Məhkəmə qərarları › İş №3(006)-1862/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1862/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1862/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Qərarından şikayət verilən orqan: X10 Xidmətinin nümayəndəsi Nümayəndə Abbasqulu oğlunun iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X9 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin rəis müavini X12 onun barəsındə "xxxx" MMC-nin baş direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. "xxxx" MMC-də kabel lehimləyici vəzifəsində işləyən X5 zərərli əmək şəraitli iş yerində işləməsinə baxmayaraq, iş vaxtından artıq saata görə əmək haqqına əlavə hesablanıb ödənilmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin tələbləri tərəfindən pozulduğuna görə onun İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh verilməsi qərarına gəlinmişdir. Buna səbəb isə vətəndaş X2 X10 Xidməti Bakı şəhər idarəsinə əmək məzuniyyətinin müddətinin düzgün hesablanmaması ilə əlaqədar etdiyi şikayət olmuş və keçirilmiş yoxlama nəticəsində qanunsuz olaraq barəsində MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta protokolu tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin rəis müavini tərəfindən qəbul olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı və MN ******* nömrəli xx.xx.2024-cü il tarixli protokolu ilə razı olmadığı üçün 13 mart 2024-cü il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X10 Xidmətinə müraciət olunmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 nömrəli qərar qəbul edərək onun barəsində Xidmətin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X10 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 nömrəli qərarını qanunsuz hesab edir. Belə ki, qərarda onun tərəfindən "xxxx" MMC-də kabel lehimləyici vəzifəsində işləyən X3 zərərli əmək şəraitli iş yerində işləməsinə baxmayaraq iş vaxtından artıq saatına görə əmək haqqına əlavə hesablanıb ödənilmədiyinə görə Əmək Məcəlləsinin tələblərinin pozulması faktı kimi və işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati xəta nəzərdə tutduğu üçün inzibati tənbeh verilməsi olunsa da, bununla bağlı bildirir ki, o, heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Belə ki, "xxxx" MMC tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş iş vaxtının uçot tabellərində mexaniki səhv nəticəsində iş vaxtı düzgün qeyd edilməmişdir. X1 iş vaxtı “Elektron hökumət” portalında düzgün qeyd edilmiş və bu hal işçinin müvafiq izahatı ilə də öz təsdiqini tapmışdır. Belə olan halda hesab edir ki, əmək qanunvericiliyi baxımından elektron informasiya sisteminə daxil edilmiş məlumatlar əsas götürülməlidir. Belə ki, əmək münasibətləri ilə əlaqədar sözügedən sistemə daxil edilməyən müvafiq sənədin hüquqi qüvvəsi yoxdur. Hazırki vəziyyətdə "xxxx" MMC tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş iş vaxtının uçot tabellərində mexaniki səhv nəticəsində iş vaxtının düzgün qeyd edilməməsi iş vaxtından artıq saata görə əmək haqqına əlavə hesablanıb ödənilmədiyi kimi qəbul edilə bilməz. X3 iş vaxtı “Elektron hökumət” portalında düzgün qeyd olunduğu və işçinin normadan artıq işə cəlb edilmədiyi kimi qəbul olunmadığı üçün də Əmək Məcəlləsinin 92-ci maddəsində nəzərdə tutulmuş nəticələrin icra olunmasına da dəlalət etmir. Lakin "xxxx" MMC tərəfindən X10 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş iş vaxtının uçot tabellərində mexaniki səhv nəticəsində iş vaxtının düzgün qeyd edilməməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin 1-ci hissəsinin qeyd olunan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilməsi müddəasını təşkil etmir. Qanunvericiliyə uyğun olaraq işçi ilə əmək müqaviləsinin bağlanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmışdır. Göründüyü kimi, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi məhkəməyə gəlməmişdir. Eyni zamanda, şikayətçiyə məxsus və sms-bildiriş göndərilmiş 055 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlanılarkən, tərəf prosesə gələ bilməyəcəyini bildirib işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə qərarı qəbul etmiş qurumun nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X3 "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında işçiyə qısaldılmış iş vaxtının müəyyən edilməməsi, eyni zamanda iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edildiyi, lakin əlavə haqq hesablanıb ödənilmədiyi faktı aşkar edilmiş və şirkətin direktoru X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin 13 fevral 2024-cü il tarixli, MN1612533 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. İ.Nəhmədov həmin qərardan yuxarı orqana şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, iş vaxtının uçotu tabellərində mexaniki səhv nəticəsində iş vaxtı düzgün qeyd edilməmişdir. Belə ki, işçinin iş vaxtı elektron portalda düzgün qeyd edilmiş və bu hal işçinin izahatında öz əksini tapmışdır. Əmək qanunvericiliyi baxımından elektron informasiya sisteminə daxil edilmiş məlumatlar əsas götürülməlidir. Xidmət tərəfindən İ.Nəhmədovun inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə baxılmış və qərar qüvvədə saxlanılmışdır. T.Məmişov tərəfindən əmək hüquqlarının pozulması barədə müraciətinə baxılarkən təqdim olunmuş sənədlər əsasında məlum olmuşdur ki, işçi T.Məmişov ilə MMC arasında xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi müddətsiz bağlanmışdır. Kağız formasında olan əmək müqaviləsində iş saatları 09:00-dan 18:00-dək, nahar fasiləsi isə 13:00-dan 14:00-dək müəyyən edilmişdir. Əmək müqaviləsinə əsasən işçiyə əmək funksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 8% məbləğində əlavə müəyyən edilmişdir. İş materiallarında olan iş vaxtının uçotu tabelinə əsasən işçi hər gün 08 saat olmaqla işə cəlb edilmişdir. Beləliklə, işçinin əmək müqaviləsinə əsasən əmək funksiyasını zərərli əmək şəraitli iş yerində icra etməsinə baxmayaraq, işçi iş vaxtının uçotu tabelinə əsasən hər gün 08 saat olmaqla iş vaxtından artıq işlərə cəlb edilmişdir. İş materiallarında olan T.Məmişov məxsus işçinin şəxsi vərəqəsinə əsasən ona iş vaxtından artıq işlərə cəlb edilməsinə görə əlavə əmək haqqı ödənilmədiyi müəyyən edilir. Eyni zamanda barəsində inzibati icraat aparılan şəxs tərəfindən işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə əlavə əmək haqqının ödənilməsini sübut edən sənəd təqdim edilməmişdir. Nəticədə əmək qanunvericiliyində nəzərdə tutulmuş işçi iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edilmiş və əlavə haqq hesablanıb ödənilməmişdir. Bu qanun pozuntularına yol verildiyi üçün "xxxx" MMC-nin baş direktoru X9 Xidmətin Bakı şəhəri İdarəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə olunmuş, həmin qərardan yuxarı orqana verilmiş şikayət də təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: • xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən işçi T.Məmişov ilə "xxxx" MMC arasında müddətsiz əmək müqaviləsi bağlanmış, iş saatları 09:00-dan 18:00-dək, nahar fasiləsi isə 13:00-dan 14:00-dək müəyyən edilmiş, işçiyə əmək funksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 8% məbləğdə əlavə müəyyən edilmişdir; • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin baş direktoru X9 tərəfindən X6 zərərli əmək şəraitli iş yerində işləməsinə baxmayaraq iş vaxtına Əmək Məcəlləsinin 92-ci maddəsinə uyğun olaraq qısadılmış iş vaxtı müəyyən edilməmiş və iş vaxtından artıq iş saatına görə əmək haqqına əlavə hesablanıb ödənilməmiş, buna görə o, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir; • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərara əsasən X9 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qüvvədə saxlanılmışdır; • 21 noyabr 2023-cü il tarixli, UL00-S-23 saylı əmrə əsasən X9 "xxxx" MMC-nin baş icraçı direktorun müavini vəzifəsindən azad olunaraq baş direktor vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: • Tam iş vaxtı-müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz (89-cu maddə); • İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 07 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 06 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 04 saatdan çox ola bilməz (90-cı maddənin 2 və 3-cü hissələri); • Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (92-ci maddənin 1-ci hissəsi); • Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (93-cü maddə); • İş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır (99-cu maddənin 1-ci hissəsi); • İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur (102-ci maddənin 1-ci hissəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, X9 "xxxx" MMC-nin baş direktoru kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən işçi X4 qısaldılmış iş vaxtının müəyyən edilməməsinə, eyni zamanda iş vaxtından artıq iş saatlarında işlərin yerinə yetirilməsinə cəlb edildiyi, lakin əlavə haqq hesablanıb ödənilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Bu qərardan yuxarı orqana verilmiş şikayət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarı ilə təmin edilməmişdir. Şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın əsassız olduğunu qeyd etsə də, müəyyən olunur ki, işçi T.Məmişovun əmək müqaviləsinə əsasən əmək funksiyasını zərərli əmək şəraitli iş yerində icra etməsinə baxmayaraq, o, iş vaxtının uçotu tabelinə əsasən hər gün 08 saat olmaqla iş vaxtından artıq işlərə cəlb edilmiş, ona iş vaxtından artıq işlərə cəlb edilməsinə görə əlavə əmək haqqı ödənilməmişdir. Eyni zamanda barəsində inzibati icraat aparılan şəxs tərəfindən işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə əlavə əmək haqqının ödənilməsini sübut edən sənəd təqdim edilməmişdir. Belə olan halda "xxxx" MMC-nin baş direktoru X7 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 16 aprel 2024-cü il tarixli, 3-17-5/3-1-3328/2024 saylı “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar