Məhkəmə qərarları › İş №3(004)-1938/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1938/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1938/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 şikayət ərizəsinə işin baxılmağa hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 məhkəməyə daxil olmuş ərizəsi və ona əlavə edilmiş müvafiq sənədlərin surətləri işin məhkəmədə baxılmasına hazırlanması zamanı öyrənilərkən müəyyən edilmişdir ki, ərizənin məzmunu qeyri-müəyyən tərtib edilməklə müraciət müəllifi tərəfindən həll edilməsi xahiş edilən mübahisəyə baxılması Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X5 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə saat 07:37-də **-YP-*** dövlət qeydiyyat nışanlı yol patrul nəqliyyat vasitəsində xidmət aparan inspektor X3 ona saxlama əmri vermişdir. Bundan sonra o, idarə etdiyi **-CE-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı nəqliyyat vasitəsini saxlamış, bu vaxt həmin polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmədən ona məxsus nəqliyyat vasitəsində əlavə avadanlıq quraşdırılmasına dair irad bildirmişdir. O, isə nəqliyyat vasitəsinin konstruksiyasının yoxlanılması məqsədilə mütəxəssis dəvət edilməsini tələb etmişdir. Lakin YPX-nin inspektoru onun bu tələbinə məhəl qoymadan evakuasiya vasitəsilə ona məxsus nəqliyyat vasitəsini cərimə meydançasına aparmışdır. Polis inspektoruna ondan şikayət edəcəyini bildirdikdə, inpektor ona “get hara istəyirsən şikayət et” cavabını vermişdir. Şikayətçi əlavə olaraq qeyd etmişdir ki, cərimə meydançasında nəqliyyat vasitəsinə baxış keçirdikdə arxa yaylar arasında hər hansı bir fərq olmadığını müəyyən etmişdir. Beləliklə, inspektor onun nəqliyyat vasitəsinin əsassız olaraq cərimə meydançasına aparmışdır. Odur ki, göstərilənlərə əsasən şikayətçi X5 qeyd olunan hadisənin araşdırılaraq YPX-nin inspektoru X3 barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür edilir ki, qeyd olunan tarixdə saat 07:37-də Azərbaycan Respublikası DİN Bakı BPİ-nin Yol patrul inspektoru X3 tərəfindən “VAZ 2107” (minik) markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı BPİ-nin DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan görünür edilir ki, X5 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayət ərizəsinin məzmunundan göründüyü kimi, hazırki şikayət X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan deyil, onun barəsində protokol tərtib etmiş və qanunsuz hərəkətlərə yol verməsi ehtimal olunan Azərbaycan Respublikası DİN Bakı BPİ-nin DYPİ-nin Yol patrul inspektoru X3 barəsində araşdırma aparılaraq ciddi tədbir görülməsindəndir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin tələblərinə görə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin qanunsuz hərəkətlərindən verilmiş şikayətlərə məhkəmələr tərəfindən baxılması, bu qanunsuz hərəkətlərə yol vermiş və təqsiri müəyyən edilmiş şəxslər barəsində məhkəmələr tərəfindən zəruri tədbir görülməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi məhkəmədə baxılmadan geri qaytarılmalı, ona ərizədə göstərilən məsələ üzrə aidiyyəti üzrə tabeçilik qaydasında yuxarı səlahiyyətli inzibati orqana və ya prokurorluq orqanlarına şikayət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə baxılmadan geri qaytarılsın. Ərizədə göstərilən məsələ üzrə aidiyyəti üzrə tabeçilik qaydasında yuxarı səlahiyyətli inzibati orqana və ya prokurorluq orqanlarına şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar