Məhkəmə qərarları › İş №3(006)-5141/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5141/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5141/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili “Zəfər” Vəkil Bürosunun vəkili Qanuni nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində ona məxsus “Kia Optima” minik markalı ** NK *** dövlət nişanlı nəqliyyat vasitəsini Üzeyir Hacıbəyli 83/88 küçəsində saxlayıb avtomobilin baqajını açmış, həmin gün hava şəraiti çox isti olduğundan sükan arxasına oturmuşdur ki, qonaqların əlində əşyalar olacaq və həmin əşyaları avtomobilin baqaj hissəsinə əlavə etsinlər. Daha sonra dövlət yol polis idarəsinin əməkdaşları onun avtomobilinə yaxınlaşdılar və ondan avtomobilin baqaj hissəsinin niyə açıq olduğunu soruşdular. Onlara bildirdi ki, qonaqlarının əlində ağır əşyalar var və həmin əşyaları yerləşdirmək üçün açıq saxlamışdır. Lakin polis əməkdaşları bildirdilər ki, o, cərimədən yayınmaq məqsədi ilə avtomobilin baqaj hissəsini açmışdır. Təqribən 2 dəqiqədən sonra onun qonaqları əşyalar ilə avtomobilə yaxınlaşdılar və əşyaları maşının baqajına yerləşdirdilər. Lakin dövlət yol polis idarəsinin əməkdaşları onun avtomobilini cərimə meydançasına aparmışlar. xx.xx.2023-cü il tarixində o, X2 Polis İdarəsinə yaxınlaşıb həmin əməkdaşların rəisi ilə görüşüb bütün hadisəni izah etmişdir, həmin rəis tam ətraflı və ədalətli işi araşdırıb bildirdi ki, onun günahı yoxdur və o, öz avtomobilini cərimə meydançasından götürə bilər. Hesab edir ki, İXP ******* saylı protokol tam əsassız və qanunsuzdur aşağıdakı əsaslara görə: birinci əsas odur ki, İnzibati Xətalar Məcəlləsinin 342.9 maddəsinin məsuliyyəti bir neçə hissədən ibarətdir. Sırf ona aidiyyatı olan məsələ nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan ibarətdir. Amma indi ki, halda həm onun göstərdiyi bu işin hallarında, həm də ki, tərtib olunmuş protokolda göstərilməmiş hadisənin baş verməsi onun avtomobilinin baqaj hissəsinin açılması ilə olmuşdur, belə halda düzdür əgər o, dayanma durma qaydasını pozmuşdursa bu ən yaxşı halda dayanma durma qaydalarına görə məsuliyyətə səbəb ola biləcək maddəsinə görə əsas ola bilərdi. Amma, bu heç bir halda avtomobilin baqaj hissəsini açılması İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin təsir əlamətinə düşmür, çünki o, polis tərəfindən və ya müşahidə kamerası tərəfindən müəyyən edilməsi üçün nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməmişdir, hansısa qurğulardan istifadə etsəydi həmin maddənin təsiri altına düşə bilərdi. Eyni zamanda bildirir ki, bu maddənin təsiri altına düşsə idi, bu halda mütləq həmin qurğular və ya örtüklər polis tərəfindən müsadirə olunması üçün götürülərdi və bu hal protokolda qeyd olunardı və məhkəməyə iş materialları ilə birlikdə göndərilərdi. Lakin qeydlərin göndərilməməsi birdə onu təsdiq edir ki, protokolda qeydlərin olunmaması həqiqətən onda hər hansı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını məhdudlaşdıran avadanlıq və ya qurğu olmayıb. Bu da ikinci təsdiq əlaməti. Üçüncüsü isə belə bir qurğu və ya avadanlıq varsa, həmin qurğunu polis orqanı ittiham tərəfi kimi bu materialları, video müşahidə vaistələri ilə bunu təsdiq edən məlumatları məhkəməyə təqdim etməli idi. Bu bir daha təsdiq edir ki, bu məlumatlar olmadığı üçün məhkəməyə təqdim edə bilməmişlər. Belə olan halda müsadirə ilə bağlı olan qeydlərə İnzibati Xətalar Məcəlləsinin 100-cü maddənin tələblərinə görə protokolda göstərilməsi lazım olan məlumatlar arasında var bunlar polis tərəfindən göstərilməmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Qanuni nümayəndə oxşar məzmunda çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində İXM-in 342.9cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs saxlanması üçün qəbul edilmişdir. İş materiallarında olan 01 ədəd fotoşəkildən görünür ki, yol sağ hərəkət istiqamətində dayanmış nəqliyyat vasitəsinin baqajı açıq vəziyyətdədir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta tərkibi olmadığından başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddədən məlum olur ki, göstərilən inzibati xətanın tərkibinin yaranması üçün maddənin dispozisiyasında nəzərdə tutulmuş hallardan ən azı biri mövcud olmalıdır. Məhkəmə, ilk növbədə qeyd edir ki, şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən müəyyən edilməlidir. Lakin, hazırki halda inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın mahiyyətinin nədən ibarət olması, İXM-in 342.9-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş konkret hansı əməlin törədilməsi göstərilməmiş, yalnız İXM-in 342.9-cu maddəsinə istinad etməklə kifayətlənilmişdir. Növbəti olaraq, məhkəmə, barəsində icraat aparılan şəxsin izahatında göstərdiyi xüsusatları, inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkildə təsvir olunan görüntünü (avtomaşının baqajı açıq vəziyyətdə dayanmasını), inzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsini və inzibati orqan tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq inzibati xəta haqqında protokolun İXM-in 342.9-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməyə görə tərtib edildiyi qənaətinə gəlir. Buna görə də məhkəmə, protokol tərtib etmiş səlahiyyətli orqanın diqqətini cəlb edərək bildirir ki, yuxarıda istinad olunan normalardan göründüyü kimi qanunverici nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirməyə görə deyil, görünüşü çətinləşdirən örtülərdən və ya qurğulardan istifadəyə görə məsuliyyət müəyyən edir. Buna görə də sürücü tərəfindən avtomobilin baqajının açıq vəziyyətdə dayanması nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirsə belə İXM-in 342.9-cu maddəsi ilə əhatə olunmur. Məhkəmə hesab edir ki, inzibati xətalar haqqında qanunvericiliyin qeyd edilən norması hüquq subyektləri, xüsusən hüquq tətbiqedən orqan üçün hüquqi cəhətdən kifayət qədər müəyyəndir. Başqa sözlə, sözügedən norma hüquqi müəyyənlik prinsipinə cavab verən birmənalı və aydın şəkildə ifadə edilmişdir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları). Bundan başqa, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan şəxsin qeyd edilən inzibati xətanı törətməsi barədə əsassız nəticəyə gəlmiş, həmin şəxsin idarə etdiyi nəqliyyat vasitəsini duracağa aparmaqla şəxsin əmlakından sərbəst istifadəsini nəzərdə tutan mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırmış, bununla da barəsində icraat aparılmış şəxsin qanunla qorunan hüquq və mənafelərinə xələl gətirmişdir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Beləliklə, hazırkı iş üzrə aydın olur ki, Şəxs tərəfindən İXM-in 342.9-cu maddəsində qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar