Məhkəmə qərarları › İş №3(004)-1974/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1974/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1974/2023 28.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 12-də olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-in 538-1.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməklə "xxxx" MMC-yə uyğunluq sertifikatı vermişdir. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilib, məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X6 bildirmişdir ki, Şəxs MMC uyğunluq sertifikatı vermək üçün lisenziya verilmişdir. Həmin MMC tərəfindən Elektrik, sənaye avadanlıqları və telekommunikasiya vasitələrinin elektromaqnit uzlaşması, radiotezlik və təhlükəsizlik standartları əsasında sertifikatlaşdırılması üzrə Akkreditasiya sahəsi təsdiq edilmişdir. Həmin icazə verilmiş Akkreditasiya sahəsinə uyğun olaraq uyğunluq sertifikatı verə bilər. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə verilmiş uyğunluq sertifikatı Akkreditasiya sahəsinə uyğun olmamışdır, həmin sertifikatın müddəti 1 il müddətinə olmaqla, xx.xx.2023-cü il tarixədək olmuşdur. Yəni Şəxs MMC Akkreditasiya sahəsinə uyğun olmayan sertifikat vermişdir. Sonradan Şəxs MMC tərəfindən həmin sertifikat üzrə xidmət müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir, sertifikat isə xx.xx.2023-cü il tarixdə. Bununla belə həmin inzibati xəta uzanan xətadır. Çünki sertifikat qüvvədə olduğu müddətdə inzibati xəta uzanmaqda davam edib. Sertifikat xx.xx.2023-cü il tarixdə ləğv edildiyindən həmin tarixədək də uzanmışdır. Bundan əlavə həmin inzibati xəta ”Probo” MMC-nin xx.xx.2023-cü il tarixli müraciəti və müraciətə əlavə edilmiş sertifikat İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, uzanan həmin inzibati xəta məhz həmin vaxtı aşkar edildiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti də həmin tarixdən hesablanmalıdır. İXM-nin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-də dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanuna əsasən 4 ay olması müəyyən edilmişdir, həmin Qanun da xx.xx.2023-cü il tarixdə dərc edilmiş və qüvvəyə minmişdir. Buna görə də Şəxs MMC-nin törətmiş olduğu həmin uzanan inzibati xəta qanuna dəyişiklik edildikdən sonra da uzanmış və baş vermişdir, ona görə də hazırkı inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 4 ay hesablanmalı olduğundan, hazırda bu müddət keçməmişdir, ona görə də inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Bu barədə qüvvədə olan məhkəmə təcrübəsindəki qərarların, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinin bir neçə qərarı da məhkəməyə təqdim edilmişdir. Həmin qərarlardakı mövqeyə əsasən də hazırkı inzibati xəta uzanan inzibati xətadır. Göstərilənlərə əsasən, protokolun əsaslı olduğunu və Şəxs MMC barəsində inzibati tənbeh qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş şəxs X3 protokolu müdafiə etdiyini, nümayəndə X6 ilə həmfikir olduğunu, buna görə də inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi (Şəxs MMC-nin əmək müqaviləsi üzrə əsas iş yeri kimi hüquqşünası vəzifəsində işləyən) X4 bildirmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 06 aprel 2023cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokola dair Şəxs MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə (akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi) başlanılan 3(004)-1974/2023 nömrəli inzibati xəta haqqında iş hazırda hakimi icraatındadır. Məhkəmənin nəzərinə çatdırır ki, sözügedən inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 26 aprel 2023-cü il tarixində keçirilən ilk məhkəmə iclasında işin uzanan inzibati xəta olduğunu iddia etmişdir. Halbuki, qarşı tərəfin mövqeyi tamamilə yanlışdır və sözügedən inzibati xəta işinin uzanan inzibati xəta ilə heç bir əlaqəsi yoxdur. Bu barədə "Probo’' MMC-nin nümayəndəsi tərəfindən həmin məhkəmə iclasında kifayət qədər geniş izah verilməsinə baxmayaraq, məhkəmə qərəzli mövqe nümayiş etdirmişdir. Bir daha qeyd edirlər ki, mübahisənin predmeti olan inzibati xətanın uzanan inzibati xəta ilə heç bir oxşarlıq əlaməti mövcud deyildir. Həmin inzibati xəta uzanan inzibati xəta deyildir. Ona görə də sözügedən inzibati xətaya dair AR İXM-nin 38.2-ci maddəsi deyil, məhz 38.1-ci maddəsi tətbiq olunmalıdır. Hətta inzibati tənbeh müddəti inzibati xətanın törədildiyi yox, aşkar edildiyi tarixdən etibarən hesablanaraq AR İXM-in 38.2-ci maddə tətbiq edilsə belə, yenə də 03 aylıq məsuliyyətə cəlb etmə müddəti tətbiq edilməlidir. Çünki həmin xəta İXMyə dəyişiklik edilənədək, yəni xx.xx.2023-cü il tarixədək törədilmişdir, ona görə də yeni dəyişiklik MMC-nin hüquqi vəziyyətini ağırlaşdırır, xətanın törədildiyi zaman qüvvədə olmuş 3 aylıq müddət tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən inzibati xəta xx.xx.2023-cü il tarixində aşkar etmiş, 3(004)-1974/2023 nömrəli inzibati xəta haqqında iş üzrə keçirilən ilk məhkəmə iclası isə 26 aprel 2023-cü il tarixində keçirilmişdir. Yəni, həmin inzibati xəta uzanan inzibati xəta hesab olunsa belə inzibati xətanın aşkar olunduğu tarixdən hesablanan 3 aylıq müddət ötmüşdür. O, cümlədən sözügedən məhkəmə işi üzrə keçiriləcək növbəti məhkəmə iclası 28 aprel 2023-cü il tarixinə təyin olunmuşdur və buradan da açıq-aşkar bəllidir ki, inzibati xəta üzrə icraat müddəti çoxdan ötmüşdür. Məhz bu səbəbdən də Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Həmçinin məhkəmənin nəzərinə çatdırırlar ki, yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi, İnzibati Xətalar Məcəlləsində uzanan inzibati xətaya dair tam şəkildə anlayış verilməmişdir. Bu da qanunda boşluq hesab edilir və AR qanunvericiliyinə görə də qanunda olan istənilən boşluq vətəndaşın (fıziki və hüquqi şəxsin) xeyrinə həll olunmalıdır. Lakin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi 3(004)- 1974/2023 saylı məhkəmə mübahisəsində analogiya tətbiq edərək oxşar məhkəmə işləri üzrə gəlinən nəticələrə istinad edir. Bu da birbaşa cinayət və inzibati xəta qanunvericiliyinə ziddir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə vol verilmir. Göstərilənlərə əsasən AR İXM-in 38.1-38.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbirinin verilmə müddətinin ötürülməsi səbəbilə 3(004)-1974/2023 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Şəxs MMC Elektrik, sənaye avadanlıqları və telekommunikasiya vasitələrinin elektromaqnit uzlaşması, radiotezlik və təhlükəsizlik standartları əsasında sertifikatlaşdırılması üzrə orqandır. Həmin MMC-nin Akkreditasiya sahəsi təsdiq edilmişdir, son dəyişiklik xx.xx.2021-ci il tarixdir. Akkreditasiya attestatı ilə birlikdə etibarlıdır. Attestat № AZ 02.0492.01.20, verilmə tarixi xx.xx.2020-ci il. Həmin sənədlərlə akkreditasiya nişanına malikdir. Yəni Şəxs MMC təsdiq edilmiş həmin Akkreditasiya sahəsinə uyğun olaraq uyğunluq sertifikatı vermək səlahiyyətinə malikdir. Şəxs MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə verilmiş AZ 031.xx.xx.05541.22 saylı uyğunluq sertifikatı Şəxs MMC-nin Akkreditasiya sahəsinə uyğun olmamışdır. Həmin sertifikatın müddəti 1 il müddətinə olmaqla, xx.xx.2023-cü il tarixədk olmuşdur. Həmin uyğunluq sertifikatı sonradan Şəxs MMC tərəfindən həm sertifikat üzrə xidmət müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Sertifikatlaşmanın ləğv edilməsi barədə qərarla Sertifikat xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İşin mübahisəli halı bundan ibarətdir ki, protokol tərtib etmiş səlahiyyətli orqan hesab edir ki, həmin sertifikat xx.xx.2022-ci il tarixdə verilərkən inzibati xəta törədilmiş və sertifikatda göstərilən onun verilmə müddətində, yəni xx.xx.2023-cü il tarixədək həmin inzibati xəta törədilməkdə uzanacaqdır. Lakin həmin sertifikat xx.xx.2023-cü il tarixdə ləğv edilmiş, buna baxmayaraq həmin inzibati xəta uzanan inzibati xəta olduğu üçün və bu xəta barədə məlumat məhz İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, uzanan həmin inzibati xəta məhz həmin vaxtı aşkar edildiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti də həmin tarixdən hesablanmalıdır. Həmçinin İXM-nin 38.1-ci maddəsindəki inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-də dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanuna əsasən 4 ay olması müəyyən edilmişdir, həmin Qanun da xx.xx.2023-cü il tarixdə dərc edilmiş və qüvvəyə minmişdir. Buna görə də Şəxs MMC-nin törətmiş olduğu həmin uzanan inzibati xəta qanuna dəyişiklik edildikdən sonra da uzanmış və baş vermişdir, ona görə də hazırkı inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 4 ay hesablanmalı olduğundan, hazırda bu müddət keçməmişdir, ona görə də inzibati tənbeh tətbiq edilməlidir. Lakin barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi isə hesab edir ki, həmin inzibati xəta uzanan inzibati xəta deyildir. Məhkəmə hazırkı iş üzrə tərtib edilmiş protokoldakı inzibati xətanın uzanan inzibati xəta olub-olmaması ilə bağlı aşağıdakıları qeyd edir. Ümumiyyətlə bu qəbildən olan işlərə baxılarkən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün, inzibati xətanın uzanan olub-olmaması əhəmiyyət kəsb edir. Çünki hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanması əhəmiyyət kəsb edir. Bunun üçünsə ümumiyyətlə inzibati xətanın uzanan olub-olmaması müəyyənləşdirilməlidir. Hazırkı iş üzrə tərtib edilmiş protokolda MMC-nin təqsirli bilindiyi əməl İXM-nin 538- 1.2-ci maddəsi ilə bağlıdır. Həmin maddəyə əsasən Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin mahiyyəti hazırkı mövcud iş üzrə bundan ibarətdir ki, Şəxs MMC-nin akkreditasiya nişanına əsasən təsdiq edilmiş həmin Akkreditasiya sahəsinə uyğun olaraq ona müraciət etmiş hüquqi şəxs olan "xxxx" MMC-yə uyğunluq sertifikatı vermək səlahiyyətinə malikdir. Lakin uyğunluq sertifikatı təsdiq edilmiş həmin Akkreditasiya sahəsinə uyğun olmalıdır. Yəni Şəxs MMC-nin verdiyi uyğunluq sertifikatı təsdiq edilmiş həmin Akkreditasiya sahəsinə uyğun olmalıdır. Lakin hazırkı iş üzrə Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə uyğunluq sertifikatı verilərkən, həmin sertifikat Şəxs MMC-nin akkreditasiya nişanına uyğun olmamışdır, yəni təsdiq edilmiş həmin Akkreditasiya sahəsinə uyğun olmayan sertifikat vermişdir. Bununla da həmin sertifikat verilərkən Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum kimi Probo MMC tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Deməli bu inzibati xəta hərəkətlə törədilən inzibati xətadır. Şəxs MMC hüquqi şəxs olduğu üçün, özü hərəkət edə bilmir, ona görə də onun İXM-nin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxsinin və ya işçisinin törətdiyi həmin inzibati xəta Şəxs MMCnin inzibati məsuliyyətini yaratmışdır. Həmin vəzifəli şəxsinin və ya işçisinin törətdiyi həmin inzibati xətaya görə Probo MMC gəlir əldə etmişdir. Çünki iş materiallarındakı sənədlərə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Şəxs MMC-yə müraciət edilərək, yuxarıda qeyd edilən uyğunluq sertifikatının verilməsi üçün ödənilmiş 500 manat pul geri istənilmişdir. Sonradan Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli 23 saylı əmrinə əsasən qeyd edilən xidmət müqaviləsi ləğv edildiyindən və sertifikat isə xx.xx.2023-cü il tarixdə ləğv edildiyindən, "xxxx" MMC tərəfindən ödənilmiş 500 manatın "xxxx" MMC-yə qaytarılması qərara alınmışdır. Beləliklə də "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə həmin sertifikat verilərkən Şəxs MMC tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Şəxs MMC sertifikatı verəndə akkreditasiya nişanından istifadə edir. Lakin Şəxs MMC verdiyi sertifikatdan özü istifadə etmir. "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə verilmiş sertifikatı Şəxs MMC istifadə etmir. Həmin sertifikatı "xxxx" MMC istifadə edir. Sertifikat "xxxx" MMC tərəfindən ləğv edilənədək, yəni xx.xx.2023-cü il tarixədək istifadə edilə bilərdi. "xxxx" MMC-nin həmin sertifikatı istifadə edib-etməməsi Şəxs MMC-nin inzibati məsuliyyətini yaratmır. Bu səbəbdən də "xxxx" MMC həmin sertifikatı hətta xx.xx.2023-cü il tarixədək istifadə etsəydi də belə, bu cür istifadə inzibati xəta olub-olmaması "xxxx" MMC-nin inzibati məsuliyyətinə səbəb ola bilərdi. Nəzərə alınmalıdır ki, həmin sertifikatın qüvvədə olma müddəti, ləğv edilənədək qüvvədə olması, özü-özlüyündə Şəxs MMC-nin uzanan inzibati xəta törətməsinə dəlalət etmir. Çünki:

1. Həmin sertifikatı xx.xx.2022-ci tarixdə verməklə, məhz həmin tarixdə Şəxs MMC tərəfindən İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta törədilmişdir

2. İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta yalnız Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən, hazırkı halda Şəxs MMC tərəfindən törədilə bilər.

3. Şəxs MMC tərəfindən İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta yalnız o zaman törədilə bilər ki, Şəxs MMC Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum kimi akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməyərək, fəaliyyət sahəsinə uyğun olmayan sertifikat verməklə törədə bilər.

4. Şəxs MMC-nin akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi dedikdə, o başa düşülür ki, Şəxs MMC tərəfindən Elektrik, sənaye avadanlıqları və telekommunikasiya vasitələrinin elektromaqnit uzlaşması, radiotezlik və təhlükəsizlik standartları əsasında sertifikatlaşdırılması üzrə təsdiq edilmiş Akkreditasiya sahəsində nəzərdə tutulmamış sertifikat verir. Yəni Şəxs MMC sertifikatı verərkən akkreditasiya nişanından istifadə edir.

5. İXM-nin 538-1.2-ci maddəsindəki “istifadə” anlayışı Şəxs MMC üçün o deməkdir ki, yəni sertifikatı verərkən akkreditasiya nişanından istifadə edir. Bununla da sertifikatı verməklə, Şəxs MMC-nin akkreditasiya nişanından istifadə etməsi bitmiş olur.

6. Düzgün olmayaraq verilmiş həmin sertifikatı (qanunsuz sertifikat, səhv verilmiş sertifikat və ya tələblərə uyğun olmayan sertifikat və s.) Şəxs MMC istifadə etmir. Həmin sertifikat "xxxx" MMC-nin istifadəsi üçündür.

7. Düzgün olmayan sertifikatdan "xxxx" MMC-nin istifadə etməsi dedikdə, bu özü özlüyündə Şəxs MMC-nin akkreditasiya nişanından istifadə etməsi ilə eyniyyət təşkil etmir və başa düşülmür.

8. Sertifikatda onun qüvvədə olma tarixinin, həmin sertifikatın ləğv edilməsi tarixinin İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xətanın törədilib-törədilməməsində hər hansı bir əhəmiyyəti, əlaqəsi yoxdur. İXM-də elə bir norma yoxdur ki, orada da yazılsın ki, sertifikatın qüvədə olduğu vaxtadək və ya ləğv edildiyi tarixədək İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta sertifikatı verən hüquqi şəxs olan Şəxs MMC-yə münasibətdə uzanır. Həmçinin İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta, həmin sertifikatdakı qüvvədə olma tarixlərinə görə dəyişmir (xüsusi tövsifetici əlamətlər müəyyən edilməyib).

9. İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta "xxxx" MMC-nin həmin sertifikatdan istifadə etməsi ilə əlaqədar deyildir. Hətta "xxxx" MMC bilərəkdən həmin sertifikatdan istifadə etsəydi də belə, bu əməl İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta deyildir.

Çünki "xxxx" MMC-nin təqsirli hərəkət və ya hərəkətsizliyi Şəxs MMC-nin inzibati məsuliyyətinə səbəb ola bilməz. İXM-nin 13, 14-cü maddələrinə əsasən də inzibati xətanın qəsdən törədilməsi və ya ehtiyatsızlıqdan törədilməsi - xəta törətmiş şəxsin öz hərəkətinin və ya hərəkətsizliyinin nəticəsində baş verə bilər. Yəni bir şəxsin törətdiyi inzibati xəta, başqa şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz (İXM-nin 18.2-ci maddəsindəki istisnalar nəzərə alınmaqla). Cinayət Məcəlləsindən fərqli olaraq İnzibati Xətalar Məcəlləsi iştirakçılığı tanımır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir.

Beləliklə də İXM-nin 538-1.2-ci maddəsindəki inzibati xəta Şəxs MMC tərəfindən "xxxx" MMC-yə sertifikat verilməklə bitmişdir. Bu cür inzibati xəta Şəxs MMC-yə münasibətdə, onun əməli (hərəkət və ya hərəkətsizliyi kimi) uzanan inzibati xəta deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər.

Oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yəni bu cür inzibati xətalarda, xətanın səlahiyyətli orqanın aşkar edildiyi vaxtdan deyil, inzibati xətanın törədilmə vaxtından hesablanmaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti hesablanır. Hazırkı iş üzrə də inzibati xəta uzanan inzibati xətalara aid deyildir. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Yəni sertifikatı verilməsi ilə bağlıdır. Bu iş üzrə tarixin əhəmiyyəti vardır.

Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər “uzanan” inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir. İXM-nin 38.2-ci maddəsi yalnız uzanan inzibati xətalara münasibətdə əhəmiyyət kəsb edir. Bu səbəbdən də hazırkı inzibati xəta uzanan inzibati xəta olmadığı üçün, bu xətanın səlahiyyətli inzibati orqana nə vaxt aşkarlanması, həmin inzibati xəta üçün inzibati məsuliyyətə cəlb etmə müddətinin hesablanmasında əhəmiyyət kəsb etmir. Hazırkı inzibati xəta üçün inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın törədildiyi gündən (həmin xətanın səlahiyyətli orqana nə vaxt məlum olub-olmamasından, nə vaxt aşkarlanıb-aşkarlanmamasından asılı olmayaraq) davam edir. İnibati xəta xx.xx.2022-ci il tarixdə törədildiyindən, həmin vaxtı qüvvədə olan İXMnin 38.1-ci maddəsinə əsasən 03 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Konstitusiyanın həmin maddəsinin Vİİİ hissəsinə əsasən, normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. Həmin vaxtı qüvvədə olan İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar