Məhkəmə qərarları › İş №3(010)-1780/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1780/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1780/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli EQ 12010519 saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli EQ 12010519 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, ona məxsus KİA markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərində məskunlaşmış yaxın qohumu olan bacısıgilə gedərkən, saat təxminən 16:20 radələrində DİN BDYPİ-nin Ekologiya postunu keçən anda BDYPİ-nin YPX Alayından ona zəng edib nə vaxt Alayın qərargah rəisinin, daha sonra Alayın komandirinin qəbulunda ola biləcəyimi dəqiqləşdirərkən (ondan 1-2 gün əvvəl zəng edib DİN-in rəhbərliyinə ünvanladığı müraciətlə əlaqədar onu BDYPİ-nə dəvət etmişdilər), o, Sumqayıta gedib-qayıdandan sonra, yəni təxminən saat 18:00 radələrində gələ biləcəyini deyəndə, həmin vaxtın gec olduğunu, imkan varsa ən qısa zamanda gəlməyini istədilər. O da həmin yerdə “zolaqlarda hərəkət istiqamətləri” nişanı olan, “məlumatverici-göstərici nişanlar” qrupuna aid olan 5.8.1 yol nişanının quraşdırılmadığını (olmadığını) gördükdən sonra avtomobillə hərəkət etdiyi orta hərəkət zolağından ehtiyyatlılığı gözləməklə mümkün qədər sağ hərəkət zolaqlarına çıxaraq tunelin yanından keçib onun üstünə qalxan (həm də BDYPİ-nə gedən) yolun sol zolağına daxıl olmuş və həmin yolla tunelin üstündəki dairədən sağa dönərək DİN- in Baş X6i İdarəsinə getmişdir. İdarədən çıxandan sonra giriş qapısında telefonunu götürəndə EQ 12010519 saylı elektron qərarla 40 manat məbləğində cərimə edildiyi haqda telefonuna gələn SMS-i görmüşdür. Telefonuna gələn SMS-dən ona aydın oldu ki, o, Bakı- Quba yolunun 9-cu km-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsinin “yol nişanlarının tələblərinə riayət edilməməsi” kimi inzibati xətaya yol verdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Həmin elektron qərar (EQ ********) ona göndərilmədiyinə görə, bundan təxminən 30-40 gün sonra o, həmin yerə gedib orada hansı yol nişanının tələbinə riayət etmədiyini aydınlaşdırmaq istəmişdir. Yolun həmin hissəsində tələbini pozduğu hər hansı bir yol nişanı olmadığını dəqiqləşdirmişdir. Həmin elektron qərarın hansı əsasla verildiyinini obyektiv araşdırılaraq, əsassız olduğu halda ləğv edilməsi üçün xx.xx.2023-cü il tarixdə E-poçt vasitəsilə BDYPİ-nin rəhbərliyinə müraciət ünvanlamışdır. Müraciətinə cavab verilməsi gecikdirildiyinə görə fevral ayının sonunda DİN-in rəhbərliyinə müraciət ünvanlamışdır. Yenə də cavab gecikdirildiyinə görə mart ayının 28-i tarixində BDYPİ-nə getmişdir. Orada dedilər ki, yaxın 2-3 gündə müraciətinə cavab verəcəklər. Lakin cavab yenə də gücikdirildiyinə görə müraciəti üzrə icraat aparan şəxslə bir neçə gün telefonla əlaqə saxladıqdan sonra, nəhayət xx.xx.2023cü il tarixdə müraciətinə cavabı telefon nömrəsinin “Vots-App”-ına göndərmişdirlər. Cavab əsassız, qəbul edilmiş elektron qərarala uyğunsuzluq təşkil etdiyinə görə onu qəbul etmir və hesab edir ki, qərar ləğv edilməli, inzibati işə xitam verilməlidir. Belə ki, elektron qərardan aydın olur ki, “yol nişanlarının tələblərinə riayət edilməməsi ” kimi qayda pozuntusu törədərək cərimə edilmişdir. Lakin müraciətinə cavabdan aydın olur ki, yolun nişanlanması olan 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozmuşdur. İXM-nin 327.1-ci maddəsinin tələbindən aydın şəkildə görünür ki, “yol nişanlarının tələbinə riayət edilməməsi” və “yolların hərəkət hissəsinin işarələrinin tələbinə riayət edilməməsi” kimi inzibati xətaların törədilməsi başqa-başqa qayda pozuntusudur, ona görə də onların arasında “və ya” bağlayıcısı qoyulub. Belə olanda qərarda ya “yol nişanlarının tələblərinə riayət edilməməsi”, ya da “yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi” xüsusi olaraq göstərilir. EQ 12010519 qərarı “yol nişanlarının tələblərinə riayət edilməməsi” səbəbindən verilib. Yəni elektron qərar əgər “yol nişanlarının tələblərinə riayət edilməməsi” kimi inzibati xəta törədilməsi səbəbindən verilibsə, deməli, belə nəticəyə gəlinir ki, hansısa yol nişanının tələbini pozmuşdur. Burada söhbət yalnız 5.8.1 yol nişanından gedə bilər ki, həmin nişan da həmin yolda quraşdırılmayıb, yoxdur. Müraciəti isə “yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi” kimi inzibati xəta törətdiyi əsas götürülərək araşdırılıb. Yəni elektron qərarın qəbul edilməsinə əsas verən əsl səbəb araşdırılmayıb. Eyni zamanda onu da qeyd edir ki, əgər elektron qərar “yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi” kimi inzibati xəta törətdiyi əsas götürülərək tərtib edilsəydi belə, yenə də obyektiv araşdırma nəticəsində həmin qərar ləğv edilib inzibati işə xitam verilədi. Ona görə ki, yolun həmin hissəsində üfüqi nişanlanmada düzəliş edilib, lakin könə nişanlanma silinməyib və bu düzəliş sürücünü çaşdırır, nəticə etibarı ilə sürücünün inzibati xəta törətməsi şübhəli olur. Odur ki, Xüsusi texniki vasitənin DİN Baş X6i İdarəsinin mərkəzi informasiya sisteminə ötürdüyü məlumat əsasında barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə tərtib edilmiş EQ 12010519 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməsi və inzibati işə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə, şikayətçini dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03 noyabr 2022-ci il tarixli EQ 12010519 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 16:18 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 65-ci maddəsinin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 məcburi hərəkət istiqaməti yol nişanının tələblərinə riayət etməməsi və bununla da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə, protokola dair olan fotoşəkillərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli EQ 12010519 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar