Məhkəmə qərarları › İş №3(003)-376/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-376/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-376/2020 11.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsində xx xxxxxx 2019-cu il tarixdə **********2887 sorğu ilə gömrük bəyannaməsi əsasında «X2» MMC tərəfindən idxal edilən İntra-Oral scanner (Model İ500) aparatı 10150 avro dəyərində bəyan edilmiş və rəsmiləşdirilmişdir. «Medit Corporation of Korea» şirkəti tərəfindən Şəxs MMCnin ünvanına xx xxxxxxx 2019-cu il tarixdə ***-*******6 saylı avia qaimə ilə göndərilən, netto çəkisi 2 kq, invoys dəyəri 4600 avro dəyərində olan «Stomotoloji cihaz» adlı yük **********9147 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yükün dəyərində şübhə yaranmışdır. Buna görədə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 00800-0082/20 nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 00800-0082/20 nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs və barəsində inzibati protokol tərtib edilən şəxs iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilmir və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə raportundan görünürki, gömrük ödənişlərindən yayınma məbləği 3567,59 manat göstərilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” MMC-nin məktubundan görünür ki, Şəxs MMC tərəfindən alınmış İntra-Oral scanner (Model İ500) aparatının məbləği 4600 manat məbləğində qiymətləndirilmişdir. İş materillarında olan Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2497,31 manat məbləğində cərimə edilmişdir. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yeniudın baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 73.2-ci madəsinə əsasən “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddi-hüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. ” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüququn müxtəlif sahələrinin hüquqi tənzimlənməsi Konstitusiyada demokratik, hüquqi dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplərə əsaslanmalıdır. Konstitusiya prinsipləri isə öz aralarında ayrılmaz əlaqədədir və hüquq subyektlərinin öz qanuni mənafelərini həyata keçirməsi, qoruması və müdafiəsi üçün eyni əhəmiyyət kəsb edən hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar. Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən “gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.” “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən “Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir.” “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən “Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.” “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən “Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır.” “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən “Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.” İş materiallarından göründüyü kimi Şəxs MMC tərəfindən idxal edilən invoys dəyəri 4600 avro dəyərində olan «Stomotoloji cihaz» adlı yük xx.xx.2019-cu il tarixdə bəyan edilmiş və rəsmiləşdirilmişdir. Qeyd edilən faktla bağlı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə əsas səbəb kimi xx xxxxxx 2019-cu il tarixdə **********2887 sorğu ilə gömrük bəyannaməsi əsasında «X2» MMC tərəfindən idxal edilən İntra-Oral scanner (Model İ500) aparatının 10150 avro dəyərində bəyan edilməsi və rəsmiləşdirilməsi göstərilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Şəxs MMC tərəfindən idxal edilən invoys dəyəri 4600 avro dəyərində olan «Stomotoloji cihaz» adlı yükün xx.xx.2019-cu il tarixdə bəyan edilməsinə və rəsmiləşdirilməsinə baxmayaraq həmin tarixdən 6 ay keçdikdən sonra gömrük orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Göründüyü kimi inzibati araşdırma qanunvericiliklə müəyyən edilən müddət ərzində aparılmamışdır. Həmçinin inzibati araşdırma aparılarkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən aidiyəti üzrə Şəxs MMC-nin nümayəndəsinin deyil “xxxx” MMC-nin nümayəndəsinin izahatı alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, aparılmış inzibati araşdırmanın nəticəsində gömrük orqanının vəzifəli şəxsi dəyərləndirilmənin düzgün olmadığı qənaətinə gəldikdə gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Lakin iş materillarından və protokola əlavə edilmiş sənədlərdən göründüyü kimi bəyannaməçiyə yazılı bildiriş təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən “İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.” Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar