Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2281/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi - Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Quba şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, "xxxx" ASC-nin icraçı direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" ASC-nin icraçı direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-də (İnvestisiya şirkət) xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində aparılmış planlı-tematik yoxlama (xx.xx.2023 - xx.xx.2024-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.4cü maddəsinə görə öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində müştərini və onun səlahiyyətli nümayəndəsi eyniləşdirməli, müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər. "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair" Qaydaların (MUT Qaydaları) 2.1-ci yarımbəndində öhdəlik daşıyan şəxslər tərəfindən ƏL/TMM Qanunun 4.2.1-ci, 4.2.2-ci, 4.2.4-cü və 4.2.5-ci maddələrində nəzərdə tutulmuş hallarda müştəriləri və onların səlahiyyətli nümayəndələrini eyniləşdirmək məqsədilə onlar barədə əldə edilməli olan mimunum məlumatlar qeyd edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən xx.xx.2024-cü il tarixidə 1 müştərinin sifarişi ilə əməliyyatın həyata keçirilməsi zamanı, xx.xx.2024-cü il tarixində isə digər 1 müştəri ilə işgüzar münasibətlər yaradılmasından əvvəl müştərilərin və onların səlahiyyətli nümayəndələrinin ƏL/TMM Qanununun 4.10-cu maddəsinə görə öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində 1 müştəri tərəfindən sifariş edilmiş 43 əməliyyat üzrə 23,6 milyon manatlıq qeyri-adi olaraq irihəcmli olan əməliyyatlar icra edilərkən müştərinin əmlakının mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görülməmiş, bunlarla bağlı təhlil hesabatı hazırlanmamışdır. ƏL/TMM Qanununun 4.14-cü maddəsinə görə müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, hesab açılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti ilə 2022-ci ildə 1 müştərisi arasında işgüzar münasibətlər yaradılmış, lakin həmin müştərinin gəlirlərinin mənbəyi müəyyən edilməmiş, yəni müştəri uyğunluğu tədbirləri tətbiq olunmamışdır. Buna baxmayaraq, İnvestisiya şirkəti həmin müştəri ilə işgüzar münasibətlərə xitam verməmiş, əksinə, bu münasibətləri davam etdirərək sonuncunun sifarişi ilə 2024-cü ilin may - avqust aylarında 7 say satış əməliyyatı həyata keçirmişdir. 1-ci bənddə qeyd edilən 4 sayda müştərilərə münasibətdə 51 əməliyyat üzrə pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. ƏL./TMM Qanununun 10.5-ci maddəsinə uyğun olaraq qəbul edilmiş "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər'in (DNP) 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı aşkar edilmişdir ki, İnvestisiya şirkətində məsul şəxs və onun əvəzedicisinin 3 iş günü ərzidə MMX-nın informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməmişdir. DNP-nin 2.6-cı bəndinə görə öhdəlik daşıyan şəxslərin rəhbərliyi əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq işçilərin vəzifə təlimatlarında ƏL/TMM-yə dair hüquq və vəzifələrinin müfəssəl şəkildə qeyd edilməsini təmin etməli və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq xüsusiləşdirilmiş yanaşma tətbiq etməli, eləcə də fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq struktur vahidlərin ƏL/TMM üzrə hüquq və vəzifələrini müəyyən etməli, hər bir struktur vahidin rolu üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq etməlidirlər. Yoxlama zamanı aşkar edilmişdir ki, İnvestisiya şirkətində daxili nəzarət proqramı çərçivəsində ƏL/TMM üzrə struktur vahidlərinin əsasnamələrində və işçilərin vəzifə təlimatında ƏL/TMM üzrə hüquq və vəzifələr müəyyən edilməmişdir. DNP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqramında ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Bundan başqa, DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkəti tərəfindən təlim proqramı və onun icrası ilə bağlı məlumatlar MMX-ya təqdim edilməmiş, daxili qaydalarda bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsi nəzərdə tutulmamış, keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməmişdir DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır Yoxlama zamanı müəyyən edilmişdir ki, İnvestisiya şirkətinin Müşahidə Şurası tərəfindən xx.xx.2024-cü il tarixində təsdiq edilmiş şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması (yenilənməsi) meyarlarına dair qaydalarda bu meyarların 3 iş günü ərzində MMX-ya təqdim edilməsi öz əksini tapmamış və məlumatlar MMX-ya göndərilməmişdir. 2-ci bənddə qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (4 sayda müştərilərə münasibətdə 51 əməliyyat üzrə) və 598.1.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar İnvestisiya şirkətinin hüquqi ünvanı olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 102A ünvanında yerləşən "X1" ticarət mərkəzində xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2024-cü il tarixdə aşkarlanmışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan əməliyyatlar adi gündəlik qiymətli kağızların alınması ilə bağlı əməliyyatlardır və qiymətli kağızları müştərilərə almışlar. Tenderi şirkət udmuşdur. Qeyd olunanlara əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti tərəfindən "xxxx" ASC barəsində tərtib edilmiş yoxlama haqqında hesabatdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən CPM-İnvest İnvestisiya Şirkəti” ASC-də xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasındakı dovrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokolda göstərilən faktlar aşkar edilmişdir. "xxxx" ASC-nin yaradılması haqqında 1 nömrəli, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik “İcracı Direktor” vəzifəsinə Şəxs təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 598.1.1-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına, və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə, 598.1.2-ci maddəsinə əsasən, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına səbəb olan halların dairəsi dəqiq müəyyən olunmuş və həmin tələblərin pozulmasına görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin "xxxx" ASC-nin icraçı direktoru Şəxs tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Nəticədə məhkəmə, inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla belə qənaətə gəlir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin dispozisiyasında “hər bir müştəriyə və əməliyyata görə” inzibati tənbeh nəzərdə tutulmuş və bir neçə inzibati xətalar üzrə tənbehin hansı üsulla tətbiq edilməli olduğu göstərilmişdir. Beləliklə də, vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hər birisi ayrıca hərəkətlə (hərəkətsizliklə) müxtəlif vaxtlarda törədilmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir və qanunverici burada "barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Məhkəmə vəzifəli şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, vəzifəli şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.4-cü maddəsi nəzərə alınmaqla barəsində 10000 (on min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2281/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2281/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver