Məhkəmə qərarları › İş №3(007)-5212/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5212/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5212/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri X2 tərəfindən tərtib edilmiş 22 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-nin “AGS TV” universal platforma operatoru xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 14:00-da ünvan 1 ünvanında retranslyasiya zamanı “Media haqqında” Qanunun 32.4-cü maddəsinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) tələbini pozmuşdur. Nəticədə Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs QSC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, platforma 2021-ci ildə yaranmışdır və müxtəlif yerli və xarici kanalların yayım xidmətini göstərir. Şəxs QSC-də əvvəllər lisenziya, razılaşma mövcud olmuşdur. Lakin cari ilin oktyabr ayında müqavilənin müddəti bitmiş və yenidən müqavilə bağlanmamışdır, çünki əvvəlki illərə nisbətən artıq daha yüksək məbləğ tələb edilir. Hal-hazırda müqavilə ilə bağlı danışıqlar gedir. Protokola heç bir etirazları yoxdur, səmimi etiraf edirlər. Şirkətin yeni platforma olması və ilk dəfə belə bir pozuntuya yol verməsini nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Retranslyasiya fəaliyyətinin monitorinqinə dair xx.xx.2024-cü il tarixli, RM/24-006 nömrəli arayışdan görünür ki, “AGS TV” universal platforma operatoru xidmətinin retranslyasiya paketində olan xarici televiziya kanallarının monitorinqi zamanı müxtəlif dillərdə yayımlanan 189 televiziya kanalının retranslyasiyasının buna hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması ilə həyata keçirilməsi təsbit olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, HR-020/2024 nömrəli hüquqi rəydən görünür ki, “AGS TV” universal platforma operatoru xidməti tərəfindən müxtəlif dillərdə yayımlanan 189 televiziya kanalının retranslyasiyasına hüquq verən sənəd (müqavilə, lisenziya, icazə və sairə) olmadan retranslyasiyası “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması halıdır. Qeyd edilən pozulmaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsinə əsasən audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin tələblərinə riayət edilməməsinə görə hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 381.11-ci maddəsinə əsasən, Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Media haqqında qanunun 32.4-cü maddəsinə əsasən Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir. Məhkəmə Şəxs QSC-nin nümayəndəsinin inzibati xəta haqqında əməli etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 381.11-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar