Məhkəmə qərarları › İş №3(008)-5587/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5587/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5587/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci X4 massivi, ev 36, mənzil 7 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı ******* №li 24 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Şəxs müayinəsi aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmir. Sonuncu dəfə narkotik vasitə marixuanadan istifadə etmişdir. 22 sentyabr 2025-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. O, dərhal aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmiş, aparılmış ilkin söhbət və araşdırmalar zamanı narkotik vasitə marixuanadan istifadə etmişdir. Bu səbəbdən, profilaktik və tibbi müayinə məqsədilə aidiyyəti üzrə müvafiq tibb müəssisəsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə yönləndirilmişdir. Mərkəzdə aparılmış ətraflı tibbi müayinə nəticəsində narkotik vasitədən istifadə etdiyi faktı rəsmi şəkildə müəyyən edilmişdir. Törətmiş olduğu hərəkətinə görə peşmançılıq keçirir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi X3 izahatında göstərmişdir ki, Şəxs oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs qismində saxlanılmış, lakin izahatı alınmadan dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçirilmişdir. Şəxsin hüquqi statusu müəyyən edilmədən və prosessual hüquqları izah edilmədən onun tibbi müayinəyə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, şəxsin faktiki olaraq tutulma anından etibarən 48 saat ərzində məhkəmə qarşısına çıxarılması qanunvericiliyin tələbidir. Lakin qeyd olunan halda, saxlanılmış şəxs Şəxs 48 saat ötürüldükdən sonra polis əməkdaşları tərəfindən məhkəməyə gətirilmişdir. Həmin müddətin aşılması şəxsin azadlıq hüququnun pozulması ilə nəticələnmiş və qanunsuz azadlıqdan məhrum etmə kimi qiymətləndirilə bilər. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* №li 24 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində Şəxs müayinəsi aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş DİN-nin ƏÇPA-nın 8-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli raoprtdan görünür ki, Şəxs 22 sentyabr 2025-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş AZA 018087 nömrəli, 22 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 sentyabr 2025-ci il tarixdə, saat 02:50-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş 5959 nömrəli, 24 sentyabr 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokol, 5959 nömrəli, 24 sentyabr 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini, əlilliyi olan şəxs olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 22 sentyabr 2025-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, 22 sentyabr 2025-ci il tarixdə, saat 02:50-də inzibati qaydada tutulmuşdur. O, polis nəzarəti altında 24 sentyabr 2025-ci il tarixdə, saat 17:30-da (belə ki, inzibati material məhkəməyə 24 sentyabr 2025-ci il tarixdə, saat 17:04-də təqdim edilmişdir) məhkəmə qarşısına çıxarılmışdır ki, bu, şəxsin polis nəzarəti altında məhkəmə iclasına gətirilməklə onun qanunla müəyyən edilmiş azadlıq hüququnun məhdudlaşdırılmasına və tutulduğu vaxtdan azad edilməməsinə dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunsuz olaraq 48 saatdan artıq müddətdə tutularaq saxlanılmasına və bununla da AR İXM-nin 89.4-cü maddəsinin tələblərinin pozulmasına cəlb edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar