Məhkəmə qərarları › İş №3(006)-1914/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1914/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1914/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 iyul 2021-ci il tarixli, 00100-2542/20/1 (EP 000128) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının Mərkəzi Bankının ünvanına Almaniya Federativ Respublikasından Aİ70861/A5133B1 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklər **********5782 sorğu nömrəli 18.11.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********5782 sorğu nömrəli 18.11.2020-ci il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının ünvanına Aİ70861/A5133B1 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Belə ki, gömrük orqanına təqdim edilən **********5782 sorğu nömrəli 18.11.2020-ci il tarixli gömrük bəyannaməsinin 40-cı qrafasında Aİ70861/A5133B1 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərə dair sərhəd gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsinin nömrəsi qeyd olunmamışdır. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının ünvanına Aİ70861/A5133B1 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallar Azərbaycan Respublikası gömrük ərazisinə 13.11.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə gətirilmiş, ancaq gətirilən mallara dair əvvəlcədən gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi (Gömrük İdarəsi) tərəfindən 02.12.2020-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi üzrə ciddi hesabat sənədi sayılmayan kağız üzərində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 25.12.2020-ci il tarixli qərardadı ilə qeyd edilən iş üzrə bir sıra nöqsanlara yol verildiyindən həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Gömrük İdarəsinə geri qaytarılmışdır. Gömrük İdarəsi tərəfindən məhkəmə qərardadında göstərilən nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə göndərilmiş protokol məhkəmənin 11.03.2021-ci il tarixli qərardadı ilə təkrarən həmin orqana geri qaytarılmışdır. Daha sonra Gömrük İdarəsi tərəfindən 31.03.2021-ci il tarixdə Mərkəzi Bank barəsində İXM-in 485.2-ci maddəsi üzrə yenidən protokol tərtib edilərək baxılması üçün Məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müvafiq blankda hazırlanmadığından və bununla da hər hansı hüquqi nəticəyə səbəb olmadığından Məhkəmə tərəfindən 3-cü dəfə Gömrük İdarəsinə geri qaytarılmışdır. Hazırda Gömrük İdarəsi əlavə heç bir araşdırma aparmadan və hər hansı əlavə prosessual hərəkətlər həyata keçirmədən iş materiallarını yenidən baxılması üçün Məhkəməyə göndərmişdir. Həmin protokola görə Mərkəzi Bankın ünvanına göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə 13.11.2020-ci il tarixində Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postundan keçməklə gətirilmiş, ancaq gətirilən mallara dair əvvəlcədən gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. Hesab edirik ki, səlahiyyətli qurum kimi Gömrük İdarəsi tərəfindən inzibati xətalar qanunvericiliyinin maddi və prosessual normaları kobud şəkildə pozulduğundan, habelə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilməyindən Mərkəzi Bank barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Əvvəla qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl barəsində icraat aparılacaq şəxsə hüquq və vəzifələrini izah etməklə ona protokolun tərtib edilməsinə iştirak etmək, protokolun surətini imzalamaq və həmin protokolda öz izahatı göstərmək hüququnu tanımışdır. Müdafiə hüququnun önəmli mərhələlərindən biri olan bu prosessual tələb İXM-in 100-cü maddəsi ilə tənzimlənmişdir. Belə ki, İXM-in 100.2-ci maddəsinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Qeyd edilən nöqsanları məhkəmə hazırki iş üzrə qəbul etdiyi 25.12.2020-ci və 13.11.2020-ci il tarixli qərardadlarında da göstərmiş və bu halları prosessual pozuntu kimi qəbul edərək materialları haqlı olaraq Gömrük İdarəsinə geri qaytarmışdır. Bununla belə Gömrük İdarəsi tərəfindən prosessual tələblərə yenə də riayət edilməmişdir. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə inzibati orqan işin tam və hərtərəfli şəkildə araşdırılması məqsədilə iş üzrə icraata başladıqdan sonra bütün zəruri prosessual hərəkətləri həyata keçirməli, inzibati xətanı istisna edən sübutları təqdim etmək üçün qarşı tərəfi məlumatlandırmalı və bunun üçün lazımi şərait yaratmalı (müddət tanımalı) və yalnız bu araşdırmanın yekununda inzibati xəta faktının törədilməsinə əmin olduqdan sonra inzibati xəta haqqında protokol tərtib etməlidir (İXM-in 102.1-ci və 102.6-cı maddələri). Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi bir sıra Plenum Qərarlarında inzibati xəta ilə cinayətin oxşarlığına toxunmuş və cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanları müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab etmişdir (05.03.2015-ci il tarixli Plenum Qərarı). Bu mövqedən çıxış edərək müəyyən olunur ki, cinayət təqibini həyata keçirən qurum araşdırmasının (istintaqın) yekununda ittiham aktı qəbul edirsə, inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqan inzibati xəta haqqında protokol tərtib edir. Göstərilənləri hazırki işlə əlaqəli şəkildə nəzərdən keçirsək müəyyən edilir ki, Gömrük İdarəsi səlahiyyətli orqan kimi birtərəfli qaydada, araşdırma (istintaq) həyata keçirmədən, yalnız özündə olan sənədlər üzrə Mərkəzi Bankı inzibati xəta törətməkdə ittiham edən inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, İXM-in 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, qanunvericilik hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini mütləq şəkildə onun vəzifəli şəxslərinin və ya işçisinin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törətdiyi inzibati xəta ilə şərtləndirmişdir. Başqa sözlə, törədilmiş əməllə bağlı səlahiyyətli orqan əvvəlcə vəzifəli şəxsin təqsirini müəyyən etməli və yalnız bundan sonra həmin əməlin hüquqi şəxsin maraqları üçün olubolmamasını dəqiqləşdirməli və əməldə sonuncunun da təqsir məsələsinə baxmalıdır. Lakin qeyd olunmalıdır ki, indiki halda nə Mərkəzi Bankın, nə də onun vəzifəli şəxsinin heç bir təqsiri yoxdur. Belə ki, Mərkəzi Bank onun adına ölkə xaricindən daxil olan və ya onun adından ölkədən xaricə göndərilən yüklərlə bağlı gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış broker "xxxx" MMC ilə xidməti müqavilə imzalamışdır. 14.10.2020-ci il tarixli, 60/20 saylı müqavilə üç il müddətinə bağlanmışdır və bu müqavilənin 1.1-ci bəndində qeyd edilən vəzifələrin tenderin qalıibi olan icraçı "xxxx" MMC-yə həvalə edildiyi razılaşdırılmışdır. Gömrük Məcəlləsinin 22.1-ci maddəsinə görə gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Göründüyü kimi, hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş əməl (hərəkətsizlik) vəzifələrin həvalə edildiyi "xxxx" MMC tərəfindən törədilmişdir ki, bu da həmin əməlin Mərkəzi Banka aid edilməsini istisna edir. Belə ki, İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İXM-in 485.2-ci maddəsi üzrə Mərkəzi Bank barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, qısa idxal bəyannaməsi yazılsa da avtomobil sərhədi 13 noyabr 2020-ci il tarixdə, saat 02:00-da keçdiyi üçün bəyannamə səhər gömrük orqanına təqdim edilmişdir. 18 noyabr 2020-ci il tarixdə isə gömrük bəyannaməsi gömrük orqanına təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" MMC-nin arasında bağlanmış 14 oktyabr 2020-ci il tarixli, 60/20 saylı müqavilənin 1-ci maddəsindən görünür ki, həmin müqavilədə Mərkəzi Bank sifarişçi, "xxxx" MMC isə icraçı adlandırılmış: sifarişçinin adına (ünvanına) ölkə xaricindən daxil olan və onun adından ölkə xaricinə göndərilən yüklərin gömrük rəsmiləşdirilməsi və sifarişçinin adına ölkə xaricindən daxil olan yüklərin sirafişçinin Bakı şəhəri ərazisində təyin etdiyi ünvana çatdırılması və sifarişçinin adından yükün ölkə xaricinə göndərilməsi barədə icraçının tender təklifini qəbul etmişdir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən sifarişçinin adına (ünvanına) daxil olmuş sənədlərin, bağlamaların, iri qabaritli və ağır çəkili (200-250 kg) yüklərin sifarişçi tərəfindən tələb olunan zəruri məlumatlar və sənədlər təqdim edildikdən sonra 2 (iki) iş günündən gec olmayaraq qanunvericiliyə uyğun gömrük rəsmiləşdirilməsinin aparılmasını icraçı öhdəsinə götürür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 02 dekabr 2020-ci il tarixli, 00100- 2542/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, həmin protokola məhkəmə iclasında baxılmağa hazırlanması zamanı protokolun qanunvericiliyin tələblərinə müvafiq qaydada riayət olunmadığı müəyyən olunmuş və protokol 25.12.2020-ci il tarixdə inzibati orqana geri qaytarılmış, daha sonra həmin protokol yenidən baxılması üçün məhkəməyə göndərilmiş, lakin iş materialları natamam olduğundan və işə baxmaq mümkün olmadığından 05.02.2021-ci il tarixdə protokol gömrük orqanına geri qaytarılmışdır. Bundan sonra gömrük orqanı tərəfindən 31 mart 2021-ci il tarixli 00100-2542/20/1 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, həmin protokol Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara uyğun ciddi hesabat sənədi olan blankda tərtib edilmədiyindən məhkəmənin 21.05.2021-ci il tarixli qərarı ilə inzibati orqana geri qaytarılmışdır. Daha sonra 05 iyul 2021-ci il tarixli, 00100-2542/20/1 (EP 000128) saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün yenidən məhkəməyə göndərilmiş, lakin məhkəmə iclasında həmin protokolun subyekti düzgün müəyyən etmədən və iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılmadan tərtib edildiyi müəyyən olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl barəsində icraat aparılacaq şəxsə hüquq və vəzifələrini izah etməklə ona protokolun tərtib edilməsinə iştirak etmək, protokolun surətini imzalamaq və həmin protokolda öz izahatını göstərmək hüququnu izah etməmiş bununla da Bankın müdafiə hüququ pozulmuşdur. X2 adına ölkə xaricindən daxil olan və ya onun adından ölkədən xaricə göndərilən yüklərlə bağlı rəsmiləşdirmələrinin həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış broker "xxxx" MMC ilə xidməti müqavilə imzalamışdır. 14.10.2020-ci il tarixli, 60/20 saylı müqavilə 3 il müddətinə bağlanmış və bu müqavilənin 1.1-ci bəndində qeyd edilən vəzifələrin tenderin qalibi olan icraçı "xxxx" MMC-yə həvalə edildiyi razılaşdırılmışdır. Göründüyü kimi inzibati xəta hadisəsi Mərkəzi Bank tərəfindən deyil onun müqavilə bağladığı "xxxx" MMC tərəfindən törədilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının əməlində inzibati xəta hadisəsinin olmaması müəyyən edilmişdir. Həmçinin Bankın əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar