Məhkəmə qərarları › İş №3(007)-4689/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4689/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4689/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X5 iclas katibliyi, şikayətçi – X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası DİN Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin polis kapitanı X3 TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş protokol və qərar qanunsuz olduğu üçün ləğv edilməli, material üzrə icraata xitam verilməlidir. Belə ki, heç bir inzibati xəta hadisəsi törətmədiyi halda əsassız və qərəzli şəkildə tərtib edilmiş mübahisəli protokol və qərar Azərbaycan Respublikası Kostitusiyasının və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə tamamilə ziddir. Tərtib edilmiş sənədlərdən bəlli deyildir ki, gəlinən qənaət hansı sübutlarla təsdiq edilmişdir. 05 sentyabr 2025-ci il tarixdə, idarə etdiyi Nissan markalı, **-RK-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Rüstəm Rüstəmov küçəsi ilə hərəkətdə olarkən YPX inspektoru, polis kiçik serjantı Azad Əsgərov yol hərəkəti qaydasını pozmasını bəhanə edib protokol tərtib etmişdir. Onun fikrincə o, dairəyə daxil olarkən yol hərəkəti qaydalarım pozmuşdur. Bu halı qəbul etmir, hadisə baş verən zaman dairəyə tam qanuni və sərbəst şəkildə daxil olmuş və hər-hansı yol hərəkəti iştirakçısına maneə yaratmamışdır. Sonradan sol tərəfindəki avtomobillər hərəkət etməkdə çətinlik çəkdiyinə görə, sürücü kimi vəziyyəti yerində qiymətləndirib hərəkət etmiş və hər hansı qayda pozuntusu baş verməmişdirr. Odur ki, inzibati material üzrə şəxsin təqsiri sübuta yetirilməlidir.O, uzun illərdir məsuliyyətli sürücü kimi avtomobil idarə edir və həmişə yol hərəkətinin təhlükəsizliyini prioritet saymışdır. Hadisə zamanı məqsəd yalnız yol hərəkəti haqqında qanunvericilik aktlarına uyğun hərəkət etmək olmuşdur. Buna baxmayaraq, əsassız, qanunsuz və məntiqsiz şəkildə məsuliyyətə cəlb edilməsi onun üçün qəbuledilməzdir və sürücü kimi nüfuzuna zərər vurur. Qeyd olunanlara əsaslanaraq xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat vermiş və suallara cavab olaraq bildirmişdir ki, dairəyə çatmamış yolun kənarında “Dairəvi hərəkət” nişanını görmüş, lakin orada dayanıb nişanın tələbini gözləməli olsa, günlərlə gözləməli olacağından yol hərəkəti iştirakçısı kimi o, öz hüquqlarından istifadə edərək dairəyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X6 xx.xx.2025-ci il tarixdə, saat 13:41-də idarə etdiyi **-RK-*** dövlət qeydiyyat nişanlı “Nissan Patrol” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, şikayətçi tərəfindən həmin inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, “Nissan Patrol” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü dairədə hərəkət edən nəqliyyat vasitələrini gözləmədən birbaşa dairəyə daxil olmuş, bununla da İXM-nin 327.2ci maddəsində göstərilən inzibati xətanı törətmişdir Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 40cı hissəsinə əsasən üstünlük – nəzərdə tutulan istiqamətdə digər hərəkət iştirakçılarına nisbətən ilk növbədə hərəkət etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2025-ci il tarixdə, saat 13:41-də ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuş, qəza şəraiti yaratmışdır. Belə ki, X6 dairədə hərəkət edən nəqliyyat vasitələrinin üstünlük hüququ olduğundan dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, gözləməli, daha sonra dairəyə daxil olmalı idi. Lakin sürücü qanunun bu tələblərinə əməl etməyərək dairədə olan nəqliyyat vasitələrinə yol vermədən birbaşa dairəyə daxil olmuşdur. Bu səbəbdən X6 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, video material və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar