Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-5391/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş, 5000 (beş min) manat məbləğində cərimə müəyyən olunmuşdur. Bundan əvvəl xx.xx.2025-ci il tarixli DVX №000762 saylı akt əsasında Vergilər Nazirliyinin əməkdaşları tərəfindən obyektində yoxlama aparılmış və əsassız protokol tərtib edilmişdir. Qərar və protokollar əsassızdır, çünki eyni fakt üzrə iki protokol tərtib olunmuşdur. Vergi əməkdaşları tərəfindən tərtib edilən protokollardan biri Vergilər Nazirliyinin adına, digəri isə əsassız olaraq Səhiyyə Nazirliyinə göndərilmişdir. Bu isə eyni hüquq pozuntusu üzrə iki dəfə inzibati məsuliyyət tədbiq olunmasıdır. Vergi əməkdaşları səlahiyyətlərini aşmışdır. İXM-in 210.1-ci maddəsi yalnız lisenziya tələb olunan tibbi fəaliyyətlə məşğul olan şəxslərə aiddir. Halbuki obyektində tibbi əməliyyat deyil, kosmetik xidmət - lazer epilyasiya xidməti göstərilir. Tibbi fəaliyyətinin olubolmamasını müəyyən etmək yalnız Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Lakin nəzarət zamanı Səhiyyə Nazirliyinin əməkdaşları dəvət edilməmiş, hər hansı araşdırma aparılmamışdır. Vergi əməkdaşlarının bu qərarı vəzifə səlahiyyətlərinin aşılmasıdır. Lazer aparatının texniki göstəriciləri tibbi əməliyyata aid deyil. Təqdim etdiyi uyğunluq sertifikatı (İNEX MMC tərəfindən idxal olunan “Alexandrite Pro” lazer epilyasiya cihazı) göstərir ki, aparat yalnız tüklərin zədələmədən təmizlənməsi üçündür. Heç bir halda dəri altı əməliyyat və tibbi prosedur icra etmir. Aparatın texniki parametrlərinin dəqiqləşdirilməsi üçün “Azərbaycan Akkreditasiya Mərkəzi” (AzAK) ekspertiza aparmalı və cihazın yalnız kosmetik xidmət üçün nəzərdə tutulduğunu təsdiqləməlidir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X3 göstərmişdir ki, protokol və qərar qanuni və əsaslı tərtib edilmişdir. Belə ki, lazeroloq olması və bu fəaliyyətlə məşğul olması X2 vermiş olduğu izahatda da özü tərəfindən etiraf edilmişdir. Qeyd edilən fəaliyyətlə məşğul olmaq üçün isə xüsusi lisenziyanın alınması mütləqdir. Belə ki, lazer şüası dəriyə kənardan müdaxilə edir və insan orqanizminə istənilən kənardan müdaxilə tibbi xidmət hesab olunur. X2 vergi ödəyicisi kimi qeydiyyatda olması bu fəaliyyətlə məşğul olması üçün kifayət etmir. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, AR İN DVX əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli akta əsasən X2 (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən “Sevgi Beauty” gözəllik salonunda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, X2 (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən “Sevgi Beauty” gözəllik salonunda keçirilən operativ vergi nəzarəti zamanı xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə xüsusi razılıq (lisenziya) alınmadan tibb fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Şikayətdə qeyd olunur ki, obyektdə tibbi əməliyyat deyil, kosmetik xidmət - lazer epilyasiya xidməti göstərilir. Məhkəmə hesab edir ki, bu kosmetoloji tibbi xidmətdir və bu xidmətin göstərilməsi üçün xüsusi razılıq alınmalıdır. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın və “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 saylı Qərarına əsasən kosmetoloji xidmət özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər siyahısına daxil edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X4 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-5391/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-5391/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver