Məhkəmə qərarları › İş №3(005)-1930/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1930/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1930/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə MN ******* nömrəli 19 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında 18.08.2021-ci il tarixdə saat 13:10-da dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədi ilə saxlanılması faktı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək hüquqi şəxsin barəsində tərtib edilmiş protokola etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 17.08.2021-ci il tarixli, 376 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən aptekdə əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə X2 Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Eldar Mirzəyev, Elvin Nağıyev yoxlayıcı təyin edilmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 18.08.2021-ci il tarixli yoxlama aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən aptekdə aparılan yoxlama zamanı aşkar olunmuş dərman vasitələri Travokort 10 mq/q+1 mq/q, 2 qr götürülüb, seriya nömrəsi ALB07196, Türkiyə istehsalı; Ultrakoin 40+12 mkq/ml N20, 005048 seriya nömrəli, Türkiyə istehsalı, Ultrakoin 40+12 mkq/ml N20, 004038 seriyalı, 1 qr götürülüb, Sustanon 250 mq/ml Almaniya istehsalı, C5PM1A seriya nömrəli, Sekoksat 20 mq N30, B. Britaniya istehsalı, 9V9R aktlaşdırılaraq saxlanca götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə -inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 9.1-ci maddəsinə əsasən dərman vasitəsinin dövlət qeydiyyatına alınması haqqında qərar qəbul edildiyi halda, ərizəçiyə 15 təqvim günü ərzində qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 9.2-ci maddəsinə əsasən bir dərman vasitəsinin bir neçə dərman forması eyni zamanda dövlət qeydiyyatına alındıqda, hər bir dərman formasına ayrıca qeydiyyat vəsiqəsi verilir. Həmin Qaydaların 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri Səhiyyə Nazirliyi tərəfındən "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri" nə daxil edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən aptekdə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı məqsədi ilə saxlamaqla qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi yuxarıda göstərilən dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri (Travokort 10 mq/q+1 mq/q, 2 qr götürülüb, seriya nömrəsi ALB07196, Türkiyə istehsalı; Ultrakoin 40+12 mkq/ml N20, 005048 seriya nömrəli, Türkiyə istehsalı, Ultrakoin 40+12 mkq/ml N20, 004038 seriyalı, 1 qr götürülüb, Sustanon 250 mq/ml Almaniya istehsalı, C5PM1A seriya nömrəli, Sekoksat 20 mq N30, B. Britaniya istehsalı, 9V9R) dövlət nəfinə müsadirə edilməklə 5.000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya prostesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar