Məhkəmə qərarları › İş №3(004)-1734/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1734/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1734/2024 29.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş 29 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 29 mart 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X3 izahatında bildirmişdir ki, vətəndaş Səidə Kəngərliskayanın xx.xx.2024-cü il tarixli müraciəti əsasında xx.xx.2024-cü il tarixdə onun xalası qızı Sevinc Ələkbərova onun oğlu üçün öz mobil nömrəsi ilə Uber taksi sifariş etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs taksi olaraq gəlmiş və oğlunu qeyd olunan ünvana gətirmiş, lakin xx.xx.2024-cü il tarixdə həmin sürücü xalası qızının nömrəsini onun oğlunun mobil nömrəsi hesab edərək nalayiq ifadələr işlətmiş və onun oğlunun şərəf və ləyaqətini alçatmışdır. Səidə Kəngərliskayanın xx.xx.2024-cü il tarixdə zəng edərək həmin şəxsin təkrar onları narahat etdiyini və görüşə çağırdığını bildirmişdir. Bundan sonra polis inspektoru Şəxs saxlamış, şöbəyə dəvət etmiş, lakin o imtina etmiş və qaçmağa çalışmışdır. Buna görə də Şahin Canıyev barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edərək məhkəmədən Şəxs barəsində qanuna uyğun olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suallara əsasən bildirdi ki, Şəxs ona nalayiq ifadə deməmiş, o, yalnız zərərçəkmiş şəxsin sözlərinə əsasən raportda bu barədə qeydiyyat aparmışdır. Səidə Kəngərliskayanın müraciəti əsasında müəyyən edilmişdir ki, taksi sürücüsü onun oğlunu görüşə çağırıb. O da axşam saatlarında mülki güyimdə sürücünün qeyd etdiyi əraziyə gəlmiş və onu saxlayaraq şöbəyə gətirmişdir. Şöbədə onun şəxsiyyəti müəyyən edilərək Şəxs olması müəyyən edilmişdir. Qeyd olunan vaxtda o, növbədə olmamış, Şəxs saxlayarkən də xidməti geyimdə olmamış və lakin ona polis işçisi olmasını və özünü təqdim etmişdir. Taksiyə müştəri kimi minmiş, yəni şikayəçinin oğlunun şəxsiyyətini müəyyən etməmiş və izahatını almamışdır. Həmçinin şikayətçinin izahatında qeyd etdiyi kimi, təhqir olunması ehtimal olunan xalası qızı Sevinc adlı şəxsin izahatı alınmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o taksi sürücüsüdür. xx.xx.2024-cü il tarixdə qeyd olunan müştərinin sifarişi ilə onu ünvana çatdırmışdır. Lakin müştəri avtomobildə siqaret çəkmiş, bununla bağlı ona irad bildirmişdir. Müştərini ünvana çatdırıb digər müştərini qəbul etmişdir. Bu vaxt ilkin müştəri avtomobildən düşərkən ona kobud şəkildə bildirmişdir ki, “Belədi ki, yaxşı edib siqaret çəkirəm”. Digər müştərini narahat etməmək üçün onun yanında mübahisə etməmiş, lakin sms mesaj yazaraq müzakirə etmk üçün onu görüşə çağırmışdır. xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində İnşaatçılar metrosunun arxası binanın həyətində həmin şəxslə görüşmək üçün gəlmişdir. Lakin həmin vaxt onun dalaşmaq niyyəti olmamışdır. Bu zaman bir neçə mülki geyimdə şəxslər ona yaxınlaşdığından, geriyə çəkilmişdir. Bu zaman o, hər hansı nalayiq ifadə işlətməmiş, daha sonra həmin şəxslər 29-cu PŞ-nin əməkdaşlarını olmasını bildirərək onu şöbəyə dəvət etmişlər, əvvəl ehtiyatlanaraq şöbəyə getməkdən imtina etmiş, lakin sonrdadan onlarla şöbəyə getmişdir. Şəxs göstərilənlərə əsasən, əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, saxlanılan zaman ona hər hansı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Aktda qeyd olunan xəsarəti bir gün əvvəl sərxoş vəziyyətdə müvazinətini itirərək almışdır. Bununla bağlı şikayət və tələbi yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində onun tərəfindən törədilməsi istinad edilən İXM-nin 535-ci və 510cu maddəsinin tərkib əlamətlərinin olmadığı öz təsdiqini tapmır. Əvvəla qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Lakin protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin və hansı qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması və ya xırda xuliqanlıq kimi hərəkətlərinin nədə ifadə olunması göstərilməmişdir. Yalnız iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli akt və eyni tarixli Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru Ülvi Cabbalı tərəfindən tərtib edilmiş raportdan görünür ki, sahə inspektoru Ülvi Cabbalı vətəndaş Səidə Kəngərliskayanın müraciəti əsasında xx.xx.2024-cü il tarixdə onun xalası qızı Sevinc Ələkbərova onun oğlu üçün öz mobil nömrəsi ilə Uber taksi sifariş etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs taksi olaraq gəlmiş və oğlunu qeyd olunan ünvana gətirmiş, lakin xx.xx.2024-cü il tarixdə həmin sürücü xalası qızının nömrəsini onun oğlunun mobil nömrəsi hesab edərək nalayiq ifadələr işlətmiş və onun oğlunun şərəf və ləyaqətini alçatmışdır. Bundan sonra mülki geyimdə olan polis inspektoru Şəxs saxlamış, şöbəyə dəvət etmiş, lakin o imtina etmiş və qaçmağa çalışmışdır. Bununla əlaqədar olaraq qeyd olunan müvafiq maddələr üzrə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru, həmin şöbənin əməliyyat müvəkkilləri Dilqəm Mahmudov və Elmir Məmmədlə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Səidə Kəngərlinskaya ərizə ilə mürciət edərək Şəxs onları narahat etməsini bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Səidə Kəngərlinskaya zəng edərək həmin onları narahat etməsi və görüşə çağırmasını bildirmişdir. Onlar Şəxs salayaraq onunla profilaktik söhbət etmək istəmişlər, lakin Şəxs avtomobili onların üzərinə sürərək qaçmağa cəhd göstərmiş, saxladıqda tabesizlik nümayiş etdirərək nalayiq ifadələr işlətmiş və onlara qarşı müqavimət göstərmişdir. Göründüyü kimi məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, müvafiq raportlarda və aktda qeyd olunan xüsusatlar öz təsdqini tapmır. Bunun əksinə olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şöbəyə müraciət edən Səidə Kəngərliskaya taksi sürücünün onun oğlunu və xalası qızı Sevinci nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmçinin onun oğlunu görüşə çağırmışdır. Lakin qeyd olunan faktla bağlı təhqir olunması ehtimal edilən şəxslərin şəxsiyyətləri müəyyənləşdirilərək izahatlarının alınması təmin edilməmiş, ümumiyyətlə onların şikayətinin olub-olmaması yoxlanılmamışdır. Dolayısı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hansı ictimai qaudanın pozulması halı protokol və iş materiallarında açıqlanmamışdır. Qeyd olunan hallar isə məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə protokolda törədilməsi istinad edilən İXM-nin 535.1-ci maddəsinə münasibətdə qeyd edir ki, işə əlavə edilmiş sənədlərdən, eləcə də tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən etmək olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs tərəfindən 29-cu PŞ-nin sahə inspektoru X2 bölməyə getməkdən imtina etməklə ilə bağlı tələblərini yerinə yetirməmişdir. Lakin məhkəmə iclasında sahə inspektoru X3 Şəxs şöbəyə dəvət edilməsinin hüquqi əsasını və onun hansı qanuni tələbinə tabe olmamasını kifayət qədər əsaslandıra bilməmişdir. Belə ki, inzibati iş materiallarından onun polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən hansı qanuni tələbə tabe olmamasını və hüquq pozuntusunu törətməsini müəyyən etmək mümkün deyildir. Həmçinin zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və ona qarşı hansı nalayiq ifadələrin işlədilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclası zamanı protokol tərtib etmiş 29-cu PŞ-nin sahə inspektoru X2 izahatında Şəxs onun qanuni tələbinin tabe olmaması konkret olaraq hansı ictimai qaydanın mühafizəsi vəzifələrinin icrası ilə bağlı olduğunu əsaslandıra bilməmişdir. Halbuki sonuncunun nalayiq ifadələr deməsini eşitmədiyini bildirmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, AR İXM-nin 535.1-ci maddəsinin dizpozitiv şərtlərinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın tələbinə görə polis işçisinin tələbi özüözlüyündə qanuni olmalı, eyni zamanda tələb polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrinin icrası ilə bağlı olmalıdır ki, həmin tələbin yerinə yetirilməməsi xətanın tərkibini yaratsın. Məhkəmə iclası zamanı protokol tərtib etmiş 29-cu PŞ-nin sahə rəisi X2 izahatından müəyyən edilir ki, o, qeyd olunan vaxtda növbədə olmamış, Səidə Kəngərliskayanın müraciətinə əsasən onun oğlunu görüşə çağırmış şəxsin müəyyən edilərək profilaktik söhbət aparılması üçün əraziyə getmiş, müraciətlə bağlı əməliyyat qrupu yaradılmamış, qeyd olunan əraziyə isə xidməti geyimdə deyil mülki geyimdə getmişdir. Beləliklə, X2 izahatından da göründüyü kimi onun qanuni tələbinin tabe olmamanın konkret olaraq hansı ictimai qaydanın mühafizəsi vəzifələrinin icrası ilə bağlı olduğunu əsaslandıra bilməmişdir. Dolayısı ilə onun özünün əvvəlcədən yaradılmış əməliyyat qrupuna daxil olmadan mülki geyimdə dolayısı ilə keçirilmiş formal əməliyyat tədbiri şəklində şəxsi şöbəyə dəvət etməsi və onu saxlaması özü-özlüyündə qanuni olmamışdır. Məhkəmə qeyd edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vətəndaşların ictimai asayişin qorunması ilə bağlı fəaliyyəti hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısını almaq məqsədi ilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, habelə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək üçün zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətləri üzrə həyata keçirilir. Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin İİ hissəsinə əsasən polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: 1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; 2) cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; 3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi. Qanunun 14-cü maddəsinə əsasən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır: 1) Hər bir şəxsin təhlükəsizliyini təmin etmək; 2) Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq; 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda təhqiqat, istintaq orqanlarının, məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının qərarlarını icra etmək; 4) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə tutulmuş və ya həbs edilmiş şəxsi müvəqqəti saxlama yerində saxlamaq; 5) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əşyaların, o cümlədən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və sair zərərli materialların əldə edilməsi, saxlanması, gəzdirilməsi, daşınması üçün müəyyənləşdirilmiş qaydada icazə vermək, dövriyyəsinə nəzarət etmək, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatını aparmaq; 6) Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya zamanı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iştirakı ilə epizootiya zamanı karantin tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək; 7-1) kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək; 8) müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərə, yaxud qanuni sahiblərinə təhvil verilənədək sahibsiz əmlakın və dəfinələrin, habelə tapılmış və polisə təhvil verilmiş sənədlərin, əşyaların və digər əmlakın saxlanılmasını və mühafizəsini təmin etmək; 9) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini aparmaq; 10) digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında iştirak etmək; 11) cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etmək; 12) hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq; 13) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı ümumi hüquqlarına hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək daxildir. Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: 1) inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək; 2) ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; 3) inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq; 4) cinayət və ya inzibati xəta törətməkdə şübhələnilən hərbi qulluqçuları tutub hərbi patrullara, hərbi komendanta, qoşun hissələrinin komandirlərinə və ya hərbi komissarlara təhvil vermək; 5) ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ya ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisələrinə gətirmək; 6) inzibati qaydada həbs edilmiş, inzibati nəzarətdə olan, habelə polisdə profilaktika uçotunda olan şəxslərin fotoşəkilini çəkmək və qanunla müəyyən edilmiş hallarda barmaq izlərini götürmək; 7) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada avaralıqla və ya dilənçiliklə məşğul olan şəxsi qəbuletmə-bölüşdürmə məntəqəsinə gətirmək; 8) ictimai təhlükəli əməllərə görə məhkəmənin qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi tədbirlərdən yayınan ruhi xəstələri, xroniki alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb müəssisələrinə gətirmək; 10) hüquqi və fiziki şəxslər tərəfindən odlu silahın, döyüş sursatının, zəhərli maddələrin və digər zərərli materialların saxlandığı və istifadə olunduğu yerlərə, habelə onların dövriyyədə olduğu obyektlərə (hərbi obyektlər istisna olmaqla) baxış keçirmək, bu cür əşyaların, maddələrin və materialların istifadəsi barədə müəyyənləşdirilmiş qaydaların pozulduğu aşkar edildikdə qüsurların aradan qaldırılması haqqında icrası məcburi olan yazılı göstərişlər vermək və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər tədbirləri görmək; 11) saxtalaşdırma əlaməti olan sənədləri, habelə mülki dövriyyədən çıxarılmış və xüsusi icazə olmadan saxlanılan əşyaları, maddələri, materialları və qurğuları götürmək, sahibsiz əmlakın saxlanılmasını təmin etmək və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada onlar barəsində məsələnin həll edilməsi üçün tədbirlər görmək. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi hazırkı protokol və iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:50-də tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib olunmuş 29 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar