Məhkəmə qərarları › İş №3(009)-2351/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2351/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2351/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsəm qızının katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçı Nümayəndə2, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 14 oktyabr 2024-cü il tarixli 10000-00096/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarında görünür ki, “BP Exploreyşn (Kaspian Si)” Limited ilə hüquqi şəxs Şəxs MMC arasında imzalanmış müqavilələr əsasında sonuncu tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə gömrük ödənişləri (əlavə dəyər vergisi və idxal gömrük rüsumu) üzrə güzəştlər tətbiq olunmaqla idxal edilmiş və “son istifadə” xüsusi gömrük prosedurun da (əməliyyat kodu 20 00 35 olmaqla) rəsmiləşdirilmiş ümumilikdə 629385 manat dəyərində mallar müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi) icazəsi olmadan ölkə ərazisində fəaliyyət göstərən ayrı-ayrı şirkətlərə satılmışdır. Malların dəyərinə müvafiq olaraq ümumilikdə 139977.71 manat gömrük ödənişlərinin ödənilməli olduğu və həmin malların ixracatçı şirkət tərəfindən tam olaraq ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçı Nümayəndə2 protokolu müdafiə edərək, Şəxs MMC-in inzibati məsuliyyətə cəlb edilməsini və qanun çərçivəsində inzibati tənbeh tətbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 protokola etiraz edərək cari ilin sentyabr ayında yəni inzibati xəta haqqında protokolu tərtib olunanadək Şəxs MMC tərəfindən ümumilikdə 139977.71 manat gömrük ödənişlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq qurumlarının hesabına tam olaraq ödənildiyini və buna baxmayaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən MMC barəsində əsassız olaraq inzibati xəta hadisəsi olmadığı təqdirdə protokol tərtib edildiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materialından görünür ki, Şəxs MMC-nin adına “son istifadə” xüsusi gömrük proseduranda rəsmiləşdirməklə idxal olunmuş malların təyinatı üzrə istifadə edilməməsi, sözügedən gömrük bəyannamələri ilə gömrük rəsmiləşdirməsindən keçirilmiş malların digər subyektlərə satılması ilə bağlı baş idarəyə məlumat daxil olmamışdır. İş materialından görünür ki, Şəxs MMC-nin adına Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində son xüsusi gömrük prosedura altında rəsmiləşdirilməklə şərti buraxılışına icazə verilmiş və digər subyektlərə satışı həyata keçirilmiş mallarla bağlı əlavə olaraq ödənilməli olan gömrük ödənişlərinin ümumi məbləği 2083.81 manat təşkil edir və bu məbləğ cari ilin sentyabr ayında tam olaraq ödənilmişdir (inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl). İş materialından görünür ki, Şəxs MMC-nin adına Bakı Baş Gömrük İDarəsində son xüsusi gömrük prosedura altında rəsmiləşdirilməklə şərti buraxılışına icazə verilmiş və digər subyektlərə satışı həyata keçirilmiş mallarla bağlı əlavə olaraq ödənilməli olan gömrük ödənişlərinin ümumi məbləği 137893.90 manat təşkil edir bu məbləğ cari ilin sentyabr ayında tam olaraq ödənilmişdir (inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl). Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar imperativ olaraq araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən xüsusatlarla bağlı məhkəmə qeyd edir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna, o cümlədən iqtisadi maraqlarına hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan prinsiplərə uyğun olaraq inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tədbirləri ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının 19-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq, tətbiq edilən cinayət və qeyri-cinayət xarakterli sanksiyalar, o cümlədən maliyyə sanksiyaları səmərəli, mütənasib və çəkindirici olmalıdır. Bundan əlavə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır. Buna baxmayaraq inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt hər hansı bir inzibati hüquq pozuntusu olmayan hüquqi şəxsin barəsində belə bir protokolun tərtib olunması onun vəziyyətini ağırlaşdırmaqla yanaşı yuxarıda qeyd olunduğu kimi törədildiyi iddia olunan əmələ də, mütənasib olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati xətanın məqsədi hüquqa zidd hərəkətlərə yol vermiş şəxsi cəzalandırmaq deyil, qanunlara hörmət ruhunda tərbiyələndirmək, həm inzibati xətanı törətmiş şəxsi həm də digər şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaqdır. Hazırkı halda inzibati xəta törətmiş hüquqi şəxsin hər hansı bir inzibati tənbeh tədbiri tətbiq edilmədən qanunlara əməl edərək könüllü olaraq baş vermiş xətanın nəticələrini aradan qaldırılmasının nəzərə alınmaması və barəsində sözügedən protokolun tərtib edilməsi onu qanunlara əməl etmək istiqamətində tərbiyələndirmək deyil məs cəzalandırmaq olacaqdır. Bu isə inzibati xətanın məqsədinə o, cümlədən ruhuna ziddir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokol ləğv edilməli başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar