın 8-i) və Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u) Azərbaycan Respublikasının bayramlarıdır. 105.2-ci maddəsinə əsasən Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir. 105.3-cü maddəsinə əsasən iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. 105.5-ci maddəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. 164.1-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. 164.2-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, 08 noyabr 2024-cü il X14 Məcəlləsinin 105.1 və 105.2-ci maddələrinə əsasən iş günü hesab edilməyən rəsmi bayram günüdür və həmin gün işə cəlb edilən işçiyə 164.1-ci maddəyə uyğun olaraq ən azı ikiqat əməkhaqqı ödənilməli idi. 9 noyabrın şənbə gününə düşməsi səbəbindən həmin Məcəllənin 105.5-ci maddəyə əsasən bayram gününün kompensasiyası kimi 11 noyabr 2024-cü il tarixinin iş günü sayılmaması tələb olunur və həmin gün işə cəlb edilmə də bayram günü ilə eyni qaydada qiymətləndirilməli, 164-cü maddə üzrə ən azı ikiqat əməkhaqqı verilməli idi. Bu günlərin hər ikisi üzrə əməkhaqqının ümumiyyətlə ödənilməməsi işəgötürənin Əmək Məcəlləsinin 105.2, 105.3, 105.5, 109 və 164-cü maddələrini pozması deməkdir və işçi hər iki gün üzrə ikiqat əməkhaqqısı tələb etmək hüququna malikdir. Əgər vəzifəli şəxs X4 iddia edirsə ki, işçinin işə cəlb olunduğu bayram günləri digər günlərlə əvəz edilib, bunu təsdiq edən əmr və ya daxili sənədi məhkəməyə təqdim etməli idi. Halbuki məhkəmə üç ayrı iclas keçirərək tərəflərə özlərində olan bütün sübutları təqdim etmək üçün kifayət qədər imkan yaratmış, lakin şikayətverən məhkəmə iclaslarında iştirak etməyərək həmin iddianı təsdiq edən heç bir sənədi təqdim etməmişdir. Əmək Məcəlləsinin 164.2-ci maddəsinə əsasən işçinin istəyi ilə əvəz edici istirahət günü verilməsi məcburidir və belə əvəzlənmə yalnız müvafiq əmrlə rəsmiləşdirilə bilər, belə sənəd təqdim edilmədiyindən işəgötürənin iddiası sübutsuz qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət formal xarakter daşıyır, şikayət verən öz mövqeyini təsdiq edən hər hansı sənəd və ya hüquqi arqument təqdim etmədiyindən, şikayət məzmunca boş olmuş və məhkəmənin qiymətləndirə biləcəyi faktiki və hüquqi baza formalaşdırılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyil və şikayət təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar