Məhkəmə qərarları › İş №3(001)-8836/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8836/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8836/2025 19.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi ilə X1 barəsində qəbul edilmiş 06 noyabr 2025-ci il tarixli, EQ 31805954 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: 06 noyabr 2025-ci il tarixli, EQ 31805954 nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2ci maddəsi ilə (ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) təqsirli bilinərək 40 manat cərimə edilmişdir. O.V.Xudatlı həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında qərar qəbul edilməsinə əsas olaraq sürücünün Bakı-Quba yolunun 6,5-ci km.-də ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durması göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən, həmin qərar ləğv edilməlidir:

1. İlk öncə qeyd edilməlidir ki, sözügedən qərarın qəbul edilməsinə səbəb olmuş fotoşəkillərdən də göründüyü kimi, O.V.Xudatlıya məxsus avtomobilin durması öz əksini tapmamışdır. Belə ki, yaxından şəkillər çəkilmiş, nəqliyyat vasitəsinin nömrəsi öz əksini tapsa da, həmin ərazinin ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası olduğu görünməməkdədir. Uzaqdan çəkilmiş şəkillərdə isə nəqliyyat vasitəsinin nömrəsi aydın görünməmişdir.

2. Növbəti hal isə ondan ibarətdir ki, hətta fərz etsək ki, şəxs nəqliyyat vasitəsi ilə həmin ərazidə durmuşdur, yenə də sözügedən qərarın qəbul edilməsi tamamilə qanunsuzdur. Belə ki, müvafiq dövlət orqanı tərəfindən yolların nişanlanmasının məqsədi hərəkətin nizamlanması, yol istifadəçilərinin xəbərdar edilməsi və ya istiqmaətləndirilməsidir və bu nişanlama digər yol nişanları ilə birlikdə onların tələblərinin dəqiqləşdirilməsi məqsədilə tətbiq edilir. Lakin, fotoşəkillərdən də göründüyü kimi, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasını əks etdirən yol nişanı isə yol kənarında deyil, ondan ən azı 10 metr kənarda yerləşdirilmişdir. Bu isə həmin nişanın yol hərəkəti istifadəçiləri tərəfindən görünməsini mümkünsüz edir. Yol nişanlanmasının əsas məqsədinə - yol hərəkəti iştirakçısının yolun nizamlanması ilə bağlı məlumatlandırılmasına birbaşa ziddir. Yanlış nişanlanmadan dolayı yol hərəkəti iştirakçılarının məsuliyyətə cəlb edilməsi, onlara müvafiq tənbeh tədbirlərinin tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır.

3. Əlavə olaraq qeyd edilməlidir ki, Bakı-Quba yolunun 6,5 km. ünvanının dayanacaq meydançası olduğunun yol hərəkətində iştirak edən şəxslər tərəfindən müəyyən edilməsi demək olar ki, mümkün deyildir. Çünki, həmin ərazi həm ümumi istifadədə olan, həm taksi fəaliyyəti ilə məşğul olan, həm də şəxsi istifadədə olan nəqliyyat vasitələrinin dayandığı və durduğu ünvandır. Fotoşəkildən də aydın olduğu kimi, qeyd edilən ərazidə dayanan və duran avtomobillərin əksəriyyəti də məhz şəxsi istifadədə olan nəqliyyat vasitələridir. Bu hal isə həmin ərazinin həqiqətən də ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası olduğu reallığının əks etdirməməsinin, bir ncəki əsaslandırmanın həqiqətən də real olmasının və yol nişanlanmasının qanunvericiliyin məqsədinə zidd olmasının, öz funksiyasını icra edə bilməməsinin əyani sübutudur.

4. İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsindən göründüyü kimi, şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən söüzügedən qərar səlahiyyətli orqanlar tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməlidir. Halbuki, bu iş üzrə forma blankda tərtib edilmiş qərar mövcud deyildir. Məhz bu səbəb belə inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana, habelə şikayətçiyə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə müvafiq sorğu ilə inzibati orqana müraciət edərək, yuxarıda göstərilən yol nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin məhkəməyə təqdim olunmasını tələb etsə də, inzibati orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda inzibati xəta hadisəsinin baş vermə mexanizmini, şikayətçinin avtomobilinin durduğu yerin ümumi istifadədə olan nəqliyyat vasitələrin dayanacağı olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.... İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə hesab edir ki, O.V.Xudatlı barəsində qəbul edilmiş 06 noyabr 2025-ci il tarixli, EQ 31805954 nömrəli qərar ləğv edilməli, inzibati xəta hadisəsi Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən foto və video görüntülərə baxış keçirilməklə, eyni zamanda O.V.Xudatlının iştirakı təmin olunmaqla yenidən araşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsi tərəfindən qəbul edilmiş 06 noyabr 2025ci il tarixli, EQ 31805954 nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. Qərar inzibati xəta haqqında işə foto və video görüntülərə baxış keçirilməklə, eyni zamanda X1 iştirakı təmin olunmaqla yenidən baxılmaq üçün Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar