Məhkəmə qərarları › İş №3(003)-411/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-411/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-411/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 18 fevral 2025-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin inzibati binasında vətəndaş Arzu Rəhimlini nalayiq sözlərlə təhqir edərək ictimai asayişi pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar Şəxs barəsində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Fərid Hüseynli tərəfindən 19 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Fərid Hüseynli tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X4 3-cü PŞ-nə ərizə ilə müraciət edərək əvvəllər tanıdığı Şəxs tərəfindən narahat və təhqir edilməsi ilə bağlı məlumat vermişdir. Bununla bağlı araşdırma aparılaraq Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclası bitdikdən sonra Şəxs şəxsi əşyalarını polis şöbəsində unutduğu üçün oraya gəlmişdir. Şəxsi əşyalarını otaqdan götürən zaman Arzu Rəhimlinin otağa daxil olduğunu görərək polis əməkdaşlarının yanında sonuncunu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra o, polis şöbəsinin növbətçi hissəsinə təhvil verilən zaman dəhlizdə də səs-küy salaraq digər şəxsləri özünə cəlb etmişdir. Növbətçi hissənin əməkdaşları tərəfindən sakitləşdirilərək müvəqqəti saxlanma yerinə təhvil verilmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə 3-cü PŞnin inzibati binasında xidməti otaqların birində hislərinə hakim ola bilməyərək Arzu Rəhimlini görən zaman bir anlıq əsəbləşərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə 3-cü PŞnin binasında olan zaman inzibati otağa daxil olmuş və orada Şəxs görmüşdür. Bu zaman o ayağa qalxaraq iki nəfər polis əməkdaşının yanında heç bir səbəb olmadan ona qarşı qeyri-etik ifadələr işlətməyə başladı. Ona “məhkəməyə şikayət edərək nə edə bildin ki?” deyərək qeyri-etik ifadələr işlətməyə davam etdi. Polis əməkdaşları onu etdiyi əməli dayandırmağa çalışsa da, o, buna məhəl qoymadı və hərəkətlərini davam etdirdi. Məhkəmə iclasında şahid X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X4 3-cü PŞ-nə ərizə ilə müraciət edərək əvvəllər tanıdığı Şəxs tərəfindən narahat və təhqir edilməsi ilə bağlı məlumat vermişdir. Bununla bağlı araşdırma aparılaraq Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclası bitdikdən sonra Şəxs şəxsi əşyalarını polis şöbəsində unutduğu üçün oraya gəlmişdir. Şəxsi əşyalarını otaqdan götürən zaman Arzu Rəhimlinin otağa daxil olduğunu görərək polis əməkdaşlarının yanında sonuncunu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra o, polis şöbəsinin növbətçi hissəsinə təhvil verilən zaman dəhlizdə də səs-küy salaraq digər şəxsləri özünə cəlb etmişdir. Növbətçi hissənin əməkdaşları tərəfindən sakitləşdirilərək müvəqqəti saxlanma yerinə təhvil verilmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan 19 fevral 2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 19 fevral 2025-ci il tarixdə saat 20:45-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması sübuta yetirilmir. Belə ki, inzibati xəta haqqında Şəxs tərəfindən polisin qanuni tələblərinə əməl etməməsi göstərilsə də, polisin qanuni tələblərinin nədən ibarət olması və Şəxs tərəfindən həmin tələblərə tabe olmaması barədə hər hansı bir əsas protokolda göstərilməməklə bu barədə sübut da iş materiallarında mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edildiyinə görə o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə məsuiyyəti yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar