Məhkəmə qərarları › İş №3(006)-4760/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-4760/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-4760/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Audiovizual tərtib etmiş: Şurasının nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 08, mənzil 20; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC tərəfindən audiovizual media sahəsində lisenziyanın qayda və şərtləri pozulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 08, mənzil 20-də yerləşən Şəxs MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən universal platforma operatoru fəaliyyəti üçün 10 aprel 2023-cü il tarixli, UPO-028 qeydiyyat nömrəli lisenziya sənədi verilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 19 noyabr 2024-cü il tarixdə, saat 12:00-da aparılmış Şəxs xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 175 televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinin tələbinin pozulması ilə həyata keçirilməsi faktı aşkar olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs “BOSS GROUP” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Retranslyasiya fəaliyyətinin monitorinqinə dair 19 noyabr 2024-cü il tarixli, RM/24-004 saylı arayışda qeyd olunur ki, Şəxs xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 175 televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur; • 10 aprel 2023-cü il tarixli, UPO-028 nömrəli Xüsusi Lisenziyadan aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 08, mənzil 20-də yerləşən Şəxs MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən universal platforma operatoru fəaliyyətinin həyata keçirməsinə icazə verilmişdir; • 01 ədəd CD diskdən aydın olur ki, xx.xx.2024-cü il tarixdə Şəxs xidmətinin retranslyasiya etdiyi kanal siyahısına 313 kanal aiddir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçısının dinləyib hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə əsasən platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə görə lisenziya şərtləri – lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “BOSS GROUP”MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar