Məhkəmə qərarları › İş №3(006)-3210/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3210/2021

17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3210/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 354.0.8-ci maddəsi ilə Bakı Nəqliyyat Agentliyinin tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Belə ki, iş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi Rayonu, H.Ələsgərov və Süleyman Rüstəm küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar Şəxs MMC tərəfindən təhkim zolağına (səkiyə) qanunsuz olaraq hasarı (qurğu) və digər maneələr yığmış və quraşdırılmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 bildirmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi Rayonu, H.Ələsgərov və Süleyman Rüstəm küçəsinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar Şəxs MMC tərəfindən təhkim zolağına (səkiyə) qanunsuz olaraq hasarı (qurğu) və digər maneələr yığmış və quraşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 5-ci hissəsinin 8-ci bəndinə əsəsən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Daxili İşlər Nazirliyi) ilə razılaşdırılmadan təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumunun) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi qadağandır. “Avtomobil yolları haqqında” Qanunun 14-cü maddəsinə əsasən avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosipedi yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir. Həmin müddəaya əsasən səki təhkim zolağının hissəsidir. Bu Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil yollarının təhkim zolağı hüdudlarında avtomobil yollarının tikintisi, saxlanması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi; yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Bakı Nəqliyyat Agentliyinin) xidməti tikililəri və qurğuları istisna olmaqla avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi qadağandır. “Avtomobil yolları haqqında” Qanununun 34-1-ci maddəsinə əsasən avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaratmaq və yolların hərəkət hissəsində, habelə yolların; yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yükləri yükləmək və ya boşaltmaq; avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl etməmək; avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaratmaq qadağandır. Göstərilənlərə əsasən müəyyən olunur ki, səki sahəsi təhkim zolağının hissəsidir və orada qanunsuz olaraq qurğuların, konstruksiyaların, materialların, predmetlərin və digər maneələrin yerləşdirilməsinə yol verilmir. Qeyd olunan hərəkətləri edən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İzahatının sonunda Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Bakı şəhər Nəqliyyat Agentliyi tərəfindən tərtib ounmuş №09-11-07/01278 saylı 20 oktyabr 2021-ci il tarixli protokol qanunsuz və əsassızdır, sözü gedən 09-11-07/01278 saylı 20 oktyabr 2021-ci il tarixli protokolda qeyd olunun inzibati xəta “Grand Plaza” MMC tərəfindən törədilməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 298 saylı 14 noyabr 2017-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşunski və Qulu Quliyev küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Şəxs MMCnin istifadəsinə verilmişdir. Şəxs MMC-nin tikintisini həyata keçirdiyi hündürmərtəbəli yaşayış binasının yerləşdiyi ərazi ətrafında tikintini əhatə edən hasar yolun kənarı ilə nəzərdə tutulub. Buna səbəb yolun kənarından təxmini 10 metr sonra binanın özülü qazılmışdır. Ərazidə tikilən hündürmərtəbəli yaşayış binalarının ərazisi relyefdə yerləşdiyi üçün ərazinin bəzi yerlərində dəmir beton svaylar yerləşdirilib. Həmçinin də binan qazılmış özül çalası ilə sözü gedən hasarın ara məsafəsi 10 metr sahəni əhatə edir, bu isə tikinitinin həyata keçirilməsi üçün tikinti maşınları, mexanizimləri və avadanlıqların yerləşdirilməsi üçün minimal tələb olunan ölçüdür. Həmçinin bu çizgi və ölçülər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnustutu tərəfindən hazırlanmış Tikintinin Təşkili layihəsində öz əksini tapmışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli təhkim zolağına qanunsuz olaraq hasarlanma işlərinin aparılması, qurğuların və digər konstruksiyaların yığılması barədə aktdan görünür ki, Bakı şəhəri, Nəsimi Rayonu, H.Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində Şəxs MMC tərəfindən təhkim zolağına (səkidə) qanunsuz olaraq hasarlanma işlərinin aparılması, qurğuların və digər konstruksiyaların yığılması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintinin təşkili layihəsinə aid göstərişlərindən görünür ki, Bakı şəhəri, Nəsimi Rayonu, S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin kəsişdiyi ərazidə Şəxs MMC tərəfindən inşa edilən çoxfunksiyalı binanın inşaat işlərinə başlanması üçün ətraf ərazi müvəqqəti olaraq hasarlanmalı, inşaat materiallarının daşınması zamanı ətrafdakı sakinlərin təhlükəsizliyi təmin edilməlidir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nəsimi Rayonu, H.Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar Şəxs MMC tərəfindən səki hasarlanmış və bununla bağlı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin həmin maddənin dispozisiyasında səkini hasarlama ilə bağlı hər hansı qeyd yoxdur. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə təhkim zolağı dedikdə, avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələri, avtomobil yolu dedikdə isə dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndis qurğular sistemi başa düşülür Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsinə əsasəntəhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsinə görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 85.3-cü maddəsinə əsasən tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı (reklam qurğularının tikintisi zamanı istisna olmaqla) və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 18 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.8-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar