Məhkəmə qərarları › İş №3(007)-5289/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5289/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5289/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (yoxlayıcı orqan) əməkdaşları icarə müqaviləsi əsasında həmin vaxt istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gələrək sahibkarlıq fəaliyyətinə dair yoxlama aparmış, “Lisenziya olmadan özəl tibbi fəaliyyətlə" məşğul olmada cəhd adı altında MN1743640 nömrəli inzibati xəta haqqında əsassız protokol tərtib etmişlər (sürəti əlavə olunur). Sözügedən yoxlamanın aktında və protokolda tərəfindən müvafiq qeydlər aparılmış, yoxlamanın nəticəsinə və protokola etiraz edilmiş, lisenziyanın alınmasını zəruri edən fəaliyyətlə məşğul olmadığı, bununla bağlı xidmətlərin göstərilmədiyi, inzibati orqan tərəfindən sadəcə ehtimal edildiyi, obyektə müvafiq fəaliyyətlə müəyyən edilən tələblərə uyğun təmir işləri yekunlaşdırıldıqdan və lisenziya alındıqdan sonra məşğul olunacağı bildirilmişdir. Lakin həmin xüsusatın üzərindən 6 aydan çox müddət keçəndən sonra yəni, xx.xx.2024-cü il tarixdə “Asan ödəniş" informasiya sistemindən sms vasitəsilə mobil nömrəsinə daxil olmuş məlumatda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (inzibati orqan) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi bildirilmişdir. Qeyd edilənlərlə əlaqədar 31,10.2024-cü il tarixdə sözügedən protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinə verilmiş şikayət verilmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli 3(007)-5001/2024 nömrəli qərardadı ilə sənədlər geri qaytarılmış və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyin mükünlüyü bildirilmişdir Tutarlı əsaslar iş materiallarından olmasına baxmayaraq, məhkəmə qərardadını onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilmiş inzibati xəta haqqında iş üzrə qərarın surəti iş materiallarına əlavə edilməmiş, qərarın surətinin alınması üçün şikayətçinin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarların surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Qeyd olunanlara əsaslanaraq barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəfindən özəl tibb fəaliyyəti həyata keçirilməmiş, qeyd olunan obyekti icarəyə götürmüş, təmir işlərinə başlamış, özəl tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyanın alınması üçün müvafiq sənədlər toplamışdır. Qərar çıxarılan zaman özəl tibb fəaliyyəti ilə məşğul olmadığına görə şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X4 barəsində Səhiyyə nazirliyinə şikayət daxil olmuş, Nərminə İsmixanovanın lisenziyası olmadan özəl ttib fəaliyyəti ilə məşğul olması barədə məlumat verilmişdir. Daxil olmuş şikayət araşdırılmış, yoxlama aparılmış və nəticədə şəxsə aid obyektdə özəl tibb fəaliyyətinin həyata keçirildiyi aşkar edilmişdir. X3 tibb diplomunun olmadığını və bu əsasla da tibb fəaliyyəti ilə məşğul olmasına icazə verilmədiyini bildirdi. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, hal-hazırda da sosial şəbəkələrdən əldə olunmuş məlumata əsasən müvafiq icazəsi olmadan özəl tibb fəaliyyətini davam etdirir, müxtəlif növdə kosmetoloji prosedurlar həyata keçirir. Odur ki, şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “X8” salonunda Nərminə İsmixanova tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyət göstərməsi faktı müəyyən edilmiş və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli 206 nömrəli qərarının 1 nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.13.2-ci bəndinə əsasən kosmetoloji fəaliyyət lisenziyalaşdırılan işlər siyahısına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxsin şikayəti əsassız olduğundan rədd edilməlidir. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “X8” salonunda Nərminə İsmixanova tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyət göstərməsi faktı iş materiallarına əlavə edilmiş fotoşəkillər, qərardan şikayət vermiş şəxsin izahatı, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin arqumentləri və məhkəmə iclasında araşdırılmış digər dəlillərlə tam sübut olunur. Həmçinin məhkəmə, qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sübutlara baxış keçirərkən Nərminə İsmixanovanın hal-hazırda da lisenziyası olmadan özəl tibb faəliyyəti ilə məşğul olduğu müəyyən etmişdir. Həmçinin lisenziyanın alınması üçün aidiyyatı nazirliyə müraciət olunmadığı da məhkəmə tərəfindən aşkar edilmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən digər hallar da yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X2 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar