Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1446/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 10 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 10 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24cü Polis Bölməsinin 10 aprel 2021-ci il tarixli, EPQ ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmaqla, barəsində inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Qərar ona rəsmi qaydada 23 aprel 2021-ci il tarixdə təqdim edildiyindən, İXM-də nəzərdə tutulmuş şikayət müddətini ötürməmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, barəsində inzibati tənbeh tətbiq edilməsinə əsas olan İXM-nin 211.1-ci maddəsinin tələbinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-də cərimənin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə tətbiq edilməli olduğu müəyyən edilmişdir. Lakin nə qərarda, nə də qərar üzrə tərtib edilmiş protokolda onun konkret hansı inzibati xətanı törətdiyi göstərilməmiş, formal olaraq İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Təkcə qeyd olunan hal səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını göstərir ki, bu da İXM-nin 135.1.1-ci maddəsinə əsasən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmçinin, barəsində tətbiq edilən inzibati tənbeh əsaslı olsa belə, tətbiq edilən cərimə əsaslı olmamış, inzibati tənbehin yuxarı həddi tətbiq edilmişdir. O, musiqiçidir, el şənliklərində iştirak edərək ailəsi üçün çörək pulu qazanmışdır. Hazırda isə məlum olduğu kimi, toylar keçirilmədiyindən, heç bir gəliri yoxdur, çox çətin şəraitdə yaşayır. 3 azyaşlı övladı, yaşlı anası ilə birlikdə yataqxana şəraitində məskunlaşmışdır. Maddi və yaşayış şəraiti çox ağırdır. Həmçinin, eyni inzibati xəta üzrə əvvəllər barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Lakin inzibati tənbeh tətbiq edilərkən yuxarıda qeyd olunan halların heç biri məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmamışdır. Halbuki, İXM-nin 211.1-ci maddəsində törədilmiş inzibati xətaya görə cərimənin aşağı həddi 200 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, səlahiyyətli orqan onun barəsində inzibati tənbeh tətbiq edərkən yuxarıda qeyd olunan halları ümumiyyətlə nəzərə almamış, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq inzibati tənbehin aşağı həddini tətbiq etməmişdir. Qeyd olunan hal isə İXM-nin 135.1.5-ci maddəsinin tələbinə əsasən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, barəsində tətbiq edilmiş tənbeh İXM-nin 31-34-cü maddələrinin tələblərinə uyğun deyildir, tənbeh tətbiq edilərkən inzibati xəta üzrə təqsirinin dərəcəsi, əmlak vəziyyəti və s. hallar nəzərə alınmamışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin 10 aprel 2021-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, günorta saatlarında “banket” məclisində olarkən polis onu cərimələmişdir, hansı ki, hər şey qaydasında olmuş, İXM-nin 211.2-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmasına əsas olacaq hər hansı hərəkətə yol verməmiş, polislər tərəfindən də müəyyən edilməmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X2 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X3 yüz nəfərdən artıq şəxsin olduğu toy mərasimində iştirak etmiş, bununla yanaşı o, həmin toyu təşkil edənlərdən biri olmaqla yanaşı qoruyucu tibbi maskadan da istifadə etməmişdir. X1 barəsində İXM-nin 211.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X2 tərəfindən tərtib olunmuş 10 aprel 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 10 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 barəsində inzibati protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 10 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 10 aprel 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 400 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə qeyd edir ki, Respublika ərazisində xüsusi karantin rejimi elan olunmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli qərarına müvafiq olaraq insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə müvafiq iş və xidmət sahələri, o cümlədən toy, nişan və bu kimi mərasimlərin təşkili üzrə fəaliyyət qadağan edilmişdir. Hansı ki, həmin vaxtdan sonra hal-hazıradək qəbul edilmiş çoxsaylı qərarlarla həmin qadağa qüvvədə saxlanılmış, ləğv edilməmişdir. Bundan başqa, “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 nömrəli qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Qəbul edilmiş bütün qərarlarla müəyyən edilmişdir ki, müvafiq tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X3 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq qərarların tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 10 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 10 aprel 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1446/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1446/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver