Məhkəmə qərarları › İş №3(006)-1417/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1417/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1417/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və protokolu tərtib etmiş şəxs: Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 72; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: xx.xx.2024-cü il tarixli videoqeydiyyat və fərdi məlumatların informasiya sisteminin dövlət reyestri məlumatlarına əsasən Şəxs MMC-yə məxsus məlumatların idarə olunması informasiya sistemində (domen: soliton.az/admn (login.php) fərdi məlumatların mühafizəsinin təmin olunmamış və fərdi məlumatların informasiya sisteminin dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 05 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun Xidmət tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində 06 aprel 2024-cü il tarixdə Şəxs MMC-yə (VÖEN: **********) məxsus məlumatların idarə olunması informasiya sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq şirkətə kredit üçün müraciət edən müştərilər və iş üçün müraciət etmiş fiziki şəxslərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Belə ki, zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən Şəxs MMC-yə məxsus məlumatların idarə olunması informasiya sisteminin (internet ünvanı: https://www.soliton.az/ admn/login.php) inzibatçısının giriş məlumatlarının kənar şəxslər tərəfindən ələ keçirilməsi və internetdə yayılması nəticəsində həmin sistemdə kredit üçün müraciət edən müştərilərə məxsus fərdi məlumatların adı, soyadı, mobil nömrəsi, elektron ünvanı, yaşayış yeri, ailə vəziyyətinə dair məlumatların, eləcə də fiziki şəxslərin tərcümeyi-hallarında qeyd olunan fərdi məlumatların - adı, soyadı, mobil nömrəsi, elektron ünvanı, yaşayış yeri, təhsil və iş həyatına dair məlumatların əldə edilməsi, redaktə olunması və silinməsi mümkündür. Qanunvericiliyin tələblərinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 sentyabr tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblər”ə əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı mülkiyyətçi və operatorlar fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi, informasiya mühafizə vasitələrindən istifadə edən şəxslərə həmin vasitələrlə işləmə qaydalarının öyrədilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsi ilə bağlı texniki- təşkilati tədbirlər görməlidir. Bununla yanaşı, Şəxs MMC-yə məxsus məlumatların idarə olunması informasiya sisteminin dövlət qeydiyyatından keçirilmədiyi müəyyən edilmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 05 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti haqqında” Əsasnamənin 3.1.20-10-cu yarımbəndinə uyğun olaraq Elektron Təhükəsizlik Xidmətinin fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxmaq, onları araşdırmaq və qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək səlahiyyəti mövcuddur. Şəxs MMC-yə müraciət edən fiziki şəxslərin fərdi məlumatlarının toplanıldığı, saxlanıldığı və işlənildiyi məlumatların idarə olunması informasiya sistemində fərdi məlumatların mühafizəsinin təmin olunmaması və fiziki şəxslərin fərdi məlumatlarının toplanıldığı və işlənildiyi informasiya sisteminin dövlət qeydiyyatından keçirilmədən fərdi məlumatları topladığını və işlədiyini göstərən kifayət qədər faktlar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq şirkətin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0-ci maddəsi fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə (375.0.1-ci maddə); fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına (375.0.2-ci maddə) görə məsuliyyət nəzərdə tutur. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: • Fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizam verməlidirlər (5.5-ci maddə); • Mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir (5.8-ci maddə); • Fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində subyektə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçi tərəfindən ödənilir (10.1-ci maddə); • Fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (15.1-ci maddə); • Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir (15.2-ci maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair tələblər”in 2.1-ci bəndinə əsasən informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi (2.1.2-ci bəndi), fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması (2.1.3-cü bəndi), fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması (2.1.5-ci bəndi), fərdi məlumatların işlənilməsi zamanı onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və bunun əsasında ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən fərdi məlumatların mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi (2.1.6-cı bəndi), informasiya mühafizə vasitələrindən istifadə edən şəxslərə həmin vasitələrlə işləmə qaydalarının öyrədilməsi və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair təlimlərin keçirilməsi (2.1.10-cu bəndi) kimi əsas texniki-təşkilati təhlükəsizlik tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “SOLİTON LTD” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar